Qarabağ xanlığı

 

 

Azərbaycanın dövlətçilik tarixində özünəməxsus yeri olan Qarabağ xanlığı 1747-ci ildə Nadir şah Əfşarın qurduğu nəhəng imperiyanın dağılmasından sonra yaranmışdı. Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşən Qarabağ xanlığı Azərbaycan ərazisinin xeyli hissəsini əhatə edirdi. Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, TatevSisiana qədər uzanırdı. Xanlıq Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə həmsərhəd idi.

Qarabağ xanlığının banisi Pənahəli xan (1747-1763) Cavanşirlər tayfasının Sarıcalı oymağından idi. Azərbaycanda hələ qədim dövrlərdə məskunlaşmış Cavanşirlər tayfasının başçıları XVI əsrdən başlayaraq Qarabağı irsi hakim hüququ ilə idarə edirdilər. 1736-cı ildə Nadirin şah seçilməsinin əleyhinə çıxış edən digər tayfalar kimi, Cavanşirlər tayfası da Xorasana sürgün edilmişdi. Bu dövrdə tayfaya başçılıq edən Pə-nahəli xan Nadir şahın ən nüfuzlu sərkərdələrindən birinə çevrilmişdi. Lakin sonralar Nadir şahla Pənahəli xan arasında yaranmış münaqişə ona gətirib çıxardı ki, sonuncu özünün və yaxın adamlarının həyatını xilas etmək üçün Xorasandan Qarabağa qaçmağa məcbur oldu və tezliklə müstəqil Qarabağ xanlığının əsasını qoydu.

Pənahəli xan yenicə yaranmış Qarabağ xanlığını möhkəmləndirmək üçün həm daxili, həm də xarici düşmənlərə qarşı uzun və gərgin mübarizə aparmalı olmuşdu. Daxildə onun hakimiyyəti üçün ən böyük təhlükəni Qarabağın xristian məlikləri (Çiləbörd, Gülüstan, Xaçın, Vərəndə və Dizaq) yaradırdı. Nadir şahın hakimiyyəti dövründə nisbi müstəqillik əldə etmiş bu məlikliklər müstəqil Qarabağ xanlığının yaranmasını düşmənçiliklə qarşıladılar. Tezliklə Azərbaycan torpaqlarını işğal etməyə çalışan Rusiyanın və onun əlaltısı olan Kartli-Kaxetiya çarlığının əlində oyuncağa çevrilən məliklər Qarabağ xanlığını məhv etmək və onun yerində erməni dövləti yaratmaq üçün fürsət axtarırdılar. Lakin Pənahəli xanın yeritdiyi uğurlu siyasət onlara öz niyyətlərinə çatmağa imkan vermədi.

Qarabağ xanlığının yarandığı ilk dövrlərdə Pənahəli xanın fəaliyyətinin mühüm istiqamətlərindən birini xanlığın paytaxt şəhərinin yaradılması təşkil edirdi. Bir tərəfdən daxili çəkişmələr, digər tərəfdən isə qonşu xanlıqların və İranda hakimiyyət uğrunda mübarizə aparan ayrı-ayrı feodal hakimlərin hücum təhlükəsi Qarabağ xanını güclü müdafiə imkanları olan şəhər-qala tikdirməyə məcbur edirdi. Bu qala eyni zamanda Qarabağ xanlığının paytaxtı rolunu oynamalı idi. 1748-ci ildə əsası qoyulmuş Bayat qalası məhz bu məqsədə xidmət edirdi. Lakin qalanın düşmən hücumlarının qarşısını almaq baxımından kifayət qədər etibarlı olmaması Pənahəli xanın 1751-ci ildə daha bir şəhər-qalanın - Şahbulaq qalasının əsasını qoymasına gətirib çıxardı.

Lakin Şahbulaq qalası da çox qısa müddətdə - cəmi üç-dörd il ərzində Qarabağ xanlığının paytaxtı funksiyasını yerinə yetirə bildi. Bölgədə getdikcə qızışmaqda olan ara müharibələri Pənahəli xanı daha etibarlı, əlverişli və düşmən hücumu üçün əlçatmaz olan yeni bir şəhər-qala tikdirməyə məcbur edirdi. Bu məqsədlə toplanmış məşvərət məclisində Pənahəli xan əyanlara müraciətlə demişdi: “Biz gərək dağların içində, möhkəm və keçilməz yerdə elə bir əbədi və sarsılmaz qala tikək ki, onu güclü düşmən belə mühasirə edə bilməsin. Qalanın bir tərəfi dağlarda olan ellərin üzünə daim açıq olmalı və mahallarla rabitəmiz, əlaqəmiz bir an belə kəsilməməlidir”. Uzun axtarışlardan sonra dəniz səviyyəsindən 1300-1600 metr hündürlükdə yerləşən və üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş dağ yaylası xanlığın yeni paytaxtı üçün əlverişli hesab edildi və 1753/1754-cü illərdə onun tikintisinə başlanıldı. Şəhərin normal fəaliyyəti üçün zəruri olan işlər başa çatdırıldıqdan sonra, daha doğrusu, 1756/1757-ci illərdə xanlığın paytaxtı Şahbulaq qalasından buraya köçürüldü. Yeni şəhər-qala mövcud olduğu ilk illərdə öz banisinin adı ilə Pənahabad, sonralar isə bu yerin qədim adı ilə Şuşa adlandırıldı və Qarabağ xanlığının daimi paytaxtına çevrildi.

Şuşa şəhərinin yaranması Qarabağ xanlığının sonrakı hərbi-siyasi tarixində mühüm rol oynadı. Məhz bu qalanın mövcudluğu sayəsində Qarabağ xanlığı çox güclü düşmənlərin hücumlarının qarşısını almış, öz müstəqilliyini qoruyub saxlamağa müvəffəq olmuşdu. Qarabağ xanlığına ilk belə güclü hücum 1757-ci ildə baş vermişdi. İranda və Cənubi Azərbaycanda hakimiyyət uğrunda mübarizədə müvəqqəti üstünlük qazanmış Məhəmmədhəsən xan Qacar həmin ilin avqustunda 30 minlik ordu ilə xanlığın paytaxtı Şuşaya hücuma başladı. Xatın arxı deyilən yerdə düşərgə salan Qacar ordusu şəhəri mühasirəyə aldı. Bir aydan artıq davam edən mühasirə zamanı Qacar ordusunun Şuşanı ələ keçirmək üçün göstərdiyi bütün cəhdlər uğursuzluqla nəticələndi. Qarabağ xanlığının tarixini yazmış Mirzə Adıgözəlbəy yazır ki, Şuşanın qəhrəman müdafiəçiləri düşmən əsgərlərini qırır, “azuqə gətirən adamlarını, qoşun əhlinin heyvan və malqarasını qarət edib aparırdılar”. Böyük itki verən və aclığa davam gətirməyən düşmən ordusunda döyüş intizamı pozuldu. Nəticədə Məhəmmədhəsən xan Qacar Şuşa qalasını ələ keçirə bilmədi və çox böyük itkilər verərək geri döndü.

Məhəmmədhəsən xan Qacarın məğlubiyyətindən az sonra Şuşa daha bir hücuma - Urmiya hakimi Fətəli xan Əfşarın hücumuna məruz qaldı. Faktiki olaraq Qaradağ, Marağa, Urmiya və Təbriz xanlıqlarının hakiminə çevrilmiş Fətəli xan 1760-cı ildə Azərbaycanın şimal xanlıqlarını da ələ keçirmək qərarına gəlmişdi. O, ilk növbədə Cənubi Qafqazın açarı hesab edilən Qarabağ xanlığını tabe etməyə cəhd göstərdi. A.Bakıxanov yazır ki, Nadir şahın əsas məmurlarından olmuşİran taxtını ələ keçirməyə çalışan Fətəli xan Əfşar Cənubi Azərbaycanı ələ keçirdiöz ordusu ilə Qarabağa gəldi.

Fətəli xan Əfşarın bu hücumu haqqında məlumat verən digər Qarabağ tarixçisi Mirzə Camal yazır ki, “Urmiya hakimi əvvəllər Pənah xanın yanına mahir elçilər göndərib, onu itaətə və ittifaqa dəvət etdi. Lakin Pənah xan belə sərdarlara itaət etməyi haqlı olaraq özü üçün əskiklik və ar bilib, elçiləri kobud cavablarla geri qaytardı”. Pənahəli xandan rədd cavabı alan Fətəli xan 30 min nəfərlik ordu ilə Qarabağa yürüşə başladı. Lakin onun Şuşanı qəfil hücumla ələ keçirmək planı baş tutmadı. Belə olduqda o, Şuşanı mühasirəyə alaraq şəhərin müdafiəçilərini aclıqla taqətdən salıb öz məqsədinə çatmağa cəhd göstərdi. Əhməd bəy Cavanşir yazır ki, Fətəli xan Əfşar Pənahəli xandan narazı olan bir çox yerli hakimləri və qonşu xanları öz ətrafına toplayaraq Şuşanın 17 verstliyində olan Xocalı kəndində möhkəmləndi. Beləliklə, müharibə partizan müharibəsi xarakteri aldı. Qara Murtuz bəy və Pənahəli xanın başqa silahdaşları bu yerlərə bələd olmayan düşmən qüvvələrini müvəffəqiyyətlə tələyə salaraq qırırdılar. Şuşanın altı aya qədər davam edən mühasirəsi zamanı Fətəli xanın ordusu ciddi itkilərə məruz qaldı. Şəhəri ələ keçirmək üçün təşkil edilmiş sonuncu hücum əməliyyatı xüsusilə ağır oldu. Mirzə Camalın verdiyi məlumatdan aydın olur ki, bu hücum zamanı Urmiya xanı ölənlər və əsir düşənlərlə birlikdə 2 min nəfər əsgər itirmişdi.

Şuşa şəhərini döyüşlə ələ keçirməyin mümkün olmadığını başa düşən Fətəli xan hiyləyə əl atdı. O öz qızını Pənahəli xanın oğlu İbrahimxəlil ağaya ərə vermək və bununla da guya düşmənçiliyə son qoymaq istədiyini bildirdi. Uzun sürən döyüşlər zamanı xeyli qüvvə itirmiş və zəifləmiş Qarabağ xanı təklifin hiylə olduğunu başa duşsə də, buna razılıq verdi. Fətəli xanın düşərgəsinə gələn İbrahimxəlil ağa həbs edildiUrmiyaya aparıldı. Bununla belə, Fətəli xan Əfşar əsas məqsədinə nail olmadı. Şuşa qalasını ələ keçirə bilmədi.

Qarabağ xanlığı XVIII əsrin 90-cı illərində daha bir güclü düşmənlə - Ağa Məhəmməd xan Qacarla üz-üzə gəldi. Bu dövrdə artıq bütün İranı və Cənubi Azərbaycanı itaət altına almış Qacar öz hakimiyyətini Azərbaycanın şimal xanlıqlarına da yaymaq qərarına gəlmlşdi. Onun bu xanlıqları, o cümlədən Qarabağ xanlığını danışıqlar yolu ilə tabe etmək cəhdi heç bir nəticə vermədi. İbrahimxəlil xan Ağa Məhəmməd xanın təklifini nəinki qəbul etmədi, onu hətta hökmdar kimi tanımaqdan imtina etdi.

Məqsədinə dinc yolla çata bilməyən Ağa Məhəmməd xan 1795-ci ilin yayında çox güclü bir ordu ilə Qarabağa hücuma başladı və tezliklə Şuşa şəhərinə yaxınlaşdı. Lakin Qacar ordusunun çox böyük üstünlüyünə baxmayaraq, Ağa Məhəmməd xanın Şuşanı hücumla ələ keçirmək cəhdi baş tutmadı. Bir tərəfdən şəhərin çox güclü hərbi-strateji mövqeyə və müdafiə qurğularına malik olması, digər tərəfdən isə Qarabağ əhalisinin öz doğma torpaqları uğrunda ölüm-dirim savaşına qalxması Qacara öz planını həyata keçirmək imkanı vermədi. Vəziyyəti belə görən Qacar Şuşanı mühasirəyə alıb əhalini aclıq yolu ilə təslim olmağa məcbur etmək qərarına gəldi. Eyni zamanda, düşmən artilleriyası Şuşanın qala divarlarını fasiləsiz atəşə tutmaqla onu dağıtmağa çalışdı. Lakin bu da gözlənilən nəticəni vermədi. Fransız müəllifi Jan Gevr yazırdı ki, “Ağa Məhəmməd xan müşahidə etdi ki, bu hasara onun topları kar etməyəcək. Bir müddət toplardan atəş açıb bir daha əmin oldu ki, toplar qalanın hasarını dağıtmağa qadir deyil, bu işdən əl götürdü, nəticəsi olmayan işə vaxt və barıt sərf etmək istəmədi”. Şuşalıların iradəsini qırmağın mümkün olmadığını görən Qacar hakimi İbrahimxəlil xanı dilə tutmağa cəhd göstərdi. Lakin bu da uğursuz oldu. Otuz üç gün davam edən hücumun heç bir nəticə vermədiyini və şuşalıların müqavimətini qırmağın mümkün olmadığını görən Ağa Məhəmməd xan şəhərin mühasirəsindən əl çəkməyə məcbur olduöz ordusunu Gürcüstana yeritdi. Doğrudur, Qacar hakimi 1797-ci ildə baş vermiş ikinci yürüşü zamanı Şuşaya daxil ola bildi. Lakin cəmi üç gün sonra yaxın adamları tərəfindən qətlə yetirildi.

Çox güclü düşmən hücumları qarşısında baş əyməməsi Şuşanın şöhrətini artırmaqla yanaşı, onun sürətlə inkişaf etməsinə və əhalisinin sayının artmasına gətirib çıxardı. XVIII əsrin sonlarında burada artıq 17 məhəllə mövcud idi. Bu məhəllələrdən 9-u Pənahəli xanın, 8-i isə onun varisi İbrahimxəlil xanın hakimiyyəti dövründə (1763-1806) salınmışdı. Müasirlər XVIII əsrin sonlarında Şuşada təxminən 2-3 min ev olduğunu qeyd edirlər ki, bu da 10 min nəfərdən çox əhali deməkdir. Şəhər camaatının əsasını vaxtilə BayatŞahbulaq qalalarından köçürülənlər təşkil edirdi. Bununla yanaşı, Şuşanın əhalisi içərisində mənşəcə qarabağlı olmayanların da xüsusi çəkisi böyük idi. Hələ Pənahəli xanın hakimiyyətinin ilk dövrlərində Təbrizdən və Ərdəbildən xeyli əhali, xüsusilə sənətkar, Bayat qalasında yerləşdirilmişdi ki, bunlar da sonralar Şuşada sakin olmuşdular. Şuşaya Azərbaycanın digər xanlıqlarından əhalinin köçməsi sonralar da davam etmişdi.

Pənahəli xanın və İbrahimxəlil xanın fəaliyyətində Qarabağ xanlığının ərazisini genişləndirmək və son nəticədə pərakəndə Azərbaycan torpaqlarını vahid dövlətdə birləşdirmək siyasəti özünü aydın göstərirdi. Bu istiqamətdə ilk addımlar hələ Pənahəli xanın hakimiyyəti dövründə atılmışdı. O, xanlıq daxilində öz mövqelərini möhkəmləndirməklə yanaşı, qonşu xanlıqların da torpaqlarını ələ keçirmək siyasəti yeridirdi. Qarabağ tarixçisi Mirzə Adıgözəl bəyin verdiyi məlumatdan aydın olur ki, Pənahəli xan Şuşa şəhərinin əsasını qoyduqdan sonra əvvəllər Qarabağ xanlığının tərkibində olmuş MehriSisian mahallarını, Təbriz xanlığının tərkibində olmuş Zəngəzur və Qafan mahallarını, habelə İrəvan və Gəncə xanlıqlarına məxsus olmuş bir çox torpaqları ələ keçirib Qarabağ xanlığının tərkibinə qatmışdı.

Pənahəli xanın ölümündən sonra hakimiyyət başına gəlmiş İbrahimxəlil xanın dövründə Qarabağ xanlığı daha da gücləndi. Pənahəli xanın Qarabağ xanlığının sərhədlərini genişləndirmək siyasəti İbrahimxəlil xan tərəfindən uğurla davam etdirilirdi. Ayrı-ayrı vaxtlarda Azərbaycanın Təbriz, Ərdəbil, Qaradağ, Naxçıvan və Gəncə xanlıqları Qarabağ xanlığından asılı vəziyyətə salınmışdı. Avar hakimi Ömər xanla qohumluq əlaqəsi yaradan Qarabağ xanı hərbi cəhətdən daha da güclənərək Cənubi Qafqazın ən nüfuzlu hakimlərindən birinə çevrilmişdi. Artıq tam müstəqil xarici siyasət yeridən Qarabağ xanlığı dövlətlərarası münasibətlərdə müstəqil tərəf kimi qəbul edilirdi. Heç də təsadüfi deyil ki, İbrahimxəlil xanın 1784-cü ildə Sankt-Peterburq şəhərinə göndərdiyi Musa sultan Rusiya tərəfindən böyük bir dövlətin nümayəndəsi kimi qəbul edilmiş, onun şərəfinə təntənəli qəbul düzəldilmişdi.

Beləliklə, XVIII əsrin 60-80-ci illərində Qarabağ xanlığı yalnız Azərbaycanın deyil, bütün Cənubi Qafqazın ən güclü dövlət qurumlarından birinə çevrilmişdi. Bu dövrdə Azərbaycanla qonşu olan Osmanlı Türkiyə, İranRusiya kimi daha güclü dövlətlər özlərinin Qafqaz siyasətini həyata keçirərkən Qarabağ xanlığının mövqeyi ilə hesablaşmalı olurdular. Bununla belə, XVIII əsrin sonlarından başlayaraq Azərbaycanın şimal xanlıqlarının, o cümlədən Qarabağ xanlığının müstəqilliyi üçün ciddi təhlükə yaranmağa başladı. Ağa Məhəmməd xan Qacarın 1795 və 1797-ci illər yürüşləri, V.Zubovun başçılığı ilə rus ordusunun 1796-cı il yürüşü tezliklə İran-Qacar dövlətinin və Rusiyanın Cənubi Qafqaza münasibətdə daha qətiyyətli addım atacaqlarından xəbər verirdi. Təəssüf ki, hətta belə təhlükəli bir şəraitdə Azərbaycan xanları öz qüvvələrini birləşdirmək əvəzinə vəziyyətdən yalnız öz qüvvələri ilə təkbaşına çıxmağa cəhd göstərirdilər. Bu baxımdan qarabağlı İbrahimxəlil xan da istisna deyildi. İbrahimxəlil xan Ağa Məhəmməd şah Qacarın 1797-ci ildə Şuşada qətlə yetirilməsindən sonra İran-Qacar dövləti ilə yaranmış gərginliyi sovuşdura bilsə də, öz xanlığının müstəqilliyi və təhlükəsizliyi üçün təminat ala bilmədi.

Ağa Məhəmməd şah Qacarın ölümündən sonra İran-Qacar dövlətində hakimiyyət uğrunda yeni qüvvə ilə qızışan mübarizədən qalib çıxan Fətəli şah 1797-ci ildə İrəvan qalasını ələ keçirdi və Azərbaycan xanlarından, o cümlədən İbrahimxəlil xandan itaət etməyi tələb etdi. XIX əsrin əvvəllərində Qarabağ xanlığı daha güclü bir düşmənin - Rusiya imperiyasının hücum hədəfinə çevrildi. 1801-ci ildə Şərqi Gürcüstanı ələ keçirən bu dövlət az sonra Azərbaycanın Car-Balakən camaatlığını, İlisu sultanlığını və Gəncə xanlığını işğal etdi. 1804-cü ildə başlamış Rusiya-İran müharibəsinin ilk günlərindən üzü bəri hər iki dövlət Qarabağ xanlığının ələ keçirilməsinə böyük əhəmiyyət verirdi. İran-Qacar dövlətini Qarabağ üçün daha böyük təhlükə hesab edən İbrahimxəlil xan Rusiyanın himayəsi altına keçməklə öz hakimiyyətini saxlayacağına ümid bəsləyirdi. Elə bu səbəbdən o, Qafqazdakı rus qoşunlarının komandanı general P.Sisianovun Rusiyanın himayəsi altına keçmək təklifini qəbul etdi və danışıqlara başladı. Uzun sürən bu danışıqlar 1805-ci il mayın 14-də Rusiya ilə Qarabağ xanlığı arasında Kürəkçay müqaviləsinin bağlanması ilə nəticələndi. Kürəkçay müqaviləsi ilk baxışdan Qarabağ xanlığının müstəqilliyinin saxlanılması görüntüsü yaratsa da, əslində onun imzalanması həm İbrahimxəlil xan, həm də onun xanlığı üçün ağır nəticələrə gətirib çıxardı. Ruslar 1806-cı ildə İbrahimxəlil xanı ailə üzvləri ilə birlikdə çox böyük amansızlıqla qətlə yetirdilər. 1813-cü ildə İran-Qacar dövləti ilə müharibəni qələbə ilə başa vuran çar hökuməti bundan bir qədər sonra, daha doğrusu, 1822-ci ildə Qarabağ xanlığını ləğv etdi.

 

Camal MUSTAFAYEV,

tarix üzrə elmlər doktoru, professor

Azərbaycan.-2015.- 17 fevral.- S.6.