Su torpağın canı, texnika isə kəndlinin sağ əlidir

 

Kənd təsərrüfatı ili

 

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransın materialları ilə tanış olarkən belə bir nikbin qənaətə gəlirsən ki, mahiyyət etibarı ilə qlobal böhran qlobal təşəbbüsləri səfərbərliyə alıb inkişafı təmin edən şərtlərini istiqamətləndirən güclü amildir. Bu baxımdan son vaxtlar dünyada vüsət alan gərginliklər Azərbaycana nəinki sirayət etmədi, əksinə, həyata keçirilən layihələr və sistemli islahatlar gələcəkdə bizi gözləyə bilən və ehtimal edilən təhlükələrdən qorumaqla yanaşı, böyük perspektivlərə nail olmağa imkan yaratdı.

Bu məqama Azəbaycan Prezidenti İlham Əliyev konfransdakı çıxışında belə aydınlıq gətirir: “İstisna edilmir ki, gələcək illərdə bölgədə gərginlik daha da artacaq. Çünki bu vaxta qədər görmədiyimiz təhlükələr meydana çıxır. İstisna olunmur ki, böhranla, iqtisadi, maliyyə böhranı ilə bağlı bizi qarşıda daha da böyük sınaqlar gözləyə bilər. Ancaq biz bütün bu çağırışlara hazır olmalıyıq və hazırıq. Çünki vaxtında bütün tədbirləri görmüşük, heç vaxt populist bəyanatlarla çıxış etməmişik, heç vaxt xaricdə yerləşən hansısa quruma xoşa gəlmək üçün addımlar atmamışıq. Ancaq praqmatik siyasət aparmışıq, Azərbaycan xalqının maraqlarını qorumuşuq və ölkəmizi inamla idarə etmişik”.

Beynəlxalq ekspertlər dünya düzənində baş verən gərginliklərdən xilas yolunu həm də aqrar sektorun inkişafında görürlər. 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfati ilielan edilməsi bu mənada xüsusi əhəmiyyət kəsb edir. Son vaxtlar bu sahəyə ayrılan xüsusi diqqət gələcək uğurların möhkəm təməlini qoymağa imkan vermişdir. Regionlarda əksəriyyəti kənd təsərrüfatına aid 4400 müəssisə fəaliyyətə başlamış, nəticədə aqrar sektorda çalışan sahibkarlıq subyektlərinin sayı dəfələrlə artmışdır. Şəmkirdə təməli qoyulmuş aqroparkda işlər artıq praktik müstəviyə keçmişdir. Xızı rayonunda da aqroparkların yaradılması məqsədilə baş plan hazırlanır. Bərdə və Xaçmazda isə aqrar-sənaye kompleksləri yaradılır. Əgər dünya miqyasında son 10 il ərzində kənd təsərrüfatı sahəsi üzrə artım 31,8 faiz olmuşsa, Azərbaycanda bu rəqəm 50 faizə yaxınlaşır, yəni, dünya üzrə orta göstəricidən 17,1 faiz artıqdır. Başqa bir fakt: bu dövr ərzində dünyada ərzaq məhsulları istehsalının artımı 18 faiz olduğu halda, ölkəmizdə bu göstərici 39 faiz təşkil etmişdir.

Dövlətin aqrar sahəyə artan diqqət və qayşısı, tətbiq ediən güzəştlər və yeniliklər bu sektorda çalışanları böyük uğurlara istiqamətləndirir. Ötən il kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinqə verilmiş texnikaların sayı əvvəlki illə müqayisədə 37, o cümlədən taxılyığan kombaynlar 57, traktorlar 48, digər texnikalar 29 faiz artmışdır. Onu da xüsusi qeyd etmək lazımdır ki, alınmış ümumi kənd təsərrüfatı texnikasının 83, kombaynların 79 faizi Avropa ölkələrinin ən tanınmış şirkətlərinin məhsullarıdır. Bir faktı nəzərdən keçirək: 2014-cü ildə idxal qiymətlərinin azaldılması ilə yanaşı, tətbiq edilən güzəştlərin həcminin artırılması hesabına fermerlər texnikanı əvvəlki ilə nisbətən 50, gübrəni isə 30 faizə qədər aşağı qiymətlə əldə etmişlər. Nəticədə həm məhsulun maya dəyəri əhəmiyyətli dərəcədə aşağı düşmüş, həm də fermerlərin gəlirləri artmış və investisiya imkanları xeyli genişlənmişdir.

Müasir dünyada aqrar sektorun üzləşdiyi çətin problərdən birisuvarma ilə bağlıdır. Su çatışmazlığından milyonlarla hektar əkin sahəsi, yeni salınan bağlar sıradan çıxır, yüz minlərlə kəndli müflisləşir və borca düşür, əli torpaqdan soyuyur. Azərbaycanda bu məsələyə hamıdan fərqli və diqqətlə yanaşılır. Ötən illər ölkə ərazisində yüz kilometrlərlə suvarma kanallarının və kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi həyata keçirilmişdir. 171 min hektar sahədə suvarılan torpaqların su təminatı və 178 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılmış, 20 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, 1194 subartezian quyusu qazılmışdır. Sel və daşqınlara qarşı Kür, Arazdağ çaylarında 1000 kilometrdən artıq sahilbərkitmə, bəndlərin möhkəmləndirilməsi işləri həyata keçirilmişdir. Taxtakörpü və Şəmkirçay su anbarlarının, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının, Baş Mil-Muğan kollektorunun tikintisi və digər iri layihələr aqrar sektorun inkişafında ciddi rol oynayır.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nin icrasının yalnız birinci ili ərzində şimal zonasındakı 6 çaydan Samur-Abşeron kanalına əlavə 320 milyon kubmetr su verilməsi üçün başlanılan tikinti işləri, eləcə də Neftçala rayonunda Kür çayı üzərində nasos stansiyasının və suvarma kanalının inşası davam edir. Füzuli və Ağcabədi rayonlarının ərazilərində isə 1725 hektar az məhsuldar qış otlaq sahələri suvarma suyu ilə artıq təmin olunur.

Məlum olduğu kimi, 2014-cü ildə havaların çox istiquraq keçməsi səbəbindən respublikanın çaylarında sululuq çoxillik normalardan xeyli az olmuş, bir sıra dağ çaylarının suyu tamamilə qurumuş, Mingəçevir, Şəmkir, Araz, Ağstafaçay, Coqazçay və digər su anbarlarında toplanılmış suların həcmi normadan xeli aşağı düşmüşdü. Amma strateji əhəmiyyətə malik olan Taxtakörpü su anbarının istifadəyə verilməsi Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının əhalisinin, sənayesinin və kənd təsərrüfatının su təminatını ödəmək üçün əlavə olaraq 260 milyon kubmetrə yaxın su verilməsinə imkan yaratmışdır.

Azərbaycan Prezidentinin sərəncamına əsasən, Dövlət Neft FondundanSamur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə ayrılmış vəsait hesabına Xızı rayonunda ümumilikdə 5415 hektarı yeni suvarılan olmaqla 7100, Siyəzən rayonunda 3963 hektarı yeni suvarılan olmaqla 4670 hektar sahədə meliorativ tədbirlər tezliklə başa çatdırılacaq və nəticədə yeni istifadəyə veriləcək 9378 hektar sahədə iri kənd təsərrüfatı müəssisələrinin yaradılmasına şərait yaranacaq. Tovuzçay və Şəmkirçay su anbarları zonasında da əkin sahələrini suvarma suyu ilə təmin edəcək magistral kanalların tikintisinin tezliklə başa çatdırılıb istifadəyə verilməsi nəzərdə tutulur. Bunlardan əlavə, Prezidentin Ehtiyat Fondundan ayrılan vəsait hesabına 34 şəhər və rayonun 241 yaşayış məntəqəsinin əkin sahələrinin suvarılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə 300 subartezian quyusu qazılacaq.

Dövlət başçısı konfransdakı yekun nitqində bir daha aqrar sahə üzrə prioritet istiqamatləri sadalamış, kənd təsərrüfatı və sənayenin qeyri-neft sektorunun əsas istiqamətlərindən olduğunu bəyan etmişdir. Bu isə o deməkdir ki, həm struktur islahatları, həm də kənd təsərrüfatının səmərəliyinin artırılması üçün tədbirlər davam etdiriləcək.

 

Bahadur İMANQULİYEV,

Azərbaycan.-2015.- 15 fevral.- S.7.