“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılsın.

2. Müəyyən edilsin ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının  ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirir, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. iki ay müddətində:

3.1.1. Azərbaycan Respublikasının ərazisində “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə ötürülməsi, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlak və digər avadanlıqların “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsi üçün tədbirlər görsün;

3.1.2. “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən dövlət orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.1.3. “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yeni nizamnamələrinin və strukturlarının layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti bu sərəncamın 3.1.1-ci yarımbəndində göstərilənlərin yerinə yetirilməsi üçün tədbirlər görsün.

5. Müəyyən edilsin ki, Naxçıvan Muxtar Respublikasında bu sərəncamın 2-ci hissəsində nəzərdə tutulan funksiyaları Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Agentliyi həyata keçirir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 10 fevral 2015-ci il

Azərbaycan.-2015.- 11 fevral.- S.1.