Vətəndaşların müraciətlərinə yüksək həssaslıqla yanaşılır

 

Prezident İlham ƏLİYEV: “Məmurlar yaddan

 çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir”

 

Cənab İlham Əliyev ötən 11 ildə hər bir azərbaycanlının layiqli Prezidenti olduğunu əməli işi ilə sübuta yetirmişdir. Ötən illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar ölkə başçısının daim xalqın marağından çıxış etdiyini, habelə verdiyi vədlərin əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, reallığa adekvat olduğunu göstərmişdir. Dövlət başçısı respublikamızın iqtisadi inkişaf təmayüllərini dəqiq müəyyənləşdirməklə davamlı tərəqqini təmin etmiş, sosialyönümlü inkişaf strategiyası həyata keçirmişdir. Azərbaycan Prezidentinin əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu respublika iqtisadiyyatında böyük uğurlara zəmin yaratmış, hər bir vətəndaşın həyatında nəzərəçarpacaq irəliləyişlərə səbəb olmuşdur.

Dövlət başçısı qısa zaman kəsiyində cəmiyyətin alternativsiz seçiminə çevrilmiş Heydər Əliyev siyasi kursunu qətiyyətlə davam etdirəcəyinə xalqda qəti əminlik yaratmış, əsası ümummilli lider tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının ardıcıl şəkildə və yüksək dinamizmlə həyata keçirilməsinə möhkəm zəmin formalaşdırmışdır. Son 11 ildə həyata keçirdiyi çevik və məqsədyönlü siyasətlə özünü təcrübəli dövlət xadimi, bacarıqlı rəhbər kimi təsdiqləməsi, real ideyaproqramlarla insanların inam və etimadını qazanması cənab İlham Əliyevin yüksək liderlik keyfiyyətlərinə malik olduğunu bir daha təsdiqləmişdir. Dövlət başçısı insanları öz ideya və baxışları ətrafında toplamaq, onların iradələrinə, qərarlarına təsir göstərmək iqtidarında olduğunu sübuta yetirmişdir. Məhz bu keyfiyyətləri sayəsində də idarəçilikdə yüksək uğurlara imza atmış, cəmiyyətin əsas və həlledici hissəsini arxasınca apara bilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında və ictimaiyyətin nümayəndələri ilə yerlərdə keçirdiyi görüşlərdə vətəndaşlara birbaşa müraciət edərək qarşılaşdıqları bütün problemlər və neqativ hallar barədə Prezident Administrasiyasına məlumat verməyi tövsiyə etmişdir. Ölkə başçısı respublika ictimaiyyəti ilə görüşündə bildirmişdir: “Mən sizdən və Azərbaycanın bütün vətəndaşlarından xahiş edirəm ki, bütün xoşagəlməz hallar haqqında, bütün ədalətsizliklər haqqında, əsassız tələblər haqqında Prezident Administrasiyasına və digər müvafiq qurumlara, yerli icra hakimiyyəti orqanlarına məlumat verin ki, biz bu nöqsanları, bu yaraları daha da tezliklə aradan qaldıraq”.

Ölkə başçısının bu tövsiyəsindən sonra vətəndaşlar Prezident Administrasiyasının ünvanına təkcə qarşılaşdıqları problemlər barədə deyil, həm də onların aradan qaldırılması yolları haqqında öz təklif və mülahizələrini bildirmişlər. Prezident Administrasiyasına 2014-cü ildə daxil olmuş müraciətlər barəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə şöbəsinin müdiri Süleyman İsmayılovun “Azərbaycan” qəzetində dərc edilən yazısında göstərilir: Yola saldığımız 2014-cü ili vətəndaşların müraciətlərinə baxılmasının təşkilində, ümumiyyətlə, vətəndaşların problemlərinin əsaslı surətdə həll olunmasında, həmçinin onların gündəlik problemlərinə qayğı və diqqətin artırılmasında yeni bir mərhələ adlandırmaq olar. Azərbaycan Prezidenti özü başda olmaqla bütün dövlət orqanlarından, vəzifəli şəxslərdən, hər bir məmurdan Azərbaycan dövlətinin əsas dayağı olan Azərbaycan xalqının daha yaxşı yaşamasına şərait yaradılmasını, vətəndaşların hüquq və azadlıqlarının qarantı kimi bu hüquqların təmin edilməsini, onların dövlət orqanlarına etdiyi hər bir müraciətə qanun çərçivəsində, hüquqi müstəvidə baxılmasını çox ciddi tələb edir. 2014-cü ildə respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının və digər dövlət qurumlarının rəhbərləri tərəfindən vətəndaşların yerlərdə qəbulu davam etdirilmişbu qəbullar əhali arasında getdikcə daha böyük maraq və rəğbətlə qarşılanmışdır.Vətəndaşların vəzifəli şəxslərlə birbaşa ünsiyyəti xalqla hakimiyyət arasında dialoq körpüsünün möhkəmlənməsinə səbəb olmuşçox böyük səmərə vermişdir. Respublikanın müxtəlif regionlarında təşkil olunan qəbullarda mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən 67 şəhər və rayondan 10529 vətəndaş qəbul olunaraq onların təqdim etdikləri 10194 müraciətə baxılmış, bunların bir çoxu operativ həll edilmiş, digərləri barədə isə müvafiq orqanlar qarşısında məsələ qaldırılmışdır”.

Mövcud siyasi kursun ictimaiyyət tərəfindən birmənalı dəstəklənməsini təmin edən ən başlıca amillərdən biri də müstəqil Azərbaycanın ötən illər əldə etdiyi inanılmaz sosial-iqtisadi nailiyyətləridir. Ümumilikdə ötən illər ölkədə həyata keçirilən liberal iqtisadi siyasət makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşdirilməsi, qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi kimi yadda qalmışdır. Respublikanın əldə etdiyi uğurlar dünyanın nüfuzlu reytinq təşkilatlarının və maliyyə institutlarının hesabatlarında da əksini tapmışdır. Azərbaycanın adı son illər maliyyə təşkilatlarının qiymətləndirmələrində islahatçı və pozitiv dəyişikliklərə nail olan dövlətlər sırasında çəkilir.

Azərbaycanın sürətli inkişafı, aparılan nəhəng quruculuq işləri, şəhər və kəndlərimizin gündən-günə abadlaşması, əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğı ölkə vətəndaşlarının öz dövlətinə, Prezidentinə inamını daha da artırır. Onlar görülən işlərə görə minnətdarlıq hisslərini bölüşür, arzu və istəkləri, eyni zamanda gündəlik həyatda qarşılaşdıqları problemlər barədə öz hüquq və azadlıqlarının təminatçısı olan ölkə Prezidentinə və onun administrasiyasına müraciət edirlər. Ölkə vətəndaşlarının bu müraciətləri onların Azərbaycan Prezidentinə böyük etimadından irəli gəlir. Prezident İlham Əliyev 2015-ci il yanvarın 27-də “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda vətəndaş-məmur münasibətlərindən danışarkən Azərbaycanın bu sahədə də nümunəvi ölkə olmasının vacibliyini önə çəkərək demişdir: “Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq. Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir. Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır”.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə şöbəsinin müdiri Süleyman İsmayılovun yazısında göstərilir ki, ötən illərdə vətəndaşların Prezident Administrasiyasına ən müxtəlif məsələlər barədaxil olmuş müraciətləri dərindən təhlil edilmiş, qaldırılan məsələlərin həlli üçün tədbirlər görülmüş, bu barədə respublika mətbuatında vaxtaşırı məlumat verilmişdir: “2014-cü ildə respublikanın 43 şəhər və rayonundan 500-dən çox təklif xarakterli müraciət daxil olmuşdur. Bu müraciətlərin bir qismində ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, bu məqsədlə müxtəlif materiallardan hazırlanmış, ulu öndərin şəkli və sözləri həkk olunmuş suvenirlərin buraxılması təklif olunur. Daxil olmuş təkliflər arasında I Avropa Oyunlarına xüsusi diqqət yetirilməsi, kəndlərdə mədəniyyət evlərinin tikinti və təmirinin davam etdirilməsi, metro stansiyalarında əlillər və uşaqların daha rahat hərəkətinə şərait yaradılması, Azərbaycan alimlərinin və mühəndislərinin təklif etdiyi layihələrdən geniş istifadə edilməsi, elmin inkişafı, Dağlıq Qarabağ məsələsində təbliğat işinin gücləndirilməsi, gənc istedadlar üçün xüsusi məktəblərin açılması, orta məktəblərdə ekoloji guşələrin yaradılması, xalq tətbiqi sənəti nümunələrinin istehsalı və satışının təşkil edilməsi, kredit faizlərinin endirilməsi, yeni yolların salınması, bir sıra yolların təmir olunması, müasir elektrotexnika müəssisələrinin, yeni aqrolizinq, fitosanitar, baytarlıq regional məsləhət mərkəzlərinin yaradılması, geni modifikasiya olunmuş məhsulların toxumlarından istifadənin qarşısının alınması və sair çoxsaylı məsələlər barədə təkliflər, fikirlər, mülahizələr verilmişdir. Təkliflərin bəziləri nəzarət qaydasında baxılaraq həll olunmuş, daha dərindən öyrənilməsi tələb olunan təkliflər baxılmaq üçün aidiyyəti qurumlara göndərilmişdir”.

Əlbəttə, bu xarakterli müraciətlər aidiyyəti qurumlar tərəfindən hərtərəfli öyrənilir, həll edilməsi mümkün olan xahiş və təkliflər regionların İnkişafı Dövlət Proqramı çərçivəsində həllini tapır, yaxud perspektiv planlara salınır. Ölkə Prezidentinin Azərbaycanın hər bir rayonunda, bir çox kənd və qəsəbələrində olması, vəziyyətlə bilavasitə tanışlığı, lazımi tədbirlər görməsi öz səmərəsini verir. Süleyman İsmayılovun qəzetimizdə dərc edilən yazısında göstərilir: “Hər bir dövlət orqanında, hər bir idarə və təşkilatda işin düzgün və səmərəli təşkili qəbul edilmiş qərarların, verilmiş tapşırıqların, daxil olmuş sənədlərin icrasına, həmçinin vətəndaşların göndərdikləri müraciətlərə qanunauyğun şəkildə və müddətlərdə baxılmasına nəzarətin düzgün həyata keçirilməsindən çox asılıdır. Nəzarət işi bütün sahələrdə olduğu kimi, vətəndaş müraciətlərinin baxılmasında da əsas vasitələrdən biridir. Özlüyündə ictimai nəzarətin bir növü olan vətəndaş müraciətləri yerlərdə olan vəziyyətin güzgüsü kimi müvafiq şəhər və rayonun, eləcə də mərkəzi icra hakimiyyəti orqanının rəhbərinə real vəziyyəti öyrənib obyektiv və əsaslı qərarlar qəbul etməyə imkan verir. 2014-cü ildə də Prezident Administrasiyasında nəzarət qaydasında baxılan müraciətlərin sayı kifayət qədər yüksək olmuş, bu sahədə şəffaflıq artırılmış, mövcud olan çatışmazlıqlara və nöqsanlara qarşı daha ciddi tədbirlər görülmüşdür”.

Azərbaycanda ictimai-siyasi sabitliyin, vətəndaş sülhü və həmrəyliyinin qorunub saxlanılması naminə ilk gündən nümayiş etdirdiyi yüksək prinsipiallıq, qətiyyət və əzmkarlıq Prezident İlham Əliyevin istənilən ekstremal situasiyada çevikoptimal qərar qəbul edən qətiyyətli lider olduğunu göstərmişdir. Əsl liderlik, şübhəsiz, kütlələri öz ətrafında birləşdirmək bacarığında ifadə olunur. Bu missiya cəmiyyətin bütövlüyününsabitliyinin qorunmasına, vətəndaş sülhü və həmrəyliyinin möhkəmləndirilməsinə istiqamətlənir. Azərbaycan Prezidenti İlham Əliyevin şəxsiyyət və lider kimi böyüklüyü onun ideyalarının birləşdirici mahiyyətindən, ilk növbədə, hər bir vətəndaşın maraqlarına hesablanmasından irəli gəlir.

Bütün bunlar bir daha təsdiqləyir ki, Prezident İlham Əliyev dövlətçilik təcrübəsində siyasi varislik ənənələrinin davamı, üstəlik, mütərəqqi inkişaf meyillərinin gücləndirilməsi ideyası üstünlük təşkil edir. Üstünlüyü, obyektiv xarakterialternativsizliyi ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illər ərzində dəfələrlə öz təsdiqini tapmış bu siyasi kursun davamlılığının təmin olunması Azərbaycanın dövlətçilik əsaslarının daha da möhkəmləndirilməsinə, dövlətin hərtərəfli yüksəlişinə ən etibarlı təminatdır.

 

Elnur HACALIYEV,

Azərbaycan.-2015.- 18 fevral.- S.2.