Ölkəmizin enerji təhlükəsizliyinin

 təminatında mühüm rol oynayan sənəd

 

“Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin

inkişafı (2005-2015) üzrə Dövlət Proqramı”nın qəbulundan 10 il keçir

 

Müstəqilliyin bərpasından sonrakı ilk illər hamının yadındadır. Yanacaq-energetika kompleksində yaranan problemlər insanların sosial-məişət həyatını iflic etmişdi. Təbii qazın və elektrik enerjisinin verilişində fasilələr adi hala çevrilmişdi. Hətta insanlar günlərlə elektrik enerjisindən və təbii qazdan istifadə edə bilmirdilər. Bir sözlə, ölkə özünün enerji təhlükəsizliyini təmin etmək iqtidarında deyildi.

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk dövrdə respublikanın enerji təhlükəsizliyini təmin etmək üçün mühüm addımlar atmışdı. Bilavasitə ulu öndərin rəhbərliyi ilə bir neçə suistilik elektrik stansiyaları tikilmiş, qazlaşdırma istiqamətində böyük işlər görülmüşdü. Lakin sonrakı illər bu sahəyə lazımi diqqət ayrılmadığı və enerji obyektləri yeni texnoloji avadanlıqlarla təchiz edilmədiyi üçün yanacaq-enerji kompleksində acınacaqlı durum yarandı.

Prezident İlham Əliyev tərəfindən 2005-ci il fevralın 14-də imzalanan “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015) üzrə Dövlət Proqramı”nda isə ulu öndərin müstəqillik illərində sözügedən sahə üzrə xidmətləri yüksək qiymətləndirilib: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində 1994-cü ildən başlayaraq həyata keçirilən yeni neft strategiyası Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasında və ölkəyə xarici investisiyaların gətirilməsində mühüm rol oynamışdır. Onun şəxsi təşəbbüsü və bilavasitə rəhbərliyi altında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən karbohidrogen yataqlarının işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə bağlanmış “Əsrin müqaviləsi” müasir dövrdə ölkənin neft-qaz sənayesinin inkişafına yeni təkan vermişdir”.

Dövlət Proqramının qəbul edilməsinin əsas məqsədi ölkənin yanacaq-enerji kompleksini inkişaf etdirməklə bərabər, əhalinin və iqtisadiyyatın elektrik enerjisinə, təbii qaz və digər enerji daşıyıcılarına olan tələbatının daha dolğun ödənilməsinə nail olmaq idi. Ölkənin indiki durumundan çıxış edərək inamla demək olar ki, proqramda qarşıya qoyulan vəzifələr tam yerinə yetirilib: müxtəlif ərazilərdə yeni böyükmodul stansiyalar işə salınıb, güclü yarımstansiyalar tikilib, elektrik verilişi xətləri təmir olunub. Təkcə ötən il 5 elektrik stansiyası istifadəyə verilib, regionlarda 3 min kilometr elektrik xətləri, 614 transformator, 20 yarımstansiya, 1450 kilometr qaz kəməri inşa edilibya əsaslı təmir olunub, 24 rayon üzrə 58 yaşayış məntəqəsi təbii qazla təmin edilib. Bunun nəticəsidir ki, hazırda Azərbaycan elektrik enerjisinə olan tələbatını tam ödəməklə bərabər, qonşu dövlətlərə də elektrik enerjisi ixrac edir. Ölkənin yaşayış məntəqələrinin qazlaşdırılması da sürətlə gedir.

İndi dünya ekoloji cəhətdən təmiz, fasiləsiz və dayanıqlı enerjidən istifadəyə üstünlük verir. Azərbaycan bu sahədə də son illər mühüm tədbirlər həyata keçirib. Hazırda ölkəmizdə Günəş, külək və bioenerjidən istifadə olunur. Xüsusilə, Günəş və külək enerjisindən istifadəyə daha çox diqqət verilir ki, bu da təbii şəraitlə bağlıdır. Günəş enerjisindən istifadə etmək üçün Sumqayıt Texnoparkında Günəş batareyaları istehsal olunur. Rayonlarda, bəzi obyektlərdə həmin batareyaların quraşdırıldığı stansiyalar işə salınır.

Proqramın digər əsas məqsədi karbohidrogen ehtiyatlarından səmərəli istifadə etməklə bu resurslar üzrə ixracı artırmaqdır. Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilin yekunlarına həsr olunmuş konfransında ölkədə enerji resurslarının ixracı üzrə son illər görülən işlərin əhəmiyyətini qeyd edərək demişdir: “Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, “Şahdəniz”, TANAP, TAP, “Cənub” qaz dəhlizi - bu layihələr regionun, Avropanın enerji xəritəsini dəyişir. Bunların hər biri nadir tarixi layihələrdir. Bu layihələr son 9 il ərzində icra edilib. Bakı-Tbilisi-Ceyhan 2006-cı ildə istifadəyə verilmişdir, dəhliz yaradılmışdır. O dəhliz indi xidmət göstərir, yeni layihələr ortaya çıxır. Yenə də Azərbaycan liderlik keyfiyyətini ortaya qoyur. Əgər biz liderliyi göstərməsəydik, heç vaxt “Cənub” qaz dəhlizi icra edilməyəcəkdi. Mən vaxtilə şəxsən “Nabuko” layihəsinin müzakirəsi ilə bağlı azı 10 beynəlxalq tədbirdə iştirak etmişəm. Yəni, orada müzakirələrdən başqa heçyox idi. Bəyanatlar, çıxışlar, qətnamələrin qəbul edilməsi, vəssalam. Ondan sonra hamı dağılıb gedir, də qalır kənarda. Mən minimum on tədbirdə iştirak etmişəm. Hər dəfə də demişəm ki, burada liderlik olmalıdır. Bu layihəni necə icra etmək lazımdır? Bunun əsas elementləri nədən ibarətdir? Bu o qədər də çətin məsələ deyil. Amma elə mən deyirdim, mən eşidirdim. Daha sonra gördük ki, artıq bu layihə yerində sayır. Yenə də təşəbbüs göstərmişik, TANAP layihəsini təklif etmişik. Adı da biz qoymuşuq, təşəbbüskarı da biz olmuşuq. 2012-ci ildə Türkiyə ilə bu layihəni imzaladıq. Ondan sonra artıq “Cənub” qaz dəhlizi üçün yol açıldı”.

Dövlət başçısının qeyd etdiyi kimi, enerji resurslarımızın Avropa kimi sərfəli bazara ixracı çətin bir mərhələdir. Buna baxmayaraq, Prezident İlham Əliyev böyük səy və qətiyyət göstərərək ölkənin taleyində mühüm əhəmiyyət daşıyan “Cənub” qaz dəhlizinin imzalanmasına nail olmuşdur. Layihənin icrası Azərbaycana uzun illər böyük fayda gətirəcək. Enerji resurslarından əldə etdiyimiz gəlirdən ölkənin bütün sosial-iqtisadi proqramlarının icrasında istifadə olunacaq. Bununla bərabər, valyuta ehtiyatımız artacaq ki, bu da iqtisadi gücümüz, sosial güvəncimiz deməkdir. “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”nın icrası da bu mühüm məqsədə xidmət edir.

 

Rüstəm KAMAL,

Azərbaycan.-2015.- 14 fevral.- S.4.