Gennadi Züqanov: “Azərbaycan Prezidenti

böyük bir regionda nüfuzlu insandır

 

Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Rusiya Federasiyası Kommunist Partiyası fraksiyasının sədri Gennadi Züqanov AzərTAc-ın müxbirinə müsahibəsində deyib: “Azərbaycan Prezidenti İlham Əliyevlə çox maraqlı danışıqlarımız oldu. Deməliyəm ki, o, problemləri dərindən görən müasir insandır”.

G.Züqanov bu yaxınlarda Bakıya səfərinin yekunları barədə söhbət açaraq vurğulayıb ki, Azərbaycan Prezidenti Rusiya ilə strateji qarşılıqlı əlaqələrin tərəfdarıdır. O deyib: “İlham Əliyev siyasət, iqtisadiyyat və sosial sahələrdə əsas istiqamətləri görür. O, böyük bir regionda nüfuz sahibidir, bizim ölkədə də nüfuz və dəstək qazanıb”.

RFKP fraksiyasının sədri azərbaycanlı deputatların bütün beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Şurası Parlament Assambleyasında Rusiya Federasiyasını fəal dəstəkləmələrindən məmnun olduğunu bildirərək vurğulayıb: “Bu da bir göstəricidir. Özü də çox parlaq və inandırıcı göstəricidir”.

RFKP lideri Azərbaycanda rusların vəziyyəti məsələsinə də toxunub. O deyib: “Səfər müddətində Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndələri ilə, Azərbaycanın Rus İcması ilə görüşlərimiz oldu. Mən Bakı Slavyan Universitetində mühazirə ilə çıxış etdim. BSU-da yaradılmış Moskva, Sankt-Peterburq, Belarus və Serbiya mərkəzləri xoşuma gəldi. Mən rus dili dərsliklərini gözdən keçirdim. 23 nömrəli məktəbin şagirdləri əla bir kompozisiya təqdim etdilər. Onlar şeirləri elə gözəl söyləyirdilər, musiqi nömrələrini elə yaxşı ifa edirdilər ki, Moskvanın hər bir məktəbi buna qibtə edə bilər”.

G.Züqanov vurğulayıb ki, Azərbaycan Rusiya Federasiyası ilə əlaqələrə hörmətlə yanaşırlar.

 

 

Fəridə Abdullayeva

AzərTAc-ın xüsusi müxbiri

Moskva

Azərbaycan.-2015.- 17 fevral.- S.3.