Yeni yaradılan “Kulturaplus” internet televiziyasının
təqdimatı olub
Rabitə
və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan
Yaradıcılıq Fondu və Bakı Slavyan Universitetinin təsis
etdikləri “Mədəniyyət Plyus” İctimai Birliyinin nəzdində
yaradılan “Kulturaplus” internet televiziyasının təqdimatı
olub.
AzərTAc
xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə
Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə
Dövlət müşaviri Kamal Abdullayev
çıxış edərək Prezident İlham Əliyevin
ölkəmizdə multikulturalizmin inkişaf etdirilməsi
istiqamətində gördüyü işlərin bu
ideyanın meydana gəlməsində əsas rol
oynadığını deyib. Bildirilib ki, Azərbaycan bu
gün çoxmillətli, çoxkonfessiyalı bir ölkə
kimi bütün dünyanın diqqət mərkəzindədir.
Azərbaycanda bütün dinlərin, millətlərin
nümayəndələrinə diqqət eyni səviyyədədir.
Elə multikulturalizmin əsas şərtlərindən biri də
budur.
Dövlət müşaviri deyib ki, yeni yaranan internet televiziya vasitəsilə Azərbaycan həqiqətləri, ölkəmizdəki inkişaf prosesləri müxtəlif dillərdə dünya ictimaiyyətinə çatdırılacaq. Bu televiziya Azərbaycanın maarifçilik ənənələrinə uyğun olaraq keçmişimizi, milli mənəvi dəyərlərimizi, mədəni irsimizi öyrənməyi, multikulturalizmin və tolerantlığın həyat tərzinə çevrildiyi Azərbaycan gerçəkliyinin təbliğini qarşısına məqsəd qoyub.
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib ki, bu gün Azərbaycan beynəlxalq aləmdə həyata keçirdiyi böyük layihələri ilə tanınır. Son 10 ildə Azərbaycan həm də regionun mənəvi mərkəzinə çevrilib. Ölkəmizdə hər il multikulturalizm, mədəniyyətlərarası dialoq və digər mövzularda beynəlxalq tədbirlərin keçirilməsi heç də təsadüfi deyil. Dünyanın bir çox yerlərində münaqişələr baş verir, ancaq Azərbaycanda fərqli dinlərin və millətlərin nümayəndələri sülh və dostluq şəraitində yaşayırlar.
Tədbirdə məlumat verilib ki, “Kulturaplyus” internet televiziyasının əsas məqsədi dünyanın müxtəlif ölkələrində Azərbaycana olan münasibətin həmin ölkələrin cəmiyyətləri tərəfindən tənzim edilməsinə kömək etməkdir. Burada, eyni zamanda, dünya ictimaiyyəti üçün önəmli şəxsiyyətlərin – siyasətçilərin, incəsənət nümayəndələrinin və ictimai xadimlərin Azərbaycan haqqında fikirləri səslənəcək. Onlar Azərbaycana olan münasibətləri ilə dünyada Azərbaycan həqiqətlərinin daha effektiv şəkildə yayılmasını təmin edəcəklər.
İnternet televiziyada materiallar Azərbaycan, ingilis, rus və digər
dillərdə yayılacaq. Rabitə və
Yüksək Texnologiyalar
Nazirliyinin maddi-texniki dəstəyi ilə yaradılan televiziya dünyanın istənilən
nöqtəsindən müraciət
edə bilən və bu zaman
dil baryeri ilə qarşılaşmayan
auditoriya üçün
açıq bir teleməkandır. Tamaşaçılar “Kulturaplus” televiziyasında
həm Azərbaycan, həm də bütövlükdə dünya
barədə maraqlı
verilişlər izləyəcəklər.
İnternet televiziyanın fəaliyyətinə
televiziya və mətbuat sahəsində kifayət qədər təcrübəsi olan və ictimaiyyət tərəfindən tanınan
simalar cəlb edilib.
Azərbaycan.-2015.-
12 fevral.- S.8.