Durulmayan Kürəkçay
Son illər “Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməsi” məsələsinin bir problem kimi irəli sürülməsinin, Qarabağda yaşayan azərbaycanlılara qarşı silahlı təcavüzə haqq qazandırmaq cəhdlərinin kökündə guya bu torpaqların əzəldən ermənilərə “məxsuslu”ğu geniş təbliğ olunur. Tarixi faktlar isə bunun tam əksini göstərir.
Pənahəli xanın, İbrahimxəlil xanın yurdundan axan Kürəkçay
Azərbaycanın tarixində mühüm rol oynayan üç müqavilə var: Kürəkçay, Gülüstan, Türkmənçay müqavilələri. Nə qədər qəribə də olsa, bu müqavilələrin ikisi - Kürəkçay və Gülüstan Qarabağda imzalanıb. Kürəkçay müqaviləsini imzalayanlardan biri isə Qarabağ xanı İbrahimxəlil xandır.
Rusiya ilə İran arasında bağlanmış Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri, eləcə də İbrahimxəlil xanla Rusiya imperiyasının 1805-ci il mayın 14-də imzaladıqları Kürəkçay müqaviləsi bir daha sübut edir ki, Azərbaycan torpaqları işğal edilib, ermənilər isə bura Türkiyə və İrandan köçürülərək gətiriliblər.
Bu sənədlərin heç birində Qarabağda erməni məlikləri və onların Rusiya təbəəliyinə keçməsi barədə hər hansı bir məlumat yoxdur. Bütün bunlar aydın göstərir ki, Qarabağ öz adı kimi həmişə - bütün dövrlərdə Azərbaycan türklərinin torpağı, yurdu olub.
Qarabağ xanlığının banisi xalqımızın görkəmli dövlət xadimlərindən biri olan Pənahəli bəy Cavanşir idi. Hələ o vaxtlar Qarabağ xanının vəziri olmuş tarixçi Mirzə Camal yazırdı: “Mərhum Nadir şah Qarabağ, Gəncə, Tiflis və Şirvan vilayətlərini aldıqdan sonra ellər və kəndlər arasında görüb tanıdığı hər bir şücaətli və işgüzar adamı yanına çağırıb öz yaxın qulluqçuları sırasına alar və onu məvacib, ehtiram və mənsəb sahibi edərdi. O cümlədən ellər arasında Pənahəli bəy Sarıcalı Cavanşir adı ilə şöhrət tapmış, hər işdə fərqlənmiş, ad çıxarmış, müharibə və davada tay-tuşuna üstün gələn və xüsusilə mərhum Nadir Rum əhli qoşunları ilə etdiyi müharibələrdə şücaət göstərmiş Pənahəli xanı da öz yanına apardı”. Lakin Muğan qurultayından sonra Nadir şah onun hakimiyyətini qəbul etmək istəməyən qarabağlılara divan tutmağa, bu diyarın türk-müsəlman əhalisini Əfqanıstana, Xorasana sürgün etməyə başladı. Bu tədbirə etiraz etdiyinə görə Pənahəli bəyin qardaşı Fəzləli xan edam olundu. Bunu görən Pənahəli bəy Nadir şah Xorasanda olarkən bir neçə qohumu və yaxın adamı ilə 1737-1738-ci illərdə Qarabağ vilayətinə qaçdı. Şah xəbər tutan kimi onu yolda ələ keçirmək üçün ardınca çaparlar göndərdi. Lakin mümkün olmadı. Nadir şahın ölümündən sonra isə Pənahəli xan Qarabağ torpaqlarında müstəqil Azərbaycan dövləti - Qarabağ xanlığını yaratdı. Köçkünləri geri qaytarmaq və dədə-baba torpaqlarında yerləşdirməklə Qarabağ xanlığını bir az da gücləndirdi. Sürgündən qayıdanlar arasında Pənahəli xanın oğlu, Qarabağın gələcək xanı, 15 yaşlı İbrahimxəlil də var idi.
Pənahəli xanın “Qarabağ hakimi” kimi tanınmasında Şəki xanlığının Qarabağ üzərinə yürüşü mühüm rol oynadı. Şəki xanı Hacı Çələbi özünün 1748-ci ildəki uğursuz Bayat yürüşündən sonra demişdi: “Pənahəli xan bu vaxtacan sikkəsiz gümüş idi. Biz gəldik, ona sikkə vurduq və qayıtdıq”. Bununla əlaqədar Əhməd bəy Cavanşir yazırdı: “Bu qalibiyyətdən (Bayat döyüşündən) sonra Pənahəli xanın igidliyi haqqında dillərə düşən dastan o zaman Qarabağda yaşayan bütün müsəlman tayfalarını müharibəsiz olaraq onun təbəəliyinə tabe etdirdi”.
Pənahəli xan gücləndikcə pərakəndəlik tərəfdarı olan feodalların - məliklərin pozuculuq fəaliyyətləri də artırdı. Bunun qarşısının alınması hərbi-siyasi baxımdan zəruri idi. Belə olmasa, xanlığın ərazi-inzibati bütövlüyü itirilə bilərdi. Bu tarixi həqiqəti ilk mənbələr də təsdiq edir. Mir Mehdi Xəzani çox haqlı olaraq yazırdı: “Bu Qarabağda ki beş mahal bundan əqdəm Xəmsə mahalı işlaq olurmuş və şimdi hər birisi bir qeyri-ism ilə adlanırlar...” Xaçın istisna olmaqla, Qarabağdakı digər məliklər və onların mənsub olduqları nəsillər əslən Qarabağdan deyildilər və bu diyara başqa yerlərdən gəlmə idilər. Özü də erməni deyil, keçmiş alban nəsillərinin nümayəndələri idilər.
Kürəkçay sahilində “şənlik”
Pənahəli xanın vəfatından sonra hakimiyyətə gələn İbrahimxəlil xanla separatçı məliklər arasındakı mübarizəyə 1783-cü ildən Rusiya dövləti də qarışmağa başladı. Cənubi Qafqazı işğal etməyə çalışan Rusiya burada - Azərbaycan ərazisində həmin məliklərin köməyi ilə “xristian dövləti”, daha doğrusu, özünə dayaq yaratmağa çalışırdı. XVIII əsrin sonları - XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazda, o cümlədən Azərbaycanda işğalçılıq fəaliyyəti daha da gücləndi, 1801-ci ildə Gürcüstan, sonra Car-Balakən camaatlığı (1803) və Gəncə xanlığı (1804) işğal olundu. İbrahimxəlil xan belə bir vəziyyətdə 1802-1806-cı illərdə Rusiya qoşunlarının komandanı P.Sisianovla müqavilə bağladı. Kürəkçay müqaviləsinə əsasən Qarabağ xanlığı məhz müsəlman-Azərbaycan torpağı kimi Rusiyaya ilhaq olunurdu. Kürəkçay müqaviləsi (Kürəkçay traktatı) - Qarabağ və Şəki xanlıqlarının Rusiyanın tərkibinə keçməsi barədə müqavilə - Kürəkçay sahilində, knyaz Sisianovun düşərgəsində (indiki Goranboy rayonu ərazisində) birinci olaraq Qarabağ xanı İbrahimxəlil xan tərəfindən, sonra isə Şəki xanı Səlim xan tərəfindən imzalandı. Hər iki xanın burada iştirakı həm də onların yaxın qohumluq əlaqələri ilə bağlı idi. Rusiya imperiyası adından isə müqaviləyə knyaz Sisianov imza atdı. M.Adıgözəl bəy və M.Camal Cavanşir yazırlar: “Kürəkçayın qırağında bir neçə gün bayram, şənlik və qonaqlıq oldu. Sonra traktat və əhdnamə yazıldı. İbrahimxəlil xan və Şəki hakimi Səlim xan ona möhür basdılar, böyük sərdar (Sisianov) isə qol çəkdi”.
Müqavilə preambula və on bir artikuldan ibarət idi. Müqavilənin preambulasında Şuşalı
və Qarabağlı
İbrahimxəlil xanın
Rusiya imperiyasının
təbəəliyinə keçməsi
təsbit olunur, artikullarda bundan irəli gələn şərtlər müəyyənləşdirilirdi.
Müqavilədə, professor K.Şükürovun yazdığı kimi, “Rusiya birmənalı şəkildə Qarabağ
xanlığını müstəqil
dövlət kimi qəbul edir, İbrahimxəlil xanı və onun varislərini
xanlığın yeganə
sahibi kimi təsdiq edirdi. Ən mühüm məqamlardan biri İbrahimxəlil xanın adıkeçən
bütün artikullarda
Şuşalı və
Qarabağlı İbrahimxəlil
xan kimi təqdim edilməsidir.
Digər
vacib məsələ
Qarabağ xanlığının
bütövlüyünün saxlanmasına imperator tərəfindən
zəmanət verilməsi
idi. Müqavilənin onuncu maddəsində
qeyd edilirdi ki, bu müqavilə
əbədi müddətə
bağlanır və bundan belə heç bir dəyişikliyə uğramamalıdır”.
Kürəkçaydan sonrakı Qarabağ
Kürəkçay müqaviləsinin tarixinin
ən mühüm məsələlərindən biri
də onun həyata keçirilməsi
ilə bağlıdır. Tarixi faktlardan aydın olur ki, Rusiya
imperiyası Cənubi
Qafqaz hakimləri ilə bağladığı
heç bir müqaviləyə, o cümlədən
1805-ci il 14 may Kürəkçay
müqaviləsinə, onun
şərtlərində elan
edildiyi kimi, əbədi müddətə
əməl etmədi:
Kürəkçay müqaviləsi
on yeddi ildən sonra, 1822-ci ildə ləğv edilmişdi.
1806-cı ildə İbrahimxəlil
xanın qəddarcasına
qətlə yetirilməsindən
sonra müqaviləyə
əsasən Rusiya Qarabağ xanlığında
İbrahimxəlil xanın
irsi hakimiyyətini təmin etməli idi: “Belə bir şəraitdə Qarabağda hakimiyyətin xanın oğlu Mehdiqulu xana keçməsi barədə
xüsusi fərman verilmişdi. Bu fərmanın
mətni də (onu Azərbaycan dilində Ş.Cəmşidov
nəşr etdirmişdir
- K.Ş.) Kürəkçay müqaviləsinin qiymətləndirilməsi
baxımından mühüm
əhəmiyyətə malikdir”:
“I Aleksandrın İbrahim
(söhbət Qarabağ
xanı İbrahimxəlil
xandan gedir) xanın ölümündən
sonra onun oğlu Mehdiqulu ağanın xan elan edilməsi haqqında FƏRMANI: Biz, ali
məqamlı və ali cəlallı, ehsanı ümumə şamil olan Allahın mərhəməti
və köməyi ilə bütün Rusiya məmləkətlərinin,
habelə başqa vilayət və ölkələrin istiqlal
və rifahını təmin edən imperator I Aleksandr bildiririk: Qoy bizim şahanə
lütf və qayğımıza imperatorluq
qüdrət və mərhəmətimizə ümid
bağlayan Qarabağ vilayətinin bütün ali üləma, hörmətli başbilənləri,
görkəmli və şərafətli əyanları,
bəyləri, sərkərdələri,
kəndxudaları, ağsaqqalları
və bütün rəiyyətləri bilsinlər
ki, keçən il - 1220-ci (1805-ci) ildə mərhum İbrahim xan bizim şahlıq
canişinimiz olan
general knyaz Sisianovla birlikdə bir “Andlı öhdəlik” tərtib etmişlərdi və general onu dərhal imperatorluq dərgahına çatdırmışdır.
Biz həmin “Andlı öhdəliy”in tələb
və şərtləri
ilə tanış olduqdan sonra mərhum xanın irəli sürdüyü
bütün arzu və tələbləri,
öz sonsuz şahanə lütf və qayğıkeşliyimizlə
qarşılayıb, onu
bütün Qarabağ
xalqı ilə birlikdə himayəmizə
alıb, onları ali Rusiya dövlətimizin
qədim sədaqətli
təbəələri sırasına
daxil edərək, mərhum İbrahim xanı xüsusi imperatorluq fərmanı ilə Qarabağ vilayətinin müstəqil
hakimi elan etdik və təminat
veririk ki, Qarabağın imperatorluq təbəəliyinə daxil
olan bütün rəiyyətləri, mərhum
xanın varisləri daima imperatorluq tərəfindən lazımınca
mühafizə olunacaq
və dünya durduqca bu ocaqdan
çıxan onun varisləri nəsildən-nəslə
Qarabağın xanlıq
taxtına oturub, müstəqil surətdə
hökmranlıq etmək
hüququ ilə təmin olunacaqlar.
İbrahim xanın bir iğtişaş nəticəsində
qətlə yetirilməsi
kimi hüznlü bir hadisədən sonra yenə sədaqətli vilayət rəiyyətlərinin məişətlərini
təmin etmək sahəsində əlahəzrətin
xeyirxah fikirləri və münasibəti dəyişilməmiş qaldı.
Əlahəzrət verdiyi sözə əməl edərək öz şahlıq mərhəməti və qayğısı ilə yüksək rütbəli vərəsə general-mayor Mehdiqulu ağanı mərhum atasının yerində bərqərar edib, Qarabağ vilayətinin xanlıq taxtında oturtdu və bu qərarı imperatorluq tuqrası (fərmanı) ilə təsbit etdi. Eyni zamanda lazım bilindi bu fərman məlumat üçün bütün Elbrus və Gürcüstan əyalətlərində şahlıq canişini olan qraf Qudoviçə də göndərilsin. Aliməqam Mehdiqulu xana da qətiyyətlə bildiririk ki, o, Qarabağ vilayətində qüdrətli Rusiya dövlətinin himayəsi və mərhəməti sayəsində xanlığı möhkəm ələ alsın. Onun atası mərhum İbrahim xana verilmiş bütün xoş vədələr və şərtlərin hamısının təmini eynilə qüvvədə saxlanılsın.
Belə bir mövqedə əlahəzrət imperatorun fərmanı ilə lazım görüldü ki, həmin bu şahanə fərman və elamnamə vasitəsilə Qarabağ xalqının böyük üləma fazilləri, görkəmli şəxsləri, əyan-əşrəfləri, bəyləri, sərkərdələri, kəndxudaları, ağsaqqalları və başqa əhalisinin hamısı bilməlidir ki, aliməqam general Mehdiqulu xan əlahəzrət imperatorun mübarək fərmanı ilə xanlıq rütbəsi alıb Qarabağ vilayətinə müstəqil hakim təyin edilmişdir. Lazımdır ki, bütün əhali ona tabe olub baş əyərək, sözündən çıxmasın. Xanın əmrinə və hakimiyyətinə aid olan bütün qayda-qanunlara əməl etsinlər. Xalqın xeyrinə olan işlərdə ona kömək edib, zərərli hərəkət və əməllərdən uzaq olsunlar. Eyni zamanda əmin olsunlar ki, imperatorluq öz ali mərhəməti və qayğısı ilə həmişə onlara lazım olan köməyi əsirgəməyəcəkdir.
Paytaxt Peterburqda 10 sentyabr 1806-cı miladi ilində müvafiq hicri tarixi 1221-ci ildə rəcəbül-mürəccəb ayının 9-da yazıldı və əta olundu. Sənədin əslini fələk cəlallı əlahəzrət imperator belə imzalamışdır: Aleksandr”.
Lakin xan hakimiyyətinin hələ 17 il də saxlanması müəyyən strateji məqsəd daşıyırdı. Belə bir şəraitdə Mehdiqulu xanın hakimiyyəti (1806-1822) möhkəm deyildi. Hakimiyyət bu yerlərdə möhkəmlənmək məqsədi ilə yerli müsəlman təbəqəni zəiflətməyə, qriqorianlaşmış və erməniləşmiş albanları üstün mövqeyə çıxarmağa çalışırdı. 1840-cı ildə inzibati-hərbi islahatlar həyata keçirildi, Qarabağ əyaləti Şuşa qəzasına çevrildi və mərkəzi Şamaxı olmaqla Kaspi vilayətinə tabe edildi. 1867-ci ildə Yelizavetpol quberniyası yaradıldıqda Şuşa qəzası onun tərkibinə verildi və ərazisi bölünərək burada daha üç qəza - Zəngəzur, Cavanşir və Cəbrayıl qəzaları təşkil olundu. Beləliklə, Şuşa qəzası da vahid inzibati-siyasi idarəsini itirdi...
Bəxtiyar QARACA,
Azərbaycan.-2015.- 13 fevral.- S.10.