Gənclər Fondunun
Müşahidə Şurasının 12-ci iclası keçirilib
Fevralın
17-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər
Fondunun Müşahidə Şurasının növbəti
iclası keçirilib.
Fonddan AzərTAc-a bildiriblər ki, Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov iclası açıq elan edərək gündəliyin layihəsini diqqətə çatdırıb. Bildirib ki, iclasda Fondun 2014-cü ildəki fəaliyyətinə dair hesabata rəy verilməsi, “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna daxil olan layihələrin qiymətləndirilməsi Meyarları”nın təsdiq edilməsi və digər məsələlərin müzakirə olunması nəzərdə tutulub.
Gündəlik təsdiq edildikdən sonra Fondun icraçı direktoru Fərhad Hacıyev qurumun 2014-cü ildə gördüyü işlər barədə məlumat verib. Qeyd edilib ki, ötən il ərzində gənclər təşkilatları və 16-29 yaşlı fiziki şəxslər üçün 2 qrant müsabiqəsi təşkil olunub, ümumilikdə 844 layihə maliyyələşdirilib. Həmin layihələrə 4 milyon 667 min 700 manat vəsait ayrılıb. Maliyyələşdirilmiş layihələr sırasında yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, region gənclərinin ictimai fəallığının artırılması, ətraf mühitin qorunması, sağlam həyat tərzinin təbliği, xüsusi qayğıya ehtiyacı olanların dəstəklənməsi, “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı təbliğat kampaniyasına ictimai dəstək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın gənclər təşkilatlarının beynəlxalq gənclər platformaları ilə əməkdaşlığının inkişaf etdirilməsi, gənclərin elmi fəaliyyətinin təşviq olunması, incəsənət sahələri üzrə müsabiqələrin və sərgilərin təşkili, istedadlı gənclərin ixtiralarının və innovativ ideyalarının dəstəklənməsi kimi istiqamətlər üstünlük təşkil edib. İl ərzində Fondun fəaliyyətinə maraq artıb, müraciət edənlərin sayı çoxalıb. Belə ki, Fondun rəsmi internet səhifəsində 105 min daxilolma, “Facebook” sosial şəbəkəsində isə 35,5 min istifadəçi qeydə alınıb. Təqdim olunmuş hesabatda 59 gəncin dünyanın müxtəlif ölkələrində keçirilmiş simpozium, konfrans, seminar və digər tədbirlərdə iştirakına maliyyə dəstəyinin verildiyi diqqətə çatdırılıb, Azərbaycan həqiqətlərinin daha geniş auditoriyalarda təbliği baxımından həmin tədbirlərdə gənclərimizin təmsil olunmasının əhəmiyyəti vurğulanıb. Hesabatda Fond tərəfindən maliyyələşdirilmiş layihələrin Azərbaycanın 42 şəhər və rayonunda reallaşdırılması, beynəlxalq tədbirlərdə 29 ölkənin nümayəndələrinin iştirak etməsi və digər məsələlər barədə məlumatlar əks olunub. 2014-cü il ərzində layihələrin icra olunduğu şəhər və rayonlarda Fondun əməkdaşları tərəfindən monitorinqlər keçirilib, aşkar edilən nöqsanlarla bağlı qeydlər aparılıb və resipiyentlərin yekun hesabatları zamanı nəzərə alınıb.
Müşahidə Şurasının üzvləri Fondun 2014-cü ildəki fəaliyyətinə dair hesabatı ilə bağlı fikir və təkliflərini səsləndirib, sənədə müsbət rəy verilməsi ilə bağlı qərar qəbul ediblər.
Təkliflər nəzərə alınmaqla hesabatın təkmilləşdirilməsi tövsiyə olunub.
İclasda qrant müsabiqələrinə təqdim olunan layihələrin qiymətləndirilməsi meyarlarının təkmilləşdirilməsi ilə bağlı məsələ müzakirəyə çıxarılıb, müvafiq işçi qrup tərəfindən hazırlanmış yeni sənəd - “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna daxil olan layihələrin qiymətləndirilməsi Meyarları” təsdiq edilib.
Daha sonra Müşahidə Şurasının üzvlərindən və Fondun aparatının əməkdaşlarından ibarət tərkibdə yaradılmış işçi qrupun təklifləri dinlənilmiş, erməni diasporuna qarşı mübarizənin səmərəliliyinin artırılması məqsədilə gənc xarici tədqiqatçıların Dağlıq Qarabağ münaqişəsi və azərbaycanlılara qarşı törədilmiş soyqırımlarla bağlı araşdırmalarının stimullaşdırılması üçün tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.
Gündəlikdəki
məsələlərlə bağlı müzakirələrdə
Müşahidə Şurasının üzvləri – təhsil
nazirinin müavini Ceyhun Bayramov, mədəniyyət və
turizm nazirinin müavini Nazim Səmədov, “Gənclərin
İntellektual İnkişafına Yardım” İctimai Birliyinin
idarə heyətinin sədri Seymur Orucov, “Bizim Nəsil” Gənclərin
Regional İnkişaf Assosiasiyasının sədri Nurəddin
Mehdiyev, Gənclər Təşkilatları Milli
Şurasının sədri Şahin Seyidzadə, Fondun aparat rəhbəri
Faiq Qürbətov və baş mühasibi Elmar Talıblı
iştirak ediblər.
Azərbaycan.-2015.- 18 fevral.- S.3.