“Cənub” qaz dəhlizi
Avropanın enerji xəritəsini dəyişəcək
Ulu öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının neft strategiyası iqtisadi inkişafa, xalqımızın sosial rifahının yüksəlməsinə böyük təkan verməklə qarşısında duran hədəfləri uğurla dəf etməkdədir. Məhz bu strategiya ilk dəfə olaraq Azərbaycan dövlətinin müstəqil şəkildə öz milli sərvətini xarici bazarlara çıxarmasını təmin etdi və bundan əldə olunan gəlirlər indi Azərbaycanın sürətli inkişafına, modern bir ölkəyə çevrilməsinə yol açdı.
Azərbaycan isə təkcə neftlə tanınmır. Yurdumuzun “Odlar diyarı” kimi tanınmasını həm də bu gün bütün dünyanın ehtiyac duyduğu təbii qazla zənginliyimiz tamamlayır. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra neft sahəsində bütün layihələr hazırda uğurla icra edilməkdədir. İndi Azərbaycan özünün enerji siyasətini həm də qaz amili üzərində qurmaqla, regionu və Avropanı daim düşündürən enerji təhlükəsizliyi məsələsində əsas tərəfdaşa çevrilir. Xatırladaq ki, hələ 1999-cu ildə Xəzərin Azərbaycan sektorunda “Şahdəniz” qaz yatağının kəşfi və buradan hasilatın başlaması ölkəmizin enerji təhlükəsizliyinin tam təmin olunması ilə yanaşı, dünya enerji bazarında böyük hadisəyə çevrilmişdi. 2010-cu ildə “Ümid” yatağının, 2011-ci ildə “Abşeron” blokunda aparılan qazma və kəşfiyyat işləri nəticəsində böyük qaz yatağının aşkarlanması ölkəmizin böyük həcmdə təbii qaz ehtiyatlarına malik olduğunu bir daha təsdiq etdi. Bütün bunlar ilk növbədə, Azərbaycanın qaz ehtiyatları barədə təhrif olunmuş informasiyalara son qoymaqla yanaşı, gələcəkdə respublikamızın qaz ixracının artacağından xəbər verirdi.
Ötən il isə Azərbaycanın enerji siyasətində yeni dövrün başlanğıcı qoyuldu. 2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin 20 illik yubileyində ayrı-ayrı dövlət və hökumət başçılarının, rəsmi şəxslərin və nüfuzlu şirkət rəhbərlərinin iştirakı ilə digər nəhəng transmilli layihənin - “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi keçirildi. Bundan əvvəl, yəni 2013-cü ilin sonlarında isə Azərbaycanın yeni tarixinə və enerji siyasətinə qızıl hərflərlə yazılan başqa bir möhtəşəm hadisə baş verdi. Bakıda “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsinə dair yekun investisiya qərarı imzalanmışdı. Qeyd etdiyimiz kimi, “Şahdəniz” yatağı 1999-cu ildə kəşf olunub və buradan birinci mərhələ çərçivəsində 2006-cı ildən Gürcüstan və Türkiyəyə qaz ixrac edilir. “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsində isə təbii qaz “Cənub” qaz dəhlizi vasitəsilə Avropa bazarlarına çıxarılacaq.
Bunun üçün isə mövcud infrastruktur genişləndirilicək və yeni boru kəmərləri inşa ediləcək. Belə ki, “Şahdəniz” qazının Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Gürcüstan və Türkiyəyə nəqlini həyata keçirən və regionda enerji təhlükəsizliyinin mühüm amilinə çevrilən Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi “Şahdəniz-2” layihəsinin tərkib hissəsidir.
Transanadolu Boru Kəməri (TANAP) “Şahdəniz” qazını Türkiyə ərazisi boyunca nəql edəcək. 2012-ci il iyunun 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin o dövrdə Baş naziri olan Rəcəb Tayyib Ərdoğan arasında TANAP kəmərinin inşasına dair hökumətlərarası saziş imzalanıb. TANAP-ın illik ötürücülük qabiliyyəti ilkin mərhələdə 16 milyard kubmetr təşkil edəcək. Sonradan bu göstəricinin 30 milyard kubmetrədək artırılması imkanları da nəzərə alınıb.
Transadriatik Boru Kəməri (TAP) isə qazı Yunanıstan və Albaniya ərazisindən keçməklə İtaliyaya nəql edəcək. Uzunluğu 870 kilometr olacaq TAP Türkiyə-Yunanıstan sərhədində TANAP-la birləşəcək, sonra isə Yunanıstan və Albaniya ərazilərindən, Adriatik dənizinin altından keçməklə İtaliyanın cənub sahillərinədək uzanacaq. Cənub-Şərqi Avropanı təbii qazla təmin edəcək TAP gələcəkdə Xəzər hövzəsində hasil olunan təbii qazın qitənin digər böyük qaz istehlakçılarına - Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriyaya ötürülməsi üçün də geniş imkanlar açacaq.
Fevralın 12-də Bakıda keçirilən “Cənub” qaz dəhlizi Məşvərət Şurasının ilk iclasında səslənən fikirlər bir daha göstərir ki, Azərbaycan Avropa İttifaqının ən etibarlı enerji tərəfdaşıdır. Ölkəmiz bu sahədə həyata keçirdiyi uğurlu və nümunəvi siyasəti ilə enerji əməkdaşlığına və enerji təhlükəsizliyinin təmininə töhfə verir. “Cənub” qaz dəhlizinin reallaşması isə yaxın gələcəkdə Avropanın enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişəcək. Məşvərət Şurasının ilk iclasında bu layihənin həyata keçirilməsi ilə bağlı hazırkı vəziyyəti, çağırışlar, qarşıda duran vəzifələr, iştirakçı tərəflərin səylərinin əlaqələndirilməsi kimi məsələlər müzakirə edilib.
Məşvərət Şurasının ilk iclasında iştirak edən Prezident İlham Əliyev bu görüşün olduqca münasib vaxtda - “Cənub” qaz dəhlizi layihəsinin praktiki olaraq həyata keçirilməsi ilində baş tutmasının mühüm əhəmiyyətini qeyd edib. Prezident İlham Əliyev görüş zamanı aparılan müzakirələrin, fikir mübadiləsinin layihənin uğurla həyata keçirilməsinə töhfə verəcəyinə əminliyini bildirib. Dövlət başçısı diqqətə çatdırıb ki, enerji resursları sabitliyə, proqnozlaşdırmaya, əməkdaşlığa və qarşılıqlı dəstəyə töhfə verməlidir: “Cənub” qaz dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Bu, bizim üçün enerji təhlükəsizliyidir. Çünki Azərbaycan beynəlxalq bazarlara böyük həcmdə təbii qazı ixrac etmək imkanı qazanacaq. Bu, həm də istehlakçı və tranzit ölkələr üçün enerji təhlükəsizliyidir. Çünki bu gün enerji təhlükəsizliyinə istənilən ölkənin milli təhlükəsizliyindən ayrı baxıla bilməz. Enerji resursları nəinki çiçəklənmə, proqnozlaşdırma və sabitlik mənbəyi ola bilir, həmçinin bəzən rəqabət və düşmənçilik mənbəyinə də çevrilir. Fikrimizcə, bizim fəlsəfəmiz ondan ibarətdir ki, enerji resursları sabitliyə, proqnozlaşdırmaya, əməkdaşlığa və qarşılıqlı dəstəyə töhfə verməlidir. Əminəm ki, hasilatçı, tranzit və istehlakçı ölkələr üçün uduşlu vəziyyət, layihənin 3 komponenti arasındakı maraqlar balansı layihəmizin uğurla həyata keçirilməsinin başlıca səbəbi olacaq”.
Azərbaycandan “Cənub” qaz dəhlizi vasitəsilə daxil olacaq təbii qaz Avropa bazarlarına və istehlakçılarına yaxın gələcəkdə çatdırılacaq yeni qaz mənbəyidir. Bu gün Avropa İttifaqında istifadə edilən qazın 66 faizi, neftin isə 90 faizi idxal edilir. Gələcəkdə isə idxal edilən qazın həcmi 84 faizə çatacaq. Məşvərət Şurasının iclasında bu barədə danışan Avropa Komissiyasının enerji birliyi üzrə sədr müavini Maroş Şefçoviç idxal edilən neft və qazın əsas hissəsinin Rusiya, Norveç və Əlcəzairdən daxil olduğunu, lakin Ukraynadakı hazırkı böhranın vəziyyəti daha da mürəkkəbləşdirdiyini bildirib. Keçmişdə buraxdıqları səhvləri öyrənməli olduqlarını, siyasi baxımdan bu məsələlərə kifayət qədər əhəmiyyət vermədiklərini etiraf edən Avropa Komissiyasının rəsmisi qeyd edib ki, Xəzər qazının Avropaya çatdırılması bizim uzunmüddətli arzumuz idi və görülmüş işlər sayəsində bu layihəyə artıq yaxınıq. Onun sözlərinə görə, şaxələndirmə əvvəlkindən daha çox genişləndirilməlidir.
Bu gün Avropa alternativ enerji mənbələrinə və bu sırada ilk növbədə, Azərbaycan qazına ehtiyacının olduğunu daha dərindən hiss edir. Məşvərət Şurasının ilk iclasında Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfələri yüksək dəyərləndirən Avropa ölkələrinin enerji nazirləri və digər iştirakçılar “Cənub” qaz dəhlizi layihəsinin mühüm strateji layihə olmaqla Avropa İttifaqının qaz təchizatında yeni mənbəni təmin edəcəyini bildirdilər.
“Şahdəniz” yatağında 1 trilyon kubmetrdən çox qaz ehtiyatı var. Lakin Azərbaycanın digər kəşf edilmiş qaz yataqlarının da olduğunu nəzərə alsaq görərik ki, ölkəmizin qaz ehtiyatları təxminən 2,5 trilyon kubmetr həcmindədir. Bu isə “Cənub” dəhlizinin uğurlu perspektivini göstərməklə onun yüz illərlə davam edəcəyindən xəbər verir.
Rəşad CƏFƏRLİ,
Azərbaycan.-2015.- 17 fevral.- S.3.