Azərbaycan ilə İran
arasında qarşılıqlı faydalı
əməkdaşlığın
inkişafı üçün geniş imkanlar var
Fevralın
16-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd
Cavad Zərifin rəhbərlik etdiyi nümayəndə heyəti
ilə görüşüb.
Nazirlər
Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər
ki, görüşdə Azərbaycanla İran arasında
mövcud iqtisadi-mədəni əlaqələrdən söz
açan tərəflər qarşılıqlı faydalı
əməkdaşlığın inkişafı
üçün geniş imkanların olduğunu qeyd ediblər.
Xüsusən enerji təchizatı, nəqliyyat, kənd təsərrüfatı,
mədəniyyət, turizm və digər sahələrdə
aparılan müştərək işlərin səmərəli
nəticələr verdiyi xatırlanaraq, bu istiqamətdə
mütəmadi görüşlərin və təcrübə
mübadiləsinin aparılmasının vacibliyi bildirilib.
Beynəlxalq
əməkdaşlıq məsələlərinə toxunan tərəflər
terrorçuluqla və ekstremizmlə mübarizə, habelə
regional münaqişələrin həlli mövzusunda söhbət
aparıblar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsindən danışarkən problemin
yalnız beynəlxalq hüquq normaları çərçivəsində,
Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin
toxunulmazlığı prinsipləri əsasında həllinin
mümkünlüyü bir daha vurğulanıb.
Görüşdə
qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər
ətrafında da fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2015.- 17 fevral.- S.2.