Təhsil, elm və mədəniyyətin beşiyi

 

Qarabağ xanlığı çar Rusiyası tərəfindən işğal edildikdən sonra (1805-ci il Kürəkçay müqaviləsi) imperiya məmurları xanlığın ərazisində möhkəmlənmək məqsədilə yerli hakim təbəqənin mövqelərini zəiflətməyi qarşılarına məqsəd qoydular. Buna görə də XIX əsrin əvvəllərində başlanan siyasi dəyişikliklər sosial-iqtisadi sahədə olduğu kimi, elm, təhsil və mədəniyyət sahəsində də özünü göstərdi.

XIX əsrin 30-cu illərində Şimali Azərbaycanın Qarabağ regionunda 9 məktəb və 1 mədrəsə fəaliyyət göstərirdi ki, bunlarda da 240-a qədər şagird təhsil alırdı. Həmin məktəblərin 6-sı Şuşa şəhərində, digərləri Əlidərə, Nüvədi və Boyəhmədli kəndlərində idi. Bu təhsil ocaqlarında Azərbaycan, ərəb, bəzilərində isə fars dilində oxu və yazı öyrədilirdi. Şuşa qəzasının özündə 1 mədrəsə, kəndlərində isə 18 məscid-məktəb fəaliyyət göstərirdi.

Lakin Çar Rusiyası Cənubi Qafqazda yerli xalqları itaət altında saxlamaq, ruslaşdırma siyasəti yeritmək və beləliklə də öz hakimiyyətini möhkəmləndirmək məqsədilə dövlət idarələrində işləmək üçün rus dilini bilən dövlət qulluqçularına olan ehtiyacı yeni, dünyəvi məktəblər açmaqla təmin etmək istəyirdi.

Bu məqsədlə 1829-cu ildə Cənubi Qafqazda, o cümlədən Azərbaycanda Rusiyadakı məhəllə məktəbləri tipində tədris müəssisələrinin yaradılmasına başlandı. Cənubi Qafqaz məktəblərinin ilk nizamnaməsinə əsasən 1830-cu ilin sentyabr ayında Azərbaycanın bir sıra şəhərlərində, o cümlədən Şuşada qəza məktəbi açıldı.

Beləliklə, 1830-cu ilin sonlarına qədər Cənubi Qafqazda açılması nəzərdə tutulan 20 qəza məktəbindən cəmi 5-i fəaliyyətə başladı ki, bundan yalnız biri Şimali Azərbaycanda Şuşa qəza məktəbi oldu. Bu, Azərbaycanda dünyəvi təhsil verən ilk məktəb idi.

Yerli əhali tərəfindən təhsil ocağı üçün ianə şəklində maliyyə vəsaiti (5235 manat 16 qəpik gümüş pul) toplanmasına baxmayaraq, burada oxuyan şagirdlərin sayı 1833-cü ildə 47, 1834-cü ildə isə 44 nəfər olmuşdur.

1835-ci il mayın 12-də təsdiq edilən Cənubi Qafqaz məktəblərinin ikinci nizamnaməsi yeni tədris müəssisələrinin açılmasını və mövcud qəza məktəblərinin təkmilləşdirilməsini nəzərdə tuturdu. Bu zaman rus dilinin öyrənilməsinə üstünlük verilirdi. Azərbaycan dilinə həftədə cəmi 4, rus dilinə isə 8 dərs ayrılmışdı. Şuşa qəza məktəbi də bu nizamnamə əsasında fəaliyyət göstərirdi.

1835-ci ildə mərkəzi hökumət tərəfindən qəza məktəbləri üçün xüsusi binaların tikilməsi layihəsi təsdiq edilsə də, çarizmin Qafqazdakı məmurlarının dövlət xəzinəsindən bu işə pul ayırmaq istəməməsi səbəbindən məktəb binalarının əhalidən toplanan ianələr hesabına inşasına üstünlük verilirdi.

XIX əsrin 40-cı illərinə kimi Şimali Azərbaycanda xalq maarifi və məktəblər idarəsi çar generallarına, sonralar isə Cənubi Qafqaz məktəblər direktoruna həvalə edilmişdi. Ancaq bu dövrdə təhsil alan azərbaycanlı şagirdlərin sayında kəmiyyət artımı hiss olunurdu. Rəsmi məlumatlarda 1845-ci ilə qədər təkcə Şuşa qəza məktəbində təhsil alanların sayının 127-yə çatdığı göstərilir.

1848-ci il Nizamnaməsindən sonra 1853-cü il oktyabrın 29-da “Qafqaz təhsil dairəsi və onun tabeliyində olan tədris müəssisələrinin Nizamnaməsi” təsdiq edildi. Əsas məqsəd Rusiyadakı xalq maarifi sistemini Qafqazda da tətbiq etmək idi.

1860-cı il iyulun 2-də Qafqaz məktəblərinin daha bir yeni nizamnaməsi təsdiq edildi. Həmin nizamnaməyə əsasən Bakı, Terski və İrəvan məktəblər direksiyaları yarandı və Şuşa qəza məktəbi Bakı məktəblər direksiyasının tərkibinə daxil edildi.

Lakin 1860-cı il Nizamnaməsi də, əvvəlkilər kimi, özünü müsbət cəhətdən göstərə bilmədi. Keçirilən islahatlar məktəblərin və şagirdlərin kəmiyyətcə nisbi artımına səbəb olsa da, uğurlu nəticə əldə edilmədi.

Unutmaq olmaz ki, XIX əsrin ikinci yarısında Rusiyada kapitalizm inkişaf mərhələsinə qədəm qoysa da, təhkimçilik münasibətləri bu inkişafa mane olurdu. 1861-ci ildə təhkimçilik hüququnun ləğvi və kəndli islahatı xalq maarifi sahəsində də dəyişikliklər aparılmasına səbəb oldu. Qarabağda 60-cı illərdə ən çox şagirdi olan Şuşa qəza məktəbinin fəaliyyətində baş verən dinamika həmin dövrdə təhsilin səviyyəsini anlamağa imkan verir. Belə ki, bu məktəbdə 1850-ci ildə 110, 1851-ci ildə 131, 1852-ci ildə 171, 1853-cü ildə 191, 1854-cü ildə 180, 1855-ci ildə 246, 1856-cı ildə 175, 1857-ci ildə 210, 1858-ci ildə 210, 1859-cu ildə 185, 1860-cı ildə 185 şagird təhsil almışdır. Bu zaman azərbaycanlı şagirdlərin sayında da azalma özünü göstərmişdir.

1865-1866-cı dərs ilindən etibarən Cənubi Qafqazda şagirdlərin sayına görə öndə olan Şuşa qəza məktəbi də genişləndirildi, yeni siniflər və şöbələr açıldı. Şuşa qəza məktəbi bütün Cənubi Qafqaz qəza məktəbləri içərisində öndə idi. Məktəbdə 240 şagird təhsil alırdı ki, onların da xeyli hissəsi azərbaycanlılardan ibarət idi.

1867-ci il Nizamnaməsinə görə, Cənubi Qafqazda yenidən qurulan 7 qəza məktəbindən yalnız biri Azərbaycanda (Şuşa qəza məktəbi) idi. 1868-ci ildən etibarən mövcud qəza məktəbləri üçsinifli məktəblərə çevrildi. Şuşa qəza məktəblərində fransız dili tədris edilməyə başlandı ki, bu da Bakı realnı gimnaziyasının Qarabağ regionu ilə sıx əlaqəsi ilə bağlı idi. Şuşada tacir silkindən olanlar Avropa ölkələri ilə ticarət əlaqələri qurmaq üçün fransız dilini öyrənməyə daha çox səy göstərirdilər ki, Şuşa qəza məktəbinin 2 və 3-cü sinif şagirdlərinin fransız dilini öyrənmə səviyyəsi digər bu tipli məktəblilərlə müqayisədə geri qalmırdı.

1873-cü il noyabrın 22-də “Cənubi Qafqazda tədris hissəsinin təşkili haqqında” qanuna əsasən Qafqazın xalq maarifi Rusiya imperiyası daxilindəki nizamnamələrə uyğun olaraq Azərbaycan dilinin tədrisinə müəyyən qədər üstünlük verirdi. Lakin yenə də əvvəlki kimi, rus dilinin tədrisi daha çox üstünlük təşkil edirdi.

Hökumətin 22 noyabr 1873-cü il qərarı ilə yerli məktəb nizamnamələri ləğv edildi, bütün ölkə məktəblərinə vahid imperiya üzrə nizamnamələr tətbiq edilməyə başladı, Qafqazın xalq maarifi birdəfəlik imperiya daxilindəki məktəb şəbəkələrinin ümumi siyahısına daxil oldu. Əgər indiyə qədər yerli şərait nəzərə alınırdısa, yerli dillərin tədrisinə müəyyən qədər şərait yaradılırdısa, bu qərarla sadalanan məziyyətlər xeyli məhdudlaşdırıldı, ali məktəblərə daxil olanlara verilən üstünlük aradan qaldırıldı, rus dilinin tədrisi daha da gücləndirildi.

1872-ci ildə qəbul edilmiş Cənubi Qafqazda Rusiyanın şəhər məktəblərinə uyğun təhsil ocaqları yaratmaq haqqında nizamnaməyə əsasən Azərbaycanda ilk dünyəvi məktəb olan Şuşa qəza məktəbi 1874-cü ildə şəhər məktəbinə çevrildiona Cənubi Qafqazda ilk şəhər məktəbi statusu verildi.

Beləliklə, XIX əsrdə fəaliyyət göstərmiş yeni dünyəvi məktəblər Şimali Azərbaycanın Qarabağ regionu əhalisinin maariflənməsində mühüm rol oynadı.

Qarabağ son orta əsrlərdə bir-birini əvəz edən müxtəlif dövlətlərin tərkibində qədim və orta əsrlərdə malik olduğu tarixi ənənəyə uyğun olaraq mədəniyyətini qoruyub saxlamış və inkişaf etdirmişdir. Hələ XI-XII əsrlərdə bütün müsəlman Şərqində olduğu kimi, Azərbaycanda, o cümlədən Qarabağda mədəniyyət, elm və ədəbiyyat yüksək inkişaf dövrü keçmişdir. Sonrakı dövrlərdə də Qarabağ mədəni mərkəz rolunu itirməmişdir.

Azərbaycanın çox yerində olduğu kimi, Qarabağda da yunun, ipəyin və pambığın istehsal olunduğu bir yerdə toxuculuğun meydana gəlməsi və inkişafı labüd idi. Toxuculuqda bədii ənənədən, xammaldan (yun, ipək, pambıq və s.) asılı olaraq müxtəlif kompozisiyalı bəzəklərə malik məişət əşyaları toxunmuşdur.

Rəng çalarları və naxışlarının orijinallığı ilə seçilən, bədii və texnoloji xüsusiyyətlərinə görə üstün olan Qarabağ xalça növünün bu gündünya şöhrətli olması həmin mədəniyyət ənənəsinin öz təsirini saxlaması ilə şərtlənir.

Qarabağın xalça sənəti XVIII əsrin ikinci yarısından etibarən Şuşa şəhərində mərkəzləşmiş, burada daha geniş miqyasda inkişaf etməyə başlamışdır.

Qarabağ xalçaçılıq sənətində qədim ənənə intensiv olaraq davam etdirilmişdir. 1886-cı ildə Şuşada olmuş gürcü tədqiqatçısı Y.Zedgenidze yazmışdır: “Demək olar ki, bütün xalçalar azərbaycanlı ailələrdə istehsal olunur. ...Ermənilər xalça toxumağı onlardan öyrənməlidirlər”.

Bütövlükdə tarix elmi, faktlar, arxeoloji qazıntılar, maddi mədəniyyət nümunələri sübut edir ki, XIX əsrə qədər Dağlıq Qarabağda erməni etnik kütləsi olmamışdır. Onlar bura XIX əsrin əvvəllərindən etibarən Çar Rusiyası tərəfindən köçürülmüşlər.

Qarabağda ermənilər avtoxton (yerli) olmalarını sübut etməyə cəhd göstərsələr də, Yuxarı (Dağlıq) Qarabağa ərazi iddiaları irəli sürsələr də, onların Qarabağa dair heç bir mədəni yaradıcılıq nümunəsi yoxdur. Əsl həqiqətdə Qarabağda azərbaycanlı-erməni qarşılıqlı münasibətləri aşağıdakı səciyyəni daşıyır:

- XIX yüzillikdə Rusiyanın “Şərq siyasəti”nə uyğun olaraq Türkiyə və İrandan Azərbaycana, o cümlədən Qarabağa kütləvi şəkildə erməni ailələri köçürülüb məskunlaşdırılmışdır;

- Azərbaycan türklərinin maddi və mənəvi mədəniyyəti gəlmə ermənilərin mədəni-ədəbi inkişafında mühüm rol oynamışdır;

- ermənilər Azərbaycanın məişət və mərasim adətləri, geyimlər, yeməklər və s. kimi milli etnoqrafik ənənələrindən hərtərəfli bəhrələnmişlər;

- ermənilər azərbaycanlıların sənət, musiqis. kimi maddi və mənəvi mədəniyyətindən geniş istifadə etmişlər;

- Azərbaycan folkloruna müraciət edən ermənilər azərbaycanlı-türk xalqına məxsus qədim zəngin irsdən - salnamələrdən, tarixçilərin, coğrafiyaşünasların, klassiklərin əsərlərindən geniş istifadə etmişlər;

- ermənilər Azərbaycanın el ədəbiyyatından, onun müxtəlif janrlarından geniş şəkildə faydalanmışlar. Azərbaycan türklərinə məxsus dastanlar əsasında erməni ədəbiyyatında yeni roman janrı yaratmışlar;

- erməni nəsrində Azərbaycan nağılları, atalar sözü və zərb-məsəllərindən geniş istifadə edilmişdir;

- ermənilər Azərbaycanda yerli xalqların mədəni irsindən bəhrələnmələrinə baxmayaraq, sonradan onlar bu irsə, tarix və mədəniyyət abidələrinə sahib çıxmağa səy göstərmişlər.

Qarabağın ictimai həyatında azərbaycanlı-türk xalqına mənsub bədii-mədəni yaradıcılıq da xüsusi yer tutmuşdur. Qarabağ xanlığının baş vəziri şair Molla Pənah Vaqiföz şeirləri ilə Qarabağın mənəvi həyatını əks etdirən şair Molla Vəli Vidadi Şuşada yaşayıb-yaratmışlar.

“Şükürnameyi-Şahənşah” və “Təzkireyi-Məhəmmədşah” əsərlərinin müəllifi Bəhmən Mirzə Qacar ömrünün son dövrlərində Qarabağda (Bərdə və Şuşada) yaşayıb-yaratmışdır.

Qarabağlı Mir Möhsün Nəvvab (1833-1918) dövrünün qabaqcıl, elmi və ədəbi-bədii yaradıcılığın müxtəlif sahələrində geniş fəaliyyət göstərən ziyalılarından idi. O, həm şair və ədəbiyyatşünas, rəssam və xəttat, həm də dövrünün görkəmli maarifçisi, alimi və sənətkarı olmuşdur. O, “Məclisi-Fəramuşan” şairlər məclisinin təşkilatçısı və rəhbəri olmuş, Qarabağ şairlərinə həsr etdiyi “Təzkireyi-Nəvvab”, klassik Şərq musiqisi haqqında “Vüzuhul-ərqam”, astronomiya elminə aid “Kifayətül-Ətfal” və s. elmi və ədəbi-bədii əsərlər yazmışdır.

Qarabağ Azərbaycan ədəbiyyatının görkəmli ədibləri olan Qasım bəy Zakir, Xurşudbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Yusif Vəzir Çəmənzəminli, Süleyman Sani Axundov kimi görkəmli mütəfəkkirlərin vətənidir.

Şuşa şəhəri Azərbaycan musiqisinin beşiyi, həmçinin saz-söz sənətinin ocaqlarından biri kimi Azərbaycanın konservatoriyası adlandırılmışdır.

Qarabağda aşıq-şairlər - Xəstə Qasım, Valeh, Haqverdi, Məmmədağa, Şamil, Qənbər, Nəcəfqulu, Abbasqulu, həmçinin hikmətli söz ustası, hazırcavablığı ilə tanınmış Abdal Qasım kimi yaradıcı şəxslər olmuşdur. Məşhur müğənnilər - Hacı Hüsü, Kərbəlayi Hüsü, Abdulbaqi Hilalov, Ələsgər Fərzəliyev, Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd, peşəkar musiqiçilər - Sadıqcan, Malıbəyli Həmid, Ata Bağdagüloğlu, Qurban Pirimovun Qarabağın musiqi mədəniyyəti tarixində xüsusi yeri vardır. Qarabağda XIX-XX əsrlərdə muğam və mahnıların Zabul Qasım, Segah İslam, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov, Rəşid BehbudovArif Babayev kimi məşhur ifaçıları olmuşdur.

Qarabağ dünya mədəniyyəti tarixinə ensiklopedik biliyə, yüksək istedada malik və müsəlman aləmində operanın banisi Üzeyir bəy Hacıbəyli kimi dahi, Zülfüqar bəy Hacıbəyli, Zakir Bağırov, Fikrət Əmirov, Soltan Hacıbəyli, Niyazi, Süleyman Ələsgərov və Əfrasiyab Bədəlbəyli kimi böyük bəstəkarlar bəxş etmişdir.

Qarabağ təkcə Azərbaycan musiqi aləmində deyil, bütövlükdə Şərq dünyasının çox yerində tanınmış, həmçinin Qərb dünyası musiqi meydanlarına ayaq açmış, öz milli xüsusiyyətlərinə görə səs salmış “Qarabağ şikəstəsi”, “Rast”, “Segah”, “Çahargahkimi muğamların, “Sarı gəlin” və “Apardı sellər Saranı” kimi qədim mahnıların ana vətənidir.

 

Qasım HACIYEV,

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu

 “Qarabağ tarixi” şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru

Azərbaycan.-2015.- 12 fevral.- S.11.