Prezident İlham Əliyev Bakıda Cənub qaz dəhlizi

 Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə iştirak edib

 

Xəbər verdiyimiz kimi, fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Cənub qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə iştirak edib.

Dövlətimizin başçısı Məşvərət Şurasının ilk iclasında nitq söylədi.

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

 

 

- Xanımlar və cənablar, əziz dostlar.

Əvvəlcə sizin hamınızı Azərbaycanda salamlamaq istərdim. Bu gün biz Cənub qaz dəhlizi Məşvərət Şurasının ilk toplantısını keçiririk. Fürsətdən istifadə edib ölkələrinizin rəhbərliyinə Bakıda bu görüşün keçirilməsi təşəbbüsümüzə verdikləri dəstəyə görə təşəkkürümü çatdırmağınızı xahiş edirəm. Bu görüşün keçirilməsi üçün çox münasib bir vaxtdır. Çünki bu il “Cənub” qaz dəhlizi layihəsinin praktiki olaraq həyata keçirilməsi başlayır. Bu layihə bizi birləşdirir və onunla bağlı əlavə əlaqələndirmə, fikir mübadiləsi lazımdır. Əminəm ki, bugünkü görüş ərzində fikir mübadiləsi, müzakirələr bu layihənin uğurla həyata keçirilməsinə töhfə verəcəkdir.

 

Azərbaycan dünyada neft hasil edən ilk ölkə kimi tanınır. Bu, XIX əsrin ortalarında baş verdi. Eyni zamanda, XX əsrin ortalarında dənizdə neft hasil edən ilk ölkə də Azərbaycandır. Bu səbəbdən Azərbaycanın neft sənayesinin tarixi çox zəngindir. Onu da bildirmək istəyirəm ki, İkinci Dünya müharibəsində Azərbaycanda istehsal olunan neft Sovet İttifaqının hasil etdiyi neftin 80 faizini təşkil edirdi. Azərbaycan neftçiləri faşizm üzərində Qələbənin əldə edilməsinə böyük töhfə veriblər. Ola bilsin ki, Azərbaycan nefti olmasaydı, İkinci Dünya müharibəsinin nəticələri başqa cür olardı.

 

Lakin Sovet İttifaqının süqutu zamanı neft sənayesindəki vəziyyət ürəkaçan deyildi. Quruda olan yataqlar əsasən tükənmişdi. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdə neft sənayesi böhran içərisində idi. Nəinki neft sənayesi, bütövlükdə biz ciddi hərbi, siyasi, iqtisadi böhranla üzləşdik. Vətəndaş müharibəsi, Ermənistanın işğalı baş verdi. Nəhəng neft yataqlarımızın işlənməsi üçün nə maliyyə ehtiyatlarımız, nə də ki texniki imkanlarımız vardı.

 

Yalnız Heydər Əliyev 1993-cü ildə Prezident seçildikdən sonra vəziyyət sabitləşdi, vətəndaş müharibəsi dayandı, biz islahatlara başladıq. İslahatların mühüm elementlərindən biri Azərbaycanı dünyaya açıq etmək idi. Biz xarici sərmayələri cəlb etməyə başladıq və Azərbaycanda çox yaxşı sərmayə mühitini yaratdıq. Bu fakt sayəsində Azərbaycanın indiki iqtisadiyyatı davamlıdır, sabitdir. Birbaşa xarici sərmayələrin adambaşına olan həcminə görə Azərbaycan keçmiş sovet məkanında aparıcı yerdədir.

 

1994-cü il Azərbaycanın yeni enerji strategiyasının başlanğıc ili idi. Hökumətimiz ilə dünyanın əsas neft şirkətləri konsorsiumu arasında müqavilə imzalandı. 1994-cü ildə imzalanan müqavilə dərhal “Əsrin müqaviləsi” adını aldı. Bu, sərmayələrin həcmi və resurs əsası kimi götürülən “Azəri-Çıraq-Günəşli” yatağının dünyadakı ən böyük neft yataqlarından biri olması faktı ilə bağlı idi. İyirmi ildən çoxdur ki, həmin yataq işlənilir və ölkəmizdə neft hasilatının əsas özəyi hesab olunur. Buna görə də 1994-cü il enerji strategiyasının başlanğıc ili oldu. Beləliklə, Xəzər dənizi ilk dəfə olaraq xarici sərmayələr üçün açıq elan edildi.

 

Lakin Azərbaycanın açıq dənizə çıxışı olmayan ölkə olduğunu nəzərə alaraq bizim neftimizi nəql etmək üçün boru kəmərləri şəbəkəsinə ehtiyacımız var idi. Birmənalı olaraq, Azərbaycan, Gürcüstan və Türkiyə arasında regional əməkdaşlığa əsaslanan əlaqələndirilmiş səylər beynəlxalq bazarlara neft və qazın nəqli üçün başlanğıc mərhələdə müasir boru kəmərləri sistemini mümkün etdi.

 

Azərbaycanın enerji siyasətinin həyata keçirilməsində bu gün haqqında danışdığımız Cənub qaz dəhlizi üçün vacib olan vəziyyəti mümkün edən bir neçə mühüm mərhələləri sizə xatırlatmaq istərdim. Çünki “Cənub” qaz dəhlizi layihəsi burada - Azərbaycanda son 20 il ərzində tərəfdaşlarımızla apardığımız işə əsaslanır. 1996-cı ildə Azərbaycanla bp-nin rəhbərlik etdiyi xarici şirkətlər konsorsiumu arasında “Şahdəniz” yatağına dair saziş imzalandı. “Şahdəniz” qaz yatağı Cənub qaz dəhlizi üçün ən mühüm resurs bazasıdır. 1997-ci ildə “Çıraq” platformasında ilk neft hasil edildi. Bu, ola bilsin ki, neft sənayesi tarixində rekord idi. Yəni, müqavilənin imzalanması ilə ilk neftin hasil edilməsi arasında vaxt fərqi cəmi üç il oldu. 1999-cu ildə Xəzər dənizi ilə Qara dənizi birləşdirən Bakı-Supsa boru kəməri çəkilmişdir. Beləliklə, Azərbaycan nefti Gürcüstanın Qara dənizdəki Supsa limanına nəql edilməyə başlandı. Bu, şaxələndirilmənin vacib elementi idi. İlk dəfə olaraq Qara dənizlə Xəzər dənizi xam nefti nəql edən boru kəməri ilə birləşdi. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri istismara verildi. Xəzər və Aralıq dənizləri ilk dəfə olaraq boru kəməri ilə birləşdi. 2007-ci ildə Bakı, Tbilisi və Türkiyənin Ərzurum şəhərini birləşdirən Cənubi Qafqaz qaz kəməri çəkildi.

 

Bütün bu mühüm mərhələlər Azərbaycanın enerji siyasətinin həyata keçirilməsində olduqca əhəmiyyətli idi. Biz Gürcüstan və Türkiyədəki tərəfdaşlarımızla birgə qarşımızda duran bütün məqsədlərə və hədəflərə nail olduq. Bu, həmçinin məhsuldar regional əməkdaşlığın gözəl nümunəsi idi. Bu halda bir-birini dəstəkləyən və bir-biri ilə əməkdaşlıq edən üç ölkə çox iddialı məqsədlərə nail oldu. Lakin bu, demək lazımdır ki, planlarımızın yalnız başlanğıcı idi. Çünki nəhəng “Şahdəniz” yatağı və Azərbaycanın digər qaz yataqları təbii qazı Azərbaycandan beynəlxalq bazara nəql edəcək Cənub qaz dəhlizinin çəkilməsinin zəruriliyini diktə edirdi. Bu layihənin də həyata keçirilməsində mühüm mərhələlər var. 2011-ci ildə mənimlə Avropa Komissiyasının sədri cənab Barrozu arasında Bakıda Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə imzalandı. Bu sənəddə Azərbaycan Cənub qaz dəhlizinə əsas töhfə verən və həyata keçirən ölkə kimi göstərilir.

 

2012-ci ildə TransAnadolu - TANAP qaz boru kəmərinin tikintisi ilə əlaqədar Azərbaycan ilə Türkiyə arasında saziş imzalandı. Bu saziş Cənub qaz dəhlizinin həyata keçirilməsində mühüm rol oynadı. Çünki Azərbaycan qazının nəql edilməsində əsas olacaq layihənin uzun illər ərzində müzakirəsi zamanı bizim tərəfimizdən TANAP layihəsi təqdim edildi, dərhal bütün tərəfdaşlarımızın güclü dəstəyini qazandıq. Bir sözlə, TANAP Cənub qaz dəhlizinin həyata keçirilməsində mühüm yer tutur. Siz yəqin ki, bilirsiniz, artıq TANAP-ın praktiki həyata keçirilməsinə başlanıb. 2013-cü ildə TransAdriatik boru kəməri Avropaya əsas ixrac marşrutu kimi seçildi və 2014-cü il sentyabrın 20-də isə Cənub qaz dəhlizinin təməlqoyma mərasimi burada - Bakıda keçirildi. Bu, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasından düz 20 il sonra baş verdi. Bu, görülmüş işlərin qısa tarixçəsi idi. Buna görə bir daha demək istəyirəm ki, artıq Azərbaycanda və qonşuluqda yaradılan həmin mühüm elementlər olmadan bu gün “Cənub” qaz dəhlizi layihəsi yalnız yaxşı bir ideya və ya istək kimi səslənərdi. Lakin bu gün bu layihə artıq həyata keçirilmə mərhələsində olan layihədir.

 

Qeyd etmək istəyirəm ki, Dövlət Neft Şirkəti ilə əsas investorumuz olan bp arasında tərəfdaşlıq neft-qaz layihələrimizin həyata keçirilməsində olduqca mühüm rol oynadı. Artıq 20 ildir ki, bu tərəfdaşlıq davam edir və gələn illərdə də davam edəcək.

 

Bir daha deyim ki, Cənub qaz dəhlizi üçün resurs bazası bp-nin əməliyyatçı olduğu “Şahdəniz” yatağıdır. “Şahdəniz”dən başqa digər nəhəng qaz yataqlarını da götürsək, – yeri gəlmişkən, hesablamalarımıza görə Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,5 trilyon kubmetrdən çoxdur, - “Abşeron”, “Ümid” və digər yataqlar “Cənub” qaz dəhlizi layihəsinə birmənalı olaraq töhfə verəcək. Çox güman ki, bu gün proqnozlaşdırdığımız rəqəmləri üstələyən daha çox hasilatımız və ixracımız olacaq.

 

Əməkdaşlığımızın vacib elementi, əlbəttə ki, səylərimizin əlaqələndirilməsidir. Fikrimcə, Məşvərət Şurasının bu gün keçirilən toplantısı bu məqsədi daşıyacaq. Görülmüş və planlaşdırılmış işlər barədə təqdimat olacaq. Lakin bu layihədə iştirak edən bütün ölkələr və şirkətlər arasında əlaqələndirmə və səmərəli ünsiyyət uğurun əsas ilkin şərtlərindən biri olacaq. Əvvəlcə olduğu kimi, Gürcüstan, Türkiyə və Azərbaycan arasında aparılmış üçtərəfli əməkdaşlığa bənzər qaydada işləməliyik. Həmin üçtərəfli əməkdaşlıq və yüksək səviyyədə olan qarşılıqlı etimad, dəstək artıq qeyd etdiyim layihəni həyata keçirməyə imkan yaratdı. Hazırda isə daha mürəkkəb vəziyyətdir. Çünki iştirakçıların və tərəflərin sayı çoxdur. Buna görə bizə maksimal səviyyədə qarşılıqlı etimad lazımdır və bir-birimizi dəstəkləməliyik. Hamımız bu layihənin həyata keçirilməsinə töhfə verməliyik ki, onu vaxtında icra edək.

 

Cənub qaz dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Bu, bizim üçün enerji təhlükəsizliyidir. Çünki Azərbaycan beynəlxalq bazarlara böyük həcmdə təbii qazı ixrac etmək imkanı qazanacaq. Bu, həm də istehlakçı və tranzit ölkələr üçün enerji təhlükəsizliyidir. Çünki bu gün enerji təhlükəsizliyinə istənilən ölkənin milli təhlükəsizliyindən ayrı baxıla bilməz. Enerji resursları nəinki çiçəklənmə, proqnozlaşdırma və sabitlik mənbəyi ola bilir, həmçinin bəzən rəqabət və düşmənçilik mənbəyinə də çevrilir. Fikrimizcə, bizim fəlsəfəmiz ondan ibarətdir ki, enerji resursları sabitliyə, proqnozlaşdırmaya, əməkdaşlığa və qarşılıqlı dəstəyə töhfə verməlidir. Əminəm ki, hasilatçı, tranzit və istehlakçı ölkələr üçün uduşlu vəziyyət, layihənin 3 komponenti arasındakı maraqlar balansı layihəmizin uğurla həyata keçirilməsinin başlıca səbəbi olacaq.

 

Enerji resurslarının şaxələndirilməsi hazırda beynəlxalq təşkilatların əsas arenasında müzakirə olunan məsələdir. Azərbaycan şaxələndirmədə öz rolunu oynayır. Şaxələndirmə haqqında danışanda biz yalnız marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsini nəzərdə tuturuq. Marşrutların da şaxələndirilməsi vacibdir, lakin mənbə eyni olanda vəziyyət çox dəyişmir. Mənbələrin şaxələndirilməsi vacibdir. Bu halda, Xəzər dənizində çıxan qaz - Azərbaycan qazı növbəti illər ərzində Avropa istehlakçıları üçün yeganə yeni qaz mənbəyi olacaq.

 

Əlbəttə ki, bu, tamamilə başqa vəziyyət yaradır. Bu gün qarşımızda ölkələrdən ibarət komanda var. Avropa Komissiyası güclü dəstəyini verir. Çox şadam ki, bugünkü görüşdə cənab Şefçoviç iştirak edir. Bu, planlarımızda nikbinliyi artırır. Çünki əminəm ki, bu layihənin həyata keçirilməsi məqsədilə nəzərdə tutduğumuz bütün məsələlər öz həllini tapacaq. Layihə vaxtında icra olunacaq və hamımız Cənub qaz dəhlizinin baş tutmasını qeyd edəcəyik. Lakin buna nail olmaq üçün əlaqələndirmə, qarşılıqlı etimad və bu prosesə qoşulmuş bütün ölkələr arasında sıx qarşılıqlı əlaqə lazımdır.

 

Bu gün bizimlə olduğunuza görə sizə bir daha minnətdarlığımı bildirirəm və Məşvərət Şurasına uğurlar arzulayıram. Sağ olun.

 

X X X

Azərbaycanın energetika naziri Natiq ƏLİYEV çıxış edərək dedi:

- Zati-aliləri, cənab Prezident.

Cənub qaz dəhlizi Məşvərət Şurasının üzvləri adından ilk iclasda iştirak etdiyinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Sağ olun.

 

Sizin nitqinizi yüksək dəyərləndiririk və dərin təşəkkürümüzü bildiririk. Hamımız bilirik ki, Azərbaycanın müasir neft tarixinə təsiriniz, “Cənub” qaz dəhlizi layihəsi istiqamətində aparılan işlərə verdiyiniz töhfə çox böyükdür. Buna görə, bizimlə olduğunuz üçün Sizə bir daha “Çox sağ olun” deyirik.

 

İcazənizlə, mən sözü Avropa Komissiyasının sədr müavini cənab Maroş Şefçoviçə vermək istəyirəm.

 

X X X

 

Avropa Komissiyasının enerji birliyi üzrə sədr müavini Maroş ŞEFÇOVİÇ çıxış edərək dedi:

- Zati-aliləri cənab Prezident.

Əvvəlcə gözəl Bakı şəhərinə, bu cür möhtəşəm iclas zalına səmimi dəvətinizə görə hamımızın adından Sizə minnətdarlığımı bildirmək istəyirəm. Açılış nitqinizdə böyük təəssürat bağışlayan tarixçəni xatırlatdığınıza görə minnətdarıq. Ən böyük təəssürat isə ondan ibarətdir ki, Siz heç vaxt nitqinizi kağızdan oxumursunuz. Siz bu tarixçəni əzbər bilirsiniz, çünki şəxsən iştirak etmisiniz. Siz ölkənizə, regionun gələcəyinə və bu layihəyə bağlısınız. İki ay əvvəl keçirdiyimiz görüş zamanı anladıq ki, keçmişdə buraxdığımız səhvləri öyrənməliyik. Həmin vaxt regionla bağlı olan böyük layihələr maddi formasını tapmadı, çünki kifayət qədər siyasi dəstək yox idi. Biz siyasi baxımdan bu məsələlərə kifayət qədər əhəmiyyət vermədik və əlaqələndirmə mexanizmi çatışmırdı. Bilirdim ki, belə miqyaslı layihə üçün problemlərin həllinə yönəlmiş yanaşmadan istifadə etməliyik. Bilirik ki, bu qədər təəssürat bağışlayan, belə bir əhəmiyyətə malik olan “Cənub” qaz dəhlizi kimi layihəni həyata keçirdikdə, əlbəttə ki, bir çox məsələlər həll olunmalı, onlar vaxtında, lazımi qaydada və konstruktiv yanaşma əsasında aradan qaldırılmalıdır. Bu səbəbdən deməliyəm ki, Xəzər qazının Avropaya çatdırılması bizim uzunmüddətli arzumuz idi. Lakin biz bunu hazırda nəinki düşünmürük, görülmüş işlər sayəsində bu layihəyə artıq yaxınıq.

 

Bildiyiniz kimi, mən Avropa İttifaqında enerji birliyinin qurulması ilə məşğulam. İstəyirik ki, bu layihə Avropa məkanında gözəçarpan keçid yaratsın. Müxtəlif nöqteyi-nəzərdən götürsək, bu müzakirə siyasi gündəlikdə daha yüksək səviyyəyə qaldırılıb. Çünki bu məsələ Sizin də qeyd etdiyiniz kimi, enerji təhlükəsizliyi ilə bağlıdır. Səmimi desək, biz Avropa İttifaqında yayda yox, qışda nəyin baş verəcəyi haqqında düşünməkdən artıq yorulmuşuq. İnanırıq ki, Avropa kimi böyük iqtisadiyyata və etibarlı istehlakçıya xoş münasibət bəslənilməlidir. Onun ardı kəsilməyən qaz təchizatına hüququ olmalıdır. Buna görə də biz vəziyyətin yaxşılaşması üçün əlimizdən gələni etməliyik. Nail olmaq istədiyimiz həmin şaxələndirilmənin əsas vasitələrindən biri mənbələrin və resursların şaxələndirilməsidir.

 

Dediyiniz kimi, Cənub qaz dəhlizi Avropa istehlakçılarına yeni təchizat marşrutu ilə yeni qazı nəql edəcək birinci əsas layihədir. Bu gün Avropa İttifaqında apardığımız hesablamalara görə, istifadə etdiyimiz qazın 66 faizi, neftin isə 90 faizi idxal edilir. Gələcəkdə isə Avropa İttifaqına idxal etdiyimiz qazın həcmi 84 faiz, neftin həcmi isə 94 faiz olacaq. Yaxşı bilirsiniz ki, idxal edilən neft və qazın əsas hissəsi üç qonşumuzdan - Rusiya, Norveç və Əlcəzairdən daxil olur. Lakin onu da açıq söyləməliyik ki, Ukraynadakı hazırkı böhran vəziyyəti daha da mürəkkəbləşdirdi. Biz mütləq olaraq şaxələndirməni əvvəlkindən daha çox genişləndirməliyik. Elə indicə mən bolqar həmkarlarımızı salamladım, birinci gün Sofiyada onlarla görüş keçirdik. Bu toplantı şuranın qərarı ilə keçirildi. Çünki uzun illər ərzində müzakirə olunan ən iri layihələrdən biri olan “Cənub axını” layihəsinin təxirə salınması ilə bağlı qərar qəbul edilmişdir. Bu layihə baş tutmadı və bu baxımdan Cənub-Şərqi Avropanın həssaslığını göstərdi. Bu problemi biz həll etməliyik. Avropa İttifaqının üzvü olan bütün dövlətlərin enerji təhlükəsizliyinə, Avropa enerji sisteminə real inteqrasiyasını təmin etməliyik. Belə qərara gəldik ki, Avropanın cənub-şərq hissəsindəki üzv dövlətlərin ən azı üç müxtəlif enerji mənbələrinə çıxışına zəmanət verəcək tədbirlər planı iyunda hazırlansın. Bu halda şaxələndirmə və sabit enerji platforması haqqında danışmaq olar.

 

Əlbəttə ki, biz hazırda həyata keçirilən “Cənub” qaz dəhlizi layihəsinin uğuruna və tempinə böyük ümidlər bəsləyirik. Buna görə də hesab edirəm ki, bu layihə üçün Məşvərət Şurası ideyası əla ideyadır. Şadam ki, bu gün biz konsorsiumdakı biznes tərəfdaşlarımızla da konkret məsələləri müzakirə edəcəyik.

 

Çox şadam ki, Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndəsi cənab Puliti buradadır. Digər təsisatlara - Avropa İnvestisiya Bankının, Dünya Bankının nümayəndələrinə də söz veriləcək. Çünki hesab edirəm ki, bu layihə digər beynəlxalq maliyyə təsisatları üçün də maraqlıdır. Ona görə ki, biz Avropa İttifaqı olaraq öz enerji qurğularımızı bu layihəyə qoşaraq onun müəyyən hissələrinə artıq dəstək vermişik.

 

Cənab Prezident, çıxışımın sonunda Sizə təşəbbüsünüzə və Bakıya səmimi dəvətinizə görə bir daha minnətdarlığımı bildirirəm. Fikrimcə, bugünkü görüşün ən yaxşı nəticəsi yol xəritəsinin tərtibi ola bilər. Biz hansı işlərin görülməsini, hansı problemlərin olduğunu aydın şəkildə bilməliyik. Onları həll edə biləcəyikmi və nə vaxt həll edəcəyik? Cədvələ uyğun işləyəcəyik və proqnozlaşdırdığınız kimi, Xəzər qazını bu onilliyin sonuna qədər Avropada görəcəyik. Çox sağ olun.

 

X X X

 

Sonra Məşvərət Şurası öz işini davam etdirdi.

Azərbaycanın energetika naziri Natiq ƏLİYEV bir daha qonaqları salamladı və iclasın yüksək səviyyədə keçəcəyinə əminliyini bildirərək dedi:

 

- Biz bu gün buraya “Cənub” qaz dəhlizi layihəsinin həyata keçirilməsi ilə bağlı hazırkı vəziyyəti, çağırışları, məsələləri müzakirə etmək və müvafiq həll yollarını işləyib hazırlamaq üçün toplaşmışıq. Ötən illər 2011-ci ilin yanvarında imzalanmış Birgə Bəyannamə ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu tərəfindən irəli sürülmüş “Cənub” qaz dəhlizi layihəsi üçün çox məhsuldar illər olmuşdur. Azərbaycan Prezidenti bugünkü açılış nitqində “Cənub” qaz dəhlizi layihəsinin reallaşmasına cəlb olunmuş bütün ölkələrin, o cümlədən Türkiyə, Gürcüstan, Avropa İttifaqının və aparıcı şirkətlərin xüsusi rolunu qeyd etdi.

 

Gəlin bir anlıq geriyə baxaq, görək biz bu günədək birlikdə nələrə nail olmuşuq? Qarşımızda hansı vəzifələr durur və nazirlər səviyyəsində bu məsələlərin həlli ilə bağlı nə kimi işlər görülə bilər?

 

Natiq Əliyev “Cənub” qaz dəhlizi layihəsi çərçivəsində görülən işlərdən danışdı, bu məsələdə Azərbaycanın tərəfdaş ölkələrlə uğurlu əməkdaşlıq etdiyini dedi, layihə ilə bağlı hazırlıq işlərinin uğurla həyata keçirildiyini diqqətə çatdıraraq bildirdi:

 

- Bizim məqsədimiz dəyişməz qalır. Məqsədimiz bütün bu infrastruktur layihəsinin nəzərdə tutulduğu kimi, 2019-cu ildə fəaliyyətə başlamasından ibarətdir. Bu, ölkələrimizin gələcək iqtisadi inkişafı, eyni zamanda, Avropanın enerji təhlükəsizliyi üçün də vacibdir. Artıq bizim əməkdaşlığımızın bəzi nümunələri mövcuddur. 2014-cü il sentyabrın 19-da Azərbaycan və Bolqarıstan prezidentləri tərəfindən Birgə Bəyannamə imzalanmış və bu Bəyannamədə Azərbaycan tərəfindən Bolqarıstanın, eləcə də Bolqarıstanın qaz şəbəkəsi vasitəsilə Avropa bazarlarına gedən boru kəmərlərinin Azərbaycan qazı ilə təchiz olunmasının önəmi öz əksini tapmışdır. Bolqarıstan tərəfi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “Bulgargas” arasında 2013-cü ilin sentyabrında imzalanmış və 2020-ci ildən başlayaraq 1 milyard kubmetr qazın Bolqarıstana çatdırılmasını nəzərdə tutan müqavilənin əhəmiyyətini xüsusi vurğulamışdır. 2014-cü il dekabrın 19-da Azərbaycan Respublikası və Albaniya Respublikası hökumətləri arasında Albaniya üçün qazla bağlı baş planın işlənib hazırlanması sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. Tərəflər Cənub-Şərqi Avropa regionu və ümumilikdə Avropa İttifaqı üçün strateji maraq doğuran TransAnadolu, TransAdriatik, İonAdriatik boru xətlərinin əhəmiyyətini qeyd etmişlər.

 

X X X

 

Sonra Türkiyənin energetika və təbii sərvətlər naziri Taner YILDIZ çıxış etdi. O, Cənub qaz dəhlizini Avropa İttifaqı ölkələrinin təbii qazla təminatında ən önəmli layihə kimi dəyərləndirdi. Nazir layihənin həyata keçirilməsi üçün Türkiyə tərəfinin götürdüyü öhdəlikləri şərəflə yerinə yetirəcəyini vurğulayaraq dedi:

 

- Türkiyə həmişə olduğu kimi, xüsusilə belə bir layihədə qətiyyətini həm siyasi, həm də iqtisadi cəhətdən davam etdirəcək. Bu layihə Avropa İttifaqına üzv ölkələrin təbii qazla təmin olunması baxımından çox mühüm layihələrdən biridir. “Cənub” qaz dəhlizi layihəsində, xüsusən “Şahdənz-2”də öz payını artıran Türkiyə olaraq bu layihəyə davam edirik.

 

Əlbəttə, Türkiyə yerləşdiyi coğrafiyadan qaynaqlanan bütün imkanlardan həm qonşu ölkələr, həm də Avropa İttifaqının üzvü olan ölkələr üçün istifadə edəcək. Türkiyə öz coğrafiyasından qaynaqlanan imkanlardan yararlanmaqda davam edəcək.

 

Mən burada səslənən və səslənəcək çıxışlarla yanaşı, bəzi ikitərəfli görüşləri də qeyd edərək bu iclasın bölgəmizə və ölkələrimizə xeyirli olacağını arzu edirəm. Azərbaycanın ev sahibliyi ilə Məşvərət Şurasının bu iclasının işlərin daha yüksək səviyyəyə çatmasına töhfə verəcəyinə əminliyimi bildirir, hamınızı sevgi və ehtiramla salamlayıram.

 

X X X

 

Gürcüstanın Baş nazirinin müavini, energetika naziri Kaxa KALADZE “Cənub” qaz dəhlizi layihəsinin əhəmiyyətinə toxunaraq onun iqtisadi və sosial səmərəsindən danışdı:

 

- Bu möhtəşəm tədbirin təşəbbüskarlarına və tərəfdaşlarımıza dərin hörmət və ehtiramımı bildirirəm. Bugünkü tədbir Cənub qaz dəhlizinin həyata keçirilməsi ilə bağlı bütün uğurlu hadisələrin məntiqi davamıdır.

 

Əziz həmkarlar, “Cənub” qaz dəhlizi layihəsi çərçivəsində gedən işlər çox genişmiqyaslıdır, eyni zamanda, bizim və layihədə iştirak edən başqa ölkələr üçün də çox vacibdir. Biz bu layihədən investisiyalar, işsizliyin aradan qaldırılması, enerji təhlükəsizliyi və iqtisadi inkişafın, sabitliyin təmin edilməsini gözləyirik.

 

X X X

 

Sonra Yunanıstanın məhsuldar istehsal, ətraf mühit və enerji naziri Panagiotis LAFAZANİS çıxış edərək dedi:

 

- Hər şeydən əvvəl, Cənub qaz dəhlizi Məşvərət Şurasının birinci iclasının keçirilməsi ilə bağlı Azərbaycan Hökumətinin təşəbbüsünə görə minnətdarlığımı bildirmək istərdim. Biz burada göstərdiyiniz qonaqpərvərlik və tədbirin yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığımızı bildiririk. Mən inanıram ki, bu Şuranın fəaliyyəti Cənub qaz dəhlizinin reallaşması başa çatana qədər önəmli rol oynayacaq. Belə ki, bu, bizə, bütün maraqlı tərəflərə və səhmdarlara eyni templə irəliləməyimizi və ümumi məqsədlər istiqamətində fəaliyyətimizi müzakirə etmək və əlaqələndirmək üçün yaxşı imkan yaradacaq. Bu, doğrudan da “Cənub” qaz dəhlizi layihəsi ilə bağlı işlərin hazırkı vəziyyətini müzakirə etmək üçün yaxşı imkan yaradır.

 

Panagiotis Lafazanis də çıxışında “Cənub” qaz dəhlizi layihəsinin əhəmiyyətinə toxunaraq bildirdi:

 

- Cənub qaz dəhlizi ilə bağlı mühüm amil ondan ibarətdir ki, bu layihə sürətlə həyata keçirilir və heç şübhəsiz, 2020-ci ildən başlayaraq, Cənubi və Cənub-Şərqi Avropa və daha geniş məkanın enerji xəritəsini dəyişəcək. Mən burada həm Yunanıstanı, eyni zamanda, bir neçə həftə bundan əvvəl islahatlar və yeniliklərin reallaşdırılmasını qarşısına məqsəd qoymuş yeni formalaşmış hökuməti təmsil edirəm. Biz ölkə iqtisadiyyatının müxtəlif sahələri, o cümlədən enerji sektorunda, xüsusilə təbii sərvətlərimizin işlənilməsi ilə bağlı milli planlarımız və ictimai korporasiyaların fəaliyyəti ilə bağlı işlərdə yeniliklər həyata keçirmək əzmindəyik. Bununla belə, çox aydın şəkildə bildirmək istəyirəm ki, TAP və “Cənub” qaz dəhlizi layihələrinin dəstəklənməsi ilə bağlı bizim milli siyasətimiz dəyişməzdir. Biz TAP layihəsinin Yunanıstanda nəzərdə tutulmuş vaxt çərçivəsində, bütün tərəflərin hüquqlarına hörmət etməklə və layihənin keçdiyi bütün ölkələrin yerli icmaları və iqtisadiyyatlarına fayda verəcək şəkildə reallaşmasını təmin etmək üçün bütün maraqlı tərəflərlə sıx və səmərəli şəkildə işləməyə sadiqik.

 

X X X

 

Məşvərət Şurasının iclasında Albaniyanın energetika və sənaye naziri Damian QJİKNURİ də çıxış edərək dedi:

- Azərbaycan Hökumətinə bu mühüm tədbirin təşkilinə görə minnətdarlığımı bildirirəm. Azərbaycan bir daha bu strateji layihənin tam şəkildə irəli aparılması işində öndə durduğunu nümayiş etdirir.

 

Damian Qjiknuri “Cənub” qaz dəhlizi layihəsinin Albaniya üçün gətirəcəyi faydalardan danışaraq bildirdi:

 

- Albaniya Hökuməti daha çox Albaniya şirkətlərinin bu layihəyə cəlb edilməsində maraqlıdır. Göründüyü kimi, bu layihə çətin maliyyə böhranı dövründə iqtisadiyyatı inkişaf etdirməyə təkan verəcək bir layihədir və bir çox ölkələrin iqtisadi inkişaf imkanlarını daha da genişləndirəcək.

 

X X X

 

Sonra söz Bolqarıstanın energetika naziri Temenujka PETKOVAYA verildi. Nazir dedi:

- Hörmətli xanımlar və cənablar.

 

Hər şeydən əvvəl, Cənub qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünə bizi ev sahibi olaraq dəvət etdiyinə görə Azərbaycana təşəkkürümü bildirmək istərdim. Bolqarıstan Hökuməti adından iki ölkə arasında enerji tərəfdaşlığımızın strateji əhəmiyyətini təsdiqləmək istəyirəm. Bolqarıstan dövləti həmişə Azərbaycanı dəstəkləyib və Avropada ikinci ölkə olaraq Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü tanıyıb. Mənim üçün Bolqarıstanı Cənub qaz dəhlizi Məşvərət Şurasında təmsil etmək böyük şərəfdir.

 

Temenujka Petkova çıxışında “Cənub” qaz dəhlizi layihəsinin həyata keçirilməsində Azərbaycanın xüsusi rolunu vurğulayaraq bildirdi:

 

- Bolqarıstan Respublikası Cənub qaz dəhlizinin həyata keçirilməsi və inşasında bir daha Azərbaycanın həlledici rolunu vurğulayır. Bolqarıstan Cənub qaz dəhlizinin inkişafını həmişə dəstəkləyib. Biz bu layihənin həyata keçirilməsinə qüvvə və imkanlarımızı cəlb etmişik.

 

X X X

 

İtaliyanın İqtisadi İnkişaf Nazirliyinin baş direktoru Gilberto DİALUSE “Cənub” qaz dəhlizi layihəsinin əhəmiyyətindən danışaraq dedi:

 

- Müasir şəraitdə İtaliya üçün “Cənub” qaz dəhlizi layihəsinin strateji əhəmiyyəti daha da artır.

 

Gilberto Dialuse çıxışında vurğuladı ki, Cənub qaz dəhlizi İtaliyanın qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayacaq. Baş direktor bildirib:

 

- Bu layihə rəqabətin daha da artırılması məqsədilə İtaliya və Avropa bazarlarının qazla təchiz olunmasının şaxələndirilməsi imkanlarını daha da genişləndirir. Cənub dəhlizinin TAP boru xətti vasitəsilə fəaliyyətə başlaması təchizatın təhlükəsizliyi, marşrutların və mənbələrin şaxələndirilməsi, eləcə də İtaliya və Avropa bazarlarında rəqabət aparan bir sıra qaz təchizatçılarının sayının artırılmasının təmin edilməsi işinə xidmət edəcək. İtaliya Hökuməti həqiqətən də Azərbaycanla və bu layihəyə cəlb olunmuş digər ölkələrlə yüksək səviyyədə münasibətlər çərçivəsində Cənub qaz dəhlizinin fəaliyyətə başlaması işinə öz töhfəsini verməyə sadiqdir. Beləliklə, təkcə İtaliya üçün deyil, ümumilikdə Avropa üçün qaz təminatının təhlükəsizliyinin möhkəmləndirilməsi, sədr müavini Şefçoviçin qeyd etdiyi kimi, enerji ittifaqının əsas sütunlarından biridir.

 

X X X

 

ABŞ Dövlət Departamentinin enerji ehtiyatları bürosunun xüsusi nümayəndəsi Amos HOÇSTEYN çıxışında bildirdi:

 

- Çox sağ olun. Bu tədbirdə Amerika Birləşmiş Ştatları Hökuməti adından iştirak etməkdən məmnunluq hissi keçirirəm. Eyni zamanda, Azərbaycan Hökumətinə belə bir mühüm zamanda bu vacib tədbirin - Cənub qaz dəhlizi Məşvərət Şurasının iclasının təşkilinə görə minnətdarlığımı bildirirəm. Mən Prezident İlham Əliyevə Bakı-Tbilisi-Ceyhan layihəsindən başlayaraq həyata keçirilən bütün bu işlərə rəhbərlik etdiyinə görə təşəkkürümü bildirirəm. Bugünkü açılış nitqində Prezident Əliyevin söylədikləri bəzi fikirləri bir daha vurğulamaq istəyirəm. Cənab Prezident bu gün şaxələndirmə və şaxənləndirmənin əhəmiyyətindən danışdı. Eyni zamanda, Prezident İlham Əliyev qeyd etdi ki, marşrutların şaxənləndirilməsi vacib olmaqla bərabər, bu marşrutlar yalnız təchizat mənbələrinin şaxələndirildiyi təqdirdə mühüm əhəmiyyət kəsb edir. Bu iki amildən biri olmadıqda, enerji təhlükəsizliyi mümkün deyil. Cənub qaz dəhlizi bu iki amilin hər ikisini özündə birləşdirir və buna görə də Avropa enerji təhlükəsizliyinə dəstək verilməsi ABŞ Hökumətinin həmişə strateji məqsədi olub və bundan sonra da olacaq.

 

ABŞ nümayəndəsi çıxışında enerji təhlükəsizliyi məsələlərinə də toxunaraq vurğuladı:

 

- Enerji təhlükəsizliyi məsələsi təkcə enerji ilə bağlı deyil. Bu, sabitlik deməkdir. Geosiyasi sabitlik bu regionların iqtisadi firavanlığı deməkdir. Cənub dəhlizi bizim üçün, eyni zamanda, fikirləşirəm ki, burada əyləşən hər bir insan üçün Avropa enerji təhlükəsizliyinin təməl daşıdır. Cənub dəhlizi təkcə tranzit ölkələr və son nöqtə olan İtaliya üçün deyil. “Şahdəniz” konsorsiumunun 2-ci və 3-cü fazaları işə düşən zaman bu layihəyə əlavə qaz resursları cəlb oluna və beləliklə, bu layihənin potensialı daha da arta bilər.

 

X X X

 

Daha sonra söz Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan SİDDİQƏ verildi. Diplomat dedi:

 

- Birləşmiş Krallıq Azərbaycanın strateji tərəfdaşı və Cənub qaz dəhlizini güclü şəkildə dəstəkləyən ölkədir. Biz bu təşəbbüsün - Məşvərət Şurasının iştirakçısı olmaqdan və bu layihəyə və layihənin uğurla həyata keçməsi işinə davamlı dəstək verməyimizdən çox məmnunuq.

 

Səfir Böyük Britaniyanın biznes, müəssisə və energetika üzrə dövlət naziri Mətyu Hənkokun tədbirlə bağlı ünvanladığı məktubu oxudu. Məktubda deyilir: “Birləşmiş Krallıq Azərbaycanla güclü münasibətləri yüksək qiymətləndirir. Bu, özünü energetika sahəsində çox aydın göstərir. Ötən 20 illik bir müddətdə uğurlu əməkdaşlıq həyata keçirməklə Birləşmiş Krallıq Azərbaycan ilə münasibətləri daha da möhkəmləndirmək və qarşılıqlı səmərəli layihələrlə bağlı əməkdaşlığı bundan sonra da davam etdirmək əzmindədir. Bu baxımdan biz Cənub qaz dəhlizini ciddi şəkildə dəstəkləyirik. “Cənub” qaz dəhlizi layihəsi mühüm strateji layihə olmaqla Avropa İttifaqının qaz təchizatında yeni mənbəni təmin edəcək və Azərbaycanın, Birləşmiş Krallığın və digər tərəfdaş ölkələrin iqtisadiyyatlarına böyük fayda verəcək. Bu baxımdan bu layihə ilə bağlı mən Azərbaycan rəhbərliyinə dərin minnətdarlığımı ifadə etmək istəyirəm. Azərbaycan hər zaman Cənub qaz dəhlizinə dəstək verilməsi işində aparıcı rol oynamışdır”.

 

Məktubda “Cənub” qaz dəhlizi layihəsinin uğurla həyata keçirilməsi istiqamətində Prezident İlham Əliyevin fəaliyyətinin yüksək qiymətləndirildiyi qeyd olunub və layihənin strateji əhəmiyyəti vurğulanıb: “Birləşmiş Krallıq Avropa enerji bazarlarının Azərbaycan qazı ilə təmin olunması işinə güclü dəstək verilməsi üçün əlindən gələni əsirgəməyəcək”.

 

X X X

 

bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon BİRRELL “Cənub” qaz dəhlizi layihəsi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələrlə bağlı təqdimat etdi.

 

Qordon Birrell layihənin əhəmiyyətini bir daha vurğulayaraq dedi:

 

- Bu layihə neft və qaz sənayesi sahəsində meqalayihədir. Hazırda bu, ola bilsin, dünyanın 3 və ya 4 ən iri enerji layihələrindən biridir. Bu, Avropa və Türkiyə üçün yeni enerji mənbəyidir.

 

X X X

 

Məşvərət Şurasının iclasında TransAnadolu qaz kəməri layihəsinin baş meneceri Saltuk DÜZYOL və TransAdriatik qaz kəməri layihəsinin icraçı direktoru İn BRADŞAV həmin layihələr çərçivəsində görülən işlər barədə ətraflı məlumat verdilər. Avropa Yenidənqurma və İnkişaf Bankının enerji və təbii ehtiyatlar üzrə icraçı direktoru Rikkardo PULİTİ isə “Cənub” qaz dəhlizi layihəsinin iqtisadi səmərəliliyi və maliyyələşdirilməsi məsələləri barədə danışdı.

 

Avropa İnvestisiya Bankının Mərkəzi və Cənub-Şərqi Avropada kredit əməliyyatları üzrə direktoru Flavia PALANZA investisiya qoyuluşu baxımından layihənin cəlbedici olduğunu bildirərək onun əhəmiyyətindən bəhs etdi:

 

- Avropa Komissiyası ilə birlikdə Avropa İnvestisiya Bankı Avropa üçün təhlükəsiz enerji mənbəyinin şaxələndirilməsi və qaz bazarında rəqabətliliyin təmin edilməsi baxımından mühüm insfrastruktur sayılan Cənub qaz dəhlizinin reallaşdırılması işinə böyük önəm verir. Avropa İnvestisiya Bankı TAP və TANAP layihələri ilə bağlı hadisələrin inkişafını yaxından izləyirdi. 2013-cü ildə TAP layihəsi Cənubi İtaliyaya, Bolqarıstana və Qərbi Balkan ölkələri kimi bütün potensial tranzit ölkələrə Azərbaycan təbii qazının nəql edilməsi üçün üstünlük verilən marşrut kimi seçilmişdir. Avropa İnvestisiya Bankı TAP layihəsini bu gün Avropa Komissiyasının sədr müavininin də qeyd etdiyi kimi, ümumi maraqlar layihəsi statusuna malik bir layihə kimi alqışlayır.

 

X X X

 

Beynəlxalq Maliyyə Korporasiyasının Neft, Qaz və Mədən Məsələlərinə dair Avropa, Orta Şərq və Şimali Afrika üzrə regional sektor müdiri Karsten FUELSTER beynəlxalq aparıcı maliyyə qurumlarının nümayəndələrinin bu tədbirdə iştirakının əhəmiyyətini vurğuladı və dünya maliyyə institutlarının “Cənub” qaz dəhlizi layihəsinin icrası ilə bağlı uğurlu əməkdaşlıq həyata keçirdiklərini bildirərək dedi:

 

- Heç şübhəsiz, “Cənub” qaz dəhlizi layihəsi Azərbaycan qazının dünya bazarlarına çıxarılması və beləliklə, regionun, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin olunması baxımından mühüm strateji layihədir. Beynəlxalq Maliyyə Korporasiyası Dünya Bankı Qrupunun üzvüdür və Dünya Bankı Qrupu həmişə bu layihəyə, həmçinin əvvəllər Bakı-Tbilisi-Ceyhan boru xətti kimi layihələrə uzun müddət dəstək vermişdir və bu baxımdan biz bu regiondakı qazın dünya bazarlarına çıxarılmasının önəmini yüksək qiymətləndiririk.

 

X X X

 

Avropa Komissiyasının Enerji Birliyi üzrə sədr müavini Maroş ŞEFÇOVİÇ tədbirin yüksək səviyyədə keçirildiyinə görə bir daha Azərbaycan tərəfinə və Prezident İlham Əliyevə təşəkkür edərək bildirdi:

 

- Biz bu böyük layihənin müxtəlif aspektləri barədə çox danışa bilərik. Yeni iş yerlərinin yaradılması, enerji təhlükəsizliyinin təmin edilməsi, layihənin keçdiyi ərazilərə yeni biznes imkanlarının gətirilməsi və digər aspektlər. Bu layihə enerji təhlükəsizliyi və təminatı işini gücləndirir.

 

Mən bu gün bu tədbirin səmimi dostluq şəraitində keçməsini yüksək qiymətləndirirəm. Biz bu gün bu layihəni birgə həyata keçirmək üçün özümüzü bir komanda kimi hiss etdik. Bu, həqiqətən də, bizim hamımız üçün çox önəmlidir. Burada iştirak edən nazirlər və şirkətlərin nümayəndələri bu layihəni strateji layihə, meqalayihə, hamımız üçün prioritet olan bir layihə kimi dəyərləndirdilər. Fikirləşirəm, hamı razılaşar ki, bu layihə hazırda reallaşmaqda olan ən böyük layihədir və biz bunun həyata keçirilməsi üçün məsuliyyət daşıyırıq. Çünki bu layihə, doğrudan da, marşrutların keçdiyi bütün ölkələrin inkişafına təkan verə bilər. Eyni zamanda, bu layihə Avropa İttifaqının enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

 

X X X

 

Türkiyənin energetika və təbii sərvətlər naziri Taner YILDIZ da çıxışında tədbirin yüksək səviyyədə baş tutduğunu dedi, bir daha bu iclasın önəminə toxunaraq layihənin strateji əhəmiyyətini vurğuladı:

 

- İndiyə qədər ərsəyə gətirdiyimiz Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri və digər layihələrimiz kimi, son dərəcə əhəmiyyətli olan bu layihənin də uğurla reallaşacağına heç kimdə şübhə yoxdur. Artıq bu layihə siyasi, texniki, iqtisadi və maliyyə baxımından bütün tərəflərin dəstəyini alıb və ortaq faydaya əsaslanan bir layihə halına gəlib.

 

Bu, çox sevindirici haldır. Bu layihə ilə bağlı burada verilən bütün məlumatlar üçün istər şirkətlərimizə, istərsə də maliyyə qurumlarına, qeyri-hökumət təşkilatlarının hamısına təşəkkür edirik.

 

X X X

 

Tədbirin yekununda Cənub qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən mətbuat üçün Birgə Bəyanat imzalandı.

 

Azərbaycan.-2015.- 14 fevral.- S.1-2.