Heydər Əliyev Fondunun
təşkilatçılığı ilə Rumıniyada
“Bakı-2015” ilk Avropa
Oyunlarının təqdimatı keçirilib
Heydər
Əliyev Fondunun və Azərbaycanın Rumıniyadakı səfirliyinin
birgə təşkilatçılığı, AzərTAc-ın
və Agerpres agentliyinin media dəstəyi ilə
Rumıniyanın Milli Olimpiya Komitəsində “Bakı-2015” ilk
Avropa Oyunları ilə bağlı təqdimat mərasimi
keçirilib.
Mərasimdə
Rumıniyanın idman federasiyalarının rəhbərləri,
ilk Avropa Oyunlarında iştirak edəcək rumın
idmançıları, ziyalılar, rəsmi şəxslər,
ölkənin qabaqcıl turizm şirkətlərinin rəhbərləri,
dövlət və qeyri-dövlət qurumlarının
nümayəndələri, burada yaşayan azərbaycanlılar,
jurnalistlər iştirak ediblər.
Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev çıxış edərək bu tədbirin ilk Avropa Oyunları barədə məlumatın rumın ictimaiyyətinə çatdırılması istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. İ.Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım, Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yarışların yüksək səviyyədə keçirilməsinə göstərdikləri dəstəyi xüsusi vurğulayıb. Direktor yarışların keçirilməsi üçün yeni tikilən və bərpa olunan idman kompleksləri barədə interaktiv şəkildə məlumat verib. O, həmçinin idmançılar üçün yaradılmış şərait, Olimpiya şəhərciyi, Bakının gözəlliyi, İçərişəhər, Dənizkənarı park, Heydər Əliyev Beynəlxalq Hava Limanı, KİV-lər üçün nəzərdə tutulmuş media mərkəzindən bəhs edib.
Sonra Avropa Oyunları barədə film nümayiş etdirilib.
Rumıniya Milli Olimpiya Komitəsinin sədri Alin Petrake, gənclər və idman naziri, Olimpiya çempionu xanım Qabriela Szabo bu tədbiri təşkil etdiyinə görə Heydər Əliyev Fonduna minnətdarlıqlarını bildiriblər. Onlar Heydər Əliyev Fondunun Rumıniyada humanitar, sosial, idman sahələrində, Azərbaycanın təbliği, iki xalq arasında əlaqələrin möhkəmlənməsində apardığı fəal işin yüksək qiymətləndirildiyini vurğulayıblar. “Bakı-2015” ilk Avropa Oyunlarının gənc idmançıların öz güclərini sınamaları üçün gözəl fürsət olduğu bildirilib, Azərbaycan dövlətinin idmanın inkişafına diqqət və qayğısı, sağlam cəmiyyətin qurulması istiqamətində nailiyyətləri yüksək qiymətləndirilib. Rumıniyanın bu idman yarışına böyük heyətlə qatıldığı diqqətə çatdırılıb.
Azərbaycanın Rumıniyadakı səfiri Fərid Abdinbəyov Avropa Oyunlarının idmançıların özlərini sınamaları və Bakının bu kimi mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi baxımından daha böyük təcrübə qazanması istiqamətində mühüm tədbir olacağını deyib. Diplomat Azərbaycanın Avropa və dünya miqyaslı yarışları ən yüksək səviyyədə keçirməsini beynəlxalq idman ictimaiyyətinə sübut etdiyini vurğulayıb. F.Abdinbəyov Azərbaycanda Olimpiya komplekslərinin yaradılması, ölkədə gənclərin idmana marağının artması, dövlətin gənclərə diqqət və qayğı göstərməsi barədə məlumat verib.
Azərbaycan Milli Olimpiya Komitəsinin və Atletika Federasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Könül Nurullayeva Avropa Oyunlarının yaranması, mahiyyəti, məqsədi, burada təmsil olunan idman növlərinin sayı barədə məlumat verib. O, bu Oyunların keçirilməsi üçün məhz Bakı şəhərinin seçilməsinin səbəbləri barədə danışıb, Azərbaycanın hər zaman bu cür yüksək səviyyəli tədbirlər keçirməyə hazır olduğunu vurğulayıb.
Sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin tədbir iştirakçılarına videomüraciəti təqdim olunub. Patrik Hikki ilk Avropa Oyunlarının təqdimatı ilə bağlı Rumıniyada keçirilən tədbiri yüksək qiymətləndirib. O, “Bakı-2015” Avropa Oyunları ilə əlaqədar yaradılan Təşkilat Komitəsinə, aparılan yüksək səviyyəli işlərə görə təşəkkürünü bildirib.
P.Hikki qeyd edib ki, adətən Olimpiya Oyunlarına hazırlıq 7 il çəkir, amma Azərbaycan 3 ildən az bir vaxtda bu işin öhdəsindən gəldi. O, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi, birinci xanım, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın dəstəyi ilə əldə olunan nailiyyətləri xüsusi vurğulayıb. P.Hikki Avropa Oyunlarında iştirak edəcək idmançılara, eləcə də rumın idmançılarına uğurlar arzulayıb.
Təqdimat mərasimindən sonra Rumıniya Milli Olimpiya Komitəsində ziyafət verilib.
Tədbir Rumıniya KİV-lərində, eləcə
də TVR1 televiziya kanalında, Agerpres milli xəbər agentliyinin video
portalında işıqlandırılıb.
Azərbaycan.-2015.- 13 fevral.- S.2.