Səmərəli dövlət qulluğunda kadr siyasətinin icra mexanizmləri

 

Azərbaycan dövlətçiliyinin davamlı inkişafı, şəffaf, demokratik və peşəkar dövlət qulluğunun formalaşdırılmasına yönəlmiş modernləşmə xətti idarəetmə münasibətlərində vətəndaşın fərqli aspektdən çıxış etməsinə, onunla vəzifəli şəxslər arasındakı münasibətlərin keyfiyyətcə yeni müstəviyə keçməsinə şərait yaradanmüasir kadr siyasətinin mahiyyətini müəyyənləşdirən dəyərlər sistemi formalaşdırmışdır. Prezident İlham Əliyevin uğurlu dövlət idarəçiliyi strategiyasının nəticəsində formalaşan inkişaf modeli səmərəli kadr siyasətinin və peşəkar dövlət qulluğunun da zəmini olmuşdur.

Müasirgüclü dövlətin, səmərəli, demokratik və şəffaf idarəetmənin formalaşdırılması istiqamətində aparılan ardıcıl islahatlar ölkədə vətəndaşa yönümlü dövlət qulluğu modelinin formalaşdırılmasına, dövlət qulluğunun “cəmiyyətə, xalqa xidmət” mənasını qazanmasına, milli kadr siyasətinin əsas istiqamətlərinin, müasir dövlət qulluqçusunun zəruri xüsusiyyətlərinin müəyyənləşdirilməsinə səbəb olmuşdur. Milli-mənəvi dəyərlərə bağlı, dövlətini və millətini sevən, müasir və yaradıcı təfəkkürlü, geniş dünyagörüşlü, peşəkar kadrların dövlət qulluğuna cəlb olunması, həmçinin kadr potensialının, insan resurslarının intellektual bazasının yenilənməsi və genişləndirilməsi üçün mühüm tədbirlər keçirilmişdir. Respublikamızda kadr siyasəti peşəkarlıq, müasirlik, milli ideologiya və milliliklə ümumbəşəri dəyərlərin optimal vəhdəti, xalqa xidmət kimi meyarlar üzərində qurulmuşdur. Dövlət siyasətinin mərkəzində vətəndaşın durması, dövlət xidmətləri sahəsində vətəndaş məmnunluğunun xüsusi önəm daşıması, vətəndaşa yönümlü peşəkar dövlət qulluğunun yaradılması kadr siyasətinin məzmununa və icra mexanizmlərinə də yeni çalarlar qazandırmışdır. Qeyd etmək lazımdır ki, müasirdemokratik idarəetmə mexanizmi, səmərəli dövlət qulluğu üçün kadr siyasətinin özü qədər icra mexanizmləri də əhəmiyyətlidir. Çünki kadr siyasəti məhz icra mexanizmləri vasitəsilə həyata keçirilir. İcra mexanizmləri səmərəlidirsə, peşəkar dövlət qulluğu formalaşacaq, şəffafdırsa, dövlət qulluğuna qəbul və qulluqda irəliləyişə bərabər imkanlar mövcud olacaqsağlam rəqabətə əsaslanan obyektiv müsabiqə əsasında kadr potensialı formalaşacaq və xidmət illəri boyu daha da inkişaf etdiriləcəkdir. Müasir Azərbaycanda kadr siyasətinin icra mexanizmləri kadrların seçilməsini, yerləşdirilməsini və inkişaf etdirilməsini, onun potensialının üzə çıxarılması, qulluqda irəliləyişini şəffaflıqla təmin edən, obyektiv qiymətləndirmə meyarlarını müəyyənləşdirən təminat vasitələrinin sistemidir. Bunlar dövlət orqanlarının peşəkar və məsuliyyətli, vətənpərvər, yüksək əxlaqi-mənəvi dəyərlərə malik kadrlarla təmin olunması ilə yanaşı, onların inkişafına, davranışlarının təkmilləşdirilməsinə də xidmət edir.

Səmərəli dövlət qulluğunda kadrların seçim mexanizmi mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyildir ki, dövlət orqanlarının dövlət qulluğuna yararlı, öz vəzifələrini yerinə yetirmək qabiliyyəti olan, yüksək ixtisaslı şəxslərlə komplektləşdirilməsi geniş yanaşdıqda dövlət qulluğunun əsas vəzifələrindəndir. Respublikamızda inzibati vəzifələr müsabiqə, müsahibə və qulluqda yüksəliş mexanizmlərilə tutulur. Bu cür demokratik icra mexanizmləri vasitəsilə reallaşdırılan kadr siyasəti dövlət orqanlarının milli ruha, soy-kökə bağlı olan, dövlətçiliyə və müstəqilliyə sadiq peşəkar və məsuliyyətli kadrlarla təchizinə xidmət edir. Kadrların seçilməsi və yerləşdirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əsas fəaliyyət istiqamətlərindəndir. Müsabiqənin test mərhələsində namizədlərin bilik, məntiqi düşüncə səviyyəsi ilə yanaşı dünyagörüşü, yəni, dünyanın, əsasən də Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri üzrə bilikləri də yoxlanılır. Müsahibənin əsas meyarlarına bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü və vəzifə üçün zəruri şəxsi keyfiyyətlər aiddir. Müsabiqənin və müsahibənin, irəliləyişin qaydaları “Dövlət qulluğu haqqında” qanun, “Dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması üçün müsahibənin keçirilməsi” qaydaları ilə müəyyən edilir. Müsabiqəyə yüksək ictimai etimadın nəticəsidir ki, ildən-ilə vakant dövlət qulluğu vəzifələrinin və namizədlərin artım dinamikası müşahidə olunur. Belə ki, əgər 1-ci müsabiqədə 188 vakant vəzifə üzrə 930 namizəd qeydə alınmışdısa, artıq 12-ci müsabiqədə 888 vəzifə üzrə 5283 nəfər namizəd qeydə alınmışdı.

Qanunvericilikdə məntiqi ardıcıllıqla müəyyənləşdirilən icra mexanizmləri kadrın seçimindən başlayaraq onun qulluğu boyu növbəli şəkildə bir-birini əvəzləyir. Müsabiqədən sonra kadr siyasətinin digər icra mexanizmlərinin (staj və sınaq müddətinin) tətbiqinə başlanılır. Bunlardan da uğurla keçən şəxs daimi dövlət qulluğuna qəbul olunur və dövlət qulluqçusu statusunu alır. Dövlət qulluqçularına tətbiq olunan digər icra mexanizmləri artıq onların adaptasiyasına, fəaliyyətlərinin qiymətləndirilməsinə, potensiallarının inkişafına, səmərəli motivasiyaqulluqda irəliləyiş sisteminin qurulmasına xidmət edir. İcra mexanizmlərindən biri olan attestasiya mexanizmi dövlət orqanının funksional təyinatının optimal təmininə şərait yaradan üsul və vasitələrin məcmusudur. Attestasiyanın qaydaları və şərtləri “Dövlət qulluğu haqqında” qanunun 31-ci maddəsi ilə müəyyən olunur. Hər bir dövlət qulluqçusu, qanunda başqa hal nəzərdə tutulmayıbsa, beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilir. Bu mexanizmin əsas məqsədləri dövlət qulluqçusunun vəzifəsinə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsindən, onun potensial imkanlarından istifadənin mümkünlüyünün aşkara çıxarılmasından, öz peşə səriştəsini artırmağa stimullandırılmasından, əlavə təhsilə zərurətin müəyyənləşdirilməsindən ibarətdir. Attestasiya komissiyası dövlət qulluqçularının qazandıqları müvəffəqiyyətlərə görə mükafatlandırılması, irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi, əlavə təhsilə cəlb edilməsi, qulluq fəaliyyətinin, işin nəticələrinin yaxşılaşdırılması, aşağı vəzifəyə keçirilməsi və ya vəzifədən azad edilməsi barədə tövsiyələr verə bilər.

Kadr siyasətinin icra mexanizmlərindən biri olan xidməti fəaliyyətin qiymətləndirilməsi heyətin idarə olunmasında nəzarət funksiyasının təzahürlərindən biridir. Qiymətləndirmə dövlət orqanının fəaliyyətinin yaxşılaşdırılmasına, dövlət qulluqçularının işində səriştənin, fəallığın, peşəkarlığın artırılmasına xidmət edir və bilavasitə rəhbər tərəfindən peşə bilikləri, xidməti vəzifələrə münasibət, təhlili aparmaq, problem həll etmək və qərar vermək bacarığı, yaradıcılıq və təşəbbüskarlıq, əmək intizamı, təcrübəsi və onu bölüşmə, kollektivdə işləmək bacarığı, ünsiyyət və s. meyarlar əsasında aparılır. Qeyd edək ki, məmurların xidməti fəaliyyətinin və şəxsi xüsusiyyətlərinin qiymətləndirilən rəhbər prinsipləri Prezident İlham Əliyevin yürütdüyü siyasətin müddəalarında özünün birbaşa təsbitini tapmışdır. Hər bir vətəndaşın müşahidə edə bildiyi bu prinsiplərə milli ruha və soy-kökə bağlılıq, tarixi bağlara, dövlətçiliyə və müstəqilliyə sədaqət, xalqa xidmət, xalqla bir yerdə olmaqona qayğı ilə yanaşmaq, yüksək mənəvi-əxlaqi dəyərlərə malik olmaq, təvazökarlıq və nəzakət, peşəkarlıq, məsuliyyət və geniş intellektual bazaya malik olmaq, şəffaf, obyektiv, peşəkar və nəzakətli xidmət və s. aid etmək olar. Qiymətləndirmənin məqsədləri idarəetmənin modelindən asılı olaraq dövlətin siyasətinə və dövlət orqanının məqsədlərinə uyğun müəyyən olunur. Belə ki, ölkədə formalaşdırılan “ASAN xidmət” idarəetmə modelində xidməti fəaliyyətin qiymətləndirilməsinin məqsədlərinə işin effektivliyini və keyfiyyətliliyini müəyyən etmək, əməkdaşlarda məsuliyyət hissini artırmaq, onların peşəkarlıq səviyyəsini və təlimə olan tələbatını müəyyən etmək, əmək qabiliyyətinin, fərdi keyfiyyət və bacarıqlarının inkişafını təmin etmək, inkişafa təşviq edən əmək şəraitini yaratmaqs. aiddir. Modeldə qiymətləndirmə nəticələri qulluqda yüksəliş, peşə hazırlığı, ixtisasartırma və mükafatlandırma, intizam tənbeh tədbirləri ilə bağlı qərarların qəbul edilməsində və ya karyeranın planlaşdırılması üçün istifadə olunur.

Kadr siyasətinin icra mexanizmlərindən biriehtiyat kadr institutudur. Respublikada müsabiqənin nəticəsi üzrə, dövlət qulluğunun rəhbər vəzifələrinin tutulması üzrə və ləğv edilmiş dövlət orqanı üzrə ehtiyat kadrlar bazası mövcuddur. Dövlət orqanlarında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması üçün ehtiyat kadrların formalaşdırılması qaydalarına əsasən, bu işdə məqsəd müvafiq dövlət orqanlarında analoji vakant vəzifələr yarandıqda, siyahıdakı namizədlərin müsabiqədənkənar həmin vəzifələrə təyin edilməsi üçün dövlət orqanına təqdiminin təminidir. Rəhbər vəzifələrinin tutulması üzrə ehtiyat kadrların formalaşdırılmasında isə məqsəd kadr potensialının səmərəli istifadəsini, kadrların düzgün seçilməsini və yerləşdirilməsini, onların peşəkarlığının artırılmasını və hərtərəfli inkişaf üçün şəraitin yaradılmasını, fəallığının həvəsləndirilməsini təmin etməkdir. Bu öz peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətlərinə görə vəzifələri tutmağa layiqli kadrların müəyyən edilməsi və seçilmiş namizədlərin hərtərəfli inkişaf etdirilməsinə əsaslanır. Onların təhlil və proqnozlaşdırma, idarəetmə, komanda qurmaq bacarığı, analitik təhlil, insan resurslarının səmərəli idarə olunması, təşkilatçılıq və təşəbbüskarlıq, problemi strukturlaşdırmaq, informasiyanı toplamaq və təhlil etmək, alternativ qərar variantlarını hazırlamaq və optimal variantı seçmək və s. bacarıqlarının inkişafı üçün interaktiv təlimlər, kurslar və müxtəlif tədbirlər həyata keçirilir. Qeyd edək ki, vəzifəyə təyin edilməklə ehtiyat kadrlar siyahısından çıxarılmış namizədlərin sayı I müsabiqədə 12 nəfər olmuşdusa, artıq 13-cü müsabiqə üzrə bu göstərici 27 nəfər olmuşdur. (http://csc.gov.az)

Kadr potensialının təkmilləşdirilməsində zəruri əhəmiyyət kəsb edən hazırlıq və yenidən hazırlıq mexanizmi də qanunvericilikdə öz təsbitini tapmışdır. Dövlət qulluqçusunun əlavə təhsili fasiləsiz təhsilin və peşə hazırlığının tərkib hissəsi olmaqla, peşə-ixtisas təhsilinin hər hansı pilləsini bitirmək haqqında dövlət sənədi olan hər bir dövlət qulluqçusunun fasiləsiz təhsil almaq imkanını təmin edir. Əlavə təhsil alma dövlət qulluqçularının təminatları sırasında (qanunun 21.1.5.mad.), həmçinin müsahibədə (qanunun 29.9.3.mad.) və qulluqda irəli çəkilmədə nəzərə alınan göstəricilərdən biri kimi müəyyənləşdirilmişdir. NK-nın 19 mart 2009-cu il tarixli “Dövlət qulluqçusunun əlavə peşə təhsilinin növü, forması, müddəti və maliyyə təminatı Qaydaları”nın təsdiq edilməsi haqqında qərarında da dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin artırılması, onların nəzəri və praktiki biliklərinin əldə edilməsi və artırılması, qabiliyyət və peşə vərdişlərinin, ümumi intellektual səviyyənin artırılması məqsədi ilə əlavə peşə təhsilinin zəruriliyi müəyyən olunmuşdur. Dövlət qulluqçularının hazırlığında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçılık Akademiyasının “Rəhbər kadrların ixtisasının artırılması” fakültəsinin xüsusi rolu vardır. Burada dövlət qulluqçularının yenidən hazırlanması və bu istiqamətlərdə qısamüddətli ixtisasartırma kursları fəaliyyət göstərir: “Azərbaycan dövlətçiliyinin hüquqi əsasları və inzibati islahatlar”, “Dövlətin sosial siyasəti: mahiyyəti, prioritetlər və həyata keçirilmə mexanizmləri”, “Azərbaycan Respublikasında gənclər siyasəti”, “Azərbaycanda dövlət, ailə, qadın və uşaq siyasəti”, “Dövlət qulluğunun təşkilati əsasları və dövlətin kadr siyasəti” və s. Peşə və ixtisas üzrə biliklərinin artırılması məqsədi ilə həyata keçirilən qısamüddətli təlimlər də əlavə peşə təhsilinin növlərindən biridir. Məşğulluq strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün dövlət proqramının həyata keçirilməsi üzrə tədbirlər planındakı məsələlərdən birini də məhz yerində təhsilin davam etdirilməsi və modul təlim proqramlarının tətbiqi təşkil edir. Təlim sistemi kadrların sosial-psixoloji qabiliyyətlərinin, ümumi intellektual səviyyələrinin artırılmasına, onların peşəkarlığının, idarəetmə qabiliyyətlərinin inkişaf etdirilməsinə xidmət edir. Qeyd edək ki, ölkədə yaradılan milli idarəetmə modeli olan “ASAN xidmət” modelində də təlim mexanizminə mühüm yer verilmişdir. Təlimlərin keçirilməsi Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyət istiqamətlərindən biridir. Agentliyin “Təlim Qaydaları” hazırlanmış, təlim strategiyası təsdiq olunmuşdur. Strategiyanın məqsədi agentlikdə müasir təlim standartlarına və infrastruktura malik olan, əhatəli, səmərəli, çevikinformasiya cəmiyyətinin təşəkkülünü təmin edən innovativ təlim sistemini yaratmaqla peşəkar, kreativ, milli dəyərlərə sadiqinnovativ düşüncəli kadr potensialını formalaşdırmaqdan ibarətdir. Yalnız 2014-cü il ərzində agentlikdə etik davranış qaydaları, stressin idarə olunması, kütlə psixologiyası və sosial həssaslıq, dinləmə və izahetmə bacarığı, səmərəli ünsiyyətin prinsipləri və s. mövzularda 362 təlim keçirilmişdir.

Beləliklə, ümumdövlət siyasətinin əsasında formalaşan, çoxsaylı subyektə, mürəkkəb struktura, obyektiv xarakterə malik olan kadr siyasəti dövlətin fəaliyyət istiqamətlərindən biri kimi, insanlarla iş-ləmək üçün təşkilati xarakterli prinsiplərin işlənib hazırlanmasını, insan potensialının üzə çıxarılmasını, peşəkar kadr korpusunun yaradılmasını, kadr potensialının inkişafının təmin olunmasını, kadr ehtiyatının formalaşdırılmasını və rasional istifadəsini, səmərəli qiymətləndirmə mexanizminin yaradılmasını və s. nəzərdə tutur. Ölkədə yaradılan şəffaf və müasir idarəetmə modeli kadr siyasətinin icra mexanizmlərinin mahiyyətini “dövlət qulluğu xalqa xidmətdir” prinsipi ilə, dövlət orqanlarının kadrlarının əsas xüsusiyyətlərini isə siyasi iradəyə əsaslanan “hər bir dövlət məmurunun öz xalqına xidmət etmək vəzifəsi” ilə müəyyənləşdirir.

Nazənin HÜSEYNOVA,

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət

 İdarəçilik Akademiyasının “Dövlət qulluğu və

 kadr siyasəti” kafedrasının dosenti

Azərbaycan.-2015.- 15 fevral.- S.6.