Diferensiallaşdırılmış əməkhaqqı
sisteminin bəzi aspektləri
Təhsilin inkişafı üzrə dövlət strategiyası təhsilin keyfiyyətinin yüksəldilməsi və nəticələrinin tanınması əsasında ümumavropa təhsil məkanına inteqrasiyaya istiqamətlənmiş, elm, təhsil və iqtisadiyyat əlaqələrini yeni bir arxitekturada təqdim edən program sənədidir. Bu arxitektura elm və təhsilin cari və perspektiv maraqlarının bazar iqtisadiyyatı subyektlərinin maraqları ilə harmonikləşdirilməsi kontekstində ölkə iqtisadiyyatının balanslı inkişafını təmin etməyə yönəlmişdir. Strategiyanın ayrı- ayrı istiqamətləri üzrə ictimai-dövlət idarəçilik modellərinin tətbiqi və ictimai təsisatların iştirakı ənənəsi təhsil sisteminin açıqlığının və investisiya cazibədarlığının təmin olunmasına xidmət edir.
Dövlət strategiyasının ilk dörd istiqaməti, bilavasitə beşinci istiqamət isə birmənalı olaraq ölkədə iqtisadi cəhətdən dayanaqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartları ilə eyni səviyyəyə uyğun təhsil sisteminin maliyyələşdirilməsi modelinin qurulması və bu kontekstdə Azərbaycan müəlliminin ictimai statusunun yüksəldilməsinin maddi və mənəvi əsaslarının yaradılmasına istiqamətlənmişdir. Prezident İlham Əliyevin sərəncamı ilə dövlət ümumtəhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşlarının orta hesabla iki dəfə artırılması bu istiqamətdə həyata keçirilən fəaliyyətin məntiqi nəticəsidir. Sərəncam ölkə ictimaiyyəti tərəfindən geniş təqdir olunmuşdur.
Postsovet məkanının Rusiya, Ukrayna, Belarus və Qazaxıstan kimi aparıcı ölkələrində milli valyutaların kəskin şəkildə devalvasiyaya uğradığı və iqtisadi böhraınn get-gedə dərinləşdiyi bir dövrdə 30 min müəllimin əməkhaqqının iki dəfə artırılması Prezident tərəfindən Azərbaycan vətəndaşının sosial-iqtisadi vəziyyətinin daim diqqət mərkəzində saxlanmasına bariz nümunədir. Belə bir tədbirin həyata keçirilməsi dövlət başçısının rəhbərliyi altında ölkənin texnoloji inkişafının təmin olunması, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafına diqqətin artırılması, elmi-praktiki təməllərə söykənən adekvat pul-kredit siyasətinin həyata keçirilməsi kimi uzaqgörən dövlət siyasətinin reallaşdırılması nəticəsində mümkün olmuşdur. Ali təhsil müəssisələrinin adambaşına maliyyələşdirmə sisteminə keçidi universitetlərə öz büdcələrinin optimal planlaşdırmasını həyata keçirmək imkanları vermişdir. Bunun nəticəsidir ki, son vaxtlar bir çox universitetlərdə müəllimlərin əməkhaqları hiss olunacaq dərəcədə artmışdır.
Təhsil Nazirliyi Dövlət strategiyasının hədəflərinin reallaşdırılması ilə əlaqədar təhsil müəssisələrinin təkliflərini nəzərə alaraq təhsilin bütün pillələri üzrə növbəti il üçün prioritetləri müəyyənləşdirmiş və onların icra müxanizmlərini işləyib hazırlamışdır. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında təhsil naziri Mikayıl Cabbarovun çıxışında bu fəaliyyətin aşağıdakı əsas müddəaları öz əksini tapmışdır: müəllimlərin peşəkarlıq səviyyəsini könüllü əsaslarla yoxlamaqla diferensiallaşdırılmış əməkhaqqı sisteminə keçid; 2007-2014-cü illərdə Azərbaycan gənclərinin xaricdə təhsilinə dair Dövlət Proqramı çərçivəsində 2612 gəncin dünyanın tanınmış universitetlərində ali təhsil almağa göndərilməsi; xarici universitetlərdə dərs deyən azərbaycanlı professorların vətənə qaytarılmasını stimullaşdırmaq üçün hazırlıq işlərinin həyata keçirilməsi; ali təhsil müəssisələri üzrə “sabah qrupları”nın, yəni savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət qrupların təşkili. Bu layihə 32 ali təhsil müəssisəsində 52 ixtisas üzrə təhsil alan 20 min tələbəni əhatə edəcək.
Müəllim əməyi ictimai mahiyyət daşıyır. Bu baxımdan ali məktəb müəlliminin əməkhaqqı sistemi daha xarakterikdir. Müəllim əməyi fərdi, kollektiv və ictimai səciyyə daşıyır. Ali məktəb müəlliminin əməkhaqqının həcminin müəyyən olunmasına diferensialaşdırılmış yanaşma ali məktəb mütəxəssisləri tərəfindən müəllimin elmi-pedaqoji fəaliyyətinin kompleks-keyfiyyət qiymətləndirmələri sistemi vasitəsilə müəyyən olunmalıdır.
Diferensiallaşdırılmış əməkhaqqı sisteminin hazırlanması və tətbiqi üçün ilk növbədə müəllim əməyinin motivləşdirilməsi və stimullaşdırılması anlayışlarının mahiyyəti açılqlanmalıdır.Ali təhsil müəssisələrində ənənəvi olaraq əməyin stimullaşdırılmasının müxtəlif növlərindən və təşkilati formalarından istifadə edilir. Bu gün ali təhsil işçisinin əməkhaqqı üç tərkib hissədən ibarətdir: peşə-ixtisas qrupları üzrə zəmanətli əməkhaqqı, kompensasiya ödənişləri, stimullaşdırıcı (həvəsləndirici) ödənişlər. Ali məktəb müəlliminin fəaliyyətinin motivləşdirilməsi və stimullaşdırılmasının əsaslarını kompensasiyaedici və stimullaşdırıcı ödənişlər təşkil edir. Bu ödənişlər ali təhsildə mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsi, təhsilin təşkilinin səmərəliliyinin və çevikliyinin təmini, bir neçə peşəyə malik olma, xüsusi klimatik şəraitli yerlərdə işləmə, işin intensivliyi və nəticələrin yüksəkliyi, zərərli və təhlükəli iş şəraitində işləmə, tərkibində dövlət sirri olan informasiya ilə işləmə, fasiləsiz iş stajı, müxtəlif ixtisaslı işləri yerinə yetirmə və digər meyarları nəzərə almaqla həyata keçirilir.
Son illər tədris prosesində yeni-yeni pedaqoji texnologiyaların, proqram-aparat vasitələrinin tətbiqi müəllimin əməyinin məzmununu müəyyən dəyişikliklərə uğratmışdır. Odur ki, yeni texnoloji inkişaf şəraitində müəllim əməyinin nəticələrinin qiymətləndirilməsinin yeni meyarlar və metodikalar üzrə motivləşdirilməsi və stimullaşdırılması sisteminin hazırlanmasına böyük ehtiyac yaranmışdır. Müasir ali məktəb müəlliminin əməkhaqqının müəyyənləşdirilməsində motivləşdirmə və stimullaşdırma formalarından daha geniş istifadə edilməsi üçün müəllimin fəaliyyətini səciyyələndirən aşağıdakı xarakterik göstəricilər də nəzərə alınmalıdır: yeni tədris texnologiyalarının hazırlanması və tətbiqi; innovasiya fəaliyyəti: kəşflər, patentlər, ixtiralar, layihə-texnoloji işləmələr; elmi layihələr; elmi nəticələr və onların reallaşdırılması; elmmetrik göstəricilər: Hirş əmsalı, istinad indeksi; beynəlxalq layihələrin hazırlanması və qazanılması; elmi kadrların hazırlanması: fəlsəfə və elmlər doktorları; beynəlxalq və ölkə səviyyəli konfranslarda iştirak; tələbə elmi-tədqiqat proqramlarına rəhbərlik və s.
Təhsilin səmərəliliyinin yüksəldilməsi və intellektual sərbəstliyin təmin olunması üçün tələbənın yaradıcı aktivliyi, hazırcavablığı, təşəbbüskarlığı, peşə sahəsinə adaptasiya olunmaq bacarığının inkişafı mühüm əhəmiyyət kəsb etməlidir. Universitetlərdə yaradıcı aktiv tələbə kontingentinin formalaşdırılması üçün müvafiq pedaqoji şəraitin yaradılmasında müəllimlərin aparıcı rolu təmin edilməlidir. Pedaqoji texnologiyaların beynəlxalq praktikada geniş tətbiq oluduğunu nəzərə alaraq müəllim əməyinin motivləşdirilməsi və stimullaşdırılmasında analoji texnologiyaların hazırlanması və tətbiqi də nəzərə alınmalıdır: şəbəkə təhsil texnologiyaları və kollektiv istifadə mərkəzləri, informasiya-kommunikasiya texnologiyaları, şəxsiyyət yönümlü texnologiyalar, tədqiqat yönümlü texnologiyalar, intellekt-kart texnologiyası, portfolio texnologiyası, Keys texnologiyası, Modul texnologiyası, “Debat” texnologiyası, pedaqoji emalatxana və ustad-sinif texnologiyası, reytinq texnologiyası, pedaqoji dizayn texnologiyası, xarici dilin öyrənilməsində internet texnologiyalarından istifadə, autentik mətnlərlə işləmək, təbii dil mühiti yaradan dil daşıyıcılarını dinləmək, onlarla dialoq aparmaq texnologiyası.
İnnovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsinə kömək edən vasitələrdən biri də informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərindən olan universitetlərin idarə olunmasının avtomatlaşdırılmış sistemi - elektron universitetdir (EU). EU anlayışı faktiki olaraq təhsilin distant və onlayn formalarının inkişafının yeni mərhələsini əhatə edir. Ali məktəblərdə EU layihəsinin işlənməsi və tətbiqi (Azərbaycan Texniki Universitetin timsalında) müəllim əməyinin mahiyyətini bir qədər də dəyişdirir. Müəllim artıq təhsilin şəffaflıq vasitəsi olan web auditoriyanı idarə etməli olur. Tələbələrin dərsə davamiyyəti, fərdi işi, kollokviumların nəticələri, imtahanqabağı qiymətləndirmə və s. müəllim tərəfindən real vaxt rejimində universitetin verilənlər bazasına daxil edilir. Müəllimin web səhifəsi fənnin səmərəli tədrisini təmin edə bilən ən vacib elektron vasitələrlə, elektron tədris kontentləri ilə təmin olunur. Tələbəni kreativ fikirləşməyə sövq edən, eyni bir problemə müxtəlif prizmalardan baxmağa şərait yaradan informasiya-kommunikasiya texnologiyalarının: onlayn mobil vasitələr və informasiyanın təşkilinin yeni üsullarının: mətnlər, təsvirlər, hiper-rabitə, hipermedia, multiagentli texnologiyalar, web texnologiyaların tətbiqini tələb edən elektron tədris kontentlərinin tətbiqi müəllim əməyinin ənənəvi mahiyyətini daha da müasirləşdırən bilik və vərdişlərin olmasını tələb edir.
Distant və onlayn təhsil formaları üçün elektron təhsil kontentlərinin hazırlanması, yayımı və təhsil prosesində kiber texnologiyalardan geniş istifadə də elektron universitet layihəsinin tərkib hissələridir. Yeni informasiya texnologiyalarının tədris prosesində genişmiqyaslı tətbiqi üçün müəllimlərin aşağıdakı bilik və səriştələrə malik olması tələb olunur: elektron tədris vəsaiti özündə informasiya sorğu, avtomatlaşdırılmış nəzarət və öyrətmə sistemlərinin mövcud imkanlarını birləşdirməlidir; elektron tədris vəsaiti fənn materiallarının variativ təqdim edilməsi və əks əlaqənin təmin olunması hesabına hər bir tələbənin fərdi xüsusiyyətlərini daha dəqiq nəzərə almağa imkan verməlidir; elektron tədris vəsaiti tədris prosesinə adaptasiya olunma vasitələri ilə təmin olunmalıdır.
Universitetlərdə kifayət qədər alət vasitələrinin və onlardan istifadə metodikalarının olmaması elektron tədris vasitələrinin (ETV) hazırlanıb tətbiqində əsas maneələrdir. Bu maneələri aradan qaldırmaq üçün müəllimlər tərəfindən ETV-nin yaradılmasını təmin edə bilən alətlər müəyyənləşdirilməli və hər bir alət üçün ETV yaratma metodikası hazırlanmalıdır. Diferensiallaşdırılmış əməkhaqqı sistemində müəllim əməyinin bu qəbildən olan aspektləri də motivləşdirilməli və stimullaşdırılmalıdır: Windows Held formatında hipermətnli ETV-nin yaradılması, PDF formatında multimedia ETV-nin yaradılması, Asymetrix Toolbook mühitində virtual laboratoriyalar və tam multimedia ETV-nin yaradılması, HTML, PHP formatında, İnternet əlavələr formatında virtual laboratoriyalar və tam multimedia ETV-nin yaradılması.
Müasir müəllim daim (Life-long learning), elektron (e-Learning) və mobil (M-Learning) təhsil formalarının tətbiqi üçün yeni tədris forma və üsulları işləyib tətbiq etməlidir. Əhalinin müxtəlif təbəqələrinin ali təhsil amaq imkanlarını məhdudlaşdırmamaq üçün aparıcı universitetlərin təhsil texnologiyalarında köklü dəyişiklər aparmaq, distant təhsil formatının rolunu kifayət qədər artırmaq lazımdır. Onlayn və açıq universitet modellərinin tətbiqi təhsil xidmətləri bazarında rəqabətin artmasını elə bir səviyyəyə çatdıra bilər ki, ölkələr qlobal təhsil sistemindən geniş istifadə etmək imkanına malik ola bilər.
Müəllim əməyinin diferensiallaşdırılmış qiymətləndirilməsi onun səmərəliliyinin artırılması ilə paralel həyata keçirilməlidir. Hazırda Avropa təhsil sistemində çoxsəviyyəli təhsil sisteminin daha da şaxələnməsi, peşə və tədqiqatçı bakalavr, peşə və tədqiqatçı magistr səviyyələrinin əlavə edilməsi ənənələri hiss olunur. Təhsilin səmərəliliyinin artırılmasında Tempus, Erasmus Mundus, Erasmus Plus layihələri və Tüninq metodologiyası güclü alətlərdir. Bu alətlətdən istifadə etməklə təhsil proqramlarını Avropa təhsi proqramları ilə harmonikləşdirmək, məzunlara milli təhsil sənədləri ilə paralel olaraq Europass sənədləri - Diploma Avropa əlavəsi, Avropa CV-si, Mobillik pasportu, Dil pasportu, ikili diplom, birgə diplom, sertifikat və s. vermək günün tələbləridir və yeni özünəməxsus stimullaşdırma meyarlarının nəzərə alınmasını tələb edir.
Əmək bazarının konyukturasının öyrənilməsi, iqtisadiyyatın bu və ya digər sahəsinin peşəkar işçıləri arasında tədqiqatlar aparmaqla prioritet ixtisasların, onlara uyğun ümumi və spesifik kompetensiyaların, müvafiq kompetensiyanı əldə edə bilmək üçün vacib olan təhsil tələblərinin müəyyənləşirilməsi və bu əsasda da tədris proqramları və planlarının tərtib olunması nəticəsində müəllim əməyinin səmərəliliyini daha da yüksəltmək mümkündür. Başqa sözlə, müəllim tələbəyə öz biliklərini deyil, əmək bazarının tələb etdiyi bilikləri öyrətməlidir. Belə bir texnoloji ardıcıllıq üzrə qurulmuş təhsil prosesi Təhsil Nazirliyinin himayəsi altında prioritet ixtisasların müəyyən olunmasında və yeni tədris planlarının hazırlanmasında universitetlərin rolunun artırılması, yeni ixtisasların akkreditasiyası və bu baxımdan da müəllimlərin daim yeniləşən texnologiyalar üzrə təkmilləşdirilməsi ilə müşayiət olunmalıdır.
Təhsilin hər bir vətəndaş üçün mümkün olması təhsil fəaliyyətinin sosial yönümünü müəyyən edir. Vətəndaşları maraqlandıran, dövlətə və əmək bazarına lazım olan ixtisaslar üzrə qəbul planlarının formalaşması ilə əlaqədar strategiyada çox önəmli hədəflər müəyyənləşdirilmişdir. Bu kontekstdə ödənişli qəbul planının ləğv edilməsi təklifi həm də Boloniya prosesinin əsas prinsiplərindən biri olan universitetlərin müxtariyyət prinsipinin təmin olunmasına xidmət edəcəkdir. Ali məktəblərə qəbul planı elə tərtib olunmalıdır ki, vətəndaşların arzuları, təhsil xidmətləri bazarının tələbləri və qəbul planın strukturu bir-birini tamamlasın.
Havar MƏMMƏDOV,
AzTU-nun rektoru, professor,
Həsən HÜSEYNOV,
professor, əməkdar elm
xadimi
Azərbaycan.-2015.- 12 fevral.- S.10.