Xatirələrdə yaşayan Qamboy Ağa

 

 

Ömrün ixtiyar çağını yaşayan Hidayət kişi atası haqqında sakit danışa bilmir. Fikri, xəyalı keşməkeşli illərin dolaylarını gəzdikcə haldan-hala düşür. Özünəməxsus hökmlü danışıq tərzi xatırlanan olayların təsirindən ahəngini tez-tez dəyişir. Bəzən uşaq kimi kövrəlir, bəzən də amiranə bir səslə dünyanın gərdişinə meydan oxuyur. Beləcə acılı-şirinli, böyük bir elin qürur mənbəyi olan xatirələr yada düşür. Oğul atası ilə fəxr etdiyini, bu hissin onun ömrünə ömür caladığını dönə-dönə dilə gətirir. Əlbəttə hər bir övlad üçün ata əzizdir, müqəddəsdir. Qamboy Ağa isə təkcə bir ailə üçün, yalnız bir nəsil üçün ata olmayıb. O, ağır zamanda, tarixin çətin dönəmlərində böyük bir elə atalıq qayğısı göstərib, xalqın, vətənin yolunda ürəyini məşələ döndərib.

...Bəy nəslindən olan Qamboy Quliyev 1898-ci ildə Yevlaxın Qaramanlı kəndində dünyaya göz açıb. Tiflisdə aldığı gimnaziya təhsili onun dünyagörüşündə əsaslı rol oynayıb. Azərbaycanda cəhalətin, fanatizmin tüğyan elədiyi bir dövrdə ərəb, farsrus dillərini mükəmməl bilən Qamboy Ağa həyatının mənasını xalqa, vətənə xidmət etməkdə görür, öz yolunu özü müəyyən edir. Əhalini savadlandırmağı ən münasib yol, ən doğru seçim bilir. Bu məqsədlə öz ata-baba mülkünün yarısını məktəb üçün ayırır. Ərəb və fars dillərindən özü dərs deyir. Digər fənlərin tədrisi üçün isə Şuşadan və Gəncədən bacarıqlı müəllimlər dəvət edir. Ətraf yeddi kəndin oxumağa, elmə həvəs göstərən uşaqlarının cəlb olunduğu məktəbin bütün xərclərini Qamboy Ağa öz vəsaiti hesabına ödəyirdi. O zaman baş verən tarixi hadisələr Qamboy Ağanı məktəbdən ayırır. Tüğyan edən erməni qırğınlarının qarşısını almaq üçün Qamboy Ağa elin, obanın igid, qoçaq oğullarını başına yığıb bir süvari dəstə yaradır. Yevlaxın və Tərtərin çox sayda kəndləri məhz bu dəstənin hünəri sayəsində erməni təcavüzündən, erməni vəhşiliyindən xilas edilmişdir. İgidliyi, səxavəti dillərdə dastan olan Qamboy Ağa o dövrdə bütöv ölkədə yaxşı tanınırdı. Ermənilərin qanlı qırğınlar törətdiyi, aclığın fəlakət həddinə çatdığı illərdə Qamboy Ağa ona məxsus min hektarlarla torpağı camaatın istifadəsinə vermişdi. Bu səbəbdən də doğma Qaramanlı, Mehdixanlı, Hacalı, Qoyunbinəsi, Əskipara, Xoruzlu, Cicimli, Dəlləklər, Nazırlı və Kəbirli kəndləri aclıq taununun acısını dadmadılar.

Qamboy Ağa işıqlı maarifçi, el-obanın böyük qayğıkeşi olmaqla bərabər həm də əsl vətənpərvər idi. Onun ən böyük arzusu Azərbaycanın müstəqilliyini görmək idi. Bu yolda hər şeyini-özü üçün ən qiymətli olan canını da, var-dövlətini də qurban verməyə hazır idi. Onun mənalı həyatının ən böyük qayəsi məhz vətən idi. O zaman Azərbaycan siyasi hadisələr burulğanında çabalayırdı. Millətin qeyrətli oğulları bu burulğandan xalqı salamat çıxarmaq, müstəqil bir dövlət qurmaq üçün baş sındırır, tədbirlər görür, yollar arayırdılar. Əlbəttə, bu şərəfli məqsədə çatmaq üçün xalqın düşünən beyinləri, vuran əlləri bir araya gəlməliydilər...

1992-ci ildə Hidayət anası Qönçə xanımın uzun illər göz bəbəyi kimi qoruduğu boğçasından çoxsaylı sənədlərin arasından bir məktub tapdı. Hidayət kişinin öz dili ilə desək, bu məktub sanki ona ikinci həyat verdi:

“Hörmətli cənabi Qamboy Ağa, əvvəla salam təbiidir. Bu məktubu yazmaqda Siz cənablara zəhmət verib Azərbaycandakı yeni qurulmaqda olan Müsavat hökumətinin və Müsavat partiyasının işlərində yaxından iştirak etdiyinizə görə və Müsavat partiyasının üzvü olduğunuza görə Sizə müraciət edirəm. Azərbaycanın cənub tərəfindəki qüvvələri birləşdirmək, Kürdüstanda Soltan bəylə, şəkili Qardaşxan, Ağdamda Hacı Mir Fəttah, Qazı Mustafa Çopurov, Həsən Salahi, Həmzə Hacı Tağı oğlu və Qaryagində Həsən bəy Yeqanlı ilə birlikdə Ağdamda Mərzili kəndində Allahverdi Xudaverdi oğlunun evində bütün üzvlərin iştirakı ilə keçirilən yığıncağın məzmununu Sizə yazmayıram. Çünki Siz bilirsiniz ki, nə haqda yığıncaq keçirilməlidir. Qarabağ zonasında lazım olan Müsavat hökumətinin qurulub bərqərar olması Sizə tapşırılır, əlinizdən gələni edin. Şu məktubun cavabını bəkləyirəm.

Hörmətlə: Məhəmmədəmin Rəsulzadə 1919-cu il.

Bakı şəhəri”

Bu məktub Hidayətin ata həsrətindən qaralmış ömrünə sanki günəş kimi doğdu. Atasının xalq, millət və yenicə müstəqillik qazanan dövlət üçün gərəkli bir şəxs olduğundan böyük təsəlli tapan Hidayət düşünürdü ki, imperiyanın caynaqlarından xilas olan Azərbaycanın üzünə yeni sabahlar açılır. Hidayət hər dəfə meydanlarda dalğalanan üçrəngli Azərbaycan bayrağını gördükdə ürəyi fərəhlə çırpınır. İyirminci əsrin əvvəllərində yoxdan bir bayraq yapıb milyonları azadlıq və istiqlal uğrunda mücadiləyə səfərbər edənlərə də, əsrin sonunda o bayrağı yenidən ucaldanlara da, qanlar, qurbanlar bahasına qazanılan dövlət müstəqilliyini qoruyanlara da, milləti qardaş qırğınından, dövləti məhv olmaq təhlükəsindən xilas edən ulu öndər, böyük xilaskar Heydər Əliyevə də min dəfə, milyon dəfə alqış söyləyir.

Hidayət kişinin dediklərindən:

- Sovet hakimiyyəti dövründə uzun illər boyu atamın, onun silahdaşlarının adını çəkmək yasaq idi. Maraqlıdır ki, “xalq düşməni” adı verilən bu adamların adını da, əməllərini də elə xalq qəlbində qorudu, ürəyində yaşatdı. Qamboy Ağa xalqa necə düşmən ola bilərdi? O öz vəsaiti ilə, öz evində kasıb kəndli balalarına elm, savad öyrədib. Aclıq illərində öz torpağını təhnəsi çörəksiz qalan ümidsiz kəndlilərə paylayıb, əkin-biçin işlərində imkansızlara kömək edib, xainqudurğan qonşularımız olan ermənilər azərbaycanlılara qarşı qanlı qırğınlara başlayanda silaha sarılıb, ətrafına dəstə toplayıb millət yolunda savaşa atılıb. Belə bir adamaxalq düşməni” adı vermək hansı ədalətə sığar. Mən atamla həmişə fəxr etmişəm. Elə zaman olub ki, bunu açıq bəyan edə bilməmişəm. Səmimi deyirəm, atamın yadigarlarını - məni və bacımı böyütmək üçün zillət çəkən anamın xatirinə bəzi məqamlarda susmağa məcbur olmuşam. Böyük Vətən müharibəsindən ordenmedallarla dönmüşəm. Uzun illər idarə, müəssisə rəhbəri işləmişəm. Baş verən haqsızlıqlara qarşı etiraz səsimi qaldıra bilməyəndə belə özümü zəif, gücsüz saymamışam. Hirsimi, hikkəmi boğub dözmüşəm. Hələ indiyədək ağladığımı, ah-uf etdiyimi kimsə görməyib. Zaman-zaman ürəyimə daş bağlamışam. Amma vaxt olub ki, göz yaşlarım qəlbimə axıb. Həmişə sözü bütöv, cəsarətli, hökmlü rəhbər olmuşam. Qamboy Ağanın oğlu başqa cür ola bilərdimi, atamın ruhu narahat olmazdımı? Artıq yaşım səksəni haqlayıb. Allahın verdiyi qismətdən çox razıyam. Həyatda ən böyük təsəllim odur ki, atamın uğrunda çarpışdığı, canını qurban verdiyi arzularının gerçəkləşdiyinin şahidi oldum. Nə xoş, ömür vəfa etdi ki, müstəqil Azərbaycanın dünyanı heyran qoyan uğurlarını gördüm. Bu gün Azərbaycan adlı gəminin sükanı etibarlı əllərdədir. Hərdən televiziyada görürəm ki, dünyanın taleyini müəyyən edən dövlətlərin başçılarının iştirak etdiyi beynəlxalq tədbirlərin mötəbər kürsüsündən Prezident İlham Əliyev ingilis dilində çox sərbəst şəkildə nitq söyləyir, inanın ürəyim dağa dönür. Dünya dövlətlərinin bayraqları sırasında üçrəngli Azərbaycan bayrağına tamaşa edəndə uşaq kimi sevinirəm. Atamın uğrunda canını fəda etdiyi bu dövlətin bayrağını yüksəklərdə dalğalandırmağa müdrik siyasəti ilə nail olan ər oğlu ərə adi bir vətəndaş olaraq minnətdarlığımı bildirir, dünya durduqca bu bayrağın var olmasını arzulayıram.

Qamboy Ağa erməni quldurları ilə döyüşlərdə dəfələrlə yaralansa da, bu müqəddəs cihaddan heç zaman yorulub usanmır. Əsgəran dəhlizinin açılması birmənalı şəkildə Qamboy Ağanın adı ilə bağlıdır. Göstərdiyi igidliklərin qarşılığı olaraq Mustafa Kamalın dəstəyi yazılmış onaçılanını almışdır. İndi Hidayət kişi bu onaçılanı atasından qalan ən qiymətli yadigar kimi saxlayır. Erməni təcavüzlərindən zərər çəkən əhaliyə göndərilən yardımların təhlükəsiz çatdırılmasında da Qamboy Ağanın əvəzedilməz rolu olmuşdur. Milyonçu Hacı Zeynalabdin Tağıyev həmişə ona etibar edirdi. Yevlaxa qədər yüklər Hacının adamları tərəfindən mühafizə olunurdu. Yevlax dəmiryol stansiyasından Laçına qədər böyük bir ərazidə ərzaq, silah-sursats. mallar nəzərdə tutulan ünvana məhz Qamboy Ağanın qətiyyəti sayəsində xətərsiz çatardı. Başıpozuq quldur dəstələrinin at oynatdığı, meydan suladığı bir zamanda Qamboy Ağanın icra etdiyi bu vəzifə əsl qəhrəmanlıq idi.

Rusiyanın XI ordusu Azərbaycanı işğal edəndən, Azərbaycan Xalq cümhuriyyəti devriləndən sonra Qamboy Ağa bəşəri dəyərlərdən qaynaqlanan arzularını ürəyində dəfn etsə də, inamını, ümidini itirmədi. Düşündü ki, bir dəfə yüksələn bayraq bir daha enməz. İsrarlı tələblər, güclü təzyiqlər olsa da, Qamboy Ağa doğma vətəni tərk eləmək təkliflərinə etiraz etdi.

Ağdamlı Yusif Əhmədovun xatirələrindən: “Mir Cəfər Bağırov Qaramanlı kəndinə gəldi. Qamboy Ağanın qonağı oldu, təklif etdi ki, onlara qoşulsun. Qamboy isə təklifi rədd etdi”.

Yevlaxlı Nurullah İsmayılovun xatirələrindən: “1929-cu ildə Mir Cəfər Bağırov Yevlaxa gəldi. Dəstəsi ilə Qamboy Ağanın gül-çiçəkli bağında oldu. Dedi ki, sən gəl mənimlə gedək. Sənin kimi oğullar gec-gec doğulur. Amma Qamboy Ağa razılaşmadı. Bir müddətdən sonra M.Bağırov üçüncü dəfə Qaramanlıya gəldi. Qamboy Ağaya dedi ki, bu işlər belə davam edə bilməz, sənə heyfim gəlir, gəl mənimlə gedək. Mənimlə getmək istəmirsənsə, ya İrana keç, ya da Türküstana adla. Qamboy Ağa cavab verir ki, mənə qoyduğun haqq-say üçün sağ ol. Biz ayrı-ayrı yolun yolçularıyıq. Səninlə gedə bilmərəm. Eldən-obadan ayrılmaq fikrimyoxdur. Allah bilən yaxşıdır”.

Hidayət kişi söhbət edir ki, M. Bağırov Bakıya qayıdandan az sonra atamın üstünə silahlı dəstə göndərildi. Dəstənin iki zirehli maşını da vardı. Sonun çatdığını anlayan Qamboy Ağa təslim olmur. Qeyri-bərabər döyüşdə misilsiz qəhrəmanlıq göstərir. Son gülləsi qalana qədər döyüşür... Vətəndə ölməyi qürbətdə yaşamaqdan üstün tutan Qamboy Ağa 1932-ci ildə şəhid olur. Dəstəyə başçılıq edən Biləndər adlı komandir onun meyitinə yaxınlaşıb astadan pıçıldayır - heyf sənə Qamboy Ağa! O vaxtlar belə siyasi motivlərdə öldürülənlərin meyitini özləri ilə götürüb aparar, dəfninə icazə verməzdilər. Amma Biləndər onu gözləyən təhlükəni göz önünə alıb camaata deyir ki, bu kişi elin qəhrəman oğludur, onu el adətiylə dəfn edin.

Hidayət müəllimin dedikləri: - Mən illər sonra Biləndəri axtarıb soraqladım. Yerini, yurdunu bilən olmadı. Oğlu ilə görüşdük. Dedi ki, Qaramanlıdakı hərəkətinə görə atamı ciddi cəzalandırdılar. Elə gedər-gəlməzə göndərdilər ki, heç qəbrinin yerinibilmirik.

Qamboy Yusif oğlu Quliyev qısa, lakin son dərəcə şərəfli bir ömür yaşamışdır. Onun qəhrəmanlıqlarla dolu mənalı ömür yolu yeni-yeni nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsində zəngin nümunədir. Şərəflə yaşanmış bu ömrün tarixçəsi haqda indiki nəslə daha dolğun məlumat vermək, onun ölməz ideallarını təbliğ etmək bu gün də, sabah da çox vacibdir. Təsəvvür edin Qamboy Ağanın bir zamanlar məktəb yaratdığı şəxsi mülkündə indi 20 ildən çoxdur ki, erməni təcavüzünün Qarabağdakı doğma yurd-yuvasından perik saldığı məcburi köçkün soydaşlarımız yaşayır. Deməli Qamboy Ağanın apardığı millət və qeyrət mücadiləsi bu gün də aktualdır.

Qamboy Quliyev cümhuriyyət dövründə həm də qəza polis rəisi kimi öz dövlətinə sədaqətlə xidmət etmişdir.

 

Lazım QULİYEV,

Azərbaycan.-2015.- 13 fevral.- S.8.