Azərbaycanda beynəlxalq
standartlara
cavab verən vergi sistemi
qurulmuşdur
11 fevral vergi işçilərinin
peşə bayramı günüdür
2015-ci il fevral ayının 11-də Vergilər
Nazirliyinin yaradılmasının 15 ili tamam olur. 15 il əvvəl həmin gün
xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan
Respublikası Baş Dövlət Vergi Müfəttişliyinin
bazasında Azərbaycan Respublikasının Vergilər Nazirliyinin
yaradılması haqqında fərman imzalamışdır. Həmin tarixdən keçən illər Azərbaycanın
vergi sisteminin inkişafında, vergi xidmətinin müstəqil
struktur kimi formalaşmasında, ölkəmizdə vergi
sisteminin müasir standartlar əsasında yenidən
qurulmasında və vergi islahatlarının həyata
keçirilməsində mühüm dövr olmuşdur.
Ümummilli lider Heydər Əliyevin Vergilər
Nazirliyinin müstəqil dövlət strukturu kimi
yaradılması barədə verdiyi bu mühüm siyasi qərar
ölkəmizin həyatında aparılan köklü və
davamlı islahatların dərinləşdiyi və artıq
öz müsbət nəticələrini verməyə
başladığı bir dövrə təsadüf edirdi. Bu, elə bir
vaxt idi ki, azad iqtisadi münasibətlər iqtisadiyyatı
dirçəldir, əhalinin fəallığını
artırır, yeni mülkiyyətçilər və
sahibkarlar təbəqəsi formalaşırdı. Yeniləşən iqtisadi mühitin
stimullaşdırılması, bazar iqtisadiyyatına
keçidin sürətləndirilməsi dövlətin bu
prosesdə tənzimləyici rolunu təkmilləşdirmək
zərurəti yaradırdı. Məhz belə
bir vaxtda ulu öndər Heydər Əliyevin “Biz bazar
iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik”
fikri dövlətin iqtisadi siyasətinin leytmotivinə
çevrildi.
Mərkəzi icra hakimiyyəti orqanı kimi Vergilər
Nazirliyinin qarşısına dövlət vergi siyasətini həyata
keçirmək, dövlət büdcəsinə vergilərin
və digər daxilolmaların vaxtında və tam
yığılmasını təmin etmək və bu sahədə
dövlət nəzarətini həyata keçirmək kimi
mühüm vəzifələr qoyuldu. Yeni vergi
inzibatçılığının
formalaşdırılması missiyası da Vergilər
Nazirliyinin üzərinə düşürdü və ötən
15 il ərzində Azərbaycanın vergi
orqanları bu missiyanı layiqincə həyata keçirməyə
çalışmışlar.
İslahatlarla
zəngin 15 il
Yeni yaradılmış nazirliyin əsas prioritetləri əlbəttə
ki, ilk növbədə uzun illər köhnə inzibati idarəetməyə
əsaslanan bir sistemin müasir menecmentlə əvəzlənməsi,
ölkəmizdə təşəkkül tapmaqda olan
sahibkarlıq subyektləri, vergi ödəyiciləri ilə
işin təmamilə başqa səviyyədə
qurulması, qanunvericiliyin təkmilləşdirilməsi,
inzibatçılığın dəyişdirilməsi idi. Məhz buna
görə də ilk illər vergi xidmətinin idarəetmə
sisteminin yenidən qurulması və vergi qanunvericiliyi
bazasının yaradılması mühüm əhəmiyyət
kəsb edirdi. Sonrakı mərhələlərdə
vergi inzibatçılığının modernləşdirilməsi
və vergi sisteminin texnoloji baxımdan təkmilləşdirilməsi
davam etdirilmiş, elektron hökumətin qurulması ilə əlaqədar
biznes və dövlət arasında yeni tərəfdaşlıq
münasibətləri formalaşmışdır. Ötən
15 il ərzində aparılmış
genişmiqyaslı islahatlar, reallaşdırılmış
kompleks tədbirlər, konkret hədəflərə yönəlmiş
proqramların uğurla yerinə yetirilməsi nəticəsində
ölkədə müasir beynəlxalq standartlara cavab verən
vergi xidməti yaradılmışdır.
Əlbəttə, bütün bunlar asan əldə
olunmamışdır. Ölkəmizin vergi sistemi və
inzibatçılığının rəqabətqabiliyyətli
olması, vergi menecmentinin müasirləşdirilməsi
üçün xeyli zaman və əmək sərf
olunmuş, bir sıra layihələr həyata
keçirilmişdir.
Təkmil
vergi qanunvericiliyi, səmərəli vergi mühiti və
aşağı vergi yükü
Ölkənin uzunmüddətli strateji inkişaf
planlarının uğurla reallaşdırılmasının əsas
şərtlərindən biri vergi sisteminin sabitliyi və onun
proqnozlaşdırıla bilən olmasıdır. Məlum
olduğu kimi, hər bir vergi sisteminin dayanıqlığı
ilk növbədə onun fəaliyyəti üçün təkmil
qanunvericiliyin və hüquqi-normativ bazanın mövcudluğu
ilə şərtlənir. Azərbaycanda
vahid vergi qanunvericiliyinin formalaşdırılması
ümummilli lider Heydər Əliyevin adı ilə
bağlıdır. Ulu öndər Nazirlər Kabinetinin
1998-ci il noyabrın 6-da keçirilmiş geniş
iclasındakı nitqində dövlət müstəqilliyi əldə
olunduqdan sonra vergitutma sahəsində qəbul edilmiş
çoxsaylı normativ aktların Azərbaycanın vergi
sisteminin ayrı-ayrı sahələrini əhatə etdiyindən
vergi sisteminin idarə olunmasında bir sıra problemlərin
yaranmasını, vergi qanunvericiliyində mövcud olan
boşluqların istər vergi ödəyicilərinin, istərsə
də vergi xidməti orqanlarının fəaliyyətində
çətinliklər yaratdığını,
vergitutmanın qanunvericilik və metodoloji bazasının təkmilləşdirilməsinin
zəruriliyini qeyd edərək qısa müddətdə Vergi
Məcəlləsinin layihəsinin hazırlanması ilə əlaqədar
hökumətə tapşırıqlar verdi. Bu
tapşırıqdan sonra aparılan gərgin işlər
2000-ci ilin iyul ayında Vergi Məcəlləsinin layihəsinin
geniş müzakirələrdən sonra Milli Məclis tərəfindən
qəbul edilməsi və 1 yanvar 2001-ci il
tarixdən qüvvəyə minməsi ilə nəticələndi.
Məcəllənin qəbul edilməsi vergi
sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq
standartlara uyğunlaşdırılması sahəsində
atılmış ən vacib addımlardan biri idi və bu,
aparılan islahatların genişləndirilməsi
üçün təkan rolunu oynadı. Ötən
illər ərzində Vergi Məcəlləsi iqtisadi
reallığın tələblərinə adekvat olaraq təkmilləşdirilmişdir.
Məcəllənin müddəalarının
böyük bir hissəsi vergi ödəyicilərinin
hüquqlarının qorunmasına və təmin edilməsinə
xidmət edir.
Ötən 15 ildə iqtisadiyyatda başlanan inkişaf
meyillərini sürətləndirmək və
sahibkarlığa verilən dövlət dəstəyini
genişləndirmək məqsədilə ölkədə
biznesin fəaliyyəti üçün cəlbedici vergi
mühiti yaradılmış, vergi yükü
azaldılmış, vergilərin sayı və dərəcələri
optimallaşdırılmış, sahibkarlıq
üçün əlverişli iqtisadi mühit
formalaşdırılmışdır.
Bu gün Azərbaycanın vergi qanunvericiliyi təkcə
fiskal məqsədlərə deyil, həm də
iqtisadiyyatın inkişaf etdirilməsi, ayrı-ayrı fəaliyyət
sahələrinin inkişafının
stimullaşdırılması, investisiyaların və yeni
texnologiyaların cəlb olunması və bir sıra məqamlarda
sosial sahələrin dəstəklənməsi kimi məqsədlərə
də xidmət edir. Fiskal, sosial və tənzimləyici
funksiyalara əsaslanan fəal vergi siyasəti Azərbaycanda həyata
keçirilən iqtisadi siyasətin mühüm tənzimləmə
mexanizmlərindən biridir.
Bunların
sırasında 2001-ci ildən kənd təsərrüfatı
məhsulları istehsalçılarına uzunmüddətli
vergi güzəştlərinin verilməsi, sənayenin
innovasiyalar əsasında inkişaf etdirilməsi, mühüm
strateji layihələr kimi texnoparkların yaradılması və
onların inkişafının stimullaşdırılması
üçün vergi qanunvericiliyində güzəştlərin
tətbiq edilməsini, fiziki şəxslərin əmanətləri
üzrə ödənilən faizlərə gəlir vergisi
üzrə verilən sosial xarakterli güzəştlər
sistemini, ölkə iqtisadiyyatının aparıcı sahələrindən
olan bank sektorunun inkişafı üçün
ayrı-ayrı zamanlarda verilən vergi tətillərini, eləcə
də cəmiyyətin müxtəlif sosial qruplarının gəlirləri
arasındakı bərabərsizliyin minimuma endiriməsi
üçün verilmiş sosial yönümlü vergi
güzəştləri və azadolmalarını və s. qeyd
etmək olar.
Hazırda ölkəmizin Avropaya inteqrasiyasının
sürətləndirilməsi istiqamətində vergi sahəsində
əsas prioritetlərdən biri vergi qanunvericiliyinin Avropa
İttifaqının qanunvericiliyinə
uyğunlaşdırılmasıdır. Qanunvericiliyin
uyğunlaşdırılması ilə bağlı ilkin mərhələdə
Avropa İttifaqının dolayı vergitutma sahəsində 7
direktivi üzrə əsas tələbləri təhlil edilərək
müəyyənləşdirilmişdir. 2015-ci il yanvarın 1-dən Vergi Məcəlləsinə
aksizlərlə bağlı edilmiş son dəyişikliklər
də məhz bu uyğunlaşdırma prosesinin tərkib hissəsidir.
Beləliklə,
bu gün biz əminliklə söyləyə bilərik ki,
ötən 15 il ərzində Azərbaycanda
uzunmüddətli strateji inkişaf planlarının məqsədlərinə
cavab verən sabit vergi sisteminin qurulmasına nail olunmuşdur. Vergi qanunvericiliyi sahibkarlıq fəaliyyəti
üçün cəlbedicidir, vergi yükü rəqabətədavamlıdır.
Aydın,
şəffaf və sadə inzibatçılığa
doğru: vergi inzibatçılığında islahatlar
Vergi inzibatçılığının modernləşdirilməsi
vergi öhdəliklərinin yerinə yetirilməsinin biznes
üçün sadələşdirilməsinə, vergi
orqanları üçün isə vergi nəzarəti
prosesində inzibatçılığın müasirləşdirilməsinə
əsaslanır.
Bu mühüm vəzifənin həyata keçirilməsi
üçün ölkəmizin vergi xidməti əsaslı
modernizasiya prosesindən keçmişdir. Prezident İlham Əliyevin
12 sentyabr 2005-ci il tarixli sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasında vergi
inzibatçılığının təkmilləşdirilməsi
Dövlət Proqramının (2005-2007-ci illər)” uğurla həyata
keçirilməsi nəticəsində vergilərin
könüllü ödənilməsi sisteminin inkişaf
etdirilməsinə nail olunmuş, vergidən yayınma halları
ilə mübarizə gücləndirilmiş, vergilərin məcburi
ödənilməsi sistemi təkmilləşdirilmiş, vergi
orqanlarında beynəlxalq standartlara uyğun idarəetmə
sistemi inkişaf etdirilmiş, müasir informasiya-kommunikasiya
sistemləri yaradılmışdır. 2005-2007-ci
illərdə bu dövlət proqramında qarşıya
qoyulmuş vazəfələrin həyata keçirilməsi
vergi sistemində geniş diapazonlu texniki imkanlara malik texnoloji
bazanın yaradılması ilə nəticələnmişdir.
Vergi inzibatçılığının modernləşdirilməsi
prosesi sonrakı illərdə də davam etdirilmiş, vergi
xidmətində informasiya texnologiyalarının geniş tətbiqi
vergi inzibatçılığının asanlaşmasına,
ona çəkilən xərclərin əhəmiyyətli
şəkildə azalmasına imkan vermişdir.
Hazırda vergitutmanın müasir dünya təcrübəsində
mövcud olan ən mütərəqqi yenilikləri milli vergi
sistemində tətbiq edilir. Dünya
Bankının qiymətləndirmələrinə görə,
ölkəmiz vergi ödəyicilərinin elektron qeydiyyatı
sisteminin uğurlu tətbiqi üzrə dünyanın 12
aparıcı dövləti sırasındadır. Vergi inzibatçılığının modernləşdirilməsi
nəticəsində bu gün Azərbaycanda sahibkar vergi
orqanlarına gəlmədən bütün öhdəliklərini
internet üzərindən yerinə yetirə bilir. Vergi bəyannamələrinin təqdim edilməsi,
vergi öhdəliklərinin icrası, vergi orqanları ilə
təmas imkanı verən bütün proseslər elektronlaşdırılmışdır.
Vergi ödəyicilərinin təxminən 90
faizi vergi bəyannamələrini elektron şəkildə təqdim
edir.
Mobil texnologiyaların imkanlarına söykənən
“Asan İmza” layihəsi mobil telefondan istifadə olunmaqla
dünyanın istənilən yerindən sahibkara müqavilələr
imzalamağa, vergi öhdəliklərini idarə etməyə
və yerinə yetirməyə imkan verir. Ölkəmizin bu təcrübəsi
ötən il Avropa Parlamentində də təqdim
edilmişdir. “Asan İmza” və “E-audit” kimi mühüm layihələr
yalnız regionda deyil, ümumiyyətlə, postsovet məkanında
ilk olaraq məhz Azərbaycanın vergi sistemində
reallaşdırılmış və bu, bir çox ölkələrin
marağına səbəb olmuşdur.
ƏDV
inzibatçılığının təkmilləşdirilməsi
və ƏDV-dən yayınma hallarının
qarşısının alınması məqsədilə
ƏDV depozit hesabının, elektron vergi hesab-fakturalarının
tətbiqi, banklarla real vaxt rejimində inteqrasiya (bank
hesablarının “onlayn” rejimdə açılması, şəhadətnamə-dublikatın
“onlayn” rejimdə göndərilməsi), nəzarət-kassa
aparatlarında məsafədənötürmə
qurğularının (GPRS sistemi) tətbiqi, vergi orqanları və
digər vergi ödəyiciləri ilə elektron yazışma
sisteminin - onlayn kargüzarlığın təmin edilməsi,
vətəndaşların internet üzərindən videoqəbulunun
aparılması, vergilərin elektron qaydada ödənişinin
aparılması sisteminin tətbiqi kimi innovativ-texnoloji yeniliklər
vergi xidmətini Azərbaycanı ən müasir
texnologiyalardan maksimum istifadə edən dövlət qurumu kimi
tanıtdırmışdır.
İnformasiya
cəmiyyəti və vergi sistemi: elektron xidmətlər
Bu sahədə aparılan işlərin əsas istiqaməti
vergi ödəyicilərinə xidmət sektorunun genişləndirilməsi,
informasiya cəmiyyətinin inkişafı ilə əlaqədar
onun yaratdığı imkanların vergi xidmətlərində
səmərəli istifadəsinə və vergi sistemində
elektron hökumət quruculuğunun tətbiqinin genişləndirilməsinə
nail olmaqdır.
Bütövlükdə
son 15 il ərzində vergi ödəyicilərinə
xidmət sahəsi vergi sisteminin ən sürətlə
inkişaf etdirilən sektoru olmaqla yanaşı, həm də
elektron hökumətin elementlərinin praktiki tətbiqi
üçün əlverişli müstəvi olmuşdur.
Vergilər
Nazirliyi hələ 2003-cü ildə MDB ölkələri
arasında ilk dəfə olaraq telefon-məlumat xidməti
yaratmış, sonradan bu xidmət ən geniş spektrdə
xidmətlər göstərən və Standartlaşma üzrə
Avropa Komissiyası (“Austrian Standards plus”) tərəfindən
EN-15838 standartlarına uyğunluğu barədə keyfiyyət
sertifikatına malik Çağrı Mərkəzinə
çevrilmişdir.
Vergilərin könüllü ödənilməsi
sisteminin inkişaf etdirilməsi, sahibkarlığın
inkişafı və əlverişli biznes mühitinin
formalaşdırılması məqsədilə 2007-ci ildən
regionlarda, xüsusən ayrıca vergi orqanı olmayan iri şəhər
və rayonlarda vergi ödəyicilərinə xidmət
göstərən 54 mərkəz yaradılmış,
müasir avadanlıqlar və sürətli kommunikasiya sistemi
ilə təchiz edilmişdir. Burada vətəndaşlara vergi bəyannamələri,
vergi qanunvericiliyi və onun tətbiqi barədə məlumat və
izahatların verilməsi, sahibkarlıq fəaliyyəti subyektlərinin,
fiziki və hüquqi şəxslərin elektron qeydiyyata
alınması, bəyannamələrin, hesabat və
arayışların göndərilməsi, bankda hesabın
açılması və s. kimi məsələlərlə
bağlı geniş spektrdə xidmətlər gostərilir.
Ərazi vergi orqanlarına və vergi ödəyicilərinə
xidmət mərkəzlərinə gəlmək imkanı
olmayan vergi ödəyicilərinə onlar üçün
rahat olan yerlərdə xidmət göstərmək
üçün yerli vergi orqanları xüsusi xidmət
avtomobilləri ilə təchiz olunmuşlar.
Bu gün Azərbaycanın vergi sistemi vergi ödəyicilərinə
dünyanın ən qabaqcıl ölkələrində tətbiq
olunan əksər vergi xidmətlərini təqdim edir. Hazırda
Vergilər Nazirliyi vergi ödəyicilərinə 59 növ
elektron xidmət göstərir. Bu,
respublikamızda dövlət orqanları tərəfindən
göstərilən ən geniş elektron xidmətlər
toplusudur. Vergilər Nazirliyi
inzibatçılıq sahəsində və elektron xidmətlərin
geniş tətbiqi prosesini bundan sonra da fəal şəkildə
davam etdirməklə korrupsiya hallarına qarşı
mübarizədə mühüm rol oynayan məmur-vətəndaş
təmaslarını minimuma endirmək niyyətindədir.
Bizneslə
dialoq: partnyorluq münasibətlərinin qurulması
Vergilərin könüllü ödənilməsi
sisteminin genişləndirilməsi, bu məqsədlə
müasir iqtisadi münasibətlər şəraitində
bizneslə tərəfdaşlıq və partnyorluq münasibətlərinin
qurulması hazırda vergi orqanlarının fəaliyyətinin
prioritet istiqamətlərindəndir.
Vergilər Nazirliyi yaradıldıqdan sonra aparılan
islahatların mühüm bir istiqaməti də vergilərin məcburi
yığılmasından könüllü ödəniş
sisteminə keçidi təmin etmək üçün
müvafiq tədbirlərin görülməsi olmuşdur. Sosial-iqtisadi
inkişafın indiki mərhələsində ölkədə
vergilərin könüllü ödəniş sisteminin
inkişaf etdirilməsinin, vergi mədəniyyətinin yüksəldilməsinin,
vergi ödəyiciləri ilə vergi orqanları arasında
münasibətlərin sivil və şəffaf əsasda
qurulmasının, qarşılıqlı etimad mühitinin
formalaşdırılmasının aktuallığı daha da
artmışdır.
Müasir
vergi inzibatçılığının qurulması, sabit
qanunvericiliyin formalaşdırılması, vergi öhdəlikləri
və onların icrası sisteminin şəffaflığı,
səmərəli apelyasiya sisteminin mövcudluğu,
sahibkarlığın inkişafını dəstəkləyən
vergi siyasətinin həyata keçirilməsi, vergi
yükünün azaldılmasına yönələn vergi
islahatları - bütün bunlar əlverişli biznes
mühitinin formalaşmasına dəstək vermək istiqamətində
Azərbaycanın vergi xidməti tərəfindən atılan
addımlardır. Heç şübhəsiz ki,
həyata keçirilmiş bu islahatlar bizneslə qurulan yeni tərəfdaşlıq
modelinin formalaşmasına öz töhfəsini verəcəkdir.
Rəqabətqabiliyyətli
vergi sistemi
Azərbaycanın
vergi sisteminin və inzibatçılığının rəqabətqabiliyyətliliyinə
nail olunması üçün vergi xidmətində mütərəqqi
beynəlxalq təcrübənin tətbiqi məsələləri
daim diqqətdə saxlanılır. Bu məqsədlə
Vergilər Nazirliyinin beynəlxalq əlaqələri genişləndirilir.
Ölkəmizdə rəqabətli işgüzar
mühitin yaradılması işinin
iştirakçısı olan vergi orqanları
qarşısında vergi ödəyiciləri ilə konstruktiv
dialoq qurmaq, yaranmış problemlərin aradan
qaldırılmasına diqqətlə yanaşmaq, biznesə və
vətəndaşlara vergi məsələlərində və
innovasiyalarda yardım etmək vəzifəsi durur. Bu baxımdan,
beynəlxalq əlaqələrin inkişaf etdirilməsi,
mütərəqqi beynəlxalq təcrübənin öyrənilərək
ölkəmizə gətirilməsi, digər ölkələrin
vergi orqanları, habelə beynəlxalq və regional təşkilatlarla
işgüzar əlaqələrin qurulması, vergi məsələləri
üzrə beynəlxalq müqavilələrin
bağlanması Vergilər Nazirliyinin prioritet fəaliyyət
istiqamətlərindəndir.
Azərbaycanın beynəlxalq inteqrasiya siyasətinə
uyğun olaraq, Vergilər Nazirliyi xarici ölkələrin
vergi orqanları ilə həm ikitərəfli, həm də
çoxtərəfli formatda əlaqələr qurur. Nazirlik dünyanın
vergitutma sahəsində əksər aparıcı və
nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində,
habelə Avropadaxili Vergi Administrasiyaları Təşkilatının
İcraiyyə Komitəsinin üzvü kimi dünyada
mövcud olan ən mütərəqqi təcrübələrin
öyrənilməsi və ölkəmizdə tətbiq
olunması, insan resurslarının peşəkarlıq səviyyəsinin
artırılması üçün bu təşkilatların
verdiyi imkanlardan maksimum yararlanmağa çalışır.
Ölkəmiz vergi sahəsində bir çox beynəlxalq
təşəbbüsləri dəstəkləyir. Azərbaycan hələ
2003-cü ildə “Vergi məsələləri üzrə
qarşılıqlı inzibati yardım haqqında” OECD-nin və
Avropa Şurasının birgə konvensiyasına
qoşulmuşdur. 2014-cü ilin may ayında həmin
konvensiyaya düzəlişlər edilməsi haqqında
protokolun imzalanması zamanı İqtisadi Əməkdaşlıq
və İnkişaf Təşkilatının
(İƏİT) baş katibi Anxel Qurria ölkəmizin bu sahədəki
fəaliyyətini yüksək qiymətləndirmişdir.
Beynəlxalq vergi siyasətinin həyata keçirilməsində
çox mühüm məsələlərdən biri vergilərə
dair beynəlxalq müqavilələrdir. İkiqat
vergitutmanın aradan qaldırılması barədə beynəlxalq
sazişlərin imzalanması bir tərəfdən ölkədə
əlverişli investisiya mühitinin yaradılmasına
birbaşa təsir göstərir, digər tərəfdən
vergidən yayınma hallarının qarşısının
alınması məqsədilə vergi orqanları arasında
qarşılıqlı yardım göstərilməsi
üçün əlavə imkanlar yaradır.
Beləliklə, ötən 15 ilə nəzər salarkən
Azərbaycan vergi xidmətinin qarşısında duran əsas
vəzifələrin yerinə yetirildiyini söyləmək
olar. Aparılan islahatlar, həyata keçirilən
kompleks tədbirlər vergi xidmətinin fiskal
funksiyalarının da yerinə yetirilməsinə müsbət
təsir göstərmişdir. Prezident İlham
Əliyevin rəhbərliyi altında həyata keçirilən
iqtisadi strategiyanın uğuru, ölkə
iqtisadiyyatının dinamik və davamlı inkişafı, eləcə
də yuxarıda qeyd olunan amillərin nəticəsidir ki,
dövlət büdcəsinə vergilərin və digər
daxilolmaların həcmi son 15 il ərzində 14 dəfəyədək
- 2000-ci ildəki 510,4 milyon manatdan 2014-cü ildə 7 milyard
113,6 milyon manata qədər artmışdır. Bu zaman
qeyri-neft-qaz sektorundan daxilolmalar 14,4 dəfə artaraq 211,1
milyon manatdan 4 milyard 306,5 milyon, regionlardan daxilolmalar isə 14,8
dəfə artaraq 40 milyon manatdan 591,8 milyon manata
çatmışdır.
Xüsusilə
vurğulamaq lazımdır ki, bu nailiyyətlərin təməlində
ilk növbədə ümummilli lider Heydər Əliyevin
uzaqgörən siyasəti, bu siyasətin
davamçısı, ölkə başçısı cənab
İlham Əliyevin birbaşa rəhbərliyi və
tapşırıqları əsasında həyata keçirilən
uğurlu islahatlar, vergi orqanlarına göstərilən
dövlət dəstəyi, böyük zəhmət və gərgin
iş dayanır.
Bilik
iqtisadiyyatına əsaslanan müasir vergi
inzibatçılığının inkişaf etdirilməsi
Qarşıda vergi xidmətini yeni
çağırışlar gözləyir. Bu gün sərbəst
bazar iqtisadiyyatı institutlarının yaradılması və
sahibkar təşəbbüskarlığına söykənən
iqtisadiyyat modelinin bərqərar olması, iqtisadi və sosial
infrastrukturun təkmilləşdirilməsi nəticəsində
ölkəmiz yeni bir inkişaf mərhələsinə qədəm
qoyub. Bu mərhələnin əsas hədəfi
çoxşaxəli, səmərəli və innovasiya
yönümlü iqtisadiyyatın
formalaşdırılmasıdır.
“Azərbaycan 2020: gələcəyə baxış”
İnkişaf Konsepsiyası ölkə iqtisadiyyatı
qarşısında dünyanın inkişaf etmiş dövlətləri
sırasına daxil olmaq kimi mühüm bir vəzifə
müəyyənləşdirmişdir. Bu isə
yüksək rəqabət qabiliyyətli, yeni texnologiyalara əsaslanan
innovasiya yönümlü bilik iqtisadiyyatının
yaradılmasını zəruri edir. Konsepsiyanın
icrası məqsədilə Vergilər Nazirliyi tərəfindən
2013-2020-ci illər üçün Strateji Plan təsdiq
edilmişdir.
Strateji
planda informasiya texnologiyaları möhkəm təmələ
malik və bilik menecmentinə əsaslanan müasir vergi
inzibatçılığının inkişaf etdirilməsi,
onun şəffaflığının və yüksək səmərəliyinin
təmin edilməsi, transfert qiymətlərinin tətbiqi
mexanizminin yaradılması, nağdsız ödənişlərin
stimullaşdırılması, elektron auditin, elektron ticarətə
nəzarətin təmin olunması, vergi ödəyicilərinə
göstərilən elektron xidmətlərin daha da genişləndirilməsi,
ƏDV-nin tətbiqi mexanizminin təkmilləşdirilməsi,
daxildə istehsal olunan və idxal edilən mallara aksizlərin
tətbiqi mexanizminin təkmilləşdirilməsi, vergi dərəcələrinin
optimallaşdırılması, vergitutma bazasının
genişləndirilməsi, vergidən yayınma risklərinin
qiymətləndirilməsi və nəzarət məqsədləri
üçün seçim mexanizmlərinin təkmilləşdirilməsi
prioritet istiqamətlər kimi müəyyənləşdirilmişdir.
Müasir vergi administrasiyasında analitik potensialın gücləndirilməsi, yeni analitik və informasiya texnologiyalarından sərbəst istifadə etməyi bacaran yüksək biliklərə malik kadrlar vergi orqanlarının dayanıqlı inkişafını və dövlət qarşısında öz funksiyalarının layiqincə yerinə yetirilməsini təmin edir. Bu baxımdan Vergilər Naziriyi insan resurslarının təkmilləşdirilməsi işini daim davam etdirəcək. Bu məqsədlə artıq Avropa İttifaqı, o cümlədən Fransa və İspaniya vergi administrasiyaları ilə birlikdə müvafiq tvinninq layihəsinin də reallaşdırılmasına başlanmışdır.
Vergi inzibatçılığı sahəsində İT innovasiyalarının təşviqinə daim dəstək verilməsi, bu istiqamətdə innovasiya yönümlü intellektual texnologiyaların inkişafı da yaxın gələcəkdə qarşımızda duran vəzifələr sırasındadır.
Heç kimə sirr deyil ki, bir çox dövlətlər dünyanı bürümüş böhranların fəsadlarını öz üzərində hiss edir, büdcə və sosial sahələrdə ciddi çətinliklərlə üzləşirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü iqtisadi strategiya bu böhranların yaratdığı problemlərin ölkəmizə təsirlərini azaltmağa, vətəndaşlarımızı onun neqativ təsirlərindən qorumağa, dövlətimizin sosial-iqtisadi inkişafının sabitliyinin saxlanılmasına zəmanət verir. Bu strategiyanın davamlı olması üçün dövlət büdcəsinin gəlirləri artmalıdır və şübhə yoxdur ki, ölkədə fəaliyyət göstərən sahibkarlar və vergi orqanları bu vəzifənin icrasını, ölkəmizin iqtisadi qüdrətinin ildən-ilə daha da artmasını təmin etmək üçün bütün imkanlarını səfərbər edəcəklər.
Fazil
MƏMMƏDOV,
vergilər naziri,
1-ci dərəcəli dövlət
vergi
xidməti müşaviri
Azərbaycan.-2015.- 10 fevral.- S.5.