Aqrar sektorun gələcək inkişafını

təmin etmək üçün potensialımız genişdir

 

Kənd təsərrüfatı ili

 

Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə 2015-ci il Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilmişdir. Sərəncamda qeyd olunur ki, 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi aqrar sektorun inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədi daşıyır.

Kənd təsərrüfatı əhalini ərzaq məhsulları və emal sənayesini xammalla təmin etdiyindən hər bir ölkə üçün iqtisadi, sosial, siyasi əhəmiyyət kəsb edir və iqtisadiyyatın prioritet sahəsi hesab olunur. Həm də aqrar sahə bir sistem olmaq etibarilə təkcə kənd təsərrüfatı məhsullarının deyil, eyni zamanda məhsuldar qüvvələrin təkrar istehsalını və yeni istehsal münasibətlərinin təşəkkülünü təmin edir. Ölkəmizdə əhalinin 47 faizinin kənd yerlərində yaşaması və iqtisadi aktiv əhalinin 39 faizinin kənd təsərrüfatında çalışması da bu sahənin respublikamız üçün necə böyük önəm daşıdığını aydın göstərir. Məhz bunlar nəzərə alınaraq ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə və cənab İlham Əliyevin ölkəyə rəhbərliyi zamanı aqrar sahə həmişə dövlətin diqqət mərkəzində olmuşdur.

Aqrar sahəyə dövlət qayğısını zəruri edən səbəblərdən biri bu sahənin əsasını təşkil edən kənd təsərrüfatının özünəməxsus xüsusiyyətlərinin olmasıdır. Belə ki, bu sahə özünün struktur-texnoloji modernləşməsi, əsas istehsal fondlarının yenilənməsi və təbii-ekoloji ehtiyatların təkrar istehsalı sürətinin aşağı olması ilə iqtisadiyyatın digər sahələrindən fərqlənir. Eyni zamanda kənd təsərrüfatı fəaliyyəti üçün ümumi əlverişsiz şəraitin, bazar infrastrukturun lazımi səviyyədə inkişaf etməməsi, kənd təsərrüfatı məhsul istehsalçılarının maliyyə, material-texniki və informasiya ehtiyatları ilə təmin olunmasının və hazır məhsul bazarına çıxışının çətin olması da sahənin inkişafına təsir göstərir. Digər tərəfdən kapital çatışmazlığı səbəbindən kənd təsərrüfatı, xammal və ərzaq bazarının qeyri-sabit olması, bu sahənin inkişafına şəxsi investisiya axınının azlığı, kənd təsərrüfatı məhsulları istehsalında sığortanın zəif inkişafı, kənd təsərrüfatı məhsulları ilə istehsal-texniki təyinatlı mallar və kənd təsərrüfatına göstərilən xidmətlərin qiymətləri arasında kəskin uyğunsuzluğun mövcud olması da kənd təsərrüfatının inkişafında böyük çətinliklər yaradır. Bu səbəbdən kənd təsərrüfatı iqtisadiyyatın real sektorunun digər sahələrinə nisbətən tez-tez dəyişən iqtisadi və texnoloji şəraitə çox gec uyğunlaşır və sahənin səmərəli fəaliyyəti yalnız dövlətin aktiv dəstəyi sayəsində mümkün olur. Bu dəstək isə kənd təsərrüfatının davamlı inkişafını, məhsul istehsalçılarının gəlirlə işləməsini, geniş təkrar istehsalın təşkilini, istehlakçıların mənafelərinin müdafiə olunmasını, kənd təsərrüfatı bazarının sabitliyini, kəndlərin inkişafını və ətraf mühitin mühafizəsini təmin etmək üçün müxtəlif istiqamətlərdə göstərilir.

Kənd təsərrüfatına göstərilən ümumi dəstək İqtisadi İnkişaf Əməkdaşlıq Təşkilatının metodikası ilə aqrar məhsul istehsalçıları və istehlakçılarını dəstəkləməyə, habelə ümumi tədbirlərə (aqrar infrastrukturun dəstəklənməsinə) xərclənən vəsaitlərin cəmi kimi müəyyən edilir. Bu dəstək isə dövlətlərin ictimai-siyasi və iqtisadi vəziyyətindən asılı olaraq müxtəlif səviyyədə olur.

Azərbaycanda elmi-tədqiqat işlərinin aparılması, elit toxum istehsalı, meliorasiya-irriqasiya sisteminin qurulması, bir çox baytarlıq və fitosanitar xidmətlərin göstərilməsi tamamilə dövlət büdcəsi xərcləri hesabına həyata keçirilir. Ölkəmizin maliyyə imkanları artdıqca aqrar sahəyə göstərilən dövlət dəstəyinin həcmi də artır və əhatə dairəsi genişlənir. Məsələn, bütün istiqamətlər üzrə kənd təsərrüfatına yönələn dövlət dəstəyinin ümumi həcmi 2007-ci ildə 328 milyon manat olmuşsa, 2013-cü ildə bu göstərici 657 milyon manat təşkil etmişdir ki, bu da ölkə üzrə ümumi daxili məhsulun 1,1, kənd təsərrüfatı məhsullarının ümumi dəyərinin 12,5 və bu sahədə yaranan ümumi daxili məhsulun 21,8 faizinə bərabərdir. Amma respublikamızda kənd təsərrüfatına göstərilən dövlət dəstəyi 6 ildə 2 dəfə artsa da, hələ bir çox ölkələrin səviyyəsindən geri qalır. Digər tərəfdən kənd təsərrüfatında hazırda həyata keçirilən dövlət dəstəyi mexanizminin təkmil olmaması bu sahədə sabit inkişafı təmin etmir. Bunu idxaldan asılılıq səviyyəsi yüksək olan və ən çox subsidiya ayrılan buğda istehsalına dair illik göstəricilərin təhlili də sübut edir. 2007-ci ildə Azərbaycanda 1 milyon 331 min ton buğda istehsal olunmuş və hər hektardan orta hesabla 27,3 sentner məhsul yığılmışdır. 2013-cü ildə isə 1 milyon 893 min ton məhsul istehsal olunmaqla hər hektardan məhsuldarlıq 27,5 sentner təşkil etmişdir. Hətta bəzi illərdə məhsuldarlıq xeyli aşağı olmuşdur. Bu da onu göstərir ki, kənd təsərrüfatının mövcud dəstək mexanizmi (subsidiyanın əkin sahəsinin hər hektarına görə verilməsi) bu sahənin yalnız ekstensiv inkişafını stimullaşdırmış və intensiv inkişafı təmin etməmişdir. Tətbiq olunan dəstək mexanizminin digər bir nöqsanı isə onun şəffaflığının təmin olunmamasıdır. Prezident İlham Əliyev 12 fevral 2013-cü il tarixdə keçirilən konfransda demişdir ki, bu sahəyə ayrılan büdcə vəsaitləri bəzi hallarda fermerlərə çatmır, məmurlar tərəfindən mənimsənilir və bu məsələdə şəffaflığa nail ola bilmirik. Prezident bu il yanvarın 27-də “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı yekun nitqində də bu məsələyə bir daha toxunmuş və çox ciddi iradlar bildirmişdir.

Dövlət başçısının ölkəmizdə aqrar sahənin inkişafına dair verdiyi tapşırıqları yerinə yetirmək və “Kənd təsərrüfatı ili”ni uğurla başa vurmaq üçün bir sıra məsələlərə diqqət yetirilməsini məqsədəmüvafiq hesab edirik.

Məhsul istehsalının dinamik artımının və rəqabətqabiliyyətli kənd təsərrüfatının təşkilində məhsuldarlığın artırılmasının əhəmiyyəti danılmazdır. Bununla əlaqədar hesab edirik ki, kənd təsərrüfatına göstərilən dövlət dəstəyinin səmərəsini artırmaq üçün dövlət büdcəsindən subsidiyalar hər hektar becərilən sahəyə görə yox, hər hektardan daha çox məhsul istehsal edənlərə verilsin. Belə olan halda istehsalçılar yeni texnika və texnologiyaların tətbiqinə, istehsal prosesində məhsul itkisinə yol verməməyə, yüksək reproduksiyalı toxumlardan istifadə etməyə, bir ildə təkrar əkinlər aparmaqla eyni sahədən daha çox məhsul əldə etməyə səy göstərəcəklər. Kiçik fermer təsərrüfatlarına isə subsidiyaların nağd pul əvəzinə yeni yaradılacaq Toxum Fondundan yüksək məhsuldar sortların toxumunun pulsuz verilməsi qaydasında ödənilməsi daha məqsədəuyğun olardı. Bu, dövlət dəstəyinin daha şəffaf olmasına və fermerlərin yüksək reproduksiyalı toxumlardan istifadə etməsinə və son nəticədə intensiv inkişafa təkan verərdi.

Unutmaq olmaz ki, toxum istehsalı ərzaq təhlükəsizliyinin açarıdır. Toxumçuluq sistemi formalaşmayan ölkədə ərzaq təhlükəsizliyinin yerli istehsal hesabına təmin edilməsi sadəcə mümkün deyil. Ərzaq təhlükəsizliyi məsələləri ilə məşğul olan ekspertlər hesab edirlər ki, dünyada baş verən siyasi sanksiya siyasətindən heç bir ölkə sığortalanmadığı üçün bu məsələdə hər il ölkəyə idxal olunan istehsal dövriyyə vasitələri (toxumlar, əkin və damazlıq materiallar, ilkin xammal) hesabına istehsal edilən məhsullar nəzərə alınmalıdır. Hər bir ölkə çalışmalıdır ki, bu dövriyyə vasitələrini özündə istehsal etsin və digər ölkələrdən asılı olmasın. Bu vasitələrdən isə ən önəmlisi bitki toxumlarıdır. Onlardan alınan məhsullar əhalinin həm bitkiçilik, həm də heyvandarlıq məhsullarına olan tələbatını ödəməyə sərf edilir. Onu da nəzərə almaq lazımdır ki, genetik modifikasiya edilmiş bitkilərin bütün dünyada geniş yayıldığı bir vaxtda bu bitkilərin toxumçuluğu ilə məşğul olan Monsanto (ABŞ) və digər iri şirkətlər çox güclü inhisarçı qurumlara çevrilir və artıq pambıq, raps, soya və digər bitki toxumları ilə təmin etməkdə bir çox ölkələri (Hindistan, Braziliya və s.) özlərindən asılı vəziyyətə salıblar. Bu isə son nəticədə həmin ölkələrin ərzaq və milli təhlükəsizliyinə böyük zərbə olmaqla onların həmin şirkətlərin yerləşdiyi ölkələrin siyasi iradəsindən asılı olmasına gətirib çıxara bilər.

Bunun baş verməməsi və bitkiçilik məhsulları ilə əhalini yerli istehsal hesabına (istehsal dövriyyə vasitələri nəzərə alınmaqla) tam təmin etmək üçün ölkənin toxumçuluq sistemi elmi əsaslarla yüksək səviyyədə təşkil olunmalıdır. Qeyd etmək lazımdır ki, “Toxumçuluq haqqında” qanuna uyğun olaraq toxumçuluq sistemi orijinal, super elit, elit və reproduksiyalı toxumlar istehsalından, sığorta fondunun və dövlət toxum ehtiyatlarının yaradılmasından ibarətdir. Orijinal və super elit toxumların istehsalı sortun müəllifinin və ya patent sahibinin nəzarəti altında elm-istehsalat birliklərinin, elmi-tədqiqat və tədris müəssisələrinin təcrübə təsərrüfatlarında, elit və reproduksiyalı toxumların istehsalı isə ixtisaslaşmış toxumçuluq və digər təsərrüfatlarda həyata keçirilir. Tədqiqatlar göstərir ki, elit toxumlar məhsuldarlığı 30 faiz artırır. Ona görə də qabaqcıl ölkələrdə yüksək məhsuldarlığa nail olmaq məqsədilə elit toxumların istehsalına xüsusi fikir verilir və ümumi əkinlərin 12-15 faizi elit toxumlarla aparılır.

Lakin Azərbaycanda bu sahədə son vaxtlar müəyyən tədbirlər həyata keçirilsə də, hələ lazımi nəticələr əldə edilməmişdir. Məsələn, 2013-cü ildə cəmi 1605 ton elit taxıl toxumu istehsal edilmişdir ki, bunun da hamısı kondisiyalı toxum olmaqla 100 faiz cücərti verdiyi halda belə (bu isə mümkün deyil), cəmi 8025 hektar sahədə (hər hektara 200 kq norma ilə) əkin aparmağa imkan verir. Bu isə taxıl əkini sahəsinin (988349 hektar) cəmi 0,81 faizini təşkil edir. Elit toxumların istifadəsinin belə aşağı səviyyədə olması ilk növbədə bu toxumların super elit toxumlara nisbətən az istehsal edilməsi ilə bağlıdır. Məlumdur ki, elit toxumlar super elit toxumlar səpinindən alınır və əslində elit toxum istehsalı super elit toxum istehsalından bir neçə dəfə çox olmalıdır. Son 4 ilin statistik məlumatlarının təhlili göstərir ki, kənd təsərrüfatı elmi müəssisələrdə istehsal olunan super elit toxumların miqdarı 2013-cü il istisna olmaqla digər illərdə elit toxumlardan çox olmuşdur. Bu isə onunla əlaqədardır ki, super elit toxumlar nisbətən baha olduğuna görə elit və reproduksiyalı toxumlar istehsal edən təsərrüfatlar bu toxumları almağa çox meyil etmirlər. Bu səbəbdən hər il elmi müəssisələrdə istehsal olunan super elit yumşaq buğda toxumlarının bir hissəsi (təxminən 1000 tonu və ya istifadə olunan toxumun 39-78 faizi) alınmır və növbəti ilə qalıq qalır. Az miqdarda istehsal olunan elit toxumlar isə demək olar ki, tamamilə istifadə edilir. Elit toxum istehsalına olan bu münasibət nəticəsində respublikamızın təsərrüfatlarında yumşaq buğda səpini əsasən məhsuldarlığı elit və birinci reproduksiyalı toxumlardan az olan ikinci reproduksiyalı toxumlarla aparılır. 2011-2014-cü illərdə kənd təsərrüfatı müəssisələrinin satdığı yumşaq buğda toxumlarının 63-81 faizi ikinci reproduksiyalı toxumların payına düşmüşdür. Buğda səpinində ikinci reproduksiyalı toxumların belə yüksək xüsusi çəkiyə malik olması əlbəttə ki, məhsuldarlığı artırmağa imkan verməyəcək. Bu vəziyyət dərindən təhlil edilməli, ilk növbədə elmi müəssisələrin istehsal etdiyi super elit toxumların buğda toxumçuluğu ilə məşğul olan dövlət və özəl toxumçuluq təsərrüfatları tərəfindən alınması təmin edilməlidir. Bu məqsədlə super elit toxum alan dövlət və özəl toxumçuluq təsərrüfatlarına güzəştlər tətbiq ediməli və ya həmin toxumları istehsal edən elmi müəssisələrə kompensasiya ödənilməlidir. Bu tədbirlər o qədər də böyük xərc tələb etmir və onların həyata keçirilməsi problemin həllinə kömək edər və məhsuldarlığın artımına təsir göstərər.

Təəssüflə qeyd etmək lazımdır ki, elit və yüksək reproduksiyalı toxum istehsalı ilə məşğul olan dövlət toxumçuluq təsərrüfatları bu gün öz vəzifələrini layiqincə yerinə yetirmir və onların daimi istifadəsinə verilmiş əkin torpaqlarından təyinatına uyğun istifadəsi təmin olunmur. Belə ki, aqrar islahatlar aparılarkən taxıl toxumçuluğu üzrə 8, tərəvəz, bostan və kartof toxumçuluğu üzrə 6, üzüm tingliyi üzrə 2, meyvə tingliyi üzrə 4, pambıq toxumçuluğu üzrə 1 təsərrüfat dövlət toxumçuluq istehsalı müəssisəsi kimi saxlanmışdır. Lakin bu təsərrüfatlar öz imkanlarından çox aşağı səviyyədə, yəni cüzi miqdarda toxum istehsal edirlər. Bəziləri isə bir kiloqram da olsun toxum istehsal etmir. Hətta elə təsərrüfatlar var ki, toxum əvəzinə əmtəəlik digər məhsullar istehsal edir və ya onların torpaqları əsas bitkilərin əkini əvəzinə digər müxtəlif bitkilərin becərilməsi üçün başqalarının icarəsinə verilir. 2012-ci ildə bu müəssisələrin əkin torpağının yalnız 39 faizinin istifadə olunması, 61 faizinin isə dincə qoyulması həmin təsərrüfatlarda torpaqlardan səmərəli istifadə olunmadığını sübut edir.

Belə vəziyyətin yaranması həmin təsərrüfatlara müvafiq bitkilərin toxumunun istehsalına dair dövlət sifarişinin verilməməsi və ya bu məsələdə lazımi tələbkarlığın göstərilməməsi, yeni texnika və texnologiyaların tətbiq olunmaması, istifadə etdikləri texnika və avadanlığın, toxum saxlanan anbarların çatışmaması, müasir tələblərə cavab verməməsi, habelə yüksək ixtisaslı kadrlarla təmin olunmaması ilə də əlaqədardır. Ona görə də toxumçuluğun inkişafında mühüm əhəmiyyəti olan belə təsərrüfatlara münasibət kökündən dəyişməli, onların təyinatına uyğun istifadə olunması üçün təsirli tədbirlər görülməlidir. Əkin torpaqlarından səmərəli istifadə olunmasını dövlət başçısı yanvarın 27-də keçirilən konfransdakı yekun nitqində də əlaqədar təşkilatlar qarşısında çox ciddi bir vəzifə kimi qoymuşdur.

Toxumçuluq sistemi formalaşmayan ölkədə bitkiçilik və heyvandarlıq məhsullarının istehsalının artırılması və əhalinin bu məhsullara olan tələbatının yerli istehsal hesabına ödənilməsi mümkün deyil və bitki toxumlarının idxaldan asılılığı hər an ərzaq təhlükəsi yarada bilər. Bu sistemin formalaşmasında isə əsas rolu dövlət kənd təsərrüfatı müəssisələri oynamalıdır.

Toxumçuluqla bağlı bir vacib məsələyə də toxunmaq istərdik. Qeyd olunduğu kimi, 1997-ci ildə qəbul edilmiş “Toxumçuluq haqqında” qanunda toxumçuluq sisteminin bir bölməsi Dövlət Toxum Fondunun yaradılmasıdır. Lakin qanunun tətbiqindən uzun müddət keçməsinə baxmayaraq, bu məsələ əlaqədar təşkilatları maraqlandırmamış və yalnız cari il yanvarın 27-də keçirilən konfransda kənd təsərrüfatı naziri H.Əsədov tərəfindən Taxıl Fondunun yaradılması təklif edilmiş və təklif Prezident tərəfindən dəstəklənmişdir.

“Kənd təsərrüfatı ili”ni uğurla başa vurmaq üçün Milli Məclisin Aqrar siyasət komitəsinin də üzərinə mühüm vəzifələr düşür. Komitəmizin üzvləri bu mühüm siyasi və iqtisadi tədbirdə fəal iştirak etmək əzmindədir. Bu məqsədlə komitənin təklifi ilə Milli Məclisin 2015-ci il yaz sessiyasının qanunvericilik işləri planına “Kənd təsərrüfatı kooperasiyası haqqında” və “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” qanun layihələrinin müzakirəsi daxil edilmişdir.

Qeyd etmək lazımdır ki, bu qanunların qəbul edilməsi Prezident İlham Əliyevin imzaladığı sənədlərdə öz əksini tapmışdır. Belə ki, “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Prezidentin 2014-cü il 16 aprel tarixli fərmanında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına 6 ay müddətində kəndli fermer təsərrüfatlarının daha iri kənd təsərrüfatı müəssisələri formasında birləşmələrinin iqtisadi stimullaşmasını nəzərdə tutan “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsini hazırlayıb dövlət başçısına təqdim etmək tapşırığı verilmişdir. Odur ki, sözügedən qanun layihəsi Administrasiyanın Aqrar siyasət məsələləri və digər şöbələri tərəfindən hazırlanır və yaxın günlərdə Milli Məclisə təqdim ediləcək. Komitəmiz də qısa müddətdə layihəni Milli Məclisin plenar iclasında müzakirəyə çıxarmağı nəzərdə tutur.

Bu qanun layihələri ilə bağlı bəzi fikirlərimizi bölüşmək istərdik. Komitənin üzvləri əvvəllər “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsi üzərində işləyərkən bəzi mətbuat orqanları bunu kolxoz quruluşuna qayıdış kimi qiymətləndirmiş və bazar iqtisadiyyatı prinsiplərinə zidd olduğunu qeyd etmişlər. Halbuki birgə məqsədlərə nail olmaq üçün iştirakçıların səy və resurslarının könüllü birləşməsi olan kooperasiya şəhərlə kənd, sənaye ilə kənd təsərrüfatı arasında əmtəə mübadiləsini həyata keçirir, istehsal, emal, aqroservis, satış və təchizat problemlərinin effektiv həllini təmin edir. Əsası XVII - XVIII əsrlərdə qoyulmuş Avropa kooperativ hərəkatı böyük inkişaf yolu keçmiş və bir çox ölkələr hələ XIX əsrin ikinci yarısında kooperasiya sisteminin qanunvericilik bazasını yaratmağa başlamışlar. 1895-ci ildə dünyanın müxtəlif ölkələrinin kooperativ birlikləri Beynəlxalq Kooperativ Alyansı adlanan kooperativlər ittifaqında birləşdilər. Hazırda bu alyans 210 ölkənin 750 milyondan çox kooperatorlarını əhatə edir.

Avropa ölkələrində kənd təsərrüfatı məhsullarının yarıdan çoxu kooperativlər tərəfindən istehsal və emal olunaraq satışa çıxarılır. Danimarkada, Finlandiyada, İsveçdə, Norveçdə, İrlandiyada süd və ət məhsullarının 80-90 faizi kooperativlərdə istehsal olunur. Avropa İttifaqının ən iri 25 aqrar kooperativinin hər birinin illik dövriyyəsi 4-10 milyard avro təşkil edir. İri kooperativlər özlərinin iqtisadi problemlərini həll etməklə yanaşı, həm də yerləşdiyi ərazidə mühüm sosial funksiyalar yerinə yetirirlər. Bu ölkələrdə kənd təsərrüfatı kooperasiyası bir iqtisadi sistem kimi formalaşmış və hər bir istehsalçı bir neçə kooperativin üzvüdür və ya kooperasiya sisteminin iştirakçısıdır. Finlandiyada fermerlər üçün ayrılan subsidiyalar kooperativlər vasitəsilə onlara çatdırılır.

Azərbaycanda isə hazırda 1 milyon 200 mindən artıq fərdi sahibkar, ailə-kəndli və ev təsərrüfatı olmasına baxmayaraq, kənd təsərrüfatında ən münasib təşkilati-hüquqi təsərrüfatçılıq forması olan kənd təsərrüfatı istehsal kooperativlərinin sayı ildən-ilə azalır. Hətta indiyə kimi bir dənə də istehlak kooperativi yaradılmamışdır. 2007-ci ildə mövcud olan 162 istehsal kooperativindən hazırda cəmi 72-si qalmışdır. Bu kooperativlərin də hər birinə 15 hektar əkin yeri düşür və onların fəaliyyəti demək olar ki, hiss olunmur, əksəriyyətinin yalnız adı kooperativdir.

Odur ki, bu qanunun qəbul edilməsi ölkəmizdə kooperasiya hərəkatını gücləndirəcək və istehsal kooperativləri ilə yanaşı, istehlak kooperativlərinin yaranmasını da sürətləndirəcək. Çünki fərmana uyğun olaraq, “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsində kəndli fermer təsərrüfatlarının daha iri kənd təsərrüfatı müəssisələri formasında birləşmələrinin iqtisadi stimullaşdırılması nəzərdə tutulacaq. Yəni istehsal və istehlak (xidmət) kooperativlərinin (emal, tədarük və satış, maddi-texniki təchizat, aqroservis, kredit və s.) yaranması və fəaliyyəti özbaşına buraxılmayacaq, dövlətin qayğısı və maddi köməyi ilə əhatə olunacaq. Bunun üçün ölkəmizdə hazırda əlverişli iqtisadi və maliyyə imkanları mövcuddur və biz hamımız bu imkanlardan ərzaq təhlükəsizliyinin bazasını təşkil edən kənd təsərrüfatının inkişafı naminə maksimum istifadə etməliyik.

Prezidentin 2014-cü il 16 yanvar tarixli “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamında Kənd Təsərrüfatı Nazirliyinə fermerlərə informasiya-məsləhət xidmətinin səmərəli təşkili sahəsində müvafiq tədbirlər görməsi barədə tapşırıq verilmişdir. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi Milli Məclisə əvvəllər təqdim etdiyi “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” qanun layihəsi üzərində işlərin bərpa edilməsini təklif etmişdir. Nazirliyin bu təklifi nəzərə alınaraq Aqrar siyasət komitəsi həmin qanun layihəsini müasir tələblərə uyğun təkmilləşdirmiş və komitənin iclasında baxaraq Milli Məclisin müzakirəsinə tövsiyə etmişdir. Qeyd etmək lazımdır ki, kənd təsərrüfatının inkişaf etdiyi ölkələrdə fermerlərə ən müxtəlif informasiya-məsləhət xidmətləri göstərilir və bu xidmətlərin mükəmməl hüquqi bazası yaradılmışdır.

Məlumdur ki, aqrar-sənaye kompleksinin sürətli inkişafı və rəqabətqabiliyyətli məhsul istehsalına nail olmağın yolu bazara və istehlakçıya yönəlmiş innovasiya fəaliyyətinin inkişafından keçir. İnnovasiya isə ilk növbədə istehsalın inkişafını və kadr hazırlığını təmin edən müntəzəm prosesdir. Təhsil almış, enerjili və hazırlıqlı işçi bazarda istehsalçıların rəqabətində əsas faktordur. Ona görə də rəqabətədavamlı məhsul istehsal etmək və xarici bazarlara çıxmaq üçün informasiya-məsləhət xidmətinin təşkilinə böyük ehtiyac var. Odur ki, “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” qanunun qəbul olunması mühüm əhəmiyyət kəsb edir. Layihədə bu xidmətin dövlət orqanları nəzdində və dövlət vəsaiti hesabına fəaliyyət göstərməsi ilə yanaşı, özəl sektorda yaradılması və qeyri-dövlət vəsaitləri hesabına fəaliyyəti də nəzərdə tutulur. Artıq belə xidmət subyektləri mövcuddur və Ağcabədi rayonunda yaradılmış Aqrar İnformasiya Mərkəzi bir neçə ildir ki, uğurla fəaliyyət göstərir. Qanunun qəbul edilməsi bu xidmətin hüquqi statusunun müəyyən edilməsi və əhatə dairəsinin genişlənməsi baxımından da çox vacibdir.

Prezident İlham Əliyev yanvarın 27-də keçirilən konfransdakı yekun nitqində qeyd etmişdir ki, hər bir rayonda ixtisaslaşma aparılmalıdır. Eyni zamanda dövlət başçısı Dünya Ticarət Təşkilatına üzvlüyə hazır olmaq və Avropa bazarlarına çıxmaq üçün kənd təsərrüfatının intensiv metodlarla inkişaf etdirilməsi və ixrac potensialımızın çoxşaxəli olması barədə tapşırıq vermişdir. Ölkəmizin malik olduğu müxtəlif təbii iqlim və torpaq tipləri də kənd təsərrüfatı istehsalının ixtisaslaşmasını zəruri edir. Regionların ixtisaslaşmasının aparılması, kooperativlərin və digər iri təsərrüfatların yaradılması həmin bölgələrdə becərilən bitkilərin məhsuldarlığının artımına və istehsalın səmərəliliyinin yüksəlməsinə zəmin yaradacaq. Hesab edirik ki, ixtisaslaşmanın aparılması ilə paralel olaraq həmin bölgələrdə müvafiq aqroparkların və klasterlərin yaradılmasına da başlanmalıdır. Müasir iqtisadiyyatda klaster dedikdə xammal, materiallar, mallar və xidmətlər təqdim edən, bir-biri ilə əlaqəli iri, xırda və orta müəssisələr qrupunun, habelə onların fəaliyyəti ilə bağlı olan təşkilatların (məsələn, universitetlər, standartlaşma üzrə agentliklər, ixtisas təmayüllü mərkəzlər və s.) müvafiq ərazidə cəmləşməsi nəzərdə tutulur. Hazırda qabaqcıl dünya ölkələrində aqrar-sənaye kompleksinin inkişafı klaster sisteminin formalaşması əsasında həyata keçirilir. Çünki klaster əsasında fəaliyyət göstərən aqrar-sənaye kompleksinin davamlığı və rəqabətdə üstünlüyü təmin olunur.

Kənd təsərrüfatı klasterində məhsul istehsalçıları (ev təsərrüfatları, ailə-kəndli təsərrüfatları, kəndli fermer təsərrüfatları, kənd təsərrüfatı müəssisələri və digərləri ilə yanaşı, xidmət təşkilatları, autsorsinq (şirkətin bəzi işləri yerinə yetirməkdən könüllü imtina edərək onu bu sahədə daha peşəkar kənar icraçıya verməsi) müəssisələri, tədris müəssisələri, elmi-tədqiqat idarələri, ərzaq və digər kənd təsərrüfatı xammalı emalı müəssisələri və istehlakçılar iştirak edirlər. İstehsalın klaster əsasında təşkili innovasiyalı texnika və texnologiyaların tətbiqinə, əmək məhsuldarlığını artırmağa, rəqabətədavamlı məhsul istehsalına, yüksək ixtisaslı mütəxəssis və kadr hazırlığına, elmi nailiyyətlərin kommersiyalaşmasına, yeni iş yerlərinin açılmasına və iştirakçıların hər birinin daha çox fayda götürməsinə şərait yaradacaq.

Prezidentin 2015-ci ili “Kənd təsərrüfatı ili” elan etməsi ölkəmizdə aqrar sənaye kompleksinin inkişafını təmin edən siyasi iradənin olduğunu göstərir. Respublikamızda hazırda mövcud olan bu siyasi iradə, iqtisadi və maliyyə imkanları gələcəkdə ümumi daxili məhsulun kənd təsərrüfatı klasterləri əsasında artırılmasına geniş imkanlar açır. Klaster sisteminin üstünlüyü isə kənd təsərrüfatı xammalını son istehlak malının istehsalına kimi emal etməyi təmin edir. Məsələn, Aran bölgəsi pambıq istehsalı üzrə ixtisaslaşarsa, bölgədə istehsal olunan xammal pambıq paltar istehsalına kimi dərin emal prosesindən (pambıq lifi, pambıq ipliyi, pambıq parça və pambıq paltar istehsalı) keçərsə, bu, daha çox əlavə dəyər yaradar. Bunu pambıq emalında baş verən dəyişikliklər də sübut edir. Belə ki, 2008-ci ilə kimi ölkəmizdə xam pambığın ilkin emalı həyata keçirildiyindən xarici ölkələrə yalnız pambıq lifi satılırdı. 2009-cu ildə isə növbəti emal prosesi həyata keçirilməyə başlandı və ixrac olunan məhsulun 31,2 faizini pambıq parça ipliyi, 68,8 faizini pambıq lifi təşkil etdi. 2013-cü ildə bu proses genişləndi və həmin göstəricilər müvafiq olaraq 75,1 və 24,9 faizə çatdı. 2014-cü ilin 11 ayında isə yalnız pambıq parça ipliyi ixrac olundu. Onu da qeyd edək ki, 2013-cü ildə ixrac olunan pambıq lifinin 1 kiloqramının qiyməti 1,44, bir kiloqram pambıq parça ipliyinin kiloqramı 2,05 dollar olmuşdur. Yəni növbəti emal prosesi hər kiloqramın 60 sent bahalaşmasını təmin etmişdir. Əgər həmin proses son istehlak məhsuluna kimi davam edərsə, bu, ümumi məhsulun dəyərinin artımına və daha çox əlavə dəyərin yaranmasına şərait yaradar. Bunu Çin Xalq Respublikasının təcrübəsi də sübut edir. Belə ki, Çin dünyada ən çox pambıq idxal edən ölkə olmaqla yanaşı, həm də ən çox pambıq paltar ixrac edən ölkədir.

Beləliklə, ölkəmizin kənd təsərrüfatını regionlar üzrə ixtisaslaşdırmaq, istehsal və istehlak kooperativləri, aqroparklar yaratmaq, informasiya-məsləhət xidməti şəbəkəsini genişləndirmək, ixtisaslaşma aparmaq və klasterləşmə siyasətini həyata keçirməklə rəqabətədavamlı məhsul istehsalı təmin olunar və Ümumdünya Ticarət Təşkilatına ehtiyat etmədən üzv olmaqla öz məhsullarımızı beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına çıxarmaq imkanı əldə edərik.

Aqrar sahənin inkişafı üçün mövcud imkanlardan səmərəli istifadə etmək və bünövrəsi qoyulmuş ixtisaslaşma və klasterləşmə prosesinin “Kənd təsərrüfatı ili”ndə daha da genişlənməsi və cari ili uğurla başa vurmaq üçün istər aqrar sektorda, istərsə də iqtisadiyyatın onunla bağlı digər sahələrində çalışan hər birimiz üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməliyik. Bu, dövlətin aqrar sahəyə, yəni hər bir ölkə vətəndaşının sağlam və fəal həyat tərzinin təmin edilməsinə göstərdiyi diqqət və qayğısına əməli cavabımız olardı.

 

Eldar İBRAHİMOV,

Milli Məclisin Aqrar siyasət komitəsinin

 sədri, iqtisad üzrə elmlər doktoru

Azərbaycan.-2015.- 11 fevral.- S.5.