Qaradağlıdan başlayan
faciələr
Qaradağlı faciəsindən 23
il keçir
XX əsrin əvvəllərində - 1905-ci və 1918-ci illərdə baş verən türk-müsəlman qırğınlarından artıq yüz il keçir. Bu, uzaq olduğu qədər də yaxın bir tarixdir. XX əsrin sonlarında törədilən Qaradağlı, Xocalı faciələrindən isə artıq 23 il ötür. İllər ötdükcə o faciələrin miqyası, dəhşətləri daha aydın görünür, vurduğu yaralar bir toplum olaraq xalqı, milləti daha çox əzir və incidir. Zaman ötsə də, qan yaddaşımızda yaşayan bu faciələri, onun qurbanlarını bizimlə bərabər sonrakı nəsillər də ehtiramla yad edərək heç vaxt unutmamalıdırlar. Bəlkə ona görə hazırda o faciələrin baş verdiyi ilk günlərdən fərqli olaraq həmin dövrün ağrı-acıları, fəlakət dolu hadisələri indi daha çox araşdırılır, daha dəqiqliklə sənədləşdirilir, bu mövzuda müxtəlif kitablar yazılır, filmlər çəkilir, televiziyalarda, radiolarda davamlı olaraq proqramlar yayımlanır, müxtəlif araşdırmalar dərc olunur.
Artıq xeyli vaxtdır o ağır günlərdə, bir növ, çaşbaş qalan millət indi sabahına daha nikbin baxır, öz dostunu-düşmənini seçib ayırır. Nə qədər qəribə də olsa, bu millətin dostu da, düşməni də həmişə öz yanındadır. Bizdən tələb olunan yalnız budur: onu tanıyıb bilmək, seçib qiymətləndirmək və bir daha unutmamaq! Bu mənada, əsrlərin sınağından keçib gələn Türkiyə kimi dost və qardaş ölkə, erməni faşistləri kimi əzəli və əbədi düçmənlərimiz var. Bir də bu gün zorla qonşu olmağa, qonşuluq münasibətlərində olmağa “məhkum” edildiyimiz ermənilər az qala yüzillik tarixi olan uydurma “soyqırımı”ndan ağızdolusu danışıb saxta sənədlər ortaya çıxarırsa, bizə nə olub?
Bu kəndi necə güllələdilər
Şuşadan, onun işğalından danışanda Qarabağın ən çox yada düşən yaşayış məskənləri, kəndləri - Quşçular, Malıbəyli, Meşəli, Kərkicahan, Turşsu... kimi bu kəndin - Qaradağlının da adı tez-tez xatırlanır. Çünki tale elə yaranışından bu kəndləri o şəhərlə - Şuşa ilə elə bağlamışdı ki, onların biri olmadan o birinin yaşaması mümkün deyildi. Şəhərin dünyaya açılan bir neçə qapısı vardısa, bu kəndin yeganə bir yolu vardı - o da həmin şəhərə aparırdı.
Bir gün düşmənlər, erməni faşistləri o yolu kəsdilər. Əvvəlcə kənd getdi, sonra şəhər...
Faciənin qısa xronikası belədir: erməni terrorçuları 1991-ci ilin 28 iyununda Qaradağlıda 3 nəfəri qadın olmaqla 6 nəfəri diri-diri yandırmışdılar. Həmin ilin sentyabr ayında isə kəndə gedən sərnişin avtobusunun gülləbaran edilməsi nəticəsində 8 nəfər öldürülüb, çoxlu sayda adamlar yaralanıb. Güllə yarası alanlardan 5 nəfəri sonradan dünyasını dəyişib. Bu vəhşiliklər beynəlxalq terrorçu, ASALA-nın rəhbərlərindən olan Monte Melkonyan tərəfindən həyata keçirilib. Ən qanlı hadisələr isə az sonra - 1992-ci il fevralın 17-də baş verdi. Qaradağlı kəndi erməni silahlıları tərəfindən işğal olunaraq yandırıldı. Onlar bu qəhrəman kəndə yalnız aylarla uzanan mühasirədən və günlərlə sürən ağır döyüşlərdən sonra daxil ola bildilər.
Bu kənddə yaşanan soyqırımını miqyasına görə “ikinci Xocalı” da adlandırırlar. Qanlı döyüşlərdə kəndin hər 10 sakinindən biri şəhid oldu. 1992-ci ilin fevralında - Xocalı faciəsindən bir neçə gün əvvəl Qaradağlıda törədilən bu soyqırımında 104 kənd sakini və 15 nəfər xüsusi müdafiə dəstəsinin üzvü əsir götürüldü, onlardan 67 nəfəri erməni faşistləri tərəfindən qətlə yetirildi.
Öldürülənlərdən 10-u qadın, 8-i uşaq idi. İki ailənin hər birindən 4 nəfər şəhid oldu, 42 ailə başçısını itirdi, 150-yə yaxın uşaq yetim qaldı.
Kənddə 200 yaşayış və 1 mədəniyyət evi, 320 yerlik orta məktəb və 25 çarpayılıq xəstəxana binaları və digər obyektlər dağıdıldı. 800 nəfərə yaxın sakin məcburi köçkünə çevrildi.
“Ermənilər girovların başlarını öz qəbirləri üstdə kəsirdilər”
İlqar Hüseynov Qaradağlı faciəsini yaşayan kənd sakinlərindən biridir. O, ailə üzvləri ilə birlikdə 1992-ci ilin fevral ayında ermənilərə girov düşüb. İki ay erməni əsirliyində olarkən sonsuz müsibətlərə düçar olub.
“...Girovların başını müharibədə ölmüş ermənilərin qəbirləri üstündə kəsirdilər... Ermənilər əsirləri diri-diri yandırırdılar...”
Aşağıdakı fikirlər o dəhşətlərin şahidi, 1958-ci ildə Qaradağlıda doğulan, 1992-ci ildə ermənilərin girov apardığı, əsirlikdə min bir müsibət görən İlqar Hüseynova məxsusdur:
- Qaradağlı camaatı arasında elə bir ailə yoxdur ki, erməni vəhşiliyinin vurduğu əzabları yaşamasın, hiss etməsin. Kəndimiz 1992-ci ilin fevral ayında işğal olunsa da, hələ 1991-ci ilin sentyabrında ermənilər Qaradağlı camaatına divan tutmuşdu. Onların sentyabrın 8-də Ağdam-Qaradağlı avtobusunu atəşə tutması nəticəsində 8 nəfər yerindəcə həlak olmuş, 10-dan artıq günahsız insan ağır yaralanmışdı. 1992-ci il fevral ayının 15-də ermənilər Qaradağlını dörd tərəfdən atəşə tutdular. Evlərin əksəriyyəti alova bürünmüşdü. Atışma iki gün davam etdi. Kənddə qalan 118 nəfərdən 25-i həlak oldu. Dörd nəfər ağır yaralandı. Gecə yaralıları da götürüb yola çıxdıq. Aramızda 10 qadın və 2 uşaq vardı. Ermənilər bizi təqib edirdilər. Patronumuz qurtardığı üçün onlara müqavimət göstərə bilmədik.
Hamımızı əsir götürdülər. Kişiləri qadınlardan və uşaqlardan ayırdılar. Bizi ayrı-ayrı maşınlarda erməni qəbiristanlığına gətirdilər. Dedilər ki, 9 nəfər könüllü maşından düşsün. Heç kim yerindən tərpənmədi. Bundan qəzəblənən erməni quldurları avtomatla maşına atəş açdılar. 10-15 nəfər yerindəcə öldü. Təxminən 20 nəfər isə ağır yaralandı. Vəziyyətin ağır olduğunu görən kənd sakinlərindən biri qaçmaq istədi. Onun bu hərəkəti erməniləri daha da qəzəbləndirdi. Onlar bizi yenidən atəşə tutdular. Ölənlərin sayı 32 nəfərə çatdı. Sonra bizi Xankəndiyə aparıb iki ay orada - həbsxanada saxladılar.
Həbsxananın pəncərələri yox idi. Hər gün qar yağırdı. Şaxta iliyimizə işləyirdi. Girovların hamısını dizə qədər suyun içində saxlayırdılar. Bizə üç gündə bir dəfə əl boyda qara çörək verirdilər. Ermənilər bizi gündə ən azı beş-altı dəfə döyür, müxtəlif işgəncələr verirdilər. Bir neçə nəfər işgəncələrə dözməyib elə həbsxanadaca dünyasını dəyişdi. Armaturla vurub səkkiz nəfərin qabırğalarını qırdılar, ayaqlarını sındırdılar. İki nəfəri isə divara çırpıb beynini partlatdılar. Onlar təkcə kişilərə deyil, qadınlara və uşaqlara da bu cür dəhşətli işgəncələr verirdilər. İki ay sonra Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin köməyi ilə bizi azad etdilər. Mənimlə birlikdə girovluqda olan bir neçə nəfər azadlığa çıxandan sonra dünyasını dəyişdi. Həmin vaxtdan illər keçsə də, ermənilərin verdiyi işgəncələrin ağrısı hələ də canımdan çıxmayıb.
Bu döyüşdən salamat çıxanlar isə indi başqa bir “cəbhədə” - haqq-ədalət cəbhəsində vuruşmaqdadırlar. Bu faciələrin, müsibətlərin təkrarlanmaması üçün onların gördüklərini, yaşadıqlarını dünyanın bilməsi, eşitməsi vacibdir.
Novruz HÜSEYNOV: “1988-ci ildən son günlərədək kəndimizin mərd, fəal və qəhrəman oğulları Məmmədov Ədalət Şahmar oğlu, Kərimov Əliqismət Qara oğlu, Hüseynov Xanlar Həbib oğlu, Bayramov Arif İbrahim oğlu, Bayramov Elmidar Rəşid oğlu, Hüseynov Dəmir Musa oğlu və başqaları ilə birlikdə ermənilərə qarşı vuruşurduq. 17 fevral 1992-ci ildə əsir düşdüm. Bizi maşınlara doldurdular. Yolda saxlayır, istədikləri adamı düşürüb güllələyirdilər. Qardaşım Hüseynov Həbib Həmzə oğlunu da güllələdilər. Mən ağır yaralı idim. “Kəlmeyi-şəhadət”imi oxuduqdan sonra erməniyə dedim ki, “məni də güllələ, qardaşım burada tək qalmasın”. Qatilin cavabı bu oldu ki, “səni də o tərəfdə vuracağam”. Mən qardaşımın meyitini Xankəndiyə qədər özümlə apardım”.
Həqiqət HÜSEYNOVA: “Ermənilər işğaldan sonra kənddə qalan adamları sıraya düzdülər. Gəncləri bir, yaşlıları başqa bir maşına yığdılar... Meşədən keçəndə maşını saxlayıb Dəmir kişi ilə 15 yaşlı nəvəsini güllələdilər. Şahmurad kişinin alnından gülləni elə vurdular ki, başı paralandı. Sonra maşınla cəsədinin üstündən keçdilər. “Pir” deyilən ağacın yanında Eldarı maşından düşürüb döyə-döyə öldürdülər. Yaşlıların maşınını “Bəylik bağı” deyilən yerdə saxladılar. Cavanlar olan maşını isə silos quyusunun yanına sürdülər. Həmin maşın geri qayıdarkən içərisində bir neçə nəfər qalmışdı. Onları öldürüb silos quyusuna tökmüşdülər. Yolda Zahid Xəlilovu qətlə yetirdilər, daha sonra poçtun müdiri Həbib kişinin avtomatla əvvəlcə qollarını, sonra ayaqlarını, ən axırda bədənini deşik-deşik etdilər. Nəhayət, bu dəhşətli yolun sonunda Xankəndiyə çatdıq. Bizim yanımızda Xocalıya hücum edəcəklərindən, oranı xarabazara çevirəcəklərindən, öldürdükləri oğlanların başlarından divar hörəcəklərindən danışırdılar”.
Şahruz ƏLİYEV: “Əsir götürülənlər arasında məktəb yaşlı uşaqlar və 10 nəfər ağbirçək də vardı. Yolda maşınları saxlayır, əsasən məktəbli uşaqları və gəncləri vəhşicəsinə güllələyirdilər. Bir az gedəndən sonra yenə də maşınlar dayandı. Yenə də cavanlardan 10 nəfəri seçib güllələdilər. Güllələnənlərdən biri əmim oğlu Xaliq Əliyev, biri də İltizam Hüseynov idi. Onların qışqırtısı, ah-naləsi hələ də qulaqlarımdan getmir... Mən və qardaşım bir yerdə əsir düşmüşdük. Səhər tezdən quldurlar dəyişmək adı ilə 5 nəfəri zirzəmidən çıxarıb apardılar və onlardan bir daha xəbərimiz olmadı. Qardaşım Vətən də onların arasında idi”.
Aydın ABBASOV: “Səhəri hamımızı Xankəndi türməsinə apardılar. Həyətdə üzüüstə yerə uzandırdılar. Səhər ertədən saat 4-ə qədər bu vəziyyətdə qaldıq. Soyuq adamın iliyinə işləyirdi. Bu azmış kimi, dubinkanı azyaşlı uşaqlara verib bizi döydürürdülər. Özləri isə avtomatın qundağı ilə haramıza gəldi vururdular. Həmin gün döyülməkdən yeddi nəfər öldü. Orada başımıza gələnləri xatırladıqca... eh, danışa bilmirəm. O əzabları, o işgəncələri, camaatın başına gələnləri, gətirilənləri dilimə alıb danışanda ürəyim ağrıyır, vücudum əsir. İstəmirəm ki, şəhid anaları, şəhid bacıları bunları eşidib yenidən sarsılsınlar”.
Şamxal ŞİRİNOV: “1992-ci ilin o fevralı, mənə elə gəlir ki, dünyanın ən soyuq qış ayı idi. Şaxtalı hava adamı qılınc kimi kəsirdi. Dörd gün kənd uğrunda ölüm-dirim mübarizəsi oldu. Çoxlu erməni silahlısını məhv etmişdik. Biz tərəfdən də xeyli şəhid olan vardı. Elə yeddi nəfər idarə binasında vuruşaraq şəhid oldu”.
Qara KƏRİMOV: “Əsirlik həyatımda çox işgəncələrə məruz qaldım, döyüldüm, söyüldüm, sudan, çörəkdən məhrum edildim, sol qıçımı itirdim. Gözlərimin önündə 2 nəfəri döyərək öldürdülər. Demək olar ki, məni son nəfəsimdə özümüzünkülərə qaytardılar”.
Əmiraslan QULİYEV: “Bizi hər gün qarın üstünə yıxıb döyürdülər. 15-16 gündən sonra Martuniyə (Xocavənd) gətirdilər. Bizi Qaradağlıya aparır, öldürüb silos quyusuna atdıqları meyitləri qazıb çıxarmağı əmr edirdilər. Meyitlər tanınmaz halda idilər. Bir neçə gün ac-susuz öz kəndlilərimizin meyitlərini çıxartdıq. Nəhayət, 46 günlük əsirlik həyatımızın sonunda mən də daxil olmaqla, 16 nəfəri və 6-7 meyiti erməni əsiri ilə dəyişdirdilər”.
Rafiq QULİYEV: “Üç gün davam edən ağır döyüşdən sonra mərmimiz qurtardığı üçün ermənilər kəndə daxil oldular və bizi əsir götürdülər. 3 nəfəri diri-diri yandırdılar, 3-4 nəfərin başını kəsdilər, 1 nəfəri lapatka sapı ilə başına döyə-döyə öldürdülər, bir nəfərin üstündən KaMAZ-la keçdilər... Türmənin həyətində bizi ağzıüstə uzandırdılar və torpaq yeməyə məcbur etdilər. Vəhşilər dubinka və paya ilə yaramın üstünə vururdular. Mənim atamı da orada döyüb öldürdülər”.
...Yaddan çıxarmayaq ki, bütün bu müsibəti törədənləri azərbaycanlılar yaxşı tanıyırdılar. İllərdi bir ölkədə, bir vilayətdə yaşayırdılar. Amma heç biri inanmırdı ki, bu “yazıq, zavallı erməni” nə vaxtsa bütün əxlaqi dəyərləri, bəşəri hissləri ayaqlar altına ataraq asanlıqla dünənki qonşusunun qatilinə, cəlladına çevrilə bilər. Vaxtilə ermənilərin bu xüsusiyyətini yaxşı bilən gürcü mütəfəkkiri İlya Çavçavadze əbəs yerə demirdi: “Ermənilər dost cildində düşməndirlər. Onların nəvazişindən, təbəssümündən qorxduğum qədər açıq düşməndən qorxmuram”.
Bəxtiyar QARACA,
Azərbaycan.-2015.- 17 fevral.- S.5.