Mehriban Əliyevanın beynəlxalq miqyasda

qazandığı böyük nüfuz və etimadın növbəti təsdiqi

 

 

Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması müasir qloballaşma dövründə xüsusi aktuallıq kəsb edir. 2004-cü ildən analoqu olmayan əlahiddə statuslu ictimai qurum kimi fəaliyyət göstərən Heydər Əliyev Fondu xeyirxahhumanist insani dəyərlərə tapınaraq ümummilli liderin zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması və təbliği istiqamətində ardıcıl aparır. Ümummilli liderin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf ideyalarının ictimai şüurda möhkəmlənməsinə çalışan, millətin gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla həyata keçirən Heydər Əliyev Fondu son 11 illik fəaliyyəti ilə Azərbaycan cəmiyyətində milyonların ümid, pənah yerinə çevrilmişdir.

Xalqın mənəvi sərvətinin və milli mədəniyyətinin sadiq keşikçisinə çevrilmiş Heydər Əliyev Fondu, ilk növbədə, ulu öndərin müdrikliyə əsaslanan həyat fəlsəfəsini, xalqa xidmət missiyasının əbədiyaşarlığını təmin edən mühüm ideoloji-humanitar mərkəzdir. Heydər Əliyev Fondu ictimai statusla fəaliyyət göstərməsinə baxmayaraq, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə öz töhfəsini verir, xalqın milli mədəniyyətinin, milli-mənəvi dəyərlər sisteminin yad təsirlərdən qorunmasında müstəsna rol oynayır. Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli layihələri birləşdirən ümumi ortaq xətt məhz milli genefondun qorunması, saf dəyərlərin ictimai şüurda möhkəmlənməsidir. Qarşıya qoyduğu bu kimi xeyirxah məqsədlərlə Heydər Əliyev Fondu nəinki respublika hüdudlarında, eləcə də beynəlxalq miqyasda böyük nüfuzetimad qazana bilmişdir.

2004-cü ildə UNESCO-nun, 2006-cı ildə ISESCO-nun xoşməramlı səfiri seçilən fondun prezidenti Mehriban xanım Əliyeva nəcib əməllərinə görə çoxsaylı beynəlxalq mükafatlara, fəxri adlara, təltiflərə layiq görülmüşdür. Hələ 2005-ci ilin iyun ayında xeyriyyəçilik fəaliyyətinə, eləcə də Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsi sahəsində xidmətlərinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə FondununYaqut Xaçordeni ilə təltif olunmuşdur.

Azərbaycanın birinci xanımı Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə ana, uşaq, ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində xüsusi xidmətlərinə görə mükafata, həmçinin genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə görə 2007-ci ilin mayında Rusiyada “Qızıl ürək” beynəlxalq mükafatına layiq görülmüşdür. Həmin il mayın 17-də Cenevrədə isə Dünya Səhiyyə Təşkilatının ali orqanı olan Dünya Səhiyyə Assambleyasının 60-cı sessiyasında Azərbaycanda səhiyyənin inkişafında, yeni xəstəxanaların açılmasında, onların müasir avadanlıqla təchiz edilməsində Mehriban xanım Əliyevanın gördüyü işlər xüsusi vurğulanmış və ona İhsan Doğramacı Ali Sağlamlıq Fondunun mükafatı təqdim edilmişdir.

Heydər Əliyev Fondunun prezidenti Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni ilə təltif olunmuşdur. 2010-cu ilin fevralında Azərbaycanın birinci xanımı Fransanın “Şərəf legionu” ordeninə, avqustunda isə UNESCO-nun “Qızıl Motsart” medalına layiq görülmüşdür. 2011-ci il iyunun 24-də Mehriban Əliyevaya Krans Montana Forumunun Qızıl medalı, 2012-ci il aprelin 13-də isə MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası (HƏŞ) və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) tərəfindən “Birlik Ulduzları” mükafatı təqdim edilib. 2014-cü ilin mayında Mehriban xanım Əliyeva sivilizasiyalararası dialoqa verdiyi töhfələrə, həmçinin Almaniyada türk dünyasının tanıdılmasına, Azərbaycan-Almaniya əlaqələrinin inkişafındakı xidmətlərinə görə Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatına layiq görülüb.

Azərbaycanın ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, həmçinin ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə “The Business Year” jurnalı tərəfindən 2014-cü ilin mayında “İlin Birinci Xanımı” mükafatına layiq görülüb. 2014-cü ilin iyununda Olimpiya dəyərlərinin təbliğindəki xidmətlərinə görə Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellencexüsusi fəxri mükafatı ilə təltif olunub.

Bu günlərdə isə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Pakistan İslam Respublikasının “Hilal-e Pakistanordeni ilə təltif olunub. Pakistan Prezidenti Məmnun Hüseyn fevralın 11-də bu barədə sərəncam imzalayıb. “Hilal-e PakistanPakistan İslam Respublikasının ali ordenidir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva “Hilal-e Pakistanordeni ilə təltif olunan ilk birinci xanımdır. Bütün bu yüksək təltiflər Heydər Əliyev Fondunun beynəlxalq miqyasda tanındığını və fəaliyyətinin rəğbətlə qarşılandığını göstərir.

Hər bir xalqın gələcəyi sayılan gənclərin intellektual inkişafını təmin etmədən onların milli-mənəvi dəyərlərə bağlı şəxsiyyət kimi yetişməsinə nail olmaq qeyri-mümkündür. Heydər Əliyev Fondunun ötən 11 ildə həyata keçirdiyi layihələrin sırasında elm və təhsilin, müasir informasiya texnologiyalarının mühüm yer tutması da məhz bu reallığa söykənir. Fondun bu istiqamətdə gördüyü işlər sırasında respublikamızın müxtəlif bölgələrində reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı müstəsna əhəmiyyət daşımışdır. Proqram təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə - tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənmişdir. Bu sahədə real vəziyyəti qiymətləndirmək üçün fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə, ilk növbədə, ölkədəki məktəb binalarının vəziyyəti öyrənilmişdir. Aparılan monitorinqlər göstərmişdir ki, bir çox məktəblərdəki şəraitin yarıtmaz vəziyyətdə olması təhsilin keyfiyyətinə mənfi təsir edən mühüm amildir. 2005-ci ildə fond “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsini başladı və bu layihə çərçivəsində ölkəmizdə 412 yeni məktəb binası inşa olundu. Sonradan bu proqramı dövlət dəstəklədi və ölkəmizdə 3 mindən artıq məktəb təmir olundu və yenidən quruldu.

Fond insanlara ən müxtəlif səviyyələrdə yardım göstərməklə həm də cəmiyyətdə yalnız sağlam ənənələrin bərqərar olmasına, zəngin əxlaqi dəyərlərin möhkəmlənməsinə çalışır. Qurumun çoxşaxəli fəaliyyətinin bir başlıca məqsədi var: insanlara yaxşılıq! Fondun prezidenti məhz bu amalla ona üz tutmuş insanların mənəvi hamisi, qayğıkeşi kimi çıxış edir, imkan daxilində onların problemlərinin həllinə çalışır. Bəzən müxtəlif dövlət strukturlarının biganəliyindən bezərək Heydər Əliyev Fonduna üz tutmuş hər bir vətəndaşın müraciətinə böyük həssaslıq və diqqətlə yanaşılır, imkan daxilində onun qayğılarının həllinə yardım göstərilir. Yerli əhəmiyyətli sosial problemlərin həllinə, insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardımçı olmaq fondun məqsədləri sırasında öncül yerlərdən birini tutur. Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması Heydər Əliyev Fondunun geniş spektrli fəaliyyətinin mühüm məqamları kimi müasir tariximizə unudulmaz səhifələr yazmışdır.

Heydər Əliyev Fondunun fəaliyyətinin əhəmiyyətli bir hissəsini də səhiyyə sahəsində həyata keçirilən layihələr təşkil edir. Tibb ocaqlarının, uşaq müalicə-profilaktika müəssisələrinin yenidən qurulmasında, müasir avadanlıqla təchizatında iştirak, xarici ölkələrdən mütəxəssislərin yerli klinikalara dəvət olunmasına, treninqlərin keçirilməsinə, həkimlərin mübadiləsinə dəstək, dünyanın bir sıra aparıcı tibb müəssisələri, səhiyyə şirkətləri ilə əməkdaşlıq əlaqələrinin inkişafı bu yöndə həyata keçirilən fəaliyyətin ayrı-ayrı şaxələridir. “Talassemiyasız həyat naminə” layihəsi isə talassemiya xəstəliyinin geniş yayıldığı ölkələrdən hesab olunan Azərbaycanda böyük rəğbətlə qarşılanmışdır. Talassemiya Diaqnostika Mərkəzinin 2009-cu il mayın 10-da - ulu önlərin doğum günündə istifadəyə verilməsi fondun ölkə səhiyyəsinə böyük töhfəsi oldu.

Fondun dəstəyi ilə Azərbaycanın müxtəlif regionlarında onlarla tarixi-memarlıq, dini abidələr bərpa olunub. Bakıda məscidlər, kilsələr, sinaqoqlar təmir və bərpa olunub. Məhz fondun təşəbbüsü ilə paytaxtımızda Beynəlxalq Muğam Mərkəzi inşa olunub və hər il muğam müsabiqəsi keçirilir. Qəbələ Beynəlxalq Musiqi Festivalı, RostropoviçŞostakoviç festivalları artıq ənənəvi şəkildə keçiriliröz auditoriyasını qazanıb. Azərbaycanın qədim xalçaçılıq sənəti artıq UNESCO-nun Ümumbəşəri Mədəni İrs Siyahısına daxil edilibbizim xalçalar dünyanın ən məşhur muzeylərində nümayiş olunur.

Heydər Əliyev Fondunun beynəlxalq əhəmiyyətli quruma çevrilməsi istiqamətində işlər son illər daha da genişlənmişdir. Fondun müxtəlif ölkələrdə filiallarının açılması bir tərəfdən təşkilatın qlobal miqyasda artan nüfuzunun ifadəsidirsə, digər tərəfdən Azərbaycanı daha yaxından təbliğ etmək, ölkə həqiqətlərini dünya arenasına çıxarmaq, habelə diaspor hərəkatının genişlənməsinə yardımçı olmaq niyyətinin təzahürüdür. Son illər Rusiyada, Rumıniyada, Türkiyədə, Böyük Britaniyada filiallarını açan fond fəaliyyətini beynəlxalq müstəvidə genişləndirmək imkanı qazanmışdır. Fondun Moskva filialının fəaliyyəti bu baxımdan daha qabarıq hiss olunur. Azərbaycanın müasir gəncliyinin ən layiqli, vətənpərvər təmsilçisi kimi bu missiyanı üzərinə götürmüş Leyla Əliyeva fondun Moskva filialına yüksək səviyyədə rəhbərlik edir. “Xocalıya ədalət” beynəlxalq kampaniyasına start verilməsi və ötən illərdə qarşıya qoyulmuş vəzifələrin uğurla reallaşdırılması da fondun Moskva filialının fəaliyyəti ilə bağlıdır.

Heydər Əliyev Fondunun son 11 ildə həyata keçirdiyi bütün layihələr milli xüsusiyyətlər, yerli tələb və ehtiyaclarla çulğalaşaraq olduqca maraqlı və rəngarəng forma almışdır. Fond hansısa ayrıca götürülmüş sahənin inkişafı naminə fəaliyyət göstərmir - xeyriyyəçilikdən tutmuş, ölkənin səhiyyə və təhsil sisteminin, mədəniyyət və incəsənətinin inkişafına, insan hüquqlarının qorunmasına, Azərbaycanın beynəlxalq aləmdəki imicinin formalaşmasına qədər müxtəlif sferalarda məhsuldar fəallıq nümayiş etdirir.

 

Azərbaycan.-2015.- 14 fevral.- S.3.