Baş prokuror Şamaxı şəhərində vətəndaşları qəbul edib

 

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, baş prokuror Zakir Qaralov fevralın 13-də Şamaxı Rayon Prokurorluğunun inzibati binasında Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Kürdəmir və Göyçay rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl baş prokuror Zakir Qaralov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabeli prokurorların iştirakı ilə keçirilən qəbulda baş prokuror bölgədə yaşayan 78 vətəndaşın müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabeli rayon prokurorlarına müvafiq göstərişlər verib.

Vətəndaşların ərizə və şikayətlərində qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb. Eyni zamanda, prokurorluğun fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin edilib.

 

Azərbaycan.-2015.- 14 fevral.- S.5.