Çillələr

 

Novruzqabağı mərasimlər

 

Çillə ilin qış fəslinin bölgülərinə verilən addır. Qədim təsəvvürlərlə bağlıdır. Çillə əslində “cehl” sözündən olub 40 rəqəmini bildirir. El arasında qışın ən soyuq dövrünə təsadüf edən çillə ağırlıq, çətinlik mənasında başa düşülür. Əbəs yerə deyil ki, adamlar əziyyətli, müsibətli bəla ilə üzləşdikdə ondan xilas olmaq, ətrafdakıları zərərli qüvvələrdən qorumaq, qırxı çıxan körpəyə dəyən xətərin qarşısını almaq, ailədə baş verən uğursuzluqları dəf etmək, ağır xəstələrin sağalmasını tezləşdirmək üçün xüsusi bir ayin icra ediblər, bu da “çillə kəsmək” adlanır.

Novruza hazırlıq dekabrın 21-dən (yeni təqvimlə) başlayır və üç mərhələdə bayram davam etdirilir. Birinci mərhələ Böyük Çillə ilə Kiçik Çillənin arası (21 dekabr-1 fevral), ikinci mərhələ Kiçik Çillənin davam etdiyi müddət (1-20 fevral), üçüncü mərhələ isə dörd həftəlik axır çərşənbələri əhatə edən Boz aydır. Bundan sonra isə Novruz gəlir.

Böyük Çillə qış fəslinin ən uzun sürən vaxtının, birinci qırx gününün xalq arasındakı adıdır. Bu müddət ilin ən uzun gecəsindən başlayaraq yanvar ayının son gününədək davam edir. Böyük Çillənin ilk gecəsi el arasında “Şəbi-yelda” adlanır. El-obada Böyük Çillənin qarlı, tufanlı, donduran, sümük üşüdən günlərinə qara qış deyirlər. Bu müddətdə qış ağır, üzücü keçir. Qışın qışlığı çənindən, dumanından bəlli olur. Xalq arasında deyirlər ki, qış dumanı qar gətirər, yaz dumanı bar.

Şumlanacaq torpağı Böyük Çillədə qış aratına qoyarlar. Arxları, kanalları təmizləyib qaydaya salarlar. Belə vaxtlarda uşaqlar da köməyə gələr, hamı bir-birinə əl tutar, ağacların dibini yumşaldarlar. Qışda işini bilən, yazda-yayda ziyan çəkməz” - deyiblər. Ömrünü-gününü torpağa bağlayan insanlar ağacların, tənəklərin budanmasını Novruza qədər qurtarmalıdır. Bundan sonra onlara əl gəzdirmək olmaz. Canlarındakı su göz yaşı kimi axıb tökülər ağaclar kökündən quruya bilər.

Təcrübəli bağbanlar deyirlər ki, budama işi şirə çubuqları axmağa başlanana qədər sona çatmalıdır. Əks-halda kəsdiyin çubuqların ucundan su axsa, ağacın puçurları kor ola bilər, onlardan zoğ çıxmaz, bar verməz.

Ulularımız deyib ki, Böyük Çillədə torpaq qırxını çıxardır, Kiçik Çillədə isə torpaq səhər yuxusunda olur. Böyük Çillə barədə el-oba arasında gəzən neçə-neçə maraqlı söyləmələr var. Belə danışırlar ki, bir gün Böyük Çillə deyir: - Mən dolu qazanlar üstdə gəlmişəm, qarıları sağlam görmüşəm. Sonra təndirləri yandırtdım, kürsüləri qurdurdum, küplərin, çuvalların ağızlarını açdırdım.

Böyük Çillə qırx gün dövran sürüb gedir. Yolda Kiçik Çillə ilə rastlaşır. Hal-əhvaldan sonra Kiçik Çillə soruşur: - Ay Böyük Çillə, de görüm qırx gün gəlib atını çapdın. Bu qırx gündə gördün, neylədin, işin-gücün oldu? Böyük Çillə gördüyündən, etdiyindən söhbət açır.

Hikkəli Kiçik Çillə istehza ilə gülüb cavab verir:

- Eh, sən heç eləməmisən ki... Mən gəlmişəm, gör indi nələr edəcəm, tufan qoparacağam. Qazanları ağzı üstə çevirəcəyəm, adamları təndirin ağzından salıb külfədən çıxaracağam, küpləri, xaralları boşaldacağam, üzüqoylu qoyub gedəcəyəm.

Onun coşduğunu görən Böyük Çillə deyir:

- Çox da öyünmə. Sən insanları tanımırsan. Mən qırx günlük ömrümlə bir görə bilmədim. Sənin isə cəmi iyirmi günlük ömrün var. Bu iyirmi gündə heç yel olub onların yanından ötə bilməzsən. Çünki qabağın yazdır, ömrün azdır.

Bu yandan da Boz ay özünü irəli verib deyir:

- Siz məni uzaqda görmüşünüz, asaram-kəsərəm deyirsiniz? Sizin acığınıza, indi baxın, görün mən gedib edəcəyəm... Buzları əridəcəyəm, torpağın donunu açacağam, əkinləri, çölləri, yamacları cücərdəcəyəm, bağ-bağçalarda gül-çiçək açdıracağam. Mən adamlar üçün bayram aparacağam (Novruz bayramı ensiklopediyası, Bakı, 2008).

Böyük Çillə girəndə çıxanda ulularımız məclis qurmuş, şirniyyat, isti xörəklər bişirmiş, əhvallarını xoş saxlamışlar. Adamlar bu üsulla təbiətə təsir etmək, qışa bağlı olan hami ruhları mülayimləşdirmək istəmişlər. Qışı qarşılama mərasiminəKövsəc”, yolasalma mərasiminə isəÇilləkəsdi yaÇilləçıxarmadeyirmişlər.

Böyük Çillədə əkin sahələrinə verilən suyun adı Çillə suyudur. Böyük Çillədə əkinçilər adətən bağ-bağatı, bostan-tərəvəz yerlərini, uzümlükləri suvarırlar. El arasında Çillə suyu adlanan bu suvarma torpağın nəmliyinin saxlanmasına kömək edir, ziyanvericiləri qırır, torpağın şoranlaşmasının, habelə ağacların vaxtından əvvəl çiçəklənməsinin qarşısını alır. İlin bu çağında bağlara verilən su gecələr donur bu donma ağaclara da təsir edir. Onlar qış yuxusundan gec oyanır. Bu da onların barının, bəhərinin çox olmasına təsir göstərir.

Böyük təbiətşünas alim Həsən bəy Zərdabi Çillə suyunun elmi əhəmiyyəti barədə yazırdı ki, bizim tarlalarımıza qış zamanı verilən su donur sürülmüş şum yerlərini daim yumşaldır, əkin yerlərini hamarlayır. O, Çillə suyunu imkan daxilində qışın əvvəlində, yəni Böyük Çillə dövründə verməyi məsləhət bilmişdir. Bununla bağlı H.Zərdabi xalqın təcrübədən, sınaqdan çıxmış belə bir zərb-məsəlini misal gətirir: “Böyük Çillədə suvaran çox, Kiçik Çillədə suvaran isə az məhsul götürər”.

Kiçik Çillənin ömrü o qədər çox deyil. Amma o, qış fəslinin ən sərt, çovğunlu, dondurucu çağıdır. Kiçik Çillədə qış çox hirsli gələr. Bir əlində qılınc kimi şaxta, digərində çovğun olan div nərəli külək. Kiçik qardaş hovlu olarməsəli çox güman ki onun üçün deyilib. Çox sərt, şaxtalı keçməsinə görə bu müddətəqışın oğlan çağı”, “girəvəli qışda deyirlər. Kiçik Çillə Böyük Çilləyə deyib ki, əgər sənin ömrün məndə olsaydı, gəlinlərin əlini xəmir təknəsində, un çuvalında dondurardım. Bir deyib ki, sənin yerinə mən olsaydım, atların balasını qarınlarında dondurardım. Amma neyləyim ki, ömrüm azdır, irəlidə yazdır.

Görkəmli şair, müəllim ictimai xadim Əhməd Cavadın şeirlərində əski adət inamlara, xalqın yaddaşına qayıdış kimi duyğular öz əksini geniş tapmışdır. Ə.Cavad Novruz bayramı ilə bağlı silsilə etnoqrafik şeirlər yazmışdır. Onlardan birini təqdim edirik:

 

Çillə şərqisi

Qabağı yazdır Çillənin,

Ömrü azdır Çillənin.

Yer bürünür qara,

Təslim olur bahara.

bayraqlı qış gedir,

Al bayraqlı yaz gəlir!

Nağılçılar xoş gedir,

Ozan, aşıq, saz gəlir!

Böyük Çillə çıxmamış,

Kiçik Çillə gəlməmiş;

Boz ay çapır atını.

Bilir qışın zatını.

Bənövşə açıb gəlir,

Yatağı torpaq olur;

Çiçəyi yarpaq olur!

Xan çobanın arzusu,

Gəlir qumral quzusu!

Yağış ruzu gətirir,

Novruz gəlib yetişir!

Qüvvət dolu qollara,

Ellər çıxır yollara;

Durnaları gözləyir!

Bülbül gülü izləyir,

Şaxta, boran sovuşur!

Yel düzəldib qəddini,

Gözəl yaza qovuşur!

 

Hazırladı:

İradə ƏLİYEVA,

Azərbaycan.-2015.- 17 fevral.- S.7.