“Sehrbazlar dərəsi”
- mədəniyyət körpüsü
Tanınmış yazıçı Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı ABŞ-da “Strategic Book Publishing and Rights Co” nəşriyyatında ingilis dilində nəşr edilib. Xatırladaq ki, bundan əvvəl müəllifin digər məşhur kitabı - “Yarımçıq əlyazma” romanı ingilis dilinə tərcümə olunaraq elə həmin nəşriyyatda çap edilib. Hər iki romanı ingilis dilinə Enn Tomson tərcümə edib.
Romana “Ön söz”də bildirilir ki, müasir Azərbaycan müəllifi Kamal Abdullanın qərbli oxucunun diqqətinə təqdim edilən “Sehrbazlar dərəsi” romanı orta əsrlərdə və sonrakı dövrdə islam mədəniyyətinin mühüm komponentlərindən biri olan sufiliyin təsiri altında yaranmış təxəyyülün məhsuludur.
Orta əsrlərdə islam fəlsəfəsini, poeziya və musiqisini formalaşdırmış bu mühüm kulturoloji istiqamətin müasir mədəniyyətə təsiri bu gün də davam edir.
Həmin dövrdə bu ədəbiyyat bütün müsəlman xalqlarına - həm ərəb qəbilələrinə, həm də türkdilli (o cümlədən Azərbaycan) və farsdilli xalqlara mənsub idi. Hərçənd, müsəlman aləminə yalnız dolayısı ilə cəlb edilmiş xalqların poeziyasında da klassik islam ədəbiyyatının elementləri müşahidə olunurdu.
Sufiliyin əsasını təfəkkür vasitəsilə saflaşma ideyası təşkil edir. Əslində saflaşma anlayışı dünyanın bütün dinlərində vardır. Məsələn, sintoizm fəlsəfi mənada allahların yolu, buddizm - dərk edən, ziyalı müəllim, İslam (samit səslər üzrə: s-l-m) - bütövlük, sülh, zərdüştiliyin əsas tanrısı Axura (və ya Hörmüz) Mazda - Müdrik Padşah kimi tərcümə edilir. Beləliklə, bütün təlimlər öyüd-nəsihət vasitəsilə ziyalılıqla bağlıdır.
Nəticə etibarilə Yaradan - Dünyanın Sahibi - Müdrik Müəllim üçün əlyetərli olan bütün müdriklik insanlara bəxş edilir. Müqəddəs kitabların bu funksiyası - müdrikliyin öyrədilməsi tədricən insanlar tərəfindən yazılan kitablara da şamil edilir.
Kamal Abdullanın
kitabı istisna deyil.
Kinematoqrafik “Sehrbazlar dərəsi” romanı zamanın müxtəlif mərhələləri
- keçmiş və
indiki dövr, mistik və gerçək aləm arasında hədləri silir, onları iynə vasitəsilə ilmə-ilmə bir-birinə
bağlayaraq Ariadna sapına çevirir. Əslində bu, iynə də
yox, müəyyən
mənada sancaqdır.
İynə - dünyanın özü
kimi qədim olan qisas motividirsə;
sancaq - qapalı dövrə, daha dəqiq desək, insanın həyat yolu, onun ləyaqətlə
yaşaması üçün
ayrılmış vaxtdır.
Müəllif özü də
bu məqamı vaxtaşırı xatırladır.
Burada zaman əsas deyil: istər həmişəyaşıl
Sehrbazlar Dərəsində
yaşayan dərvişlərin
mistik-utopik xronotopu, istərsə də real, bugünkü zaman eyni məhək daşı - qisas, həqiqət axtarışı
ilə qarşılaşır.
Həmişəyaşıl Sehrbazlar Dərəsində olan dərvişlərin (sufilərdəki
dərvişlər bu
romanda sehrbazlar rolunda çıxış
edirlər) mistik-utopik
dünyasının qəhrəmanları
sufi ənənələrinə
uyaraq, yaxud Şekspirin “Hamlet” əsərində
olduğu kimi əcdadların (cəllad
atanın) ruhu kimi qismən elə həmin səbəbdən həqiqət
axtarışına kömək
etməli olsalar da, xəyali qələbə kimi qarşısıalınmaz qisas
ehtirasını cilovlaya
bilmir. Beləliklə, romanın finalı
yalnız bir dövrənin sonudur və bu dövrə
Karvanbaşının oğlunun
həyatında hökmən
təkrarlanmalıdır.
Lakin bu faciəli, ilk baxışda
çıxış yolu
görünməyən finalda
yetim qalmış körpəni kin-küdurət
labirintindən nahaq yerə günahkar hesab edilən Müəllimin varisi xilas edir, eyni
zamanda, öz dərəsində onun ruhunu xilas edir. Sehrbazlar Dərəsinin
sakinlərinin yeni həyatı qisas eşqi ilə yaşamayan, meditasiya edən ruhların həyatıdır. Burada qanlı
qisasa yer yoxdur.
Şübhəsiz, bu roman qisas haqqında, həyatın və insanın həyat yolunun dövriliyi haqqında əbədi sual üzərindən mədəniyyət
körpüsü olacaq
- insanın dinindən,
konfessiyasından və
milliyyətindən asılı
olmayaraq.
AzərTAc
Azərbaycan.-2015.- 14 fevral.- S.8.