Azərbaycan Prezidenti İlham Əliyev İranın xarici
işlər
nazirinin başçılıq
etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev fevralın 16-da
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd
Cavad Zərifin başçılıq etdiyi nümayəndə
heyətini qəbul edib.
Məhəmməd
Cavad Zərif İran İslam Respublikasının Prezidenti Həsən
Ruhaninin salamlarını dövlətimizin
başçısına çatdırdı.
Ölkələrimiz
arasında əlaqələrin bütün sahələri əhatə
etdiyini bildirən Azərbaycan Prezidenti münasibətlərimizin
möhkəmləndirilməsində müxtəlif səviyyəli
qarşılıqlı səfərlərin əhəmiyyətini
vurğuladı. Prezident İlham Əliyev İran Prezidenti Həsən
Ruhani ilə keçirdiyi görüşlər zamanı qəbul
edilən qərarların önəmini qeyd etdi. Dövlətimizin
başçısı İranın xarici işlər naziri Məhəmməd
Cavad Zərifin başçılıq etdiyi nümayəndə
heyətinin ölkəmizə səfərinin məhsuldar olacağına
və əlaqələrimizin daha da genişləndirilməsi
işinə xidmət edəcəyinə ümidvar olduğunu
bildirdi.
Xarici
işlər naziri Məhəmməd Cavad Zərif ölkələrimiz arasında ikitərəfli
əlaqələrin dərin tarixə malik olduğunu
vurğuladı. O, İran-Azərbaycan münasibətlərinin
qurulmasında Azərbaycan xalqının ümummilli lideri, ulu
öndər Heydər Əliyevin xidmətlərini
böyük ehtiramla xatırlatdı. İranın xarici
işlər naziri ölkələrimiz arasında əlaqələrin
bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini
ifadə etdi.
Görüşdə
ölkələrimiz arasında regional təhlükəsizlik,
terrorizmə qarşı mübarizə, beynəlxalq təşkilatlar
çərçivəsində əməkdaşlıq,
enerji, nəqliyyat, müasir texnologiyalar, kənd təsərrüfatı
və digər sahələrdə əlaqələrin
inkişaf perspektivləri ilə bağlı məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin
başçısı Prezident Həsən Ruhaninin
salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını İranın dövlət
başçısına çatdırmağı xahiş
etdi.
AzərTAc
Azərbaycan.-2015.- 17 fevral.- S.1.