Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva
xalq artisti Əlibaba Məmmədov
ilə görüşüb
Heydər
Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva fevralın 10-da xalq artisti
Əlibaba Məmmədovun 85 illik yubileyi münasibətilə
xanəndə ilə görüşüb.
Azərbaycan
muğam sənətinin qorunmasına və inkişafına
xüsusi diqqət və qayğı göstərən Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü
ilə milli musiqi mədəniyyətimizin görkəmli
nümayəndəsi, xalq artisti, muğam, təsnif və xalq
mahnılarının mahir ifaçısı Əlibaba Məmmədovun
85 illik yubileyi münasibətilə xanəndənin həyat və
yaradıcılığına həsr olunan yeni musiqi albomu nəşr
edilib. Topluda ustad xanəndənin uşaqlıq və gənclik
illəri, zəngin və unudulmaz hadisələrlə yadda
qalan yaradıcılıq yolundan söhbət
açılır.
Görüşdə
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bildirdi ki,
alboma xalq musiqisinin incəliklərini, klassik Azərbaycan
poeziyasının nümunələrini gözəl bilən və
öz orijinal ifa üslubu ilə Azərbaycan milli musiqi xəzinəsini
zənginləşdirən Əlibaba Məmmədovun həyat
və fəaliyyətindən bəhs edən kitab, onun müəllifi
olduğu mahnı və təsniflərin not
yazılarının yer aldığı iki nəşr və
xanəndənin ifasında xalq mahnıları, təsniflər
və muğamlardan ibarət 4 CD daxildir.
Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva Əlibaba Məmmədovun
milli xanəndəlik məktəbinin ənənələrinin
qorunub saxlanılması və inkişaf etdirilməsində əvəzsiz
xidmətlərinin olduğunu vurğuladı.
Xalq
artisti Əlibaba Məmmədov ona göstərilən diqqət
və qayğıya görə birinci xanım Mehriban
Əliyevaya minnətdarlığını bildirdi. Xanəndə
qeyd etdi ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın birbaşa himayəsi ilə son illər Azərbaycanda
muğam sənətinin qorunması, inkişafı və təbliği
sahəsində böyük işlər görülür.
Azərbaycan.-2015.- 11 fevral.- S.2.