Kitabxanalar mahiyyətini və əhəmiyyətini itirməyəcək

 

 

Yazılı ədəbi nümunələrin toplusu kimi kitab mənəvi sərvətlərdən biridir. Keçmiş sovetlər birliyi dövründə əsası qiraətxanalardan qoyulan kitabxanalar mərkəzləşdirilmiş sistemə və elektronlaşdırmaya qədər inkişaf yolu keçib. Mədəni-kütləvi tədbirləri adətən klublarla birgə keçirən kitabxanaların funksiyaları və şəbəkələri çox da geniş olmayıb. Lakin istər savadsızlığın azaldılmasında, istərsə də yeni nəslin formalaşdırılmasında kitabxanaların oynadığı rol klublardan heç də kəskin fərqlənməyib.

Bu baxımdan kitabxanaların mahiyyəti və əhəmiyyəti mövzusunun daim aktual olaraq qalacağına inam baxımından Aypara Rüstəmovanın Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi şurasının qərarı ilə nəşr edilən “Azərbaycan SSR-də elmi-sahə kitabxanalarının yaranması və fəaliyyəti (1920-1941-ci illər)” monoqrafiyası da diqqət çəkməkdir. Monoqrafiyada ötən əsrin 1920-1941-ci illərində fəaliyyət göstərən Azərbaycanın Tədqiq və Tətöbbə Cəmiyyətinin və onun elmi kitabxanasının, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun, sonradan SSRİ EA Zaqafqaziya Filialı Azərbaycan şöbəsinin, SSRİ EA Azərbaycan filialının Əsaslı Kitabxanasının, eləcə də digər elmi-sahə kitabxanalarının təşkili, fondlarının zənginləşdirilməsi, beynəlxalq əlaqələri, maddi-texniki bazasının möhkəmləndirilməsi, kadrlarla təminatı, bu mədəniyyət müəssisələrinin ziyalıların yetişdirilməsinə, respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatına təsirindən bəhs edir. Kitabda həmçinin o dövrün kütləvi repressiyalarının kitabxana işinə vurduğu mənəvi ziyan da işıqlandırılır.

Nəşrin redaktoru, tarix elmləri doktoru, professor, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Tamella Musayevanın fikrincə, monoqrafiyanın əsas xüsusiyyətlərindən biri onun çoxşaxəliyidir. Müəllif problemi üç istiqamətdə nəzərdən keçirir: Azərbaycanda kitabxanaçılıq işinin tarixi, elmin inkişafı və bütövlükdə mədəni quruculuq problemləri: “Belə bir yanaşma müəllifə sözügedən problemin tədqiqinə kompleks planda yanaşmağa imkan vermişdir. Bu da təbii ki, tədqiqat bazasını xeyli dərəcədə zənginləşdirmiş və genişləndirmişdir”.

Uzun illər Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında çalışması müəllifə imkan verib ki, o, yuxarıda qeyd edilən elmi-sahə kitabxanalarının xarakter və xüsusiyyətlərinə yaxından bələd olsun. Bu da tədqiqat üçün mühüm mərhələdir. Kitabın son hissələrində göstərilmiş tövsiyələr də bir daha müəllifin bu sahədəki peşəkarlığının nəticəsi kimi qiymətləndirilir.

Sovetlər dövrünün 21 illik tarixində respublikamızda kitabxana işinin fəaliyyəti və əhəmiyyəti araşdırılan monoqrafiyanın bütünlüklə daşıdığı məziyyətlər barədə ətraflı söz açmağa ehtiyac olmasa da, qeyd edilməlidir ki, ötən əsrdə Azərbaycanda tədqiqatların inkişafı və təşkilində, eləcə də ziyalı kadrların formalaşmasında ayrı-ayrı elmi müəssisə və təşkilatlar, onların nəzdində fəaliyyət göstərən elmi-sahə kitabxanalarının üzərinə olduqca mühüm və çətin problemlərin həlli düşüb. Kitabda da bu barədə zəngin və kifayət edəcək qədər materiallar - faktlar öz əksini tapıb. Əldə olunanlara əsasən, 1920-1941-ci illər elmi-sahə kitabxanalarının təşəkkülü və inkişafı üçün əhəmiyyətli bir dövr olub.

Kitabın maraqlı cəhətlərindən biriilk kitabxanaların necə və hansı şəraitdə, yaxud kimlər tərəfindən yaradılması barədə verilən materiallardır. Bunlar oxucular üçün həm də mənəvi sərvətlərimizin toplanması və qorunub saxlanması kimi vacib amili diqqət mərkəzində saxlayır. Burada göstərildiyi kimi, nəinki Şərqdə, hətta bəşəriyyətdə astronom və riyaziyyatçı alim kimi tanınmış Nəsrəddin Tusi 1258-1261-ci illərdə yaratdığı rəsədxananın böyük elmi kitabxanası olub. Rəsədxananın 400 minə yaxın elmi əlyazmaların saxlandığı həmin kitabxanasında kimlərin adları və elmi əsərləri yox idi ki? Bu əlyazmaların arasında Arximed, Ptolomey, Apollin kimi elmi dühaların Tusi tərəfindən ərəb, fars dillərinə tərcümə edilmiş əsərləri də saxlanılırdı.

Əsərdə xüsusi vurğulanır ki, 1920-ci ilədək Azərbaycanda təbiətşünaslıq, texnikaneft sahəsində profilli elmi-tədqiqat müəssisələri formalaşmamışdı. Eləcə də elmi-tədqiqat işləri ilə məşğul olan, xüsusilə milli kadrlar az olduğundan, çox vaxt xarici ölkələrdən mütəxəssislər dəvət edilirdi. Bütün bunlar barədə məlumatı, təbii ki, elmi və sahə kitabxanalarının fondlarında saxlanan əlyazmalardan öyrənmək mümkün idi. Bu cəhətdən elmi-sahə kitabxanalarının mahiyyəti nə qədər əsaslı və elmi şəkildə açılarsa, tədqiq olunarsa, Azərbaycanın ədəbi, ictimai-siyasi həyatına bir o qədər gur işıq salınar. Belə vacib amilləri nəzərə almaqla monoqrafiyanın dəyərli tədqiqat əsəri olduğunu söyləmək çətin deyil.

Nəticə etibarilə demək olar ki, təqdim olunan monoqrafiyanın xronoloji ardıcıllığı bütövlükdə Azərbaycanda mədəni quruculuğun - elmin, mədəniyyətin təşəkkül tapması, təşkilatlanması, inkişaf etməsi və təkmilləşməsi kimi mühüm mərhələləri əks etdirir. Tədqiq olunan dövrdə ölkədə ali məktəblərin və elmi mərkəzlərin fəaliyyət göstərməsi onlara xidmət edən elmi-sahə kitabxanalarının da yaranmasını zəruri edirdi. Həmin illər məhz elmi-sahə kitabxanalarının ilk rüşeymləri meydana gəlməyə başlayıb. Neft mədənlərində texniki, Xalq Torpaq Komissarlığında kənd təsərrüfatı, Azərbaycan Dövlət Universitetinin isə nəzdində fəaliyyət göstərən elmi kitabxanalar mühüm əhəmiyyət daşımaları ilə həmin illərin yadigarları sayılırdı. Bu sıraya, əlbəttə, Azərbaycan Dövlət Kitabxanası, Azərbaycan Dövlət Muzeyinin, Azərbaycan Tədqiq və Tətöbbə Cəmiyyətinin kitabxanaları ilə yanaşı, Respublika Kitab Palatası kimi mədəni-maarif ocaqlarını da əlavə etmək olar, çünki onların hər birinin elmin inkişafında mühüm rol oynamaları öz təsdiqini tapıb.

Təbii ki, bu gün kitabxanalar elmin bütün sahələrini əhatə edən kitablarla daha çox zəngindir. Nəhayət, iqtisadi-siyasi, elmi, ədəbi-bədii sahələr üzrə kitabaxanaların ixtisaslaşdırılması günün vacibaktual məsələlərindən birinə çevrilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 aprel 2007-ci il tarixli sərəncamı ilə təsdiq olunan “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” və “Azərbaycanda kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” bu sahədə mühüm tədbirlərin həyata keçirilməsi məqsədilə atılmış addımlardan biridir.

Ölkəmizdə 12 mindən artıq müxtəlif tipli kitabxananın mövcudluğu da bir daha təsdiqləyir ki, bu sahəyə dövlətin qayğısı böyükdür. Kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, xidmət mədəniyyətinin günün tələbləri səviyyəsində qurulması, müasir tələblərə cavab verən texnologiyaproqramlarla təmin edilməsində kompleks tədbirlər görülür.

Mütəxəssislərin fikrincə, informasiya quruculuğu proseslərinin sürətlə inkişaf etdiyi dövrdə elektron kitabxanaların xidməti daha önəmli xarakter daşıyır. Vətəndaşların informasiya tələbatının ödənilməsində elektron kitabxanaların imkanlarından yararlanan abunəçilərin sayı getdikcə artmaqdadır.

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2015.- 12 fevral.- S.10.