Avropanın enerji təhlükəsizliyinin
təməl daşı
Məşvərət
Şurasının iclasında “Cənub” qaz
dəhlizi belə dəyərləndirildi
XIX əsrin ortalarından Azərbaycanın neft diyarı kimi şöhrəti hər yana yayılmağa başladı. XX yüzilliyin ortalarında Azərbaycan dünyada dəniz neftinin işlənməsinin təməlini qoydu, Xəzərdə əfsanəvi şəhər - Neft Daşlarını yaratdı. XXI əsrin əvvəllərindən isə yer üzünə artıq qaz ölkəsi kimi də səs saldı. 2006-cı ildən Gürcüstana, 2007-ci ildən Türkiyəyə nəql olunan Azərbaycan qazını dünyaya aparan yollar uzanmaqda və şaxələnməkdədir.
İndi Azərbaycan çoxsaylı tərəfdaşları ilə birlikdə Xəzərdən başlayaraq Adriatik dənizinin altından keçən və İtaliyaya çatan bir dəhliz yaradır. Neçə-neçə ölkəyə hərarət, rahatlıq, bərəkət, təhlükəsizlik bəxş edən bir dəhliz - “Cənub” qaz dəhlizi.
“Cənub” qaz dəhlizi Azərbaycanın bundan əvvəl həyata keçirdiyi nəhəng layihələrin, o cümlədən Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, “Şahdəniz” qazını ölkəmizin və Gürcüstanın ərazisi boyu daşıyan Cənubi Qafqaz Boru Kəmərinin, eləcə də Türkiyə ərazisində ona 280 kilometrlik xəttin əlavə olunması ilə yaranan Bakı-Tbilisi-Ərzurum kəmərinin uğurlarına əsaslanır.
“Cənub” qaz dəhlizinin indiyəqədərki tarixinə nəzər salaq. 1996-cı il iyunun 4-də Xəzərin Azərbaycan sektorunda sahildən təxminən 75 kilometr cənubda yerləşən “Şahdəniz” yatağının kəşfiyyatı, işlənməsi və Hasilatın Pay Bölgüsü Sazişi imzalanıb. Burada birinci kəşfiyyat quyusunun qazılmasının tamamlandığı tarix - 1999-cu ilin iyun ayı yatağın “doğum günü” hesab edilir. 1997-2001-ci illər ərzində “Şahdəniz”də qazılmış kəşfiyyat və qiymətləndirmə quyuları burada dünya səviyyəli bir qaz-kondensat yatağının olduğunu təsdiqləyib. Yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində 2006-cı ildən mavi yanacaq hasil olunur.
2013-cü il dekabrın 17-də isə “Şahdəniz”in ikinci mərhələsinə dair yekun investisiya qərarı verilib. Bundan əvvəl, yəni 2011-ci ildə Azərbaycan və Avropa İttifaqı arasında “Cənub” qaz dəhlizi ilə bağlı birgə bəyannamə, 2012-ci ildə Türkiyə ilə Transanadolu Qaz Boru Kəmərinə (TANAP) dair saziş imzalanıb. 2013-cü ilin ortalarında Transadriatik Qaz Boru Kəməri (TAP) əsas ixrac marşrutu kimi seçilib. Ötən il sentyabrın 20-də - “Əsrin müqaviləsi”nin 20 ili tamam olan gün Bakının yaxınlığındakı Səngəçal terminalında artıq XXI yüzilliyin layihəsi adını almış “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi keçirilib.
Yeni meqalayihə müvəffəqiyyətlə irəliləyir. Bu günlərdə “Cənub” qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin Bakıda keçirilən görüşü bunu bir daha təsdiqlədi. Tərəfdaşlar indiyədək görülən işləri və gələcək üçün planlaşdırılan tədbirləri müzakirə etdilər, bu çətin və məsuliyyətli məqsədə çatmaqda bir-birinə dəstək olduqlarını vurğuladılar.
Təbii ki, belə nəhəng bir layihənin uğurunun əsas şərti əməkdaşlığın genişləndirilməsi, səylərin əlaqələndirilməsidir. “Cənub” qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşü də məhz bu məqsədə xidmət etdi. Layihədə iştirak edən bütün ölkə və şirkətlərin arasında əlaqələndirmənin və səmərəli ünsiyyətin vacibliyi bir daha qeyd olundu.
Xatırladaq ki, bundan əvvəlki ixrac kəmərləri üç ölkənin - Azərbaycanın, Gürcüstanın və Türkiyənin ərazisindən keçirdi. Onların fəaliyyətinə dair əməkdaşlıq da üçtərəfli olub və həmişə yüksək səviyyədə həyata keçirilib. Bu baxımdan da Azərbaycan Prezidenti İlham Əliyev yeni layihənin icrasında məhz həmin uğurlu əməkdaşlığa əsaslanmağın vacibliyini vurğulayıb və vəziyyəti belə səciyyələndirib: “Əvvəlcə olduğu kimi, Gürcüstan, Türkiyə və Azərbaycan arasında aparılmış üçtərəfli əməkdaşlığa bənzər qaydada işləməliyik. Həmin üçtərəfli əməkdaşlıq və yüksək səviyyədə olan qarşılıqlı etimad, dəstək artıq qeyd etdiyim layihəni həyata keçirməyə imkan verdi. Hazırda isə daha mürəkkəb vəziyyətdir. Çünki iştirakçılar və tərəfdaşların sayı çoxdur. Buna görə bizə maksimal səviyyədə qarşılıqlı etimad lazımdır və bir-birimizi dəstəkləməliyik. Hamımız bu layihənin həyata keçirilməsinə töhfə verməliyik ki, onu vaxtında icra edək”.
Tədbir iştirakçıları Azərbaycan Prezidentinin səsinə səs verib, görülən nəhəng işlər və belə bir görüşün təşkili üçün minnətdarlıqlarını bildirib və ona dəstəkçi olduqlarını vurğulayıblar. Yunanıstanın məhsuldar istehsal, ətraf mühit və enerji naziri Panagiotis Lafazanis deyib: “TAP və “Cənub” qaz dəhlizi layihələrinin dəstəklənməsi ilə bağlı bizim milli siyasətimiz dəyişməzdir. Biz TAP layihəsinin Yunanıstanda nəzərdə tutulmuş vaxt çərçivəsində, bütün tərəflərin hüquqlarına hörmət etməklə və layihənin keçdiyi bütün ölkələrin yerli icmaları və iqtisadiyyatlarına fayda verəcək şəkildə reallaşmasını təmin etmək üçün bütün maraqlı tərəflərlə sıx və səmərəli şəkildə işləməyə sadiqik”.
Tədbirin digər iştirakçıları da layihənin uğurla reallaşması üçün nəzərdə tutulan bütün işlərə ciddi və məsuliyyətlə yanaşdıqlarını söyləmiş, mənfəət, xeyir-bərəkət gətirəcəyinə inam ifadə etmişlər. Məsələn, Gürcüstanın Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze bildirib ki, onlar bu layihədən investisiyalar, işsizliyin aradan qaldırılması, enerji təhlükəsizliyi və iqtisadi inkişafın, sabitliyin təmin edilməsini gözləyirlər.
“Cənub” qaz dəhlizi “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsindən əldə olunacaq ildə 16 milyard kubmetr qazın nəqlini həyata keçirəcək. Bunun 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya ötürüləcək. Bir neçə seqmentdən ibarət dəhliz ümumi uzunluğu 3500 kilometrdən çox olan boru kəmərləri vasitəsilə qazın Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana, Albaniyaya və İtaliyaya çatdırılmasına imkan verəcək. İlk qazın hasil edilməsi, onun Gürcüstana və Türkiyəyə çatdırılması 2018-ci ilin sonuna nəzərdə tutulub. Bundan bir il sonra isə qazın Avropaya nəqli planlaşdırılıb.
Qeyd edildiyi kimi, “Cənub” qaz dəhlizinin əsas resurs bazası “Şahdəniz”dir. Sözügedən tədbirdə “Şahdəniz” layihəsinin əməliyyatçısı olan BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell “Cənub” qaz dəhlizi barədə ətraflı söhbət açıb. O qeyd edib ki, bu, neft və qaz sənayesi sahəsində meqalayihədir. Hazırda dünyada həyata keçirilən üç, yaxud dörd ən iri enerji layihələrindən biridir. Avropa və Türkiyə üçün yeni enerji mənbəyidir.
Gələcəkdə “Ümid”, “Abşeron” və digər yataqların da “Cənub” qaz dəhlizinə qovuşacağı şəksizdir. Ümumiyyətlə, Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,5 trilyon kubmetrdən çoxdur.
İndi dünyada köhnə qaz yataqlarının ehtiyatlarının azaldığı, yenilərinin isə ləng kəşf edildiyi, Avropanın mavi yanacağa tələbatının getdikcə artdığı bir zamanda Azərbaycanın bu ehtiyatları böyük önəm daşıyır. Başqa sözlə, Avropa Azərbaycan qazının yolunu gözləyir.
Azərbaycan qazı bir çox ölkələrə hərarət bəxş
etməklə yanaşı, Avropanın enerji
təhlükəsizliyinə də təminat verəcək. Məşvərət
Şurasının Bakıda keçirilən tədbirində
ABŞ Dövlət Departamentinin enerji ehtiyatları bürosunun
xüsusi nümayəndəsi Amos Hoçsteyn “Cənub”
qaz dəhlizini belə dəyərləndirib:
“Enerji təhlükəsizliyi məsələsi
təkcə enerji ilə bağlı deyil. Bu, sabitlik
deməkdir. Geosiyasi sabitlik
bu regionların iqtisadi
firavanlığı deməkdir. “Cənub” dəhlizi bizim üçün, eyni zamanda fikirləşirəm
ki, burada əyləşən
hər bir insan üçün Avropa enerji təhlükəsizliyinin təməl
daşıdır”.
Azərbaycan.-2015.- 15 fevral.- S.1.