Bakıda IV Vergi Forumunun plenar iclası keçirilmişdir

 

 

Fevral ayının 9-da Bakıda Azərbaycan Respublikasının Vergilər Nazirliyinin yaradılmasının 15 illik yubileyinə həsr olunmuş "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" IV Vergi Forumu öz işinə başlamışdır.

Forumun Plenar iclasında Prezident Administrasiyasının, Milli Məclisin, Nazirlər Kabinetinin, digər dövlət orqanlarının,  Milli Elmlər Akademiyasının müvafiq strukturlarının, BMT-nin, Avropa Birliyinin, Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının, Rusiya, Türkiyə, Litva və Qazaxıstanın vergi xidməti orqanlarının, yerli  bankların, qeyri-hökumət təşkilatlarının, sahibkarların ictimai birliklərinin, kütləvi informasiya vasitələrinin nümayəndələri və adamları iştirak edir.

Plenar iclas Vergilər Nazirliyinin 15 illik fəaliyyətinə həsr olunmuş filmin nümayişi ilə başlamışdır. Vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov Forum iştirakçılarını salamlayaraq bildirmişdir ki, ənənəvi olaraq, hər il vergi xidməti işçilərinin peşə bayramı günü ərəfəsində keçirilən Vergi Forumu, bu dəfə həm də Vergilər Nazirliyinin yaradılmasının 15-ci ildönümünə təsadüf edir. 15 il əvvəl Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə yaradılmış Vergilər Nazirliyi müstəqil qurum kimi böyük bir inkişaf yolu keçmişdir. Sonrakı illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın vergi xidmətinin modernləşdirilməsi istiqamətində növbəti islahatlar keçirilmiş, vergi inzibatçılığı modernləşdirilmiş, vergi sisteminin texnoloji bazası gücləndirilərək, biznes və dövlət strukturları arasında yeni tərəfdaşlıq münasibətlərinin formalaşdırılmasına başlanılmışdır. Həyata keçirilmiş genişmiqyaslı islahatlar, reallaşdırılmış kompleks layihələr, konkret hədəflərə yönəlmiş proqramların uğurla yerinə yetirilməsi nəticəsində ölkəmizdə müasir beynəlxalq standartlara cavab verən vergi xidməti yaradılmışdır.

Vergi xidməti orqanlarının 15 illik fəaliyyətinə nəzər salan  vergilər naziri  əldə edilən uğurlardan danışaraq bildirmişdir ki, Azərbaycanda çevik və səmərəli vergi siyasətinin həyata keçirlməsi üçün vahid vergi qanunvericiliyi bazası yaradılmışdır. Bu qanunvericilik təkcə fiskal deyil, həm də iqtisadiyyatın inkişaf etdirilməsi, ayrı-ayrı fəaliyyət sahələrinin inkişafının stimullaşdırılması, investisiyaların və yeni texnologiyaların cəlb olunması və sosial sahələrin dəstəklənməsi kimi məqsədlərə xidmət edir. Nazir qeyd etmişdir ki, vergi sistemində geniş diapazonlu texniki imkanlara malik texnoloji baza mövcuddur. Azərbaycanın vergi sistemi dünyanın ən qabaqcıl ölkələrində tətbiq olunan əksər vergi xidmətlərini vergi ödəyicilərinə təqdim edir. Hazırda Vergilər Nazirliyi vergi ödəyicilərinə 59 növ elektron xidmət göstərir. Bu, respublikamızda dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən ən geniş elektron xidmətlər toplusudur. Vergi bəyannamələrinin təqdim edilməsi, vergi öhdəliklərinin icrası, vergi orqanları ilə təmas imkanı verən bütün proseslər elektronlaşdırılmışdır. Vergi ödəyicilərinin təxminən 90 faizi vergi bəyannamələrini elektron şəkildə təqdim edir. Son bir neçə ildə ƏDV inzibatçılığının təkmilləşdirilməsi, vergi orqanları və digər vergi ödəyiciləri ilə elektron yazışma sisteminin - onlayn kar­güzarlığın təmin edilməsi, vergilərin elektron qaydada ödəni­lməsi və s kimi bir çox innovativ-texnoloji yeniliklər tətbiq edilmişdir.

Azərbaycanın vergitutma sahəsində mövqeyinin beynəlxalq reytinqlərdə ildən-ilə irəlilədiyini vurğulayan nazir bildirmişdir ki, Dünya Bankının qiymətləndirmələrinə görə, ölkəmiz vergi ödəyicilərinin elektron qeydiyyatı sisteminin uğurlu tətbiqi nəticəsində dünyanın 12 aparıcı dövləti sırasındadır. Son bir neçə ildə yeni nəsil texnologiyalara söykənən ”Elektron audit” və “Asan İmzakimi mühüm layihələr həyata keçirilmişdir. Ölkəmizin “Asan İmza” təcrübəsi ötən il Avropa Parlamentində də uğurla təqdim edilmişdir.

Fazil Məmmədov vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkə iqtisadiyyatının dinamik və davamlı inkişafı, bu inkişafa adekvat olan vergi inzibatçılığının formalaşdırılması nəticəsində dövlət büdcəsinə vergilərin və digər daxilolmaların həcmi son 15 il ərzində 14 dəfəyədək, qeyri-neft-qaz sektorundan daxilolmalar 14,4 dəfə, regionlardan daxilolmalar isə 14,8 dəfə artmışdır.

Sonra BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Antonius Bruk, Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Larisa Leşçenko, Türkiyə Maliyyə Nazirliyinin Gəlirlər İdarəsinin başqanı Adnan Ertürk çıxış edərək Azərbaycanın vergi sistemində həyata keçirilən islahatları müsbət qiymətləndirmişlər.

Tədbirdə ölkə Prezidenti İlham Əliyevin bir qrup vergi xidməti əməkdaşına yüksək dövlət mükafatları və ali xüsusi rütbələr verməsi haqqında sərəncamları oxunmuşdur.

Vergilər naziri Fazil Məmmədov Nazirliyin kollektivi adından göstərilən bu böyük diqqətə görə cənab İlham Əliyevə dərin minnətdarlığını bildirmiş, vergi əməkdaşlarının bu etimadı fədakar əməkləri ilə doğruldacaqlarını vurğulamışdır.

Tədbirdə Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) prezidenti cənab Hans Blokpoelin Vergilər Nazirliyinin rəhbərliyinə və ölkəmizin vergi xidməti əməkdaşlarına video təbriki nümayiş etdirilmiş, Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsinin sədri Daulet Yerqojin, Litva Maliyyə Nazirliyi yanında Dövlət Vergi Müfəttişliyinin rəhbəri Dainoras Bradauskas, Rusiya Federasiyası Federal Vergi Xidmətinin rəis müavini Natalya Zavilova, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və Azərbaycan Respublikası İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova çıxış etmişlər.   

Forum çərçivəsində vergilər naziri Fazil Məmmədov kütləvi informasiya vasitələrinin nümayəndələri üçün brifinq keçirmiş və jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.

Fasilədən sonra Forum öz işini sessiyalarda davam etdirmişdir.

 

 

Azərbaycan.-2015.- 10 fevral.- S.7.