Prezident İlham Əliyev Münxen Təhlükəsizlik
Konfransı çərçivəsində “Ukraynadan əlavə
- Avropada həll olunmamış münaqişələr”
mövzusunda panel müzakirəsində iştirak edib
Azərbaycan Prezidenti İlham
Əliyevin Almaniyaya işgüzar səfəri
Fevralın
7-də 51-ci Münxen Təhlükəsizlik Konfransı
çərçivəsində “Ukraynadan əlavə -
Avropada həll olunmamış münaqişələr”
mövzusunda panel müzakirəsi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Sloveniyanın Prezidenti Borut Pahorun sədrliyi ilə keçirilən paneldə dövlətimizin başçısı çıxış edib və sualları cavablandırıb.
Prezident Borut PAHOR: Prezident Əliyev, Ukraynada üzləşdiyimiz böyük bir böhranın bəzən unutduğumuz dondurulmuş münaqişələrin həll edilməsi üçün yaxşı təşəbbüslərə təkan verə biləcəyinə dair kifayət qədər nikbinsinizmi? Sizin bununla bağlı şərhinizi eşitmək istərdik.
Prezident İlham ƏLİYEV: Əlbəttə, Ukraynadakı faciəvi vəziyyət uzun illərdir davam edən və həlli uzanan digər münaqişələrə də diqqəti yönəldir. Bizim timsalımızda Ermənistan və Azərbaycan arasında münaqişənin 20 ildən çox tarixi var. Bu münaqişə hətta Sovet İttifaqı dağılmamışdan əvvəl başlamış və dağılandan sonra daha da kəskinləşmişdir. Münaqişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı ilə nəticələnmişdir. Ərazilərimizin 20 faizi işğal altındadır və Azərbaycanın tarixi hissəsi olan Dağlıq Qarabağ zəbt olunub. Dağlıq Qarabağdan bütün azərbaycanlılar zorla çıxarılıb. 700 min nəfər əhalinin yaşadığı 7 ətraf rayon da Ermənistanın işğalı altındadır. İşğal olunmuş ərazilərdə hər şey məhv edilib və biz hər hansı bir nəticə əldə etmədən 20 ildən çoxdur ki, danışıqlar aparırıq. ATƏT bu məsələ ilə məşğul olur. ATƏT-in bu münaqişənin həlli ilə məşğul olan, BMT Təhlükəsizlik Şurasının üç daimi üzvünün – Rusiya, Fransa və ABŞ-ın həmsədrlik etdiyi Minsk qrupu adlı xüsusi qrupu var. İyirmi iki ildən artıqdır ki, bu qrup fəaliyyət göstərir, lakin heç bir nəticə hasil olunmayıb.
Prezident
Borut PAHOR: Nəyə görə? Bunu necə
izah edə bilərsiniz?
Prezident
İlham ƏLİYEV: Düşünürəm ki, Ermənistanın
üzərində kifayət qədər beynəlxalq təzyiq
yox idi. Biz bəzən onu görürük ki,
BMT Təhlükəsizlik Şurasının qətnamələri
bir neçə saat olmasa da, bir neçə gün ərzində
yerinə yetirilir. Bizə gəldikdə isə
1990-cı illərin əvvəllərində BMT Təhlükəsizlik
Şurası tərəfindən qəbul edilmiş dörd qətnamə
var və onların heç biri yerinə yetirilməyib. Fikrimcə, təcavüzkara adekvat təzyiq göstərmək
üçün vasitəçilərdə siyasi iradənin
olmaması bizim bu gün üzləşdiyimiz real vəziyyətə
gətirib çıxarıb. Çünki
Ermənistan əsasən asılı olan ölkədir.
Bu ölkə özünü təmin edə
bilmir. Onlar inkişaf edə bilmirlər və
hətta onların dövlətçiliyi belə sual
altındadır. Ermənistana xarici dəstək
göstərilmədən bu ölkə yaşaya bilməz.
Onlara dəstək əsasən Minsk qrupuna həmsədrlik
edən ölkələr tərəfindən göstərilir.
Bu da paradoksdur. Biz burada ikili
standartları görürük və bu məsələ bizi
məyus edir. Qeyd etmək istəyirəm
ki, postsovet məkanındakı bütün münaqişələrə
eyni münasibət göstərilməlidir. Azərbaycanın ərazi bütövlüyü
indi hər kəsin haqqında danışdığı
Ukraynanın ərazi bütövlüyü kimi eyni dəyərə
malikdir.
Prezident
Borut PAHOR: Sizin fikrinizcə, bu münaqişə Ukrayna
münaqişəsinin kölgəsində qalırmı?
Prezident
İlham ƏLİYEV: Əslində, bu münaqişə digər
vacib beynəlxalq hadisələrin kölgəsində
qalmışdır. Yeri gəlmişkən,
Ukrayna məsələsi bu münaqişəyə müəyyən
diqqəti cəlb etdi. Hesab edirəm ki,
Ukrayna məsələsindən çıxarılan dərslər
çox diqqətlə öyrənilməlidir. Ermənistan-Azərbaycan münaqişəsi həll
edilmiş olsaydı, bəlkə də Ukrayna indi bu
münaqişə ilə üzləşməzdi. Çünki burada eyni ssenari - ərazi
bütövlüyünün eyni qaydada pozulması, eyni nəticə,
işğal, separatizm var. Bunlar sanki bir-birinin güzgüdəki
əksidir. Ona görə də biz beynəlxalq
ictimaiyyətdən, dünyanın aparıcı ölkələrindən
eyni yanaşmanı gözləyirik. Bizə gəldikdə,
postsovet məkanının digər münaqişələrindən
fərqli olaraq BMT Təhlükəsizlik Şurasının bu
münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnamə
var. Bu qətnamələrin icra olunmaması faktı onu
göstərir ki, həmin qətnamələri qəbul edən
ölkələr öz qərarlarına hörmət etmirlər.
Prezident
Borut PAHOR: Cənab Prezident, Sizin fikrinizcə Avropa
İttifaqının genişlənməsi imkanlarının
çatışmazlığı məsələsi problemin
mövcud olduğu regionda çətinliklər
yaradırmı?
Prezident
İlham ƏLİYEV: Bizə, yəni Ermənistan-Azərbaycan
münaqişəsinə gəldikdə, bu, hesab edirəm ki, əsas
məsələ deyil. Çünki bizim Avropa
İttifaqına istənilən inteqrasiya ilə bağlı
perspektivlərimiz aydındır.
Prezident
Borut PAHOR: Bəs NATO?
Prezident
İlham ƏLİYEV: NATO-ya gəldikdə
düşünürəm ki, bu, əsasən həmin təşkilatın
gündəliyində duran məsələlərdən
asılı olacaq. Azərbaycan kimi ölkə və
beynəlxalq təşkilatlar arasında münasibətlərdə
təşəbbüs həmişə beynəlxalq təşkilatdan
gəlir. Bu vaxta qədər NATO ilə Azərbaycan,
Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın
səviyyəsi hər iki tərəf üçün qənaətbəxş
olub. Nə NATO-nun, nə də Avropa
İttifaqının danışıqlar prosesinə
birbaşa müdaxilə etmək niyyəti yoxdur. Bu iki təşkilatın rəsmiləri həmin
faktı dəfələrlə qeyd ediblər. Buna görə də biz əslində, öz
resurslarımıza güvənirik. 21 il
bundan əvvəl atəşkəs rejimi elan olunanda Azərbaycanın
əsas hədəfi dövlət və güclü
iqtisadiyyat qurmaq, özümüzə güvənmək idi. Həmin
vaxt bizim hələ də ümidimiz var idi ki, beynəlxalq
ictimaiyyət ədaləti bərpa etmək üçün
nə isə bir iş görəcək. Başlanğıcda
bizim çoxlu ümidlərimiz var idi. Bayaq qeyd etdiyim
kimi, BMT Təhlükəsizlik Şurasının, Avropa
Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının qəbul
etdiyi qətnamələr və digər beynəlxalq təsisatlar
həmişə bizim mövqeyimizi dəstəkləyiblər.
Lakin zaman keçdikcə biz gördük ki, bu
qətnamələr sadəcə kağız üzərində
qalır və bunlar sadəcə bəyanatlardır, səfərlərdir,
fəaliyyətlərdir, lakin heç bir nəticə yoxdur.
Sonra biz başa düşdük ki, dövlətimizin
taleyi bizim öz əlimizdədir.
Prezident
Borut PAHOR: Etimadı bərpa etmək üçün ilk
növbədə hansı addım atılmalıdır?
Prezident
İlham ƏLİYEV: Hesab edirəm ki, bu, çox sadədir.
İlk addım işğal olunmuş ərazilərin
bir hissəsinin Ermənistan tərəfindən geri
qaytarılmasına başlanılmasıdır. Dağlıq Qarabağ və 7 ətraf rayon
işğal olunub. Beləliklə,
danışıqlar prosesini davam etdirəcəyimizi nəzərə
alaraq bu ətraf rayonların bir qisminin geri qaytarılmasına
başlanılması mənzərəni dərhal dəyişəcək,
hərbi əməliyyatlar dərhal dayanacaq, atəşkəs
rejiminə tam riayət olunacaq. Biz artıq
Azərbaycan ilə Ermənistan arasında bütün
kommunikasiyaların açılacağına dair təklif irəli
sürmüşük. Beləliklə, Ermənistanın
bizim ərazimizdən dəmir yolu vasitəsilə Rusiyaya
çıxışı olacaq. Həmçinin
Türkiyə də Ermənistan ilə bütün
kommunikasiyalarını açacaq. Beləliklə,
biz hərbi əməliyyatların başlanması ilə əlaqədar
istənilən potensial riskləri aradan qaldırmış
olacağıq və etimad qurmağa başlayacağıq.
Lakin Ermənistan bizim bütün təkliflərimizə
məhəl qoymur. Çünki Ermənistan sülh istəmir.
Düşünürəm ki, bu, münaqişənin
həll olunmamasının səbəbi ilə bağlı ən
vacib məsələlərdən biridir. Çünki
bir tərəf sülh, ərazi bütövlüyünün
bərpasını istəyir, digər tərəf isə
sülh istəmir. Ermənistan hər
şeyin dəyişməz qalmasını istəyir. Çünki onların torpaqları işğal
altında deyil, onların bizim üzləşdiyimiz bir milyon
qaçqın və məcburi köçkün kimi
böyük problemi yoxdur. Onlar
danışıqlar prosesində sadəcə imitasiya xarakterli
müəyyən addımlar atırlar. Bəs
nə etmək lazımdır? Necə edək
ki, Ermənistan daha çox məsuliyyətli olsun? Biz beynəlxalq təşkilatlarla, ilk növbədə
vasitəçilərlə bu məsələlər üzərində
işləməliyik. Ermənistan rəhbərliyinə
çox aydın siqnal göndərilir: İşğalı
dayandırın, işğal olunmuş ərazilərin geri
qaytarılmasına başlayın. Azərbaycan
bu təklifləri etdi. Biz hətta təkliflər
irəli sürdük ki, Dağlıq Qarabağda müəyyən
sosial proqramlar icra edə bilərik. Çünki
oradakı insanlar çox pis vəziyyətdə
yaşayırlar. Biz nəqliyyat, energetika
sahələrində əməkdaşlıq edə bilərik.
Biz açığıq. Biz
Dağlıq Qarabağda yaşayan ermənilərə
yüksək muxtariyyət təklif edirik. Lakin
bütün təkliflərimiz qəbul olunmur.
Prezident
Borut PAHOR: Cənab Prezident, Rusiyanın Ermənistan-Azərbaycan
münaqişəsində və Gürcüstan
böhranında məqsədi varmı? Onun məqsədləri
nədir? Bu sualı necə
cavablandırardınız?
Prezident
İlham ƏLİYEV: Bizim üçün ən əhəmiyyətlisi
bu münaqişənin həll yolunun tapılmasıdır.
Biz ümid edirik ki, həll yolunun tapılmasına şərait
yaratmaq üçün Minsk qrupunun həmsədrləri daha
çox iş görəcəklər. Hesab
edirik ki, Ermənistan-Azərbaycan münaqişəsi həll
olunarsa və sülh bərqərar edilərsə bu,
bütün tərəflərin maraqlarına xidmət edəcək.
Buna görə də əlbəttə ki,
regional əməkdaşlığı artırmaq
üçün biz çoxlu işlər görürük.
Məsələn, bizim Gürcüstanla ikitərəfli
əlaqələrimiz regional əməkdaşlığın
və Cənubi Qafqazda əməkdaşlığa necə
nail olmağın çox yaxşı nümunəsidir.
Əgər Ermənistan-Azərbaycan
münaqişəsi öz həllini taparsa, o zaman Ermənistan
enerji, təhlükəsizlik, nəqliyyatın təhlükəsizliyi
kimi layihələrimizə qoşula bilər. Ümid edirik ki, Rusiya hökumətinin də eyni
maraqları var. Çünki hər bir ölkə öz sərhədləri
xaricində sülh və dostluq mühitinin olmasında
maraqlı olmalıdır. Buna görə
də hesab edirəm ki, münaqişənin həlli yolunun
tezliklə tapılması çox vacibdir. Çünki süni gərginliklərin olması
siyasətinin istənilən qonşuya fayda verməsini
düşünmürəm. Qonşu
sabitlikdə maraqlı olmalıdır, regionda sabitlik isə
sizin ölkənizdə və bölgənizdə sabitlik deməkdir.
Rusiyanın bir hissəsi Qafqazdır və Qafqaz
da böyük bir yerdir. Burada üç
ölkə var, lakin eyni zamanda, Rusiyada çoxlu muxtariyyətlər
mövcuddur və Azərbaycan ilə Rusiya Federasiyanın
Qafqazdakı respublikaları arasında güclü mədəni
əlaqələr var.
Ermənistan
Xarici İşlər Nazirliyinin nümayəndəsi: Mənim
sualım Prezident Əliyevədir və əlbəttə ki,
Dağlıq Qarabağla bağlıdır. Prezident
Əliyevin də düzgün qeyd etdiyi kimi, Minsk qrupu çərçivəsində
ABŞ-ın Fransa ilə birlikdə Rusiya ilə əməkdaşlıq
etməsi ola bilsin ki, nadir haldır. Bu üç vasitəçi ölkə - ABŞ,
Rusiya və Fransa Dağlıq Qarabağ münaqişəsinin
həll olunmasının üç əsas prinsipini göstəriblər.
Bu üç əsas prinsip xalqların öz müqəddəratını
təyinetmə hüququ, gücdən istifadə etməmək
və gücdən istifadə etməklə hədələməmək
və ərazi bütövlüyüdür. Vasitəçilər danışıqlar prosesinin tərəflərini
həmin üç əsas prinsiplə bağlı üzərilərinə
öhdəlik götürməyə
çağırıblar. Ermənistan dəfələrlə
bu prinsiplərin yerinə yetirilməsi ilə bağlı
öz üzərinə öhdəlik götürüb.
Mənim sualım cənab Prezidentədir. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin
həll olunmasında əsas kimi bu üç prinsipin yerinə
yetirilməsi ilə bağlı öz üzərinə
öhdəlik götürməyə hazırdırmı?
Prezident
İlham ƏLİYEV: Azərbaycan əlbəttə ki, bu
münaqişənin həllində ən maraqlı tərəfdir.
Çünki biz torpaqlarımızın geri
qayıtmasını istəyirik. Biz
qaçqın və məcburi köçkünlərimizin
öz evlərinə qayıtmaq hüququna malik olmasını
istəyirik. Baxmayaraq ki, onların evləri
yoxdur və hər şey məhv edilib. Yeri
gəlmişkən, ATƏT faktaraşdırıcı və
qiymətləndirmə missiyasını iki dəfə Azərbaycanın
işğal olunmuş ərazilərinə göndərib və
hesabat yayıb. Bu hesabatda göstərilir
ki, hər şey – bütün binalar, qəbiristanlıqlar, məscidlər
məhv edilib. Beləliklə, işğal
edilmiş ərazilər tamamilə boş torpaqlardır.
Məcburi köçkünlərimiz
torpaqlarına qayıdandan sonra biz genişmiqyaslı yenidənqurma
işlərinə başlamalı olacağıq. Buna görə də ilk növbədə bizim
insanların torpaqlarına qayıtmaq hüququ var və biz
münaqişənin tez bir zamanda həll edilməsində
maraqlı tərəfik.
Problem burasındadır ki, nəyə görə
münaqişə öz həllini tapmır? Çünki
Ermənistan münaqişənin həll olunmasını istəmir.
Ermənistanı beynəlxalq hüquq
normaları ilə razılaşmağa vadar edən heç
bir mexanizm yoxdur. Hər bir münaqişənin
həlli beynəlxalq hüquq normalarına əsaslanmalıdır.
Beynəlxalq hüququn bu normaları çox
aydın şəkildə BMT-nin Nizamnaməsində və
Helsinki Yekun Aktında öz əksini tapıb. Helsinki Yekun Aktında ərazi
bütövlüyü prinsipi və öz müqəddəratını
təyinetmə ilə bağlı çox aydın tərif
var. Biz öz müqəddəratını təyinetmə
prinsipinə qarşı deyilik, lakin bu prinsip ölkələrin
ərazi bütövlüyünü pozmamalıdır. Dağlıq Qarabağ erməniləri və Ermənistan
ordusu tərəfindən qovulan Dağlıq Qarabağ azərbaycanlıları
öz torpaqlarına qayıtdıqdan sonra öz həyatlarını
qurmaq hüququna malik olacaqlar. Lakin bu,
ölkənin ərazi bütövlüyünü
pozmamalıdır. Ermənistanın cəhd
etdiyi kimi, hər hansı bir ölkənin ərazi
bütövlüyü güc tətbiq olunaraq dəyişdirilə
bilməz. Üstəgəl istənilən
ölkənin ərazi bütövlüyü bu ölkə ilə
razılıq əldə olunmadan dəyişdirilə bilməz.
Bunlar əsas prinsiplərdir. Mən yenə də deyirəm, biz beynəlxalq
hüququn əsas prinsiplərinə qarşı deyilik. Lakin Ermənistan ilk növbədə beynəlxalq
hüquqa hörmətlə yanaşmalıdır və BMT Təhlükəsizlik
Şurası tərəfindən qəbul edilmiş, Ermənistan
silahlı qüvvələrinin işğal olunmuş
torpaqlardan dərhal və qeyd-şərtsiz
çıxarılmasını tələb edən dörd qətnaməni
yerinə yetirməlidir.
Bosniya və
Herseqovinanın Baş nazirinin müavini: Mən bir məsələyə
toxunmaq istəyirəm. Biz Srebrenitsa
soyqırımının 20 illiyini qeyd edirik. Bu
soyqırımları keçmişi dəyişmir, bəs
onların gələcəkdə bu cür faciələrin bir
daha baş verməməsi və barışığa nail
olunmasındakı rolu nədən ibarətdir?
Prezident
İlham ƏLİYEV: Sualınıza görə çox sağ olun. Siz tamamilə
doğru buyurursunuz. Elə bir vəziyyət
olmalıdır ki, səhvlərdən nəticə
çıxarılmalı və dünyanın digər yerlərində
oxşar faciələrin yaşanmaması üçün
beynəlxalq ictimaiyyət baş verənlərə biganə
qalmamalıdır. Əfsuslar olsun ki,
Xocalı faciəsi barədə xüsusilə Avropa ictimaiyyətində
geniş məlumat yoxdur. Baxmayaraq ki, 10-dan
çox ölkə Xocalı faciəsini soyqırımı
kimi tanıyıb. Bu soyqırımı nəticəsində
600-dən çox günahsız insan, o cümlədən 106
qadın, 63 uşaq qətlə yetirilib və bu insanların
yeganə günahı ondan ibarət idi ki, onlar azərbaycanlı
idilər. Təəssüflər olsun ki, bu
günə kimi Ermənistan bu hərbi cinayəti törətdiyini
etiraf etməyib. Onlar heç üzr də
istəməyiblər. Onlar Xocalıda
törətdikləri ilə bağlı beynəlxalq ictimai rəyi
səhv istiqamətə yönəltmək istəyirlər.
Avropa və ABŞ-dakı fəal erməni lobbisinin fəaliyyəti
nəticəsində onlar beynəlxalq ictimaiyyətin bu faciədən
diqqətini yayındırmağa nail olublar. Bu
faciə ilə bağlı kifayət qədər məlumat
yayılmamışdır, baxmayaraq ki, hər şey sənədləşdirilmişdi,
lentə alınmışdı. Bu
soyqırımından xilas olan adamların şahid ifadələri
var. Xüsusi amansızlıqla qətlə yetirilən
uşaq və qadınların lentə alınmış
görüntüləri var. Ona görə də bu cür halların
təkrar baş verməməsi üçün bunu törətmiş
insanlar öncə ən azından üzr istəməli və
bunun baş verməsini etiraf etməlidirlər. Bu hərbi cinayəti etiraf etməlidirlər ki, o yenə
də təkrarlanmasın. Yalnız bundan sonra
barışıq ola bilər. Belə olan təqdirdə barışmaq daha asan
olacaq. Düşünürəm ki, bu,
mümkündür, çünki biz bir yerdə
yaşayırdıq. Biz ermənilərlə
sülh şəraitində bir yerdə yaşayırdıq.
İndi də Bakının mərkəzində
təmir olunmuş erməni kilsəsi var. Lakin Şuşada,
Ağdamda Azərbaycan məscidləri tamamilə dağıdılıb.
İlk növbədə onlar bu məscidləri
dağıtmamalı idi, amma indi onlar bunun yanlış
olduğunu etiraf etməli və üzr istəməlidirlər.
Sonra biz onlarla əlbəttə ki,
barışacağıq, çünki gec və ya tez sülh
olacaq, iki xalq yenə də birlikdə yaşayacaq.
Almaniya
Bundestaqının üzvü: Mənim sualım ikili
standartlarla bağlıdır. Biz demək olar
ki, Krım məsələsinin müzakirəsinə
bütün bir gün həsr etdik. Əgər
biz Dağlıq Qarabağ münaqişəsindən
danışırıqsa bunu Krım məsələsi ilə
müqayisə etmək olar, ya yox?
Ermənistan
nümayəndəsi: Mənim sualım cənab İlham
Əliyevədir. Bir neçə gün bundan əvvəl
ATƏT-in Minsk qrupu Azərbaycana müraciət edərək
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə
həll edilməsinə dair üzərinə
götürdüyü öhdəliklərə əməl
etməyə çağırmışdı. Bu müraciətin ünvanlanması təsadüfi
deyil, çünki Azərbaycan tərəfi Dağlıq
Qarabağla təmas xəttində və Ermənistanla sərhəddə
atəşkəs rejimini davamlı olaraq pozur. Yanvar ayından etibarən atəşkəs ən
azı 3 min dəfə pozulub və nəticədə hər
iki tərəfdən bir neçə nəfər həlak olub.
Mənim cənab Əliyevə sualım budur ki,
Azərbaycan bu cür hərəkətlərlə
münaqişəni kəskinləşdirmir ki? Bu, yaxın gələcəkdə münaqişənin
sülh yolu ilə həll olunması ehtimalını
azaltmırmı? Bayaq moderator belə bir sual verdi ki, bu münaqişənin həlli
üçün biz minimum olaraq nə etməliyik. Mən Azərbaycanı atəşi
dayandırmağa çağırıram.
Prezident
İlham ƏLİYEV: Mən əvvəlcə Almaniya
parlamentinin üzvünün sualına cavab vermək istəyirəm.
Əlbəttə ki, Ermənistan-Azərbaycan
münaqişəsinin lap əvvəlində üzləşdiyimiz
problemlərdən biri də ikili standartlar siyasəti idi.
Mən çıxışımın əvvəlində
qeyd etdim ki, postsovet məkanındakı bütün
münaqişələrə eyni mövqedən
yanaşılmalıdır. Azərbaycanın
ərazi bütövlüyü Ukraynanın ərazi
bütövlüyü kimi eyni dəyərə malikdir. Əgər Ukraynanın ərazi
bütövlüyü möhkəm dəstəklənirsə,
Azərbaycan da onun ərazi bütövlüyünü
çox güclü şəkildə dəstəkləyir.
Ermənistandan fərqli olaraq biz BMT Baş Məclisində
Ukraynanın ərazi bütövlüyünün lehinə səs
verdik. Ermənistan isə Ukraynanın ərazi
bütövlüyünün əleyhinə səs verdi. Bu da Ermənistanın ərazi
bütövlüyü prinsipinə nə dərəcədə
əməl etməsi ilə bağlı bu ölkənin
buradakı digər nümayəndəsinin sualına
cavabdır. Onlar hətta Ukraynanın ərazi
bütövlüyünün əleyhinə səs veriblər.
Bu da onların yürütdüyü siyasətin
nəticəsidir. Çünki bu ölkə
müstəqil deyil. Onlar özləri qərar
qəbul edə bilmirlər və həmişə
başqalarının arxasınca gedirlər. Lakin ikili standartlar reallıqdır. Xüsusilə
sanksiyaların tətbiq olunduğunu gördüyümüzdə
biz özümüzə sual veririk: Nəyə görə bu
sanksiyalar Ermənistana qarşı tətbiq olunmur? Axı onlar da eyni əməli törədiblər.
Niyə onların üzərinə sanksiyalar
qoyulmur? Şübhəsiz cavab budur ki,
dünyada Ermənistanı bütün potensial və adekvat məsələlərdən
qoruyan çox güclü erməni diasporu var. Buna görə
də ikili standartlar siyasəti beynəlxalq gündəlikdən
çıxarılan kimi Dağlıq Qarabağ münaqişəsi
də tez bir zamanda öz həllini tapacaq.
Ermənistan nümayəndəsinin atəş açılması ilə bağlı sualına cavab olaraq bildirim ki, əslində, həmişə günahı bizim üstümüzə atmaq Ermənistan tərəfinin taktikasıdır. Onlar bizim torpaqlarımızı işğal ediblər, beynəlxalq hüquq normalarını pozublar, Xocalıda soyqırımı törədiblər, tarixi və dini abidələrimizi məhv ediblər və bizi günahlandırırlar. Sual isə ondan ibarətdir ki, işğal olunmuş ərazilərdə Ermənistan əsgərlərinin nə işi var? Erməni əsgərinin Ağdamda nə işi var? Əgər o ölmək istəmirsə onda qoy Ağdama getməsin, olduğu yerdə qalsın, Yerevanda, Gümrüdə, öz ölkəsində qalsın. Sizin özünüz üçün ölkənizdə kifayət qədər yeriniz var. Ermənistanda o qədər də çox insan qalmayıb. Sizin Ağdamda, Füzulidə nə işiniz var? Gərginliyin kimin tərəfindən artırılması ilə bağlı suala cavab olaraq mən keçən ildən bir nümunə gətirə bilərəm. Keçən il beynəlxalq vasitəçilərin fəallığı nöqteyi-nəzərindən əlamətdar bir il olmuşdur. Ötən ilin avqust ayında Prezident Putin mənimlə prezident Sarkisyan arasında bir görüş təşkil etdi. Sentyabr ayında NATO sammiti zamanı ABŞ dövlət katibi Kerri üçümüzün iştirakı ilə belə bir görüş keçirdi. Oktyabrın sonunda Prezident Olland məni və prezident Sarkisyanı Parisə dəvət etdi. Bizim çox yaxşı və konstruktiv görüşümüz oldu. Hər iki tərəf – həm Azərbaycan, həm Ermənistan tərəfi ictimaiyyətə bu görüşün çox uğurlu keçdiyini və təmas xəttində gərginlikləri azaltmağa çalışacağını bəyan etdi. Bundan sonra nə baş verir? Heç 10 gün keçməmiş Ermənistan işğal olunmuş ərazilərdə, xüsusilə Ağdamda genişmiqyaslı hərbi təlimlər təşkil edir. Onların özlərinin verdiyi məlumata görə, işğal olunmuş ərazilərdə 47 minlik ordunun iştirakı ilə təlimlər keçirilmişdir. Aviasiyadan, helikopterlərdən istifadə olunmuşdur. Üç gün ərzində bizim ordumuz səbir edərək heç bir reaksiya göstərməmişdir. Sonra onlar “Mİ-24” hərbi helikopterlərini bizim mövqelərimizə istiqamətləndirərək hücuma keçdilər. Bizim ordumuz helikopterləri vurmaq məcburiyyətində qaldı və onlardan biri vuruldu. Onlar Azərbaycanı günahlandırmaq üçün bundan bəhanə kimi istifadə etdilər. Onlar təxribatlar törədir, bizi təhrik edir, bizi gərginliyi azaltmağa sövq etmək üçün çoxlu səylər göstərən Fransa, Rusiya və ABŞ-ın dövlət başçılarına hörmətsizlik edirlər, heç bir məhəl qoymurlar. Onlar hesab edirlər ki, istədikləri hər şeyi edə bilərlər və buna görə cəzalandırılmayacaqlar. Bu, əsas səbəbdir. İndi isə onlar bizi günahlandırırlar və bizə deyirlər ki, atəş açmayaq. Mənim Ermənistana mesajım odur ki, işğalı dayandırsın. İşğalı dayandırdığı an bizdə sülh də, qarşılıqlı ünsiyyət də, barışıq da olacaq. Bunun baş verməməsinin səbəbi odur ki, erməni əsgəri Ağdamda, Füzulidədir.
X X X
Panel müzakirəsində Serbiyanın Baş naziri Aleksandr Vuçiç, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Xorvatiya Baş nazirinin birinci müavini, xarici və Avropa işləri üzrə nazir Vesna Pusiç də iştirak ediblər.
X X X
Bununla da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına işgüzar səfəri başa çatıb.
AzərTAc
Azərbaycan.-2015.- 10 fevral.- S.1-2.