Azərbaycanın uğurlu
enerji siyasəti yürütdüyü
Münxen
Təhlükəsizlik Konfransında
bir daha bəyan edildi
Prezident İlham
ƏLİYEV: “Enerji siyasəti ilə
bağlı
məsələlər milli
maraqlara və Avropanın bizim
regionda qlobal siyasi xəritəsinə
sıx bağlıdır”
Ölkəmizin qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilməsi rəsmi Bakının mövqelərinin güclənməsi ilə müşayiət olunur. Dünya miqyasında əsas enerji mənbələrinə nəzarət uğrunda rəqabətin gücləndiyi, enerji təhlükəsizliyi məsələsinin ciddiliklə gündəmə gəldiyi indiki şəraitdə respublikamızın bu sahədə öncül mövqelərə çıxması faktı danılmaz reallıq kimi diqqəti çəkir. Tikilib istifadəyə verilmiş neft kəmərləri Azərbaycan neftini dünya və Avropa bazarlarına çıxarır, respublikamız qlobal miqyasda artıq qaz ixrac edən ölkəyə çevrilib.
Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri dünya miqyaslı layihələr olmaqla Azərbaycanın enerji təhlükəsizliyinə geniş imkanlar açıb. Bu layihələr eyni zamanda respublikanın müstəqilliyini daha da möhkəmləndirir, regionda müstəqil siyasət aparmasını təmin edir. Son 11 ildə uğurla gerçəkləşdirilən yeni neft strategiyası nəticəsində Azərbaycan bölgədə hansısa ölkədən enerji asılılığı olmayan, tələbatını daxili imkanlar hesabına ödəməyə qadir yeganə respublika kimi çıxış edir.
Enerji təhlükəsizliyi ilə bağlı məsələlərin geniş müzakirə olunduğu bir zamanda 51-ci Münxen Təhlükəsizlik Konfransının keçirilməsi də bu baxımdan mühüm əhəmiyyət kəsb etmişdir. Qeyd edək ki, Münxen Konfransı 1962-ci ildən etibarən siyasi xadimlərin, yüksək vəzifəli diplomatların, hərbçilərin və beynəlxalq təhlükəsizlik sahəsində ekspertlərin hər il keçirilən görüş yeridir. Dünyanın ən mühüm qeyri-formal forumlarından biri sayılan Münxen konfransında beynəlxalq münasibətlərdə qüvvələr tarazlığına dair aktual siyasi problemlər, beynəlxalq hüquq və demokratik dünya nizamı sisteminin möhkəmləndirilməsi məsələləri müzakirə olunur. Hər il Münxendə 350-dən çox konfrans iştirakçısı təhlükəsizlik siyasəti ilə bağlı fikir mübadiləsi aparır, aktual beynəlxalq problemlərə dair baxışlarını uzlaşdırır. Forumda konkret qərarlar, işin yekunlarına dair hətta birgə rəsmi məlumat qəbul olunmasa da, Münxen konfransı fəaliyyət göstərdiyi illərdə aktual siyasi-iqtisadi problemləri həll edən əhəmiyyətli beynəlxalq foruma çevrilmişdir.
51-ci Münxen Təhlükəsizlik Konfransında “Şaxələndirmə strategiyaları” mövzusunda enerji təhlükəsizliyi ilə bağlı “dəyirmi masa” keçirildi. Toplantıda müasir dövrün siyasi-iqtisadi problemləri, qlobal inkişafın doğurduğu əsas çətinliklərin həlli, enerji sahəsində əməkdaşlıq məsələlərinin müzakirə predmeti oldu. Qlobal iqtisadi-maliyyə böhranının yeni mərhələyə keçdiyi, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri bir araya toplayan Münxen konfransı bir çox məsələlərin müzakirəsinə əlverişli mühit yaradır.
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Şaxələndirmə strategiyaları” mövzusunda keçirilən “dəyirmi masa”da iştirak edən Prezident İlham Əliyev bəyan etdi ki, enerji təhlükəsizliyi məsələsini milli təhlükəsizlik məsələsindən ayrı müzakirə etmək olmaz. Enerji siyasəti ilə bağlı məsələlər milli maraqlara və Avropanın bizim regionda qlobal siyasi xəritəsinə sıx bağlıdır. Azərbaycanın yerləşdiyi regionda enerji təhlükəsizliyinin təminatında mühüm rol oynadığını deyən dövlət başçısı diqqətə çatdırdı ki, “Cənub” qaz dəhlizi ilə bağlı sazişin imzalanmasından sonra biz Avropa üçün əhəmiyyətli bir tərəfdaşa çevrilirik, artıq enerji təchizatı marşrutlarını şaxələndirməyə nail olmuşuq.
1999-cu ildə kəşf olunan “Şahdəniz” yatağının işlənilməsinin birinci mərhələsi çərçivəsində 2006-cı ildən Gürcüstan və Türkiyəyə qaz ixrac edilir. “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi və “Cənub” qaz dəhlizi layihələri isə dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük və mürəkkəb təşəbbüslərdən hesab olunur. 2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına dair memorandum imzalanmışdır. Bu da öz növbəsində ölkəmizin enerji strategiyasının həyata keçirilməsinə və Avropa istiqamətində enerji təchizatının şaxələndirilməsinə yardım etmişdir. Türkiyə ilə Transanadolu Boru Kəməri - TANAP-a dair tarixi saziş imzalanmış, TAP layihəsi əsas ixrac marşrutu seçilmişdi. “Cənub” qaz dəhlizinin birinci hissəsi 2007-ci ildə istifadəyə verilmişdir. Ondan sonrakı dövr ərzində bu böyük layihə üzərində davamlı işlər həyata keçirilməyə başlanmışdır. 2013-cü ildə TAP layihəsi - Transadriatik kəmərinin əsas ixrac marşrutu barədə əldə olunan razılıq isə “Cənub” qaz dəhlizinin üçüncü mərhələsi oldu. Uzunluğu 870 kilometr olacaq TAP kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP-la birləşəcək, sonra isə Yunanıstan və Albaniya ərazilərindən Adriatik dənizinin altından keçməklə İtaliyanın cənub sahillərinədək uzanacaq. Cənub-Şərqi Avropanı təbii qazla təmin edəcək TAP gələcəkdə Xəzər hövzəsində hasil olunan təbii qazın qitənin digər böyük qaz istehlakçılarına - Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriyaya ötürülməsi üçün də geniş imkanlar açacaq. İlkin mərhələdə Azərbaycan qazının daşınması “Şahdəniz-2” layihəsinin hasilatı hesabına olacaq. 2018-ci ildə Türkiyəyə 6 milyard, 2019-cu ildə isə Avropaya 10 milyard kubmetr qaz nəql olunacaq. 2025-ci ilədək Azərbaycan qaz ixracatını 40-50 milyard kubmetrə çatdıracaq.
Prezident İlham Əliyev konfransda “Şaxələndirmə strategiyaları” mövzusunda keçirilən “dəyirmi masa”da bildirib: “Bizim təşəbbüsümüzlə bu il fevralın 12-də Bakıda “Cənub” qaz dəhlizi layihəsinin Məşvərət Şurasının birinci iclası keçiriləcək. Biz bu layihədə iştirak edən bütün ölkələrdən yüksək səviyyəli rəsmiləri dəvət etmişik. Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Beləliklə, bu ana qədər belə bir tərkibdə komanda formalaşıb. Həmçinin layihənin sonrakı mərhələlərində biz Balkan ölkələrindən tərəfdaşlarımızı cəlb edəcəyik. Çünki artıq Xorvatiya və Monteneqro ilə Anlaşma Memorandumu imzalanıb. Beləliklə, bizə əlaqələndirmə və Avropa təşkilatlarının güclü dəstəyi lazımdır ki, ən azından bürokratik prosedurlara görə vaxt itirməyək. Düşünürəm ki, bu layihəni bəzən çox vaxt aparan ümumi qayda və prosedurlardan uzaqlaşdırmaq üçün xüsusi bir yanaşma tətbiq olunmalıdır. Yalnız Azərbaycan, Türkiyə və Gürcüstanın iştirak etdiyi ilkin layihələrin icrasında bizdə çeviklik var idi. Bu layihədə də bizə eyni səviyyədə çeviklik və etibar lazımdır. Çünki TANAP, TAP, “Şahdəniz-2” layihələri böyük investisiyalardır və təkcə Azərbaycan yox, BP, Türkiyə burada ən böyük sərmayə tərəfdaşlarıdır. Beləliklə, biz bu sərmayələri geri qaytarmalıyıq”.
Prezident İlham Əliyevin inamla davam etdirdiyi yeni neft strategiyasının nəticəsi olaraq müstəqil respublikamız nəinki enerji müstəqilliyini təmin etmiş, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin başlıca təmi-natçılarından birinə çevrilmişdir. Bunun nəticəsi kimi ölkəmizin dünya miqyasında geosiyasi önəmi və beynəlxalq nüfuzu yüksəlmişdir.
Elnur HACALIYEV,
Azərbaycan.-2015.- 10 fevral.- S.6.