İsmayıllılılar yeni ilə işgüzarlıqla başlayıblar

 

Regionların  sosial-iqtisadi inkişaf III Dövlət Proqramı

 

Dağların qoynunda yerləşən gözəl bölgələrdən biri də İsmayıllıdır. Bu yurdun da dağ havalı, çətinliklərə əzmkarlıqla sinə gərən, el-oba yolunda hər cür fədakarlıqlara hazır olan övladları çoxdur. Ismayıllının son zamanlar tanınmaz dərəcədə dəyişib inkişaf etməsi, müasir bir bölgəyə çevrilməsi dövlətin yüksək qayğısı, ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələrin məsuliyyətlə yerinə yetirilməsi və rayon icra hakimiyyəti rəhbərliyinin təşəbbüskarlığı ilə yanaşı, həm də rayon sakinlərinin yurd-torpaq sevgisi, yaradılanın qədrini bilmək, qoruyub yaşatmaq istəyi və ümumi mənafe naminə çalışmaq əzmi ilə də şərtlənir.

Ancaq rayonda hamının, necə deyərlər, ucdantutma belə düşündüyünü desək, səmimiyyətdən və reallıqdan uzaq olarıq. Birmənalı şəkildə demək olar ki, hər rayonun öz “ağzıgöyçəkləri”, xeyiri şər, ağı qara görmək istəyənləri, bütün gecəni yuxusuna haram qatıb sabah üzdəniraq saytların hansına nə yalanya qarayaxma ötürəcəyini götür-qoy edənləri də var. İsmayıllının Tircan kəndindən olan sürücü Ataş kişinin təbirincə desək, belələri yaxşı bir , xeyirxah bir əməl görəndə elə bil üstlərinə daş yağır. Əgər həftənin istirahət günü İsmayıllıdakı velosiped zavodununya hansısa obyektin tikintisində dayanıbsa, həmin “başıdaşlılar” yaxalarını cırıb, haray-həşir salırlar ki, tikintinin pulunu yeyiblər, yarımçıq qalıb... Bəli, bunlar reallıqlardır və bir də reallıq olan odur ki, abadlıq-quruculuq işlərinin miqyası genişləndikcə, sosial çətinliklər aradan qaldırıldıqca, gün-güzəran daha da yaxşılaşdıqca “ağzıgöyçəklər”in, kəmfürsətlərin mövzusu da tükənir.

İsmayıllı yeni ilə də yüksək işgüzarlıq ovqatı ilə başlayıb. Dövlətin və Prezident İlham Əliyevin diqqəti, qayğısı sayəsində mövcud layihələrin icrası uğurla davam edir, yeni quruculuq tədbirləri planlaşdırılır. Üçüncü regional dövlət proqramında 2015-ci il üçün İsmayıllı rayonu ilə bağlı nəzərdə tutulan tədbirlərin icrası da müvəffəqiyyətlə start götürüb. Yeri gəlmişkən qeyd edək ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev bir daha regional dövlət proqramlarının icrasının əhəmiyyətini xüsusi qeyd etmişdir:Biz üçüncü proqramı da 2018-ci ilə qədər uğurla icra etməliyik... Proqramı icra etmək üçün bütün cəmiyyət səfərbər olmalıdır və əminəm ki, biz buna nail olacağıq. Bu gün bu salonda bütün rayonların, şəhər icra hakimiyyəti başçıları, tanınmış biznes strukturunun rəhbərləri əyləşiblər. Yəni, bu proqramın icrası məsələsi böyük dərəcədə sizin fəaliyyətinizdən asılı olacaq. Əlbəttə ki, dövlət öz siyasətini aparır, bu il və gələn illərdə investisiya proqramı icra ediləcək. Bizim düşünülmüş siyasət imkan verir ki, bütün məsələlər həll olunsun. Sahibkarlara kömək davam etdiriləcək, quruculuq-abadlıq, infrastruktur layihələrinin icrası təmin ediləcək, ancaq yerlərdə dövlət qurumlarının və biznes strukturlarının nümayəndələri birgə çalışmalıdırlar ki, işlər daha da sürətlə getsin”.

İsmayıllı RİH başçısı Mirdaməd Sadıqov söhbət zamanı qeyd etdi ki, dövlət başçısının çıxışında proqramların, infrastruktur layihələrinin icrası ilə bağlı səslənən inam və qətiyyət dolu fikirlər dünyanın iqtisadi problemlərlə üz-üzə qaldığı bir vaxtda həm siyasi, həm mənəvi baxımdan böyük stimul rolunu oynayır. Biz də dövlət başçısının bu fədakarlığına və etimadına cavab olaraq verilən tapşırıqların yerinə yetirilməsində əzmkarlığımızı və məsuliyyətimizi daha da artırmalıyıq. Çalışmalıyıq ki, ölkəmizin uğurlarına öz töhfəmizi verək.

Bəli, İsmayıllı dövlətin qayğısı ilə uğurlu inkişafını, quruculuq işlərini davam etdirir. Keçən dərs ilində rayonda 3 məktəb və uşaq bağçası istifadəyə verilib. Bu il isə 2 məktəb və 2 uşaq bağçasının tikintisi başa çatdırılacaq. Vaxtilə İsmayıllı şəhər 1 nömrəli uşaq bağçası düzgün olmayaraq özəlləşdirilmişdi. Həmin bağçanın binası yenidən öz təyinatı üçün qaytarılıb və bu yaxınlarda əsaslı təmirdən sonra istifadəyə veriləcək. Mican, İsmayıllı (Yuxarıbaş, Aşağıbaş hissələri) kəndləri şəhərə birləşdirildikdən sonra abadlaşdırılmağa və asfaltlaşdırılmağa ehtiyacı olan küçələrin sayı da artıb. Keçən il 6 küçədə bu işlər görülüb. Bu il üçün isə küçənin layihəsi hazırlanıb. Hələlik küçələrə çınqıl döşənir, səkilər tikilir, asfalt üçün özül hazırlanır. Velosiped zavodunda tikinti işləri öz axarındadır. Neçə illər idi ki, “Şahdağkiçik müəssisəsi adına olan şəhər bazarı heç bir baxımdan əhalini razı salmırdı. Rayon icra hakimiyyəti rəhbərliyi bunu nəzərə alıb “Yaşıl marketmüasir bazar tikmək üçün rayona investor cəlb edib. Keçmiş süd zavodu ərazisində inşasına başlanılmış “Yaşıl market” bölgə üçün də əhəmiyyətli olacaq. Müxtəlif istiqamətli ticarətin təşkili sayəsində burada 500 nəfər işlə təmin ediləcək. Kənd təsərrüfatı məhsullarının satışı üçün daha münasib şərait yaradılacaq.

Uzun illərdir ki, qədim Basqal qəsəbəsi qazsız idi, yanacaq baxımından sakinlər çətinlik çəkirdilər. 2015-ci ildən bu qəsəbəyə qaz çəkilişinə başlanılıb. Basqaldan sonra Zeyvə, Xankəndi, Tağlabiyan, Mücü, SulutKürdüvan kəndləri də qazlaşdırılacaq. Basqalın digər problemləri də həll olunur. Burada əsaslı körpü inşa edilib, “Turist kəndi” yaradılmasının proqramı işlənib. Həkim məntəqəsi tikmək və uşaq bağçasını bərpa etmək də nəzərdə tutulub.

Rayon əhalisinin əkin sahələrinin suvarılması və içməli su ilə təchizatını yaxşılaşdırmaq üçün 8 yerdə artezian quyusu qazılması layihəsi hazırlanıb. İlin sonuna 8-i də istifadəyə verilməlidir.

Şəhərin M.F.Axundov küçəsində 1989-cu ildən yarımçıq qalmış “Ziyalılar evinin tikintisinin davam etdirilməsi və uşaq-incəsənət məktəbinin balansına verilməsi, İsmayıllı Dövlət HumanitarTexnologiya Kollecinin yeni binasının tikilməsi barədə müvafiq orqanlar qarşısında məsələ qaldırılıb.

Heydər Əliyev parkı ərazisində istifadəyə verilən “Yay filarmoniyası” və “Pilot məşğulluq mərkəzi” 2014-cü ilin uğurlu işləri sırasındadır. Lahıc qəsəbəsi ilə Ərəgit kəndi arasındakı körpünü, Vəng kəndinə yerli imkanlar hesabına çəkilən çınqıl yolu, şadlıq sarayını, bank binasını, uşaq-istirahət mərkəzini və sairqeyd etmək olar. Heydər Əliyev prospekti, Nizami Gəncəvi, M.F.Axundov küçələri müasir üslubda yenilənib və abadlaşdırılıb. 2015-ci ildə Q.Aslanov, N.Nərimanov, Cavanşir, M.Müşfiq, Zərdabi küçələrində də abadlıq işləri görüləcək.

“Kənd təsərrüfatı ili” ilə əlaqədar layihələr də icra olunur. Keyvəndi kəndində 1500 başlıq süd və ət istehsalı üzrə müəssisə bu il istifadəyə veriləcək. Qalınçaq kəndi ərazisində 9,31 hektarda ildə 1000 ton ət istehsal edəcək hind quşu fabrikinin, Kəlbənd kəndində yeni heyvandarlıq kompleksinin tikintisinə başlanılıb. Quşçuluq fabrikinin perspektivdə 450-500 işçisi olacaq. Qubaxəlilli, İvanovka və Gəraybəyli kəndləri ərazisində aqroparkların (iri taxılçılıq kooperativlərinin) yaradılması layihələrinin də icrasına başlanılmaq üzrədir.

Rayonda gənclərin məşğulluğunun artırılmasına, ixtisas biliklərinin təkmilləşdirilməsinə, uyğun işlərə cəlb olunmasına xüsusi diqqət yetirilir. İki ildə 32 gəncə müxtəlif dövlət qulluğu və idarəetmə sahəsində işləmək etibar edilib. Gənclər ingilis dili, dizayner, İKT kurslarında, yaradıcılıq dərnəklərində məşğul olurlar. Yaradılmış “İnnovasiya mərkəzi” yeni layihələr işləyir. Rayonda olarkən söhbət etdiyimiz 100 yaşı adlamış, İkinci dünya müharibəsi veteranı Bilal Əliyev, əmək veteranı İnqilab Həsənov, fermer Vahid İsayev, Dövlət HumanitarTexnologiya Kollecinin tələbəsi Rahid Rəcəbli, müəllim Qönçə Ağazadə, şəhər sakini İsmayıl Bünyatov görülən işlərdən razılıqla danışdılar və rayona qayğısına görə dövlət başçısına minnətdarlıq etdilər.

Bəli, hələ ilin əvvəlidir. Ancaq bu iliuğurlar, yüksək göstəricilər ilinə çevirmək üçün bütün imkanları indidən səfərbər etmək lazımdır. İsmayıllı sakinləri də məhz belə düşünür, əminliklə bildirirlər ki, qarşıya qoyulan tapşırıqlar yüksək səviyyədə yerinə yetiriləcək.

 

Telman NƏZƏRLİ,

Azərbaycan.-2015.- 15 fevral.- S.5.