Azərbaycanın sürətli
inkişafı qaçqın və məcburi
köçkünlərin həyatında
da özünü büruzə verir
Azərbaycanın
Baş nazirinin müavini, Beynəlxalq Humanitar Yardım üzrə
Respublika Komissiyasının sədri Əli Həsənov
fevralın 13-də Türkiyənin ölkəmizdəki səfiri
İsmayıl Alper Coşqun ilə görüşüb.
Komitədən
AzərTAc-a bildiriblər ki, görüşdə ölkəmizdəki
qaçqın və məcburi köçkünlərin
ümumi vəziyyəti və gələcək əməkdaşlıq
əlaqələrinin inkişafı ilə bağlı fikir
mübadiləsi aparılıb.
Qarşılıqlı
hörmət və faydalı əməkdaşlıq prinsipləri
əsasında qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin
yüksək səviyyədə olduğunu diqqətə
çatdıran Əli Həsənov bildirib ki, iki dost və
qardaş ölkənin rəhbərləri və xalqları
arasında bu cür münasibətlərin olmasının
tarixi kökləri var. “Bu gün dünyada Azərbaycan və
Türkiyə qədər yaxın əlaqələrə
malik olan başqa dövlət yoxdur”, - deyən Əli Həsənov
münasibətlərin məhz həmin tarixi kökə və
qardaşlığa söykəndiyini diqqətə
çatdırıb. Qeyd edib ki, bu əlaqələrin yüksək
səviyyəyə çatmasında dövlət
başçılarının qarşılıqlı səfərləri,
ölkələrimizin daim bir-birinin yanında olması
mühüm rol oynayır.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsindən söz
açan Baş nazirin müavini bu məsələdə də
qardaş Türkiyənin ölkəmizə dəstəyini
yüksək qiymətləndirib. Komitə sədri öz
havadarlarına arxalanan Ermənistanın
işğalçılıq siyasətindən əl çəkməməsinin
təəssüf doğurduğunu bildirib, bu münaqişənin
regional əməkdaşlığın inkişafına ən
ciddi təhdid olduğunu vurğulayıb. Lakin bunlara, eləcə
də dünyada cərəyan edən ictimai-siyasi proseslərin
gərginliyinə, hökm sürən iqtisadi böhrana
baxmayaraq, Prezident İlham Əliyevin uğurla həyata
keçirdiyi balanslaşdırılmış siyasət nəticəsində
ölkəmizdə sürətli inkişaf proseslərinin
getdiyini bildirən Baş nazirin müavini Azərbaycanda son illər
ərzində güclü iqtisadi inkişaf fonunda sosial durumun
xeyli dəyişdiyini, əhalinin, o cümlədən qaçqın
və məcburi köçkünlərin yaşayış səviyyəsinin
kifayət qədər yaxşılaşdığını
diqqətə çatdırıb, bu sahədə işlərin
indi də uğurla davam etdiyini bildirib.
Əli
Həsənov, həmçinin doğmalarının məzarlarını
ziyarət etmək məqsədilə Kəlbəcərə
gedərkən Ermənistan silahlı qüvvələrinin
girov götürdüyü və Dağlıq
Qarabağdakı separatçı rejim tərəfindən
qondarma ittihamlarla “məhkəmə”yə çəkilən
Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyinə
qardaş Türkiyə tərəfinin biganə
qalmadığına və bununla bağlı verdiyi dəstəyə
görə təşəkkürünü bildirib. Ermənistanın
girovlarımıza qarşı davranışlarının
dünyanın gözü qarşısında baş verdiyini
diqqətə çatdıran Baş nazirin müavini hər
zaman işğalçı Ermənistanın
maraqlarını müdafiə edən beynəlxalq
qurumların Azərbaycan tərəfinin müraciətlərinə
obyektiv cavab verməməsinin təəssüf
doğurduğunu deyib.
İsmayıl
Alper Coşqun Azərbaycan ilə Türkiyə arasında
bütün sahələr üzrə əlaqələrin, o
cümlədən humanitar əməkdaşlığın
inkişafı üçün hər iki ölkənin
böyük potensiala malik olduğunu vurğulayıb. O, bundan
sonra da mövcud imkanlardan səmərəli istifadə
olunacağına əminliyini bildirib, bu baxımdan
qarşılıqlı maraq doğuran məsələlərin
müzakirəsinin böyük önəm
daşıdığını qeyd edib.
Azərbaycan.-2015.- 14 fevral.- S.4.