Bələdiyyələrin fəaliyyətinə inzibati

nəzarəti həyata keçirən orqan hesabat verdi

 

Dünən Milli Məclisin növbəti iclası keçirildi. İclasın gündəliyinə müzakirə olunması üçün 18 məsələ daxil edilmişdi. Gündəlikdə həmçinin Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik hesabatı da var idi.

Milli Məclisin Sədri Oqtay Əsədovun cari məsələlər üçün ayırdığı vaxtda deputatlar əsasən ölkədəki siyasi partiyalar arasında baş tutan birgə dialoqdan söz açdılar. Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirdi ki, partiyalar arasında görüş ictimaiyyət tərəfindən də müsbət qarşılanıb. Onun sözlərinə görə, görüşlərin 2 aydan bir keçirilməsi və ictimaiyyət üçün açıq olması bir daha Azərbaycan Prezidentinin və dövlətin hər bir işinin şəffaf şəkildə olmasının bariz nümunəsidir: “Bu çox vacib bir görüş idi. Ölkəmizin taleyüklü məsələlərini bu formada müzakirə etmək və doğru nəticə çıxarmaq yalnız cəmiyyətin xeyrinə olur”. S.Novruzov onu da təəssüflə qeyd etdi ki, bəzi müxalifət partiyaları həm legitimliklərinə, həm ayrı-ayrı xarici qüvvələrə çalışdıqlarına, həm də ümummilli deyil, ayrı-ayrı qüvvələrin maraqlarına xidmət etdiklərinə görə bu görüşlərin üzərinə kölgə salmağa çalışıblar: “Halbuki onlar dəfələrlə ATƏT-in və ya başqa-başqa təşkilatların keçirdiyi görüşlərdə canfəşanlıqla iştirak edirlər. Lakin Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyalar bir yerdə dövlət, ümumxalq əhəmiyyətli məsələləri müzakirə edəndə onlar özlərini cəmiyyətdən, xalqdan, dövlətdən kənar saxlayırlar. Bu da onu göstərir ki, onlar ayrı-ayrı dairələr tərəfindən idarə olunur. Belələri Azərbaycanın ümumxalq mənafeyini deyil, xarici qüvvələrin maraqlarını müdafiə edirlər. Çünki görüşdə Dağlıq Qarabağ, Xocalı faciəsi ilə bağlı, ayrı-ayrı siyasi partiyaların fəaliyyəti, seçki məsələləri müzakirə edilib. Əgər onlar özlərini bundan kənarda saxlayırlarsa, demək, xalqla bağlı olan partiyalar deyillər”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev bildirdi ki, Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanı və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini ifşa edib. Siyasi partiyalar arasında dialoqla bağlı məsələyə gəlincə isə partiya sədri hesab edir ki, iqtidar-müxalifət görüşünə bəzi siyasi partiyaların qatılmaması həmin partiyaların xarici qüvvələrin əlində oyuncağa çevrildiyini göstərir: “Kiminsə kölgəsi altında olanlar indi baş tutan görüşə kölgə salmaq istəyirlər. Ancaq bununla heç nəyə nail ola bilməyəcəklər. Hesab edirəm ki, bu görüş çox əhəmiyyətlidir. Prezident Administrasiyasının nümayəndəsi də bildirdi ki, belə görüşlər Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi əsasında keçirilir. Belə tədbirlər ölkədə demokratiyanın, siyasi sistemin sabitliyinin və qanunların aliliyinin təmin olunmasına birbaşa təsir göstərir. Bu cür görüşlərə kölgə salmaq istəyən qüvvələr isə bir daha öz mövqelərinə diqqət etməlidirlər. Onlar imkan verməməlidirlər ki, ayrı-ayrı ölkələr tərəfindən idarə olunsunlar”.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa da siyasi partiyalar arasında dialoqun aparılması istiqamətində ölkə rəhbərliyinin göstərdiyi təşəbbüsü yüksək qiymətləndirdi. Onun fikrincə, dialoq siyasi mədəniyyət nümunəsidir. Kimlərsə bu görüşdə iştirak etməyibsə, çox böyük siyasi, taktiki səhvə yol veriblər.

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə isə dedi ki, bu dialoq yalnız dövlətimizə uğur gətirə bilər. Azərbaycanda siyasi təşkilatların hakimiyyətlə bir masa arxasında müxtəlif məsələləri müzakirə etməsi ancaq dövlətimizin, millətimizin xeyrinədir.

Milli Məclisin Sədri Oqtay Əsədov deputatların fikirlərini dəyərləndirərək bildirdi ki, bu görüşdə iştirak etməyən partiyalar dialoq istəyirlər, amma dialoq baş tutanda bu cür münasibət göstərirlər. Görünən odur ki, həmin partiyalar kiminsə kölgəsində deyil, kök altındadırlar, ona görə də bu görüşlərdə iştirak etmirlər.

Deputat Vahid Əhmədov fevralın 12-də Bakıda “Cənub” qaz dəhlizi layihəsinin həyata keçirilməsi üçün cəlb edilən ölkələrin energetika nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclasının keçirilməsinə münasibət bildirdi. Deputat dedi ki, bəzi qüvvələr “Cənub” qaz dəhlizi layihəsinin reallaşmasına problem yaratmaq istəyirlər: “Son zamanlar bu layihəyə problem yaratmaq istəyini müşahidə etmək olar. Rusiya “Cənub axını” layihəsi əsasında öz qazını Avropa bazarına çıxarmaq istəyir. Türkiyənin enerji naziritez-tez Rusiyada səfərdə olur. Bəzən qazın qiymətinə yenidən baxılacağı haqqında Rusiya tərəfindən açıqlamalar verilir. Burada məqsəd odur ki, Azərbaycan qazını mümkün qədər Avropaya gec çıxarsın: “Ancaq Azərbaycan Prezidenti bu toplantıda məsələnin mümkün qədər tez bir zamanda həll olunmasının vacibliyini bildirdi. Ona görə də deputatlar xaricdə səfərdə olanda bu haqda da danışmalı və bildirməlidirlər ki, bu, Avropa üçün çox əhəmiyyətlidir. Neft hasilatının aşağı düşməsi fonunda qaz layihəsi bizim üçün çox vacibdir”.

Deputat Qənirə Paşayeva isə diqqəti bu günlərdə Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozaraq Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində törətdiyi vandalizm aktlarından danışdı. Bildirdi ki, Ermənistan atəşkəsi pozaraq 100-ə yaxın evi atəşə tutub. 6 nəfərlik bir ailənin evini hədəfə alaraq yandırıblar. Atəş açaraq yanğını söndürməyə gələnlərə belə, imkan verməyiblər. Ermənilər bütün qeyri-insani əməllərə əl atıblar. Bir kənd sakini isə güllə yarası alıb. Deputat ATƏT-in Minsk qrupunun həmsədrlərini Ermənistanın bu cür qeyri-insani əməllərinə qarşı etiraz səslərini ucaltmamaqda, bunu pisləyən açıqlamalar verməməkdə ittiham etdi. Onun sözlərinə görə, nə həmsədrlər, nə bu ölkələrin səfirləri, nə insan haqlarından danışan beynəlxalq təşkilatlar və onların Azərbaycandakı ofisləri məsələylə bağlı etiraz bildiriblər: “Mən beynəlxalq təşkilatları, onların Azərbaycandakı təmsilçilərini dəvət edirəm, getsinlər Ermənistanın atəşkəsi pozaraq evlərini yandırdığı, dağıtdığı, evinin içində güllə ilə yaraladıqları insanlarla görüşsünlər və Ermənistanın mülkü vətəndaşlara qarşı bu vandalizm aktlarına susmasınlar. Onlar nəhayət ki, etiraz səslərini ucaltsınlar, belə hallara qarşı tədbirlər görsünlər”.

Cari məsələlərin müzakirəsindən sonra iclasda ədliyyə nazirinin müavini Vilayət Zahirov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini təqdim etdi. V.Zahirov bildirdi ki, dinamik inkişaf edən ölkəmiz 2014-cü iliuğurla başa vurub. Bu inkişaf prosesində əldə olunan uğurlu nəticələr yerli özünüidarəetmə orqanlarının da fəaliyyətinə müsbət təsirini göstərib. Ötən ilin ən mühüm hadisəsi isə bələdiyyə seçkilərinin keçirilməsi olub. Azad, demokratik və seçicilərin fəallığı ilə baş tutan seçkilər nəticəsində 1.599 bələdiyyə üzrə 14.963 bələdiyyə üzvü seçilib. Seçkilərdə 30 partiyanın nümayəndəsi iştirak edib. Nazir müavini seçilmiş bələdiyyə üzvləri sırasında qadınların və gənclərin sayının xeyli artdığını da söylədi. Bildirdi ki, bələdiyyələrə qadınların 5.236 nəfər (34 faiz), gənclərin isə 5.450 nəfər (36,4 faiz) seçilməsi müsbət haldır.

V.Zahirov diqqətə çatdırdı ki, 2014-cü ildə inzibati nəzarət qaydasında baxılması üçün icraata 66 694 bələdiyyə aktı daxil olub. Daxil olan bələdiyyə aktlarının hər birinin ekspertizası aparılıb və nəticədə 62 908 akt qanunvericiliyə uyğun hesab edilib, 3552 aktın dəyişdirilməsi, yaxud ləğv edilməsi üçün onları qəbul edən bələdiyyələrə təkliflər verilib. Verilən təkliflər əsasında müvafiq bələdiyyələr tərəfindən 1709 akt ləğv edilib, 544 akt dəyişdirilib, 473 akt üzrə təsdiqedici sənədlər təqdim edilib, digərləri isə baxılmaqdadır.

Bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi məqsədi ilə 113 maarifçilik tədbiri keçirilibbu tədbirlərə 6500-dən çox bələdiyyə üzvüqulluqçusu cəlb olunub. İl ərzində 13 metodik vəsait hazırlanaraq bələdiyyələrə göndərilib.

Müzakirələr zamanı çıxış edən deputat Fazil Mustafa bildirdi ki, artıq təqdim olunan illik məruzə fərqli və yeni formatda diqqət çəkir və bu, müsbət haldır. Layihəni müsbət dəyərləndirən deputat təklif etdi ki, bələdiyyələrin elektron saytları yaradılsın.

Milli Məclisin deputatı Əli Məsimli hesabatla bağlı dedi ki, sənəddə nöqsanlar və perspektivlər açıq şəkildə göstərilib. Onun fikrincə, sonuncu bələdiyyə seçkiləri ilə bələdiyyələrin yeni mərhələsi başlayıb. Bələdiyyələrin səlahiyyətlərini genişləndirmək üçün xeyli imkanlar var. Onun fikrincə, bələdiyyələr əlavə maliyyə resursları əldə etməlidirlər. Bununla onlar beynəlxalq əlaqələrini genişləndirmək, maraqlı layihələr təqdim etməklə əlavə investisiya da cəlb edə bilərlər. Qanuna əsasən, Mənzil İstismar Birlikləri havadadır. Məncə, bu struktur da bələdiyyələrə verilə bilər. Əgər bu baş verərsə, bələdiyyələrlə yerli əhali arasında əlaqə bir qədər də artacaq. Bələdiyyələrin inkişafı üçün Bakı şəhər bələdiyyəsi də yaradılmalıdır. Ə.Məsimli də sənədi yüksək qiymətləndirərək ona müsbət rəy bildirdi.

Müzakirələrdə çıxış edən deputatlar Elmira Axundova, Siyavuş Novruzov, Çingiz Qənizadə, Eldar Quliyev, Tahir Rzayev, Qənirə Paşayeva bildirdilər ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan hazırladığı illik məruzəni vaxtında deputatlara təqdim edib və sənədlə ətraflı tanış olublar. Çıxış edənlər yeni seçilmiş bələdiyyə sədrləri və üzvləri üçün seminarların keçirilməsinin vacibliyini bildirərək seçici-bələdiyyə əməkdaşlığı ilə bağlı yeni sistemin yaradılmasının vacibliyini vurğuladılar. Bələdiyyə parkı, muzeyi, kitabxanasının yaradılması təklifləri də irəli sürüldü. Sonda sənəd səsə qoyularaq qəbul edildi.

Deputatlar “Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında kosmik fəzanın sülh məqsədləri üçün istifadəsinə dair əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsinə də müsbət rəy bildirdilər.

Gündəlikdəki “Torpaq bazarı haqqında”, “Torpaq islahatı haqqında”, “Torpaq icarəsi haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” və “İcra məmurları haqqında” qanunlara eyni texniki dəyişikliklər edildiyi üçün ayrı-ayrılıqda səsə qoyularaq qəbul olundu.

Deputatlar həmçinin 9 sənədə - “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında”, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “İcra məmurları haqqında”, Cinayət və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında”, Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanun layihələrinə edilən texniki dəyişikliyi də müsbət qiymətləndirdilər.

“Bələdiyyə qulluğu haqqında” qanun layihəsi haqqında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məlumat verərək bildirdi ki, qanuna dəyişikliyə əsasən, vətəndaşların bələdiyyə qulluğuna qəbul edilməsi qaydaları dəyişdiriləcək. Qanunun 5-ci maddəsinin ikinci hissəsində “bələdiyyənin sədri birbaşa təyin edir” sözləri “bələdiyyənin müsabiqə komissiyasının qiymətləndirməsinin nəticəsinə uyğun olaraq bələdiyyənin sədri təyin edir” sözləri ilə əvəz olunub. Arif Rəhimzadə dedi ki, indiyədək bələdiyyə qulluğuna işçiləri bələdiyyənin sədri qəbul edib: “Düzəlişə görə, seçki komissiyası yaradılır və bu seçki komissiyasının müsbət qərarı olandan sonra bələdiyyə sədri o şəxsləri bələdiyyə qulluqçusu kimi işə götürə bilər. Düzəliş bələdiyyələrdə şəffaflığın artırılmasını və bələdiyyələrlə seçicilər arasında əlaqələrin daha da möhkəmləndirilməsini təmin edəcək”. Qanuna dəyişiklik səsə qoyularaq qəbul edildi.

Gündəliyin sonuncu məsələsi isə “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” qanun layihəsi idi. Sənədlə bağlı məlumat verən komitə sədri Arif Rəhimzadə bildirdi ki, üç fəsil və 20 maddədən ibarət olan yeni qanunda bələdiyyə qulluqçularının xidməti davranış qaydaları, etik kodeksləri və intizam məsuliyyətləri göstərilib. Qanunda, həmçinin bələdiyyə qulluqçularının etik davranış qaydalarına nəzarət qaydaları da əks olunub. Sənəd özündə ehtiva edilənlərin pozulmasına görə məsuliyyəti də nəzərdə tutur. Layihəyə əsasən, bələdiyyə qulluqçusu qulluq mövqeyindən istifadə edərək digər bələdiyyə qulluqçularını ictimaiya siyasi birliklərin, yaxud dini təşkilatların fəaliyyətində iştiraka təhrik etməməlidir.

Qanun layihəsində vurğulanır ki, bələdiyyə qulluqçusunun ictimaiya siyasi fəaliyyəti, yaxud ictimaiya siyasi birliyə mənsubiyyəti onun xidməti vəzifələrini qərəzsiz və obyektiv yerinə yetirdiyinə ictimai şübhə doğurmamalıdır.

Layihədə o da bildirilir ki, Azərbaycanda kütləvi informasiya vasitələrində barəsində etik davranış qaydalarına zidd və maraqların toqquşması ilə bağlı məlumat gedən bələdiyyə qulluqçusu dərhal məsuliyyətə cəlb olunacaq.

Qanun layihəsi ilk oxunuşda qəbul edildibununla da parlamentin növbəti plenar iclası başa çatdı.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2015.- 14 fevral.- S.3.