AzərTAc: Şərqlə Qərb
arasında media körpüsü
AzərTAc-ın
ilk xəbərinin yayıldığı vaxtdan 95 il
ötür. Bu,
1920-ci il martın 1-də baş verib.
Ötən 95 ildə, necə deyərlər, çox sular
axıb: ictimai-iqtisadi formasiyalarla birgə dünyanın siyasi
xəritəsi də dəyişib. Bu
dövrün 70 ilini SSRİ adlı imperiyanın tərkibində
yaşamağa məcbur olmuşuq. Nələr görməmişik? Kollektivləşmə,
repressiya, müharibə, siyasi-iqtisadi kataklizmlər... Nəhayət,
hər bir xalqın əzəli arzusu olan müstəqillik illəri,
əsarətdən azadlığa, qaranlıqdan
işığa, gerilikdən tərəqqiyə yol, inanılmaz
sıçrayışlar... Dünyamız və
ölkəmizlə yanaşı, bu ağlı-qaralı,
sevincli-kədərli günlər Azərbaycanın ilk xəbər
agentliyi olan AzərTAc-ın da taleyindən keçib.
Agentlik 95 illik yubileyini qloballaşan dünyada dəyər
sistemlərinin yeniləndiyi, həyatın bütün sahələrində
fundamental transformasiyaların baş verdiyi, stereotiplərin dəyişdiyi,
yeni informasiya texnologiyalarının yarandığı, sosial
media bumunun yaşandığı bir dövrdə qeyd edir. AzərTAc-ın
keçdiyi tarixi yola, əldə etdiyi uğurlara, dünya
informasiya məkanında yerinə və roluna məhz bu proseslər
fonunda nəzər salmağa çalışacağam.
Teleqraf və teletaypdan kompyuter
erasına
AzərTAc
abreviaturası agentliyin tarixi adından – Azərbaycan Teleqraf
Ajansı (fransız sözü olan “agence” “agentlik” mənasını
verir) ifadəsindən yaranıb.
Azərbaycan
Teleqraf Ajansı. Agentliyin müasir
adındakı “Teleqraf” sözü də yəqin ki, bir
çoxlarının diqqətini çəkir və bəzən
müəyyən anlaşılmazlıq doğurur. Məsələ burasındadır ki, o dövrdə
xəbərləri çatdırmaq və yaymaq
üçün yeganə vasitə teleqraf idi. AzərTAc-ın xəbərlərinin teletaypla
yayıldığı vaxtlar da yaşlı nəslin
yadında olar. Həmin illərdə xəbərləri
nəinki xaricdə, hətta ölkənin ucqarlarında yaymaq
belə müşkül məsələ idi. Hazırda isə kompyuter əsrində
yaşayırıq və xəbərin anında
alınması və yayılması ilə artıq heç kəsi
təəccübləndirmək olmaz. Bu
haqda bir qədər sonra danışacağıq. İndi isə tarixə qısa ekskursa ehtiyac duyuram.
Azərbaycan
Xalq Cümhuriyyətinin yadigarı olan AzərTAc ötən
95 ildə mürəkkəb, eyni zamanda, şərəfli bir
yol keçib, bütün çətinliklərə
baxmayaraq, həmişə Azərbaycan xalqına xidmət
edib. Bu xidmətə ən obyektiv qiyməti ümummilli
liderimiz Heydər Əliyev verib: “AzərTAc fəaliyyətə
başladığı gündən xalqımızın
azadlıq arzularının carçısına
çevrilmişdir”.
Agentliyin tarixini səciyyələndirərkən
seçdiyim “mürəkkəb və şərəfli yol”
ifadəsi heç də ritorika deyil. Ötən 95 ildə
agentliyin təkcə adının yeddi dəfə dəyişdirilməsinin
özü keçilmiş yolun, doğrudan da nə dərəcədə
mürəkkəb olduğunun təsdiqidir.
Xalq
Cümhuriyyəti dövründə cəmi iki ay müstəqil,
70 il isə SSRİ-nin tərkibində SİTA-nın
filialı kimi fəaliyyət göstərən AzərTAc
kollektivləşmə, sənayeləşmə, İkinci
Dünya müharibəsi illərində Azərbaycanda gedən
prosesləri işıqlandırır, dövrün salnaməsini
yaradırdı. Müharibədən sonrakı
illərdə isə iqtisadi, ictimai-siyasi, mədəni həyatdakı
quruculuq işləri agentliyin materiallarının əsas
mövzusuna çevrildi. Xüsusən
ötən əsrin 70-ci illərində Azərbaycanda yeni
informasiya mühiti formalaşmağa, milli mətbuatımız
yeni ənənələrlə zənginləşməyə
başladı.
Tam əminliklə deyə bilərəm ki, AzərTAc-ın
bugünkü səviyyəyə gəlib çatması,
dünya informasiya məkanına çıxması bilavasitə
ulu öndərimiz Heydər Əliyevin adı ilə
bağlıdır. 1969-cu ildə Heydər Əliyevin Azərbaycanda
siyasi rəhbərliyə gəlməsi respublikanın həyatında
dönüş mərhələsinin başlanğıcı
olmaqla yanaşı, KİV sahəsində də yeni səhifə
açdı. Ulu Öndərin yüksək
diqqət və qayğısı nəticəsində öz
dövrünün müasir texnikası ilə təchiz olunan
AzərTAc keçmiş sovet respublikalarının informasiya
agentlikləri arasında həm maddi-texniki bazasının zənginliyinə,
həm də yüksək yaradıcı potensialına görə
ön mövqeyə çıxmağa nail oldu.
Azərbaycan
yenidən dövlət müstəqilliyinə qovuşandan bir
müddət sonra, 1992-ci il dekabrın 18-də
agentliyin tarixi adı bərpa olundu və o, Azərbaycan
Teleqraf Agentliyi – AzərTAc adlandırıldı. Lakin Azərbaycanın o vaxtkı səriştəsiz,
informasiyanın cəmiyyət və dövlət həyatındakı
rolunu yetərincə qiymətləndirməyi bacarmayan rəhbərliyi
agentliyin fəaliyyətinin müasir tələblər səviyyəsində
qurulması barədə düşünmürdü. Bütün ölkə kimi, AzərTAc da taleyin
ümidinə buraxılmışdı. Xoşbəxtlikdən
bu, uzun sürmədi, 1993-cü ilin iyununda xalqın
çağırışı ilə yenidən siyasi hakimiyyətə
qayıdan ümummilli lider Heydər Əliyevin müdrikliyi və
uzaqgörənliyi, zəngin siyasi və dövlətçilik
təcrübəsi sayəsində Azərbaycan müstəqilliyini
qoruyub saxladı, bütün çətinlikləri və
maneələri dəf edərək inkişaf yoluna
çıxdı, dünya birliyində layiqli yerini tutdu. Məhz bu dövrdə AzərTAc-ın
inkişafında tam yeni mərhələ başladı.
Ulu Öndərimizin Fərmanı ilə AzərTAc-a
dövlət agentliyi statusu verildi, onun tarixində ilk dəfə
olaraq xarici ölkələrdə müxbir məntəqələri
açıldı. Hazırda
dünyanın 21 ölkəsində xüsusi müxbiri olan AzərTAc-ın
fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki
bazasının modernləşdirilməsi üçün
1995-ci ildən etibarən dövlət başçısı
səviyyəsində 6 fərman və sərəncam
imzalandı. Beləliklə, agentliyin
qarşısında yeni üfüqlər açıldı.
Onun dünya informasiya məkanına
çıxması üçün münbit şərait
yarandı.
AzərTAc
regionda 7 dildə informasiya və 5 dildə videoxəbər
yayan
yeganə
informasiya mənbəyidir
Bu gün Azərbaycan müasir beynəlxalq münasibətlər
sistemində etibarlı strateji tərəfdaş, güclü
və nüfuzlu aktor kimi tanınmaqdadır. Prezident İlham Əliyevin
yürütdüyü müstəqil və
balanslaşdırılmış xarici siyasət kursu sayəsində
ölkəmiz həm ikitərəfli münasibətlər
kontekstində, həm də çoxşaxəli əlaqələr
fonunda yerləşdiyi regionun geosiyasi, geoiqtisadi və geostrateji təhlükəsizliyinə
fundamental töhfələr verir.
Artıq regional aktordan qlobal tərəfdaşa
çevrilməkdə olan Azərbaycan dünya siyasətinin
nüfuz və güc iyerarxiyasında sürətlə irəliləyir. Bu baxımdan,
Azərbaycan həqiqətlərini daha geniş coğrafiyada
yaymaq, eyni zamanda, dünyada baş verən önəmli hadisələri
operativ surətdə işıqlandırmaq AzərTAc-ın fəaliyyətinin
prioritet istiqamətini təşkil edir.
Bu gün AzərTAc səmərəli fəaliyyət
üçün zəruri olan innovativ texnoloji avadanlığa
malikdir. Agentlikdə qurulmuş ən müasir server sistemi zəngin
informasiya, foto və videomaterialları arxivləşdirməyə,
sürətlə artan xəbər axınını yüksək
səviyyədə idarə etməyə imkan verir. Modernləşdirilmiş UPS qurğusu elektrik enerjisi
kəsildiyi halda belə lokal şəbəkənin fasiləsiz
işləməsini təmin edir. Bir müddət əvvəl
AzərTAc-ın həm funksionallığı, həm də
dizaynı ilə diqqəti cəlb edən və 7 dildə
informasiya yayan yeni veb-saytı, həmçinin videosaytı,
uşaq bilik portalı istifadəyə verilib.
Agentliyin saytının Çin dilində versiyası
yubiley ərəfəsində həyata keçirilən layihələr
arasında mühüm yer tutur və Çin Xalq
Respublikasında böyük maraq doğurub. Bu marağın təzahürü
olaraq Çinin Xarici Ölkələrlə Dostluq
Assosiasiyasının ev sahibliyi və Azərbaycanın
Çindəki səfirliyinin dəstəyi ilə Pekində
agentliyin saytının Çin dili versiyasının təqdimat
mərasimi və “Azərbaycan-Çin münasibətlərinə
AzərTAc-ın fotoobyektivindən baxış” mövzusunda
fotosərgi təşkil edilib. Sərgidə AzərTAc-ın
arxivindən götürülmüş və ulu öndər
Heydər Əliyevin, Prezident İlham Əliyevin müxtəlif
vaxtlarda Çinə səfərlərinə, Bakıda bu
ölkənin nümayəndə heyətləri ilə
görüşlərinə, habelə ikitərəfli
münasibətlərin müxtəlif sahələrinə dair
100-ə yaxın fotoşəkil nümayiş olunub.
Agentliyin Azərbaycan dilində Facebook səhifəsinin
daimi istifadəçilərinin sayı 110 min nəfərə
yaxınlaşır, əhatə dairəsi isə orta hesabla
20-50 milyon nəfər arasında dəyişir. YouTube profilində
isə AzərTAc-ın videomateriallarına 1 milyon 600 minə
yaxın baxış olub. Sosial medianın təhlili ilə
məşğul olan ABŞ-ın SocialBakers analitik şirkətinin
statistikasında AzərTAc-ın Azərbaycan dilində Facebook
səhifəsi ölkənin ən sürətlə artan
profilləri və media səhifələri sırasında ilk
beşlikdə yer alır, informasiya agentlikləri arasında
isə birincidir. SocialBakers-in göstəricilərində AzərTAc-ın
Tvitter və YouTube profilləri də Azərbaycan üzrə
“Media” kateqoriyasında daim ilk beşlikdə yer tutur. Agentliyin rus və ingilis dillərində
videomaterialları YouTube-da ayrıca profillərdə, Azərbaycan,
ingilis və rus dillərində informasiyaları və videoxəbərləri
isə Tvitter səhifəsində yayılır.
İstifadəçilər AzərTAc-ın rus, ingilis,
fransız, alman, ərəb və Çin dillərində xəbərlərini,
həmçinin foto və videomateriallarını Google, Bing,
Yandex, Mail.ru, Yahoo kimi axtarış sistemləri vasitəsilə
də əldə edə bilirlər.
Bu nailiyyətlər, yüksək artım dinamikası nəyin
sayəsində əldə olunub? Deyərdim ki, ilk
növbədə, xəbər yayımına müasir və
innovativ yanaşma sayəsində. Yaşadığımız
dövrün öz tələbi, öz
çağırışları var və biz də
zamanın nəbzini tutmağa, müasir informasiya
texnologiyasından maksimum yararlanmağa
çalışırıq. Bu məqsədlə
agentlikdə yeni bir struktur – sosial şəbəkələr və
informasiya resursları ilə iş şöbəsi
yaradılıb. Biz nəticələri daim təhlil
edərək auditoriyanı necə genişləndirmək barədə
düşünürük.
Agentliyin inkişaf trendində multimedia və videoxəbər
janrının da xüsusi yeri var. Bunu qeyd etmək xüsusilə
xoşdur ki, AzərTAc ölkədə və regionda 5 dildə
videomaterial yayan yeganə informasiya mənbəyidir. Təsadüfi
deyil ki, hazırladığımız videoreportajlar artıq
ölkə televiziyalarında da yayımlanır.
ARDNŞ-in təşkilatçılığı ilə
Amerikada keçirilmiş “ABŞ-Azərbaycan: Gələcəyə
baxış” forumundan, “Arşın mal alan”
tamaşasının təqdimatından bəhs edən videoxəbərlər
AzərTAc-ın loqosu ilə ölkənin bütün
televiziyalarında efirə verilib. Agentliyimizin və ADA
Universitetinin birgə layihəsi olan “Tələbə
uğuru” hər şənbə İTV kanalının “Yeni
gün” proqramında yayımlanır və qısa müddətdə
özünə geniş izləyici auditoriyası qazanıb.
“Gəzdim Azərbaycanı”, “Səfir saatı”, “Azərbaycan
idmanı”, “Abidələrimiz”, “Sənət və sənətkarlar”,
“Persona”, “Günün qalstksuz qəhrəmanı”, “Moda”,
“Dadlı” və digər videolayihələr də
böyük marağa səbəb olub.
AzərTAc Azərbaycanın mədəniyyətini, tarixi
reallıqlarını daha geniş təbliğ etmək
üçün diaspor təşkilatları ilə birgə
layihələr həyata keçirir. Bu silsilədən
növbəti layihə Danimarkanın paytaxtı Kopenhagendə
reallaşdırılıb. Burada “Vətən”
Cəmiyyəti ilə birgə keçirdiyimiz Azərbaycan mədəniyyəti
günü geniş auditoriya toplayıb, “Azərbaycan evi”ndə
fəaliyyət göstərən uşaq rəqs
ansamblının üzvlərinə AzərTAc tərəfindən
göndərilmiş milli geyimlər və dərsliklər təqdim
edilib.
AzərTAc dünya informasiya məkanında
Ulu öndərimiz Heydər
Əliyev informasiyanın necə böyük təsir
gücünə malik olduğunu yaxşı bilirdi. Buna görə də daim deyirdi ki, Azərbaycan həqiqətlərini
bütün dünyaya yaymaq lazımdır. Tövsiyə
edirdi ki, özünüz deyib özünüz eşitməyin,
informasiyalarınızla dünya məkanına
çıxın, Azərbaycanı tanıdın, ölkəmizdə
nə baş verdiyini, kim olduğumuzu beynəlxalq
aləmə çatdırın.
AzərTAc öz fəaliyyətində Ulu Öndərimizin
qarşıya qoyduğu bu vəzifəni, tövsiyə və
prinsipləri əsas tutur. Bizə uğur gətirən
də elə budur. Bu gün ölkəmizdə
dünya miqyasında yayılmağa layiq olan yetərincə
maraqlı xəbər var. Azərbaycan Prezident İlham
Əliyevin rəhbərliyi ilə demokratik dövlət
quruculuğu yolunda inamla irəliləyir, sosial-iqtisadi
inkişaf tempinə görə dünya ölkələri
arasında ön sırada gedir. Bu yüksəlişi
əks etdirən xəbərləri dünya informasiya məkanına
çıxarmaq təbii ki, fəaliyyətimizin prioritetləri
sırasına daxildir. Bunun yolu isə beynəlxalq
əməkdaşlıqdan, xəbərləri mümkün qədər
çox dildə və daha geniş arealda yaymaqdan keçir.
Hazırda
dünyanın 130-a yaxın ölkəsi ilə informasiya
mübadiləsi aparan AzərTAc təkcə son bir ildə Azərbaycan,
rus, ingilis, alman, fransız, ərəb və Çin dillərində
müxtəlif mövzularda 103534 informasiya, 8331 videoxəbər
hazırlayaraq öz kanalları ilə yayıb.
Rəqəmlər yorucu olsa da, agentliyin bu sahədəki
işinin nəticələrini yalnız statistika dəqiq əks
etdirə bilər. Məsələn, son bir ildə AzərTAc-ın 3565 xəbəri,
669 videosu və 1631 fotosu 35 ölkənin 44 informasiya agentliyini
özündə birləşdirən Asiya və Sakit Okean
Ölkələri İnformasiya Agentlikləri Təşkilatı
- OANA-nın, 413 informasiyası Qara dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatının üzvü olan ölkələrin
Milli İnformasiya Agentlikləri Assosiasiyasının -
BSANNA-nın, 2706 informasiyası və 304 fotosu MDB Ölkələri
Milli İnformasiya Agentlikləri Alyansının –
ANİA-nın, həmçinin hər gün orta hesabla 8-10 xəbəri
İslam Əməkdaşlıq Təşkilatına
(İƏT) üzv ölkələrin 40-dan çox xəbər
agentliyini özündə birləşdirən Beynəlxalq
İslam Xəbərlər Agentliyinin – İİNA-nın və
Çinin Sinxua agentliyinin saytlarında yer alıb. Ötən
il beynəlxalq və regional qurumların elektron resurslarında
AzərTAc-ın ümumilikdə, 7203 xəbəri, 1935 fotosu və
669 videomaterialı yerləşdirilib.
Azərbaycan həqiqətlərini dünya informasiya məkanında
yaymağın digər effektiv və təsirli vasitələri
də var. Daha yaxşı olmazmı ki, əcnəbi jurnalistlər
ölkəmizə gəlib öz gözləri ilə
gördüklərini, şəxsən şahidi
olduqlarını yazsınlar? Mən belə bir fikrə
tam şərikəm ki, Azərbaycanı sevmək
üçün onu görmək və tanımaq
lazımdır. Praktikamızda müsbət
nəticə verən belə hallar çox olub. Lap təzə bir misal çəkməklə kifayətlənəcəyəm.
AzərTAc bu yaxınlarda Koreya
Respublikasının Yonhap Xəbər Agentliyinin müxbiri Lim
Donq Kunun Azərbaycana səfərini təşkil edərək
ölkəmizlə tanışlıq üçün ona hər
cür imkan və şərait yaratdı. Koreyalı
müxbir geriyə zəngin təəssüratla, kifayət qədər
dolğun materialla döndü. Onun seçdiyi sərlövhəyə
diqqət yetirin: “Azərbaycan –
Prometeyin seçdiyi zəngin torpaq”. Ölkəmizə
sevgi ilə dolu olan bu məqalə Yonhapın “İmazine”
jurnalının ötən ilin dekabr nömrəsində
maraqlı fotoşəkillərin müşayiəti ilə
çap olunub. Müxbirin dediyinə
görə, məqalə ilə bağlı çoxlu rəylər
alıb.
Bu istiqamətdə daha bir vasitə isə xaricdəki
müxbirlərimizdir. Onlar fəaliyyət göstərdikləri
ölkələrdən xəbərlər hazırlamaqla bərabər,
yerli KİV-də Azərbaycan barədə müntəzəm
çıxışlar edirlər. Təkcə ötən
il ABŞ-ın, Avropa və Asiyanın
nüfuzlu mətbuat orqanlarında bilavasitə müxbirlərimizin
qələminin məhsulu olan 181 materialı yayılıb, Azərbaycanın
uğurları geniş auditoriyaya çatdırılıb.
Bunlarla
yanaşı, bu sətirlərin müəllifinin “Prezident
İlham Əliyevin Praqa sammitində nümayiş etdirdiyi inam
və qətiyyət Azərbaycan dövlətinin beynəlxalq
aləmdə artan nüfuzunun göstəricisidir”, “Beynəlxalq
əlaqələrin etibarlı ünvanı”, “Ənənəvi
mediadan dünya informasiya şəbəkəsinə
transformasiya labüddür” sərlövhəli analitik məqalələri
ABŞ-ın “Eurasia Hoy” və “Foreign Policy News”, Almaniyanın
“Eurasianews.de” saytlarında, Avstriyanın “Society” jurnalında,
Türkiyənin “Gündəm”, “Denge”, “Kars-haber”, “Halq“ qəzetlərində
dərc edilib.
AzərTAc Şərq və Qərbin
media dialoqunu yaradır
Azərbaycan
mühüm geosiyasi nöqtədə yerləşir. Buna Şərqlə Qərb arasında körpü
də demək olar, iki qitənin bir-birinə açılan
qapısı da. Doğrudan da, unikal olan bu
məqam AzərTAc-a Şərqlə Qərbin media
qurumları arasında körpü rolunu oynamaq, dialoq qurmaq imkanı
yaradır. Agentliyimizin bu imkanı necə
dəyərləndirdiyini bir neçə konkret misalla diqqətə
çatdırmaq istərdim.
AzərTAc Asiya və Sakit Okean Ölkələri Xəbər
Agentlikləri Təşkilatı (OANA) ilə yanaşı,
Avropa Xəbər Agentlikləri Alyansının (EANA), Beynəlxalq
İslam Xəbərlər Agentliyinin (İİNA)
üzvüdür. Eyni zamanda, Müstəqil Dövlətlər Birliyinin
üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri
Assosiasiyasının (ANİA), Türkdilli Xəbər
Agentlikləri Birliyinin (TKA), Qara dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatının üzvü olan ölkələrin
Milli Xəbər Agentlikləri Assosiasiyasının (BSANNA) təsisçilərindən
biridir. OANA-nın Moskvada keçirilən
Baş Assambleyasında AzərTAc-ın Baş direktoru
üçüncü dəfə bu qurumun büro üzvü
və vitse-prezidenti seçilib.
Beynəlxalq media qurumlarında belə geniş və
aktiv təmsilçilik Azərbaycan həqiqətlərini
olduqca geniş coğrafiyada yaymaqla bərabər, bizə
Şərq ilə Qərbin informasiya agentlikləri arasında
dialoq platforması yaratmağa imkan verir. Bu platformanın təməli
2008-ci ilin sentyabrında OANA İcraiyyə Komitəsinin
Bakıda AzərTAc-ın ev sahibliyi ilə
“Qloballaşan dünyada informasiya hamı üçün”
mövzusunda keçirilən 30-cu iclasında qoyulub. Həmin iclas müasir tariximizdə ilk dəfə
olaraq həm Asiyadan, həm də Avropadan dünya informasiya
siyasətini müəyyənləşdirən çox
nüfuzlu rəhbər şəxsləri bir araya gətirdi.
Qonaqların Azərbaycan Prezidenti İlham
Əliyev tərəfindən qəbul edilməsi tədbirin dəyərini
daha da artırdı.
AzərTAc bu ənənəni 2016-2019-cu illərdə
Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri
Təşkilatına və Dünya Xəbər Agentlikləri
Konqresinə sədrliyi dövründə daha da zənginləşdirmək
niyyətindədir. Beynəlxalq aləmdə çox nüfuzlu media
toplantıları kimi qəbul edilən OANA-nın XVI Baş
Assambleyası və Dünya Xəbər Agentliklərinin V
Konqresi 2016-cı ildə eyni vaxtda Bakıda AzərTAc-ın ev sahibliyi ilə keçiriləcək.
Sözün açığı, bu nüfuzlu qurumlara sədrlik
çoxlarının ürəyindən keçirdi. Odur ki, qərarların
necə ciddi seçim və rəqabət şəraitində
qəbul olunduğunu uzun-uzadı izah etməyə, zənnimcə,
ehtiyac yoxdur. Yalnız onu deməklə kifayətlənmək
istəyirəm ki, digər beynəlxalq media qurumlarından fərqli
olaraq, OANA-ya və Dünya Xəbər Agentlikləri Konqresinə
sədrlik rotasiya qaydasında deyil, gizli səsvermə yolu ilə
müəyyənləşdirilir və bəzən az qala hər səs həlledici əhəmiyyət
daşıyır. Bu da təsadüfi deyil.
Çünki həmin qurumlar öz
sıralarında 150-dək nüfuzlu kütləvi informasiya
vasitəsini birləşdirir.
Ötən
il Bakıda AzərTAc-ın təşkilatçılığı
ilə Dünya Xəbər Agentlikləri Konqresi
Şurasının iclası oldu. İclasda 2016-cı ildə
AzərTAc-ın ev sahibliyi ilə
keçiriləcək Dünya Xəbər Agentliklərinin V
Konqresinə hazırlıq məsələləri müzakirə
edildi. İştirakçıların tərkibi özü hər
şeyi deyir: Dünya Xəbər Agentlikləri Konqresinin sədri
və Səudiyyə Ərəbistanı Krallığının
Səudiyyə Press Agentliyinin prezidenti, OANA-nın prezidenti,
Rusiyanın TASS Agentliyinin baş direktoru, Avstriya Xəbər
Agentliyinin baş icraçı direktoru, Dünya Xəbər
Agentlikləri Konqresinin baş katibi, Ərəb Xəbər
Agentlikləri Federasiyasının baş katibi, EANA-nın
prezidenti, Böyük Britaniyanın Press Association Agentliyinin
baş icraçı direktoru, Türkiyənin Anadolu
Agentliyinin baş direktoru, Latın Amerikası Ölkələri
İnformasiya Agentlikləri Birliyinin sədri və
başqaları. Məlumat üçün onu
da deyim ki, Konqres Şurasının növbəti iclası
martın 1-2-də AzərTAc-ın 95 illik yubiley tədbirləri
ilə eyni vaxtda keçiriləcək.
Daha bir dialoq platforması ənənəvi Bakı Beynəlxalq
Humanitar forumlarıdır və biz bu nadir imkandan da yetərincə
yararlanmağa çalışırıq. Bu forumlar
dünyanın məşhur siyasi xadimlərini, alimləri,
sabiq dövlət başçılarını, eləcə
də nüfuzlu media rəhbərlərini bir araya gətirir.
AzərTAc Bakı forumları çərçivəsində
mass-medianın aktual problemlərinə həsr olunmuş “dəyirmi
masa”lar təşkil
edir. Bu, həm də bizim Şərq-Qərb
media dialoqunun inkişafına töhfəmizdir. Müxtəlif qitələrdən olan aparıcı
KİV mütəxəssisləri “dəyirmi masa” arxasında əyləşib
medianın müasir inkişaf meyillərinə və brendlərinə
dair fikir mübadiləsi aparır, baxışlarını
tutuşdururlar. Axırıncı forumda müzakirəyə
çıxarılan mövzunu misal çəkmək istərdim:
“Rəqəmsal dövrdə medianın transformasiyası:
inkişafın yeni meyilləri”. “Dəyirmi masa” iştirakçıları
olduqca geniş coğrafiyanı əhatə edirdi.
Belə ki, panel iclaslarında EANA-nın sabiq prezidenti,
Rusiyanın TASS, Avstriyanın APA, Malayziyanın BERNAMA,
Vyetnamın VNA, Fələstinin WAFA, Birləşmiş Ərəb
Əmirliklərinin WAM, Qazaxıstanın Kazinform,
İtaliyanın AGI, Serbiyanın Tanyuq agentliklərinin və
digər mətbuat qurumlarının rəhbərləri,
mütəxəssis və ekspertlər çıxış
edərək qloballaşan dünyada medianın aktual məsələləri
barədə fikirlərini bölüşdülər.
Daha bir faktla bu mövzuda qeydlərimi tamamlamaq fikrindəyəm. AzərTAc-ın
xarici ölkələrin milli informasiya agentlikləri və
nüfuzlu media qurumları ilə imzaladığı
müqavilələrin sayı artıq 35-ə çatıb.
Bu da son hədd deyil və yaxın günlərdə
yeni əməkdaşlıq müqavilələrinin şahidi
olacaqsınız.
Yolumuz hayanadır
Medianın gələcəyi kimə məxsusdur? Kim gündən-günə güclənən rəqabətə davam gətirəcək? Bu suallar klassik media nümayəndələrini təbii olaraq daha çox düşündürür. Bəzi həmkarlarım, xüsusən yaşlı nəslin nümayəndələri az qala dünyanı başına götürən sosial medianı qəbul etmək, yaxına buraxmaq istəmirlər. Amma bizim istəyimizdən asılı olmayaraq, zamanın öz çağırışları var və gələcək bu çağırışı duyan, ona cavab verənlərindir.
AzərTAc bu gün Azərbaycan media cəmiyyətinin ən yaşlı üzvüdür: 95 yaş heç də az deyil. İllərlə formalaşmış stereotipləri qırmaq, rəqəmsal dünyamızın tələbinə uyğunlaşmaq çətin olsa da, qaçılmazdır.
Zamanla ayaqlaşmaq üçün yüyürmək, bəzən hətta nəfəsin kəsilənədək qaçmaq lazım gəlir. AzərTAc bu marafona hazırdır: zamanın yükünü öz çiyinlərində daşımağa qadir, müasir xəbər texnologiyalarının dilini bilən gənc heyəti ilə, informasiya yaymağın məsuliyyətini dərk edən və bu işin ustası olan peşəkarlarla.
Bizim üçün dünən də, bu gün də dəyişməyən bir meyar var: xəbərin doğru və dürüstlüyü, dəqiqliyi. Bəzən oyun qaydalarının pozulduğu, bəzən obyektivlikdən uzaq, şou və piar xarakterli informasiyaların xəbər məkanını doldurduğu bir vaxtda, internet əsrinin yaratdığı inqilabi dəyişikliklər dalğası fonunda bu ənənələri qoruyub saxlamaq bəlkə də çətindir. Amma AzərTAc olaraq biz bunu etməliyik.
Zənnimcə,
yeganə yolumuz, gələcək uğurun açarı
yeniliklə ənənələrin
uzlaşdırılması, ortaq məxrəcin
tapılmasıdır.
Aslan Aslanov
AzərTAc-ın Baş direktoru
Azərbaycan.-2015.- 18 fevral.- S.4.