Azərbaycan hər zaman ABŞ-la strateji müttəfiqliyinə sadiq qalıb

 

Fevralın 14-də Milli Məclisdə “Azərbaycan-ABŞ münasibətləri insan hüquqları, enerji və təhlükəsizlik məsələləri kontekstində” mövzusunda dinləmələr keçirilib. Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin təşkil etdiyi dinləmələrdə deputatlarla yanaşı, bir sıra siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının rəhbərləri, ekspertlər iştirak ediblər.

Dinləmələrdə ABŞ-Azərbaycan münasibətləri ilə bağlı geniş müzakirələr aparan iştirakçılar bildiriblər ki, ABŞ Azərbaycanın strateji müttəfiqidir, bu strateji müttəfiqlik Azərbaycanın müstəqillik əldə etdiyi dövrdən başlayıb və bu gündavam edir. Azərbaycan hər zaman ABŞ-la strateji müttəfiqliyinə sadiq qalıb. Ancaq bu gün Azərbaycanın ABŞ-la strateji tərəfdaş olmasını istəməyən dövlətlər və eləcə də onların Azərbaycandakı siyasi partiyalarda, QHT-lərdə nümayəndələri var. Tədbirin sonunda iştirakçılar ABŞ-ı Azərbaycana münasibətdə ikili standartları aradan qaldırmağa, Dağlıq Qarabağ münaqişəsində ədalətli mövqe nümayiş etdirməyə çağırıblar.

Günün müzakirə mövzusuna çevrilən məsələ ilə bağlı dinləmələrdə iştirak edən deputatlara müraciət etdik. Dinləmələrdə “ABŞ-da insan hüquqlarının təmin olunması: qanunvericiliyin tələbləri və real durummövzusunda məruzə ilə çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Demokratiyainsan haqları komitəsinin sədri Çingiz Qənizadə bizimlə söhbətində bildirdi ki, son 2 ayda ABŞ-da Azərbaycanla bağlı 2 dinləmə keçirilib. 12 yanvar 2015-ci il tarixində Vaşinqtonda keçirilən Azərbaycanla bağlı birinci dinləmələrin əsas iştirakçılarının siyahısında ermənilər, erməni lobbisinə bağlı olan “beynəlxalq təşkilatlar” və Azərbaycanın QHT adı altında dağıdıcı müxalifət təmsilçiləri əsas yer tutublar ki, bu da tədbirin spekulyativ mahiyyətinə aydınlıq gətirir. Dinləmələrdə Azərbaycanla bağlı reallığı əks etdirməyən, ölkəmizin getdikcə artan beynəlxalq nüfuzuna, iqtisadi yüksəlişinə, milli maraqlarımıza xələl gətirməyə hesablanan cəfəng fikirlər səsləndirilib: “Maraqlıdır, görəsən, nə baş verib ki, bir ayda 2 dinləmə keçirilib. Bu necə yanaşmadır? Təbii ki, sualın cavabı birdir: ikili yanaşma! Bunu faktlar da təsdiqləyir. Birinci növbədə bildirmək istəyirəm ki, bu gün Azərbaycanda fikir azadlığı mövcuddur. Azərbaycan söz, fikir azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşan dövlətlərdəndir. Lakin təəssüf ki, bəzi təşkilat nümayəndələri xarici dövlətlərə Azərbaycan haqqında xoşagəlməz informasiyalar ötürür, ölkəmizin imicinə zərbə vuran məlumatlar yayırlar. Mən Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçilərinin ermənilərlə, hətta Dağlıq Qarabağda separatizmi açıq-aşkar dəstəkləyən şəxslərlə eyni tədbirə qatılmalarını, onlarla bir masa ətrafında yer almalarını anlaya bilmirəm. Fikrimcə, yalnız Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu etiraf edən ermənilərlə nəyisə milli maraqlarımız çərçivəsində müzakirə etmək mümkündür. Mən ABŞ-dakı birinci dinləmələrdə iştirak edən Azərbaycanın milli QHT nümayəndələrini qınayıram, onların hərəkətlərini qətiyyətlə pisləyirəm”.

Deputat deyir ki, Azərbaycan müstəqillik illərində müntəzəm olaraq Qərbin ikili standartları ilə üz-üzə qalıb. Vaxt keçdikcə aydın olub ki, bu yanaşmanın kökündə müxtəlif xarici dairələrin, xüsusilə ABŞ-ın geosiyasistrateji maraqları durur. Bəziləri düşünürlər ki, Azərbaycanın öz dövlətçilik, milli maraqları ya ümumiyyətlə olmamalı, ya da başqalarının cızdığı çərçivədən kənara çıxmamalıdır. Yəni rəsmi Bakı yalnız tapşırıqlar yerinə yetirməlidir. Bu, tamamilə yanlış düşüncə tərzidir. Azərbaycan artıq əyani şəkildə sübut edib ki, müstəqil dövlət olaraq daxilixarici siyasətini, beynəlxalq əlaqələrini özü müəyyənləşdirir və bunun üçün hansısa güc mərkəzinin, kənar qüvvənin məsləhətlərinə ehtiyac görmür. Ç.Qənizadənin fikrincə, ABŞ-ın bəzi dairələri belə fikirləşməyə başlayıblar ki, Azərbaycan artıq Qərbi və onun dəyərlərini “inkar etmək” yolunu tutub. Guya Azərbaycan nə Avropa məkanına inteqrasiyada maraqlı deyil, nə də Vaşinqtononun müttəfiqləri ilə əlaqələrini inkişaf etdirmək istəyir: “Lakin onlar unudurlar ki, Azərbaycan ABŞ və onun müttəfiqləri ilə beynəlxalq terrorizmə, çirkli pulların yuyulmasına, narkotiklərin daşınmasına qarşı mübarizədə və digər sahələrdə sıx əməkdaşlıq edir. Biz bu mübarizədə beynəlxalq birliyin səylərini həmişə müdafiə etmişik, ABŞ və onun mütəffiqləri ilə iqtisadi, siyasisosial sahədə münasibətlərin inkişafında maraqlıyıq”.

Bəs, görəsən nə baş verir? Hansı səbəbdən Dövlət Departamentinin rəsmi orqanı kimi qəbul edilən “The Washington Post” qəzeti başda olmaqla bəzi Qərb KİV-lərində Azərbaycanın əleyhinə heç bir əməkdaşlıq anlayışına sığmayan, adi etika çərçivəsini aşan, qondarma materialların sayı durmadan artır. ABŞ-ın dövlət büdcəsindən maliyyələşən “Human Rights Watch”, “Freedom House” və digər bu kimi təşkilatlardan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə olunur. Təkcə ABŞ mediası və təşkilatları deyil, həm də Avropanın bir sıra vətəndaş cəmiyyəti institutları və media orqanları Azərbaycana qarşı sanki yürüşə təhrik edilir. Deputatın sözlərinə görə, qısaca onu qeyd etmək lazımdır ki, ABŞ və Avropa vergi ödəyicilərinin hesabına formalaşdırılan və “5-ci kolona” ayrılmış vəsaitin miqyası həqiqətən də onların Azərbaycanla bağlı ciddi planlarının olduğunu deməyə tam əsas verir. Məsələn, yalnız son bir neçə ildə ABŞ-ın Milli Demokratiya Fondu Azərbaycan QHT-lərinə 3 milyon manata yaxın, Beynəlxalq Araşdırmalar və Mübadilə Şurası 1 milyon manat, Avropa Demokratiyaya Dəstək Fondu 300 min manat, Lixtenşteynin Açıq Cəmiyyətə Dəstək Fondu 7,6 milyon manat vəsait ayırıb.

Ç.Qənizadə onu da bildirdi ki, ABŞ-ın nəzarətində olan “müstəqil” QHT-lər tez-tez müxtəlif ölkələri söz və məlumat azadlığının pozulmasında, jurnalistlərin həbsində və s. bu kimi məsələlərdə ittiham edirlər. Amma nədənsə onlar ABŞ-ın özündə baş verən hadisələr barədə danışmağı sevmirlər. Yaxşı ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin hələ də satın almadığı və ya ala bilmədiyi bəzi təşkilatlar bəzi həqiqətləri dünyaya çatdırırlar. Amerika Qələm Mərkəzi bu yaxınlarda Ferqyusonda jurnalistlərə qarşı zorakılıq barədə hesabatını açıqlayıb. Sənəddə bildirilir ki, avqustun 9-da polisin qaradərili gənc Maykl Braunu öldürməsindən sonrakı proseslərdə 52 jurnalist polis zorakılığına məruz qalıb. Onlardan 21-i hətta həbs edilib. Hesabata əsasən, jurnalistlərə qarşı belə kütləvi zorakılıq və həbslər yalnız Ferqyusonda baş verməyib. 2008-ci ildə respublikaçıların Minnesotanın Sent Pol şəhərindəki ümummilli qurultayında polis 42 jurnalisti həbs etmişdi.

Ölkəmizdə isə Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” və 27 dekabr 2011-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın təsdiq edilməsi haqqında Prezidentin sərəncamı nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilmişdi: “Hansısa qüvvələrin təhriki ilə ölkəmizə qarşı çirkin kampaniyalar davam etsə də, Azərbaycan ABŞ və digər Avropa ölkələri ilə bütün sahələrdə dostluq və əməkdaşlıq münasibətlərini səmimi şəkildə inkişaf etdirməkdə maraqlıdır. Lakin bu dövlətlərdəki Azərbaycanı sevməyən ermənipərəst lobbiçilər, bəzi siyasətçilər bu münasibətlərə kölgə salmağa cəhd edir və bəzən də buna nail olurlar. Bu isə təəssüf doğurur”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov isə qəzetimizə açıqlamasında bildirdi ki, Milli Məclisdə bu cür dinləmələr tez-tez təşkil olunurgeniş müzakirələr aparılır. Bu dəfə isə ABŞ-Azərbaycan münasibətləri ilə bağlı üzvü olduğu komitə tərəfindən dinləmələr təşkil edilib və toplantıda iki ölkə arasında olan münasibətin real durumu, Azərbaycanın ABŞ-dan gözləntiləri və münasibətlərin bundan sonra hansı formada qurulması məsələsi geniş müzakirə olunub: “İki ölkə arasında münasibətlərin tarixi kökləri varbu gündavam etməkdədir. Azərbaycan işğala məruz qalmış bir ölkədir və dünya birliyindən, böyük dövlətlərdən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün ciddi addımların atılmasını gözləyir. Təbii ki, bu dövlətlər içərisində ABŞ da var və Azərbaycanın ABŞ-dan öz gözləntiləri içərisində ən əsası Birləşmiş Ştatların Azərbaycan ərazisinin bir hissəsinin işğal altında olmasına münasibətidir. ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında səylərini daha da artırmalıdır. ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyəti əlaqələrimizə ciddi təsir edən amildir”. Deputat ABŞ Dövlət Departamentində Azərbaycanla bağlı keçirilən dinləmələrə də münasibət bildirib. Qeyd edib ki, Azərbaycanla ABŞ arasında iqtisadi, siyasi, sosial sahədə münasibətlər davam edir. Ancaq Azərbaycanı istəməyən qüvvələr tərəfindən yenə xoşagəlməz addımlar atılır: “ABŞ-da da Azərbaycanla bağlı dinləmələr keçirilir. Bu, Azərbaycanı istəməyən, gözü götürməyən qüvvələrin növbəti planları əsasında reallaşır”.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2015.- 17 fevral.- S.2.