“Azərbaycan Respublikasında sənayenin inkişafına dair

 2015-2020-ci illər üçün Dövlət Proqramı” təqdim edilib

 

Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın təqdimat mərasimi keçirilib.

AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov Azərbaycanda uğurla davam etdirilən hərtərəfli inkişaf strategiyasına uyğun olaraq qeyri-neft sənayesinin inkişaf etdiyini, onun ixrac imkanlarının genişləndiyini və əhalinin sosial rifah halının daha da yaxşılaşdığını diqqətə çatdırıb.

Ötən ilin ölkəmizdə "Sənaye ili" elan edildiyini qeyd edən nazir müavini görülmüş işlər barədə də məlumat verib. Diqqətə çatdırılıb ki, 2014-cü ildə ölkədə 230-dan çox yeni sənaye müəssisəsi açılıb, mövcud sənaye müəssisələrinin istehsal gücləri genişləndirilib. Azərbaycanda sənaye parklarının və sənaye məhəllələrinin yaradıldığını qeyd edən Niyazi Səfərov sənaye müəssisələri yaradılarkən ən qabaqcıl texnologiyaların tətbiq edildiyini xüsusi vurğulayıb.

Təqdimatı keçirilən “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın əhəmiyyətini bir daha diqqətə çatdıran Niyazi Səfərov proqramın strukturu, əsas məqsədləri, vəzifələri, nəzərdə tutulan tədbirlərin istiqamətləri barədə geniş məlumat verib. Qeyd edilib ki, Dövlət Proqramı qarşıdakı illərdə sənayenin inkişaf istiqamətlərini müəyyənləşdirməklə, bu sahədə qarşıya qoyulmuş məqsədlərə nail olunmasına yönəlib. Proqramda sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, elmtutumlu və innovativ istehsalın genişləndirilməsi, yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması kimi mühüm məqsədlər irəli sürülüb. Eyni zamanda, sənayenin rəqabət qabiliyyətinin artırılmasına və potensialının gücləndirilməsinə, sənaye zonaları və klasterlərinin qurulmasına, kadr potensialının və elmi təminatın gücləndirilməsinə, sənaye müəssisələrinin fəaliyyətinin dəstəklənməsinə xüsusi yer verilib. Bütövlükdə Dövlət Proqramında 24 istiqamət müəyyənləşdirilib. Proqramının həyata keçirilməsi qeyri-neft sənayesinin modernləşməsi və diversifikasiyasına, sənaye məhsullarının ixracının artımına, sənaye istehsalında regionların payının yüksəlməsinə, yeni iş yerlərinin yaradılmasına, sənaye müəssisələrinin sənaye zonalarında cəmləşməsinə xidmət göstərəcək.

Tədbirdə, həmçinin Azərbaycan Sahibkarlar Konfederasiyasının, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun, eləcə də özəl şirkətlərin nümayəndələri sənayenin inkişafı və Dövlət Proqramının icrası ilə bağlı qarşıda duran vəzifələrə dair çıxış ediblər.

 

Azərbaycan.-2015.- 13 fevral.- S.7.