Enerji təchizatçısı kimi Azərbaycanın dünya miqyasında rolu artıb

 

Bunu Bakıda Cənub qaz dəhlizi Məşvərət Şurası

çərçivəsində keçirilən nazirlərin görüşü bir daha təsdiqlədi

 

Azərbaycanın neftlə yanaşı böyük qaz hasilatçısı ölkəsinə çevrilməsi yeni ixrac imkanlarının artmasına və buna müvafiq olaraq daha irimiqyaslı layihələri reallaşdırmağa imkan yaradır. Xəzərin zəngin karbohidrogen ehtiyatlarının daha böyük həcmdə dünya bazarlarına çıxarılması ölkəmizin iqtisadi potensialını gücləndirməklə qarşıda yeni perspektivlərə yol açır. Dünya miqyasında əsas enerji mənbələrinə nəzarət uğrunda rəqabətin gücləndiyi, enerji təhlükəsizliyi məsələsinin ciddiliklə gündəmə gəldiyi indiki şəraitdə respublikamızın bu sahədə öncül mövqelərə çıxması faktı danılmaz reallıq kimi diqqəti çəkir.

Cənubi Qafqazın lokomotiv dövləti olan ölkəmiz regionda gerçəkləşdirilən bütün transmilli layihələrdə iştirak edir. Son 11 ildə iqtisadi inkişaf və demokratikləşmə xəttini milli inkişafın dəyişməz formulu kimi önə çəkən dövlət başçısı İlham Əliyev respublikamızın qlobal siyasi arenada müsbət imiclə tanınmasını, regional və beynəlxalq iqtisadi əməkdaşlıq mərkəzinə çevrilməsini təmin etmişdir. Beləliklə, həm də hücum xətti üzərində qurulan çevik və səmərəli xarici siyasət yürüdən cənab İlham Əliyev “güclü dövlət - müstəqil siyasət” devizini praktik olaraq gerçəkləşdirmişdir. Başqa sözlə, iqtisadi, siyasihüquqi islahatların uğurlu nəticələri ümumən səmərəli xarici siyasət üçün də etibarlı zəminə çevrilir.

Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyev bəyan etmişdi ki, enerji təhlükəsizliyi məsələsini milli təhlükəsizlik məsələsindən ayrı müzakirə etmək olmaz. Enerji siyasəti ilə bağlı məsələlər milli maraqlara və Avropanın bizim regionda qlobal siyasi xəritəsinə sıx bağlıdır. Azərbaycanın yerləşdiyi regionda enerji təhlükəsizliyinin təminatında mühüm rol oynadığını deyən dövlət başçısı diqqətə çatdırdı ki, “Cənub” qaz dəhlizi ilə bağlı sazişin imzalanmasından sonra biz Avropa üçün əhəmiyyətli bir tərəfdaşa çevrilirik, artıq enerji təchizatı marşrutlarını şaxələndirməyə nail olmuşuq.

1999-cu ildə kəşf olunan “Şahdəniz” yatağının işlənilməsinin birinci mərhələsi çərçivəsində 2006-cı ildən Gürcüstan və Türkiyəyə qaz ixrac edilir. “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi və “Cənub qaz dəhlizi” layihələri isə dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilən ən böyük və mürəkkəb təşəbbüslərdən hesab olunur. 2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına dair memorandum imzalanmışdır. Bu da öz növbəsində ölkəmizin enerji strategiyasının həyata keçirilməsinə və Avropa istiqamətində enerji təchizatının şaxələndirilməsinə yardım etmişdir. Türkiyə ilə Trans-Anadolu boru kəməri - TANAP-a dair tarixi saziş imzalanmış, TAP layihəsi əsas ixrac marşrutu seçilmişdi. “Cənub qaz dəhlizi”nin birinci hissəsi 2007-ci ildə istifadəyə verilmişdir. Ondan sonrakı dövr ərzində bu böyük layihə üzərində davamlı işlər həyata keçirilməyə başlanmışdır. 2013-cü ildə TAP layihəsi - Transadriatik kəmərinin əsas ixrac marşrutu barədə əldə olunan razılıq isə “Cənub qaz dəhlizi”nin üçüncü mərhələsi oldu. Uzunluğu 870 kilometr olacaq TAP kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP-la birləşəcək, sonra isə Yunanıstan və Albaniya ərazilərindən Adriatik dənizinin altından keçməklə İtaliyanın cənub sahillərinədək uzanacaq. Cənub-Şərqi Avropanı təbii qazla təmin edəcək TAP gələcəkdə Xəzər hövzəsində hasil olunan təbii qazın qitənin digər böyük qaz istehlakçılarına - Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriyaya ötürülməsi üçüngeniş imkanlar açacaq. İlkin mərhələdə Azərbaycan qazının daşınması “Şahdəniz-2” layihəsinin hasilatı hesabına olacaq. 2018-ci ildə Türkiyəyə 6 milyard, 2019-cu ildə isə Avropaya 10 milyard kubmetr qaz nəql ediləcək. 2025-ci ilədək Azərbaycan qaz ixracatını 40-50 milyard kubmetrə çatdıracaq.

Fevralın 12-də Bakıda “Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin görüşü keçirilmişbu layihənin həyata vəsiqə alması ilə bağlı məsələlər müzakirə olunmuş, mətbuat üçün bəyanat qəbul edilmişdir. “Cənub qaz dəhlizi” Məşvərət Şurasının işində dünyanın ayrı-ayrı ölkələrini təmsil edən vəzifəli şəxslərin iştirakı layihə ilə bağlı müzakirələrin daha yüksək səviyyəyə qaldırıldığını, etibarlı enerji təchizatçısı kimi Azərbaycanın yalnız Avropa üçün deyil, daha geniş miqyasda əhəmiyyətinin artdığını göstərdi. Azərbaycanın təşəbbüsü və liderliyi ilə Avropanın enerji təminatında yeni mənbənin müəyyənləşdirilməsi və yeni dəhlizin yaradılması tarixi hadisədir.

Prezidenti İlham Əliyev Bakıda Cənub qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə iştirak edib. “Enerji resurslarının şaxələndirilməsi hazırda beynəlxalq təşkilatların əsas arenasında müzakirə olunan məsələdir. Azərbaycan şaxələndirmədə öz rolunu oynayır. Şaxələndirmə haqqında danışanda biz yalnız marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsini nəzərdə tuturuq. Marşrutların da şaxələndirilməsi vacibdir, lakin mənbə eyni olanda vəziyyət çox dəyişmir. Mənbələrin şaxələndirilməsi vacibdir. Bu halda, Xəzər dənizində çıxan qaz - Azərbaycan qazı növbəti illər ərzində Avropa istehlakçıları üçün yeganə yeni qaz mənbəyi olacaq. Əlbəttə ki, bu, tamamilə başqa vəziyyət yaradır” - deyən ölkə başçısı layihənin həyata keçirilməsi üçün nəzərdə tutulan bütün məsələlərin müsbət həllini tapacağına və layihənin vaxtında icra olunacağına əminliyini bildirib.

Prezident İlham Əliyevin praqmatiktam müstəqil siyasəti sayəsində Azərbaycan sözü eşidilən, rəyi nəzərə alınan ölkə kimi dünya dövlətləri arasında öz layiqli yerini, etibarlı tərəfdaş imicini daha da möhkəmləndirmişdir. Yeni neft strategiyasının nəticəsi olaraq müstəqil respublikamız nəinki enerji müstəqilliyini təmin etmiş, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçılarından birinə çevrilmişdir. Bunun nəticəsi kimi ölkəmizin dünya miqyasında geosiyasi önəmi və beynəlxalq nüfuzu yüksəlmişdir.

 

Elnur HACALIYEV,