“Qarabağnamələr”də yaşayan tarix
Azərbaycan tarixinin ən mühüm mənbələrindən biri də “Qarabağnamələr”dir. Həmin salnamələrdə Aran və Dağlıq Qarabağın qədim dövrlərdən Azərbaycan torpaqları olması birmənalı şəkildə öz əksini tapmışdır.
Qarabağın və Qarabağ xanlığının siyasi, iqtisadi və mədəni tarixini öyrənmək üçün Mirzə Adıgözəl bəyin “Qarabağnamə”, Mirzə Camal bəy Cavanşir Qarabağinin “Qarabağ tarixi”, Əhməd bəy Cavanşirin “1747-1805-ci illərdə Qarabağ xanlığının siyasi vəziyyətinə dair”, Mirzə Yusif Qarabağinin “Tarixi- safi”, Mir Mehdi Xəzaninin “Kitabi-tarixi-Qarabağ”, Rzaqulu bəy Mirzə Camal oğlunun “Pənah xan və İbrahim xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri”, Mirzə Rəhim Fənanın “Tarixi-cədidi-Qarabağ”, Məhəmmədəli bəy Baharlının “Əhvalati-Qarabağ”, Həsən İxfa Əlizadənin “Şuşa şəhərinin tarixi” və Həsənəli xan Qaradağinin “Qarabağ vilayətinin qədim və cədid keyfiyyət və övzaları” əsərlərində olduqca dəyərli tarixi məlumatlar var.
“Qarabağnamələr”də, habelə digər tarixi qaynaq və mənbələrdə qeyd olunur ki, Qarabağ xanlığının yarandığı Kür-Arazarası torpaqlarda məskunlaşan əhali lap qədim dövrlərdən türk-müsəlman əhalisi olmuş, xanlığın yaradıcıları Azərbaycanın qədim türk boylarının nümayəndələri sırasından çıxmış, bu xanlıq türk əhalisinə söykənən siyasi qurum kimi 75 il Azərbaycan tarixində şərəflə fəaliyyət göstərmişdir.
“Qarabağnamələr”in uzun müddət işıq üzü görməməsi onların tarixçi alimlərin nəzərindən kənarda qalmasına səbəb olmuşdur. Bu qiymətli tarixi salnamələri diqqətlə araşdırarkən aydın olur ki, onlarda XVIII əsrdə və XIX əsrin əvvəllərində Qarabağın, eyni zamanda da bütövlükdə Quzeyli-Güneyli Azərbaycanın, habelə bütün Cənubi Qafqazın və Ön Asiyanın siyasi həyatında baş vermiş mürəkkəb siyasi-ictimai hadisələrin obyektiv şəkildə işıqlandırılması, bir çox qaranlıq mətləblərə aydınlıq gətirilməsi, bədnam erməni ünsürlərinin dünyaya yaydıqları məkrli yalan və böhtanları puça çıxarmaq üçün qiymətli məlumatlar var.
“Qarabağnamələr”də və digər mənbələrdə qeyd olunur ki, Qarabağ xanlığı Azərbaycan feodal dövləti kimi yaranmış, elə bu şəkildə də Rusiya imperiyasının tərkibinə qatılmışdır. 1805-ci il may ayının 14-də Rusiya ilə Qarabağ xanlığı arasında imzalanan və 11 maddədən ibarət olan Kürəkçay müqaviləsinə Rusiya tərəfindən general P.D.Sisianov və Qarabağ xanı İbrahimxəlil xan qol çəkmişlər.
Salnamə müəllifləri Qarabağın tarixi coğrafiyasını, onun daxilində və xaricində baş verən siyasi hadisələri, habelə Pənahəli xanın və onun oğlu İbrahimxəlil xanın hakimiyyətləri dövrlərində tikilən şəhər və tarixi abidələr haqqında geniş məlumatlar verirlər. Bu məlumatlar xalqımızın tarixi, məişəti, təsərrüfatı, o dövrdəki həyat tərzinin bir sıra mühüm məqamlarına, habelə XVIII əsrin ikinci yarısında bu bölgələrdə gedən taleyüklü tarixi hadisələrin əsl səbəb və nəticələrinə aydınlıq gətirməyə imkan verir.
Salnamələr içərisində Mirzə Adıgözəl bəyin “Qarabağnamə” əsəri tarixi məzmununa görə xüsusilə fərqlənir. Mirzə Camal bəy Cavanşir Qarabağinin “Qarabağ tarixi” əsəri də digər salnamələrlə müqayisədə olduqca zəngindir. O öz əsərində İbrahimxəlil xanın hakimiyyəti dövrünü daha dolğun təsvir edir. Bundan başqa, o, Qarabağ xanlığının təsərrüfat həyatını hərtərəfli təsvir edir, xanlığın hərbi qüvvələri barədə də məlumat verir.
Mirzə Yusif Qarabağinin “Tarixi-safi” əsəri özündən əvvəlki salnamələrdən bir o qədər də fərqlənmir. O, demək olar ki, Mirzə Adıgözəl bəyin və Mirzə Camal bəy Cavanşirin qeyd etdikləri tarixi məlumatları təkrar edir. Onun əsərinə tənqidi baxımdan yanaşılmalıdır.
Əhməd bəy Cavanşirin “1747-1805-ci illərdə Qarabağ xanlığının siyasi vəziyyətinə dair” əsərinin də salnamələr içərisində özünəməxsus yeri var. Belə ki, o, əsərində xanlığın siyasi həyatına daha çox önəm verir.
Mir Mehdi Xəzaninin “Kitabi-tarixi-Qarabağ” əsərində Qarabağ xanlığının mədəniyyəti ilə bağlı olan sahələrə daha çox diqqət yetirilir. Onun əsəri XIX əsrin əvvəllərində Azərbaycan mədəniyyətinin dolğun mənzərəsini yaratmaqda böyük əhəmiyyətə malikdir.
Rzaqulu bəy Mirzə Camal oğlunun “Pənah xan və İbrahim xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri” əsəri, özünün də etiraf etdiyi kimi, atasının əsərinin yığcam xülasəsindən ibarətdir. Lakin buna baxmayaraq, onun salnaməsində qiymətli tarixi məlumatlar da vardır.
Mirzə Rəhim Fənanın “Tarixi-cədidi-Qarabağ” salnaməsi tam halda əldə yoxdur. Əsərdə qeyd olunan məlumatlar o dövrün siyasi-ictimai hadisələrini təsəvvür etməyə imkan verir.
Qarabağ xanlığının tarixinə həsr edilən salnamələrdən biri də Məhəmmədəli bəy Baharlının “Əhvalati-Qarabağ” əsəridir. Müəllif əsərində Qarabağın tarixindən daha çox onun memarlıq abidələrinə, tarixi şəxsiyyətlərinə, adət və ənənələrinə yer verir. Əsər orta əsr Azərbaycan mədəniyyətini öyrənmək üçün olduqca qiymətli mənbədir.
Qarabağ tarixinə həsr olunan salnamələrdən danışarkən şuşalı müəllim Həsən İxfa Əlizadənin yazdığı “Şuşa şəhərinin tarixi” əsərini də qeyd etmək lazımdır. Müəllif Qarabağın və Qarabağ xanlığının siyasi həyatına, mədəniyyətinə aid maraqlı fikirlər söyləyir.
Həsənəli xan Qaradağinin “Qarabağ vilayətinin qədim və cədid keyfiyyət və övzaları” əsəri də maraq doğurur. Müəllif Qarabağın və Qarabağ xanlığının mədəni abidələri haqqında və xanlıq dövrünün siyasi hadisələrinə diqqəti cəlb edir.
“Qarabağnamə” müəlliflərinin heç biri erməni ünsürü haqqında söz açmır. Çünki bu ünsür Rusiya imperiyası tərəfindən XIX əsrin əvvəllərində gətirilib torpaqlarımızda yerləşdirilmişdir.
Yunis HÜSEYNOV,
tarix üzrə fəlsəfə
doktoru
Azərbaycan.-2015.- 12 fevral.- S.11.