Azərbaycan və Rusiya
arasında
əlaqələrin
perspektivləri müzakirə olunub
İqtisadiyyat
və sənaye naziri Şahin Mustafayev Azərbaycanda səfərdə
olan Rusiya Federasiyası hökuməti sədrinin müavini
Arkadi Dvorkoviçin rəhbərlik etdiyi nümayəndə
heyəti ilə görüşüb.
Nazirlikdən
AzərTAc-a verilən məlumata görə, görüşdə
nazir Şahin Mustafayev qarşılıqlı hörmət və
faydalı əməkdaşlıq prinsipləri üzərində
qurulmuş Azərbaycan-Rusiya əlaqələrinin yüksək
səviyyədə olduğunu diqqətə
çatdırıb. Nazir bildirib ki, əlaqələrin
genişlənməsində dövlət
başçılarının qarşılıqlı səfərləri
mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və
Rusiya arasında 45-dən çoxu iqtisadi sahədə olmaqla
170-ə yaxın sənəd imzalanıb. Azərbaycan
Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq
məsələləri üzrə Hökumətlərarası
Dövlət Komissiyası ölkələrimiz arasında iqtisadi
əlaqələrin genişlənməsinə öz töhfəsini
verir. Azərbaycan və Rusiya arasında ənənəvi
regionlararası forumlar keçirilir və belə tədbirlər
ikitərəfli əməkdaşlığın
inkişafında faydalıdır.
Şahin
Mustafayev qeyd edib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından
biridir. Hazırda Azərbaycanda Rusiya kapitallı 600-ə
yaxın şirkət fəaliyyət göstərir. Azərbaycan
şirkətləri də Rusiyada uğurla
çalışırlar. Rusiya tərəfindən Azərbaycan
iqtisadiyyatına 1,8 milyard ABŞ dolları, Azərbaycan tərəfindən
isə Rusiya iqtisadiyyatına 2004-2013-cü illərdə 1
milyard ABŞ dollarından çox birbaşa investisiya qoyulub.
Azərbaycan və Rusiya Federasiyası arasında əlaqələrin
daha da genişləndirilməsi imkanları barədə
danışan Şahin Mustafayev kənd təsərrüfatı,
maşınqayırma, əczaçılıq və digər
sahələrdə əməkdaşlığın
inkişafı üçün böyük potensialı diqqətə
çatdırıb.
İqtisadiyyat
və sənaye naziri Azərbaycanın davamlı və
dayanıqlı iqtisadi inkişafı, iqtisadiyyatın müxtəlif
sahələrində həyata keçirilən layihələr
barədə də məlumat verib.
Bununla
belə, nazir Şahin Mustafayev Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin regional əməkdaşlığın
inkişafına ən ciddi təhdid olduğunu
vurğulayıb.
Arkadi
Dvorkoviç Azərbaycan-Rusiya əlaqələrinin müxtəlif
sahələrdə, o cümlədən iqtisadi sahədə
uğurla davam etdiyini bildirib, əməkdaşlığının
inkişafı üçün hər iki ölkənin
böyük potensiala malik olduğunu vurğulayıb.
Mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli
əlaqələrin inkişafında əhəmiyyətli
olacağını qeyd edən A. Dvorkoviç ticarət və
investisiya sahəsində əməkdaşlığın
genişləndirilməsi barədə fikirlərini
bölüşüb.
x x x
Görüşdən
sonra Rusiya Federasiyası hökuməti sədrinin müavini
Arkadi Dvorkoviç brifinq keçirib, ölkələrimiz
arasında münasibətlərin yüksək səviyyədə
olduğunu qeyd edib, onların inkişaf perspektivlərindən
danışıb.
Azərbaycan.-2015.- 11 fevral.- S.4.