Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin

 nizamlanmasına dair müzakirələr aparılıb

 

Fevralın 16-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Pyer Andryu (Fransa), Ceyms Uorlik (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə qonaqlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qoşunların təmas xəttində mövcud vəziyyətlə bağlı təəssüratlarını bildiriblər.

Müdafiə naziri regiondakı vəziyyət, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalının davam etməsi, qaçqın və məcburi köçkünlərin mövcud problemləri, o cümlədən beynəlxalq təşkilatların münaqişənin həlli istiqamətində atdıqları addımların nəticəsiz qalması barədə fikirlərini bildirib.

Sonda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.-2015.- 17 fevral.- S.2.