Enerji təhlükəsizliyinə təminat
axtaran
Avropanın
Azərbaycana ehtiyacı var
Prezident İlham
ƏLİYEV: “Azərbaycandan daxil olan qaz Avropa
istehlakçılarının yaxın gələcəkdə
əldə edəcəyi yeganə yeni qaz mənbəyidir”
Hər il keçirilən Münxen Təhlükəsizlik Konfransı dünyanın siyasi liderlərinin bir araya gəlməsi ilə baş tutan əsas tədbirlərindən biridir. Hər il dövlət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin, tanınmış siyasi xadimlərin iştirak etdiyi konfransda müxtəlif sahələri əhatə edən təhlükəsizlik məsələləri, gələcəkdə baş verməsi ehtimal olunan problemlərdən çıxış yolları geniş müzakirə olunur.
Bu il fevralın 6-dan 8-dək 51-ci Münxen Təhlükəsizlik Konfransı keçirilib. Təhlükəsizlik məsələlərini müzakirə etmək üçün budəfəki konfransda 20-yə yaxın dövlət və hökumət başçısı, 60 ölkənin xarici işlər naziri iştirak edib. Konfransın əsas mövzusu Ukraynadakı hadisələr və onun Avropa təhlükəsizlik sistemi üçün nəticələri, enerji təhlükəsizliyi, eləcə də Yaxın Şərqdəki vəziyyət idi. Qaçqınlarla bağlı qlobal böhran, terrorizmlə mübarizə kimi məsələlər də konfransda müzakirə olundu.
Prezident İlham Əliyevin də iştirak etdiyi 51-ci Münxen Təhlükəsizlik Konfransı ölkəmiz üçün aktual məqamlarla yadda qaldı. Belə ki, konfrans çərçivəsində “Şaxələndirmə strategiyaları” mövzusunda keçirilən “dəyirmi masa” Azərbaycanın enerji təhlükəsizliyi məsələsində oynadığı rolu bir daha nümayiş etdirdi. Xatırladaq ki, enerji təhlükəsizliyi Münxen Təhlükəsizlik Konfransı çərçivəsində müzakirə olunan məsələlərin sırasına 2013-cü ildən salınıb. Bu da onu göstərir ki, enerji təhlükəsizliyi bu gün Avropanı narahat edən ən aktual problemlərdən biridir.
“Enerji təhlükəsizliyi məsələsini milli təhlükəsizlik məsələsindən ayrı müzakirə etmək olmaz. Enerji siyasəti ilə bağlı məsələlər milli maraqlara və Avropanın bizim regionda qlobal siyasi xəritəsinə sıx bağlıdır” - deyən Prezident İlham Əliyev “dəyirmi masa”dakı çıxışında Azərbaycanın enerji təhlükəsizliyində oynadığı roldan, təbii qazın istehlakçılara çatdırılması üçün nəql marşrutlarının şaxələndirilməsi istiqamətində görülən işlərdən danışdı, həmçinin bu məsələdə Avropa dövlətlərinin üzərinə düşən vəzifələri bir daha onların diqqətinə çatdırdı.
2013-cü ilin sonlarında Bakıda imzalanan “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsinə dair yekun investisiya qərarı “Əsrin müqaviləsi” kimi Azərbaycanın enerji siyasətində mühüm hadisə idi. Xatırladaq ki, “Şahdəniz” yatağının işlənilməsinin birinci mərhələsi çərçivəsində 2006-cı ildən Gürcüstan və Türkiyəyə qaz ixrac edilir. “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi və ötən il sentyabrın 20-də Bakıda təməli qoyulan “Cənub” qaz dəhlizi layihəsi isə dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük və mürəkkəb layihələrdən hesab olunur.
TANAP və TAP boru kəmərlərinin inşası nəticəsində “Cənub” qaz dəhlizi işə düşəndən sonra Azərbaycan Avropanın enerji təchizatının şaxələndirilməsində və yüksəldilməsində daha yaxından iştirak edəcək. Çünki bu kəmər Azərbaycan qazını Türkiyə, Yunanıstan və Albaniya ərazilərindən keçməklə, minlərlə kilometr məsafəni qət edərək Avropanın mərkəzinə çatdıracaq. Ən əsası, bu layihənin tam başa çatması Azərbaycanın beynəlxalq imicinə müsbət təsiri ilə yanaşı, ölkəmizin gələcək inkişafına böyük töhfələr verəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu layihə Avropanın enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişəcək: “Azərbaycandan daxil olan qaz Avropa istehlakçılarının yaxın gələcəkdə əldə edəcəyi yeganə yeni qaz mənbəyidir. Bütün digər layihələr, o cümlədən marşrutların şaxələndirilməsi ilə bağlı layihələr mənbələrin deyil, yalnız marşrutların şaxələndirilməsini nəzərdə tutur. Bizim mənbəyimiz yenidir və əgər belə demək mümkündürsə, təzə üzə çıxıb. “Şahdəniz” yatağında 1 trilyon kubmetrdən çox qaz ehtiyatı var. Bizim digər yataqlarla birgə təsdiqlənmiş qaz ehtiyatlarımız ən azı 2,5 trilyon kubmetr təşkil edir. Bu, on illərlə, yüz illərlə davam edəcək qaz layihəsidir. Bu layihə Avropanın enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişəcək”.
Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr” mövzusunda panel müzakirəsindəki çıxışı və suallara cavabı da tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Bu panel diqqəti bir daha Dağlıq Qarabağ münaqişəsinə çəkdi və Prezident İlham Əliyev Ermənistanın işğalçı dövlət olduğunu yüksək siyasi və diplomatik erudisiya ilə tədbir iştirakçılarına izah etdi.
Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqları yolu ilə həlli istiqamətində atılan siyasi addımlar beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, ATƏT-in, Avropa Şurasının və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsaslanır. Lakin Minsk qrupu vasitəsilə aparılan sülh danışıqları 20 ildən çoxdur nəticəsizdir. Bu təşkilatların müvafiq sənədlərində Ermənistan qoşunlarının Azərbaycan Respublikasının işğal edilmiş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilsə də, müvafiq təzyiq vasitələri olmadığından və digər müharibə ocaqlarında olduğu kimi, beynəlxalq ictimaiyyətin sanksiya tətbiq etməkdən boyun qaçırması, o cümlədən Qərbin təəssübkeşliyi nəticəsində Ermənistan bütün dünyanın gözü qarşısında buna məhəl qoymur.
Ötən ilin avqustunda və noyabrında cəbhə xəttində baş verənlər bir daha göstərdi ki, ayrı-ayrı dövlətlərin, xüsusən vasitəçilərin və beynəlxalq təşkilatların ikili standartlardan çıxış etməsi, təcavüzkarı öz adı ilə çağırmamaları problemin həllinin qarşısını alır. Avropanın yaxın keçmişində və elə bugünündə hansısa münaqişənin aradan qaldırılması üçün tərəflərdən birinə təzyiqlərin olunması, sanksiyaların tətbiq edilməsi təcrübəsi var. Keçmiş Yuqoslaviyada baş verən hadisələrdə Qərb konkret mövqe ortaya qoymuşdu. Ukraynanın şərqində baş verənlərlə bağlı Avropa ölkələri siyasi-iqtisadi sanksiyalar tətbiq edirlər. Belə sanksiyalar Ermənistana çoxdan tətbiq edilməli idi. Paneldə bu barədə danışan Prezident İlham Əliyev bütün münaqişələrə eyni münasibət göstərilməli olduğunun vacibliyini bildirib: “Ermənistanın üzərində kifayət qədər beynəlxalq təzyiq yoxdur. Biz bəzən onu görürük ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə saat olmasa da, bir neçə gün ərzində yerinə yetirilir. Bizə gəldikdə isə 1990-cı illərin əvvəllərində BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamə var və onların heç biri yerinə yetirilməyib. Fikrimcə, təcavüzkara adekvat təzyiq göstərmək üçün vasitəçilərdə siyasi iradənin olmaması bizim bu gün üzləşdiyimiz real vəziyyətə gətirib çıxarıb. Çünki Ermənistan əsasən asılı olan ölkədir. Bu ölkə özünü təmin edə bilmir. Onlar inkişaf edə bilmirlər və hətta onların dövlətçiliyi belə sual altındadır. Ermənistana xarici dəstək göstərilmədən bu ölkə yaşaya bilməz. Onlara dəstək əsasən Minsk qrupuna həmsədrlik edən ölkələr tərəfindən göstərilir. Bu da paradoksdur. Biz burada ikili standartları görürük və bu məsələ bizi məyus edir. Qeyd etmək istəyirəm ki, postsovet məkanındakı bütün münaqişələrə eyni münasibət göstərilməlidir”.
Prezident İlham Əliyev Ermənistanın təcavüzkar dövlət olduğunu beynəlxalq hüquq dili ilə panel iştirakçılarına izah etməklə yanaşı, bir daha beynəlxalq təşkilatların və bu münaqişənin həlli ilə məşğul olan vasitəçilərin məsuliyyətini və vəzifələrini onların diqqətinə çatdırdı. Həm də təsdiq olundu ki, Avropa siyasi dairələri ikili standartlardan xilas ola bilməsələr də, Azərbaycanın Dağlıq Qarabağ probleminin həlli ilə bağlı mövqeyini qəbul edirlər.
Rəşad CƏFƏRLİ,
Azərbaycan.-2015.- 13 fevral.- S.8.