Xıdır Nəbi bayramı
Azərbaycanın bütün bölgələrində Novruz qabağı keçirilən mərasimlərdən biri Xıdır və yaxud Xıdır Nəbi bayramıdır. Bu bayram “qışın oğlan çağında”, kiçik çillənin onuncu günü, Novruzdan altı həftə qabaq qeyd edilir. Kiçik çillə yanvar ayının 31-dən fevralın 19-na qədər olduğundan Xıdır bayramı fevralın 9-da kiçik çillənin yarı olduğu gündə keçirilir.
Bu bayram Naxçıvanda, Şərur rayonunun Aşağı Yaycı kəndində fevralın 5-də qeyd olunur. Çalxanqala, Təzəkənd kəndlərində isə “Xıdır Nəbi” fevralın 14-ü (15-i) Xıdırın anadan olduğu gün bayram edilir.
Xıdır Nəbi günü bəzən həftənin dördüncü gününə təsadüf etdiyindən bunu dinlə əlaqələndirirlər. Naxçıvan şəhərində indi də bayramı kiçik çillənin ikinci cümə axşamında qeyd edirlər. Ancaq Xıdır Nəbi bayramının dinlə heç bir əlaqəsi yoxdur. Bayram çətinlikdə insanların dadına, köməyinə çatan istilik hamisi olan Xıdırla bağlı olub, onun şərəfinə keçirilir. Bu, islamdan öncə formalaşmış əski türk inancıdır. Bir qayda olaraq fevral ayının 9-da keçirilməlidir.
Naxçıvan bölgəsində bayrama bir neçə gün qalmış onu qarşılamaq üçün hazırlıq işləri görülür, evlər səliqə-sahmana salınır, həyət-baca təmizlənir. İnama görə, səliqəsiz evə Xıdır gəlməz. Bayramda qovurmaq üçün buğda, küncüt təmizlənir, bir çox kəndlərdə (Kükü, Teyvaz, Qıvraq, Şahtaxtı) günəşi çağırmaq anlamında, günəşin, yazın rənginə uyğun olaraq yumurtalar qırmızı rəngə boyanılır. Qeyd edək ki, yumurta boyanması başqa kəndlərdə yoxdur. Ümumiyyətlə, bu adətə Novruz bayramında əməl edilir. Bəzi kəndlərdə isə günəşin, istiliyin rəmzi olaraq çömçə bəzəyirlər. Naxçıvan bölgəsində günəşi çağırmaq anlamında Qodu mərasimi (Novruz bayramı ərəfəsində) keçirilir.
Qovrulmuş buğdadan (qovurğadan) qovut hazırlanır, yəni qovurğa kirkirədə (dəstərdə) çəkilir və yaxud həvəngdəstədə döyülür. Qovudu quru yemək çətin olduğundan ona bir az şərbət və ya doşab əlavə edib ovurlar.
Qovurğa ilə bərabər bayram günü badam, noxud, günəbaxan tumu qovrulur, plov (aş) süzülür, xəşil bişirilir, müxtəlif şirniyyat növləri hazırlanır və süfrəyə düzülür. Evdə olan adamların sayına görə plovun yanına şam qoyulur. Bayram hamıdan çox uşaqların sevincinə səbəb olur. Hava qaralan kimi onlar qapılara gedib torba, papaq atır, Xıdırın payını yığırlar. Pay gözləyənlər aşağıdakı misraları söyləyirlər:
Xıdıra xıdır deyərlər,
Xıdırın payın verərlər.
Və yaxud:
Çatma, çatma, çatmaya,
Çatma yerə batmaya.
Xıdırın payın kəsənin
Ayağı yerə çatmaya.
Torbalara müxtəlif növ şirniyyat, çərəz qoyulub uşaqları yola salırlar. Onu da qeyd edək ki, Culfa bölgəsində (Ləkətağ, Saltax kəndləri) mal-qaranın yemi, insanların özlərinin ərzaqları qurtardıqda Xıdır Nəbi bayramında evin bacasından ip, ipə bağlanmış corab sallayar, mal-qara üçün yem, özləri üçün ərzaq istəyərdilər. Toyuğu, cücəsi olmayanlar ipin ucuna lələk bağlayıb toyuq-cücəsi çox olanların evinin bacasından içəri sallayardılar. Evin yiyəsi də həmin adamın toyuq istədiyini bilib, torbaya toyuq qoyub geri qaytarardı. Demək olar ki, Xıdır Nəbi bayramı çətinliklərdən qurtarmaq, darda qalanlara kömək, bərabərlik anlamında keçirilən əsl milli bayramdır.
Qovud çəkməklə yanaşı, bəzi kəndlərdə bayram gecəsi xəşil bişirib yük yığılmış taxtın altına qoyurlar. Çəkilmiş qovutdan da taxtın altına qoymaq adəti var. İnanca görə, Xıdır Peyğəmbər gecə gəlib xəşilə barmağın qovuda isə əlini basacaq. Xıdırın atının ayaq izinin qovuta düşdüyünə inanılır. Səhər xəşilin, qovutun üzərində müəyyən iz olsa, bunu Xıdırın əlinin, barmağının və ya atının ayaq izi hesab edirlər. Deyirlər ki, bu il həmin evə uğur gələcək, bolluq, bərəkət olacaq, arzuları həyata keçəcəkdir.
Digər bir inama görə, bayram günü xəşil bişirilib qalağın üstünə qoyulur. Əgər qəcələ (dolaşa) gəlib xəşildən bir dimdik götürüb uçub getsə, həmin evin qızı bu il özgə kəndə, əksinə, yerə salarsa, öz kəndinə ərə gedəcək. Başqa bir inamda da deyilir ki, xəmirin içinə muncuq qoyulub kökə bişirilir, həmin muncuq kimin payının içindən çıxarsa, demək, həmin insan tezliklə istəyinə çatacaq.
Ordubadın Kələki kəndində isə Xıdır Nəbi günü Xıdırın şərəfinə ehsan verilir.
Təsərrüfat, bolluq, bərəkətlə bağlı olaraq Xıdır Nəbi bayramında aşağıdakı inama əməl edilir. Ev yiyəsi yumurtlamayan toyuqları kisəyə yığıb deyir ki, aparıram kəsməyə. Bir yaşlı adam da onun qabağına çıxıb qoymur ki, kəsmə, bu il yumurtlayacaqlar. Toyuqlara Xıdır Nəbi qovurğası vermə adəti də vardır.
Bir sıra kəndlərdə (Qıvraq, Kükü, Yuxarı Qışlaq) Xıdır bayramı həna yaxmaq adəti mövcuddur. Qızlar, gəlinlər əl barmaqlarına, oğlanlar çeçələ barmaqlarına xına yaxarlar. Hazırlanmış xınadan bir qab pay götürüb (Xıdır payı) bayıra qoyurlar ki, Xızır gəlib əlinə yaxsın. Mənbələrə əsaslanaraq demək olar ki, xına çox qədim dövrlərdə Azərbaycan türklərində və digər türk xalqlarında şadlıq, sıxıntıdan, yasdan çıxmaq rəmzidir.
Xıdır Nəbi günü oğlan evindən nişanlı qızlara, ata evindən təzə gəlinlərə Xıdır payı aparmaq adəti geniş yayılmışdır. Qovurğa, küncüt, qovut, noxud, mərcimək və s.-dən xonça tuturlar. Onu da qeyd edək ki, Cəhri, Payız, Gülşənabad kəndlərində bunun əksinə olaraq nişanlı oğlanlara qız evindən pay aparırlar. Payda bəyə köynək, yun corab da qoyulur. Xıdır Nəbi bayramını hamı səbirsizliklə gözləyər və bayramı sevinclə keçirərdilər.
Xıdır Nəbi bayramında doğulan oğlan uşaqlarına Xıdır, Nəbi, İlyas və s. kimi adların qoyulması adəti də geniş yayılmışdır. Xıdır gecələrində axşamdan səhərə qədər külək əsərsə, deyərlər ki, bu, Xıdır Nəbidir, atını çapa-çapa bərəkət paylayır. Əsən külək isə onun boz atının yelidir.
Mən Xıdırın nəyiyəm,
Boz atının yeliyəm.
Xıdırın boz at minməsinə “Kitabi-Dədə Qorqud” dastanında da rast gəlirik. İnsanlar daim çıxılmaz vəziyyətdə qalanda boz atlı Xıdırı arzulamış, o isə öz köməyini əsirgəməmiş, onlara yol göstərmişdir. Əski türk inanc sistemində Xıdır yolda qalanların yardımına gedən boz atlı yol əyəsi şəklində təsvir edilmişdir.
Xalq inamına görə, Xıdır Nəbi bütün dara düşənlərə kömək edər. Doğum zamanı mama Xıdır Nəbidən kömək istəyib bu sözləri deyər:
Xıdır Nəbi, Xıdır İlyas,
Bəndəni bəndədən xilas.
Xalq arasında olan inama görə, Xıdır Nəbi günü havaların xoş keçməsi ilin bol, bərəkətli olmasına işarədir.
Xıdır həm də istilik və odla bağlıdır. Yuxarıda qeyd etmişdik ki, süfrəyə gətirilən aşın kənarlarına şam qoyurlar. Bu şamların qoyulması və yaxud:
Xıdıra Xıdır deyərlər,
Xıdıra çıraq qoyarlar,-
deyimi də odla, istiliklə, istiliyi çağırmaqla əlaqəlidir. Bu, eyni zamanda qışın şaxtasının, soyuğunun odla, isti ilə gedəcəyinə, torpağın isinib oyanacağına işarədir. Od, istilik yazın gəlməsinin əlamətləridir. Həm də bu dövr qışın ən soyuq günlərindən biridir. Xalq arasında “Xıdır girdi, qış girdi” kimi deyim də mövcuddur.
Digər türk xalqlarında da bu bayram qeyd edilir. Anadolu türklərində bayram Hıdır-Ellez adı ilə may ayının 6-da, Balkanlardakı müsəlman-türk xalqları arasında aprel ayının üçüncü ongünlüyündə keçirilir. Türkiyənin İqdır bölgəsində isə Xıdır Nəbi bayramı, Anadolunun digər ərazilərindən fərqli olaraq, may ayının 6-da yox, Naxçıvanda olduğu kimi, fevral ayında qeyd edilir. Axıska türkləri arasında da Xıdır Nəbi bayramı fevral ayında keçirilir. Hər il yanvar ayının son həftəsi ilə fevral ayının ilk həftəsi arasında Xıdır bayramı keçirilir. Burada mövcud olan inanca görə, Xıdır darda qalan, sıxıntıda olan insanlara yardım edən ulu bir varlıqdır. Bu həftə üç gün oruc tutulur.
Rodos türklərində Hıdır-Ellezdə dəniz kənarına gedilir, inanca görə, Xıdırdan nə istənilsə, onun rəsmini çəkib dənizə atarlar. Qazaxlarda Xıdır inancı Novruz bayramı ilə eyni gündə qeyd edilir. Burada mövcud olan inama görə, 22 mart gecəsi saat 3-də Xıdır dədənin gəldiyi və bərəkət payladığı söylənilərək bu gecəyə “Xıdır gecəsi” adı verilmişdir.
“Xıdır Nəbi”də keçirilənlər Orta Asiya mədəniyyəti (şamanizmi), əski Anadolu mədəniyyəti (bolluq, bərəkətlik ayinləri, ölümsüzlük), İslam mədəniyyəti (Xızır İlyas motivi) Azərbaycan mədəniyyəti (çətinlikdən qurtarmaq, günəşi çağırmaq) və s. birləşməsindən yaranan bir şənlik törənidir.
Asəf ORUCOV,
AMEA
Naxçıvan Bölməsinin Etnoqrafiya
şöbəsinin müdiri, tarix
üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan.-2015.- 11 fevral.- S.8.