“Bölgələrdən paytaxta”
adlı yeni layihəyə
“Cənub mirvarisi”nin təqdimatı
ilə başlanılıb
Fevralın
10-da Azərbaycan Dövlət Musiqili Teatrında Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə “Bölgələrdən
paytaxta” adlı yeni layihənin təqdimatı olub.
AzərTAc
xəbər verir ki, layihə çərçivəsində
Bakı Şəhər Mədəniyyət və Turizm
İdarəsi və Masallı rayon mədəniyyət və
turizm şöbəsinin təşkilatçılığı
ilə ilk tədbir Masallıya həsr edilib.
Əvvəlcə
tədbir iştirakçıları Masallı rayonunun
sosial-iqtisadi inkişafını, zəngin mədəniyyətini,
adət-ənənələrini, mətbəx nümunələrini,
dekorativ tətbiqi sənət ustalarının əl işlərini,
bölgənin turizm imkanlarını əks etdirən sərgi
ilə yaxından tanış olublar.
Tədbirdə
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
çıxış edərək bildirib ki, son illərdə
Azərbaycanda mədəniyyət və turizm sahəsinin
inkişafı istiqamətində görülən
ardıcıl tədbirlər regionlara da öz müsbət təsirini
göstərib. Dövlət başçısı tərəfindən
qəbul edilmiş regionların sosial-iqtisadi inkişafına təkan
verən Dövlət proqramlarının icrası nəticəsində
bölgələrdə çoxlu sayda yeni muzey, kitabxana, musiqi
məktəbi, mədəniyyət mərkəzləri istifadəyə
verilib, tarixi abidələrin bərpası istiqamətində
mühüm işlər görülüb. Əlamətdar
haldır ki, regionlarda respublika səviyyəli tədbirlərlə
yanaşı beynəlxalq tədbirlərin təşkili ənənə
halını alıb.
Nazir
vurğulayıb ki, Azərbaycanın qədim və zəngin
mədəniyyətinin geniş təbliğ edilməsi,
regionlararası mübadilənin gücləndirilməsi,
bölgələrin mədəni və turizm
potensialının nümayiş etdirilməsi məqsədilə
cari il ərzində Bakı şəhərində
respublikanın şəhər və rayonlarının incəsənət
ustalarının “Bölgələrdən paytaxta” adlı mədəni
tədbirləri təşkil olunacaq. Bu yeni layihədir və
bu gün onun icrasına start verilir. Layihə çərçivəsində
Qəbələ, Quba, Şəki, Gədəbəy,
Abşeron, Gəncə və İsmayıllı
rayonlarının Bakı şəhərində mütəmadi
tədbirləri keçiriləcək. Bu təqdimatlar hər
bir regionun qədim tarixini, ənənələrini, incəsənət
nümunələrini daha geniş formada tanıtmağa,
nümayiş etdirməyə imkan verəcək.
Bildirilib
ki, bu layihə yeni-yeni istedadlı gənclərin üzə
çıxmasına, tanınmasına və gələcəkdə
Azərbaycan mədəniyyətinə böyük töhfələr
verməsinə səbəb olacaq.
Sonra
tədbir “Masallı incəsənət ustaları” adlı
konsert proqramı ilə davam edib.
Rayonda
fəaliyyət göstərən musiqi kollektivlərinin və
incəsənət ustalarının
çıxışları alqışlarla
qarşılanıb.
Azərbaycan.-2015.- 11 fevral.- S.6.