SƏNƏDLƏR İFŞA EDİR ...

 

AMEA Tarix İnstitutunun nəşr etdiyi sənəd topluları haqqında

 

Azərbaycan tarixinin obyektiv öyrənilməsi və ictimaiyyətə təqdim edilməsi sahəsində AMEA Tarix İnstitutunun son onillikdə həyata keçirdiyi layihələr çox böyük əhəmiyyətə malikdir. Bu layihələr içərisində ölkəmizin qədim çağları haqqında məlumatları əks etdirən mixi kitabələrin, antik müəlliflərin məlumatlarının, orta yüzilliklərdə yazılmış əsərlərin, xüsusən də yenimüasir dövr tarixini əks etdirən sənəd və materialların nəşri xüsusi yer tutur.

Dünyanın müxtəlif ölkələrinin arxivlərində, kitabxanalarında, muzeylərində mühafizə edilən və ölkəmizin tarixinin çox önəmli problemlərini yüksək elmi səviyyədə araşdırmağa imkan verən sənədlərin gətirilməsi və toplular halında çap edilməsi işi son illərdə daha geniş vüsət almışdır. Dövlət başçısının tapşırığı və Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Yaqub Mahmudovun rəhbərliyi ilə başlanmış bu nəcib və son dərəcə gərəkli öz bəhrəsini vermiş, uzun illər London, Paris, Berlin, Dehli, Sankt-Peterburq, Moskva, İstanbul, Tbilisi, Mahaçqala və digər yerlərdə yatıb qalmış, bir sıra obyektiv səbəblərdən uzun dövr ərzində əlçatmaz olan qiymətli sənədlər cild-cild nəşr edilərək elmi ictimaiyyətə və vətən tarixi ilə maraqlanan geniş oxucu kütləsinə çatdırılmışdır.

Azərbaycan torpaqlarının XIX əsrin əvvəllərindən etibarən Rusiya imperiyası tərəfindən işğal edilməyə başlanması, Rusiya hakim dairələrinin tutduğu yerlərdə möhkəmlənmək üçün atdığı addımlar, ilk növbədə İran və Osmanlı dövlətlərindən erməni əhalisinin köçürülüb tarixi Azərbaycan ərazilərində yerləşdirilməsi, müstəmləkə idarəçiliyi yaradılması, xalqımızın hüquqlarının tapdalanması və bunlara qarşı müqavimət hərəkatı, 1918-ci ildə Azərbaycan dövlətçiliyinin bərpası, AXC rəhbərlərinin müstəqilliyin və ərazi bütövlüyünün qorunması uğrunda mübarizəsi, böyük dövlətlərlə münasibətlər, Sovet Rusiyasının işğalçı siyasəti və s. bu kimi mühüm elmi problemlər üzrə sənədlər qruplaşdırılaraq toplular halında nəşr edilmişdir. Böyük Britaniya, Almaniya, Fransa, Rusiya, Türkiyə, Hindistan, Gürcüstan və digər ölkələrin arxivlərində saxlanılan çox qiymətli, əksər hallarda unikal olan sənədlərin ölkəmizə gətirilərək nəşr edilməsi vətən tarixinin az öyrənilmiş, təhriflərə məruz qalmış bir çox problemlərini obyekiv araşdırmağa əlverişli şərait yaratmışdır.

AMEA Tarix İnstitutunun nəşr etdiyi sənəd topluları içərisində Azərbaycan xalqına qarşı Rusiya hakimiyyət nümayəndələrinin fəal yardımı ilə erməni qatı millətçi təşkilatlarının 1905-1906-cı illərdə kütləvi qətl və qarətləri, Birinci Dünya müharibəsi başlandıqdan sonra erməni hərbi birliklərinin Şərqi Anadoluda, Qars, Ərdəhan, Batum vilayətlərində, Cənubi Azərbaycanda Urmiya bölgəsində, İrəvan və Gəncə quberniyalarında türk-müsəlman əhaliyə divan tutmaları, 1918-ci ilin yazında erməni və rus hərbçilərindən təşkil edilmiş bolşevik-daşnak qüvvələrinin Bakı şəhərində və Bakı quberniyasının qəzalarında yerli azərbaycanlı əhaliyə qarşı soyqırımı törətmələri kimi çox ağrılı problemləri aydınlaşdıran materialların dərc edilməsi böyük elmi əhəmiyyətə malik olmaqla yanaşı, həm də yüksək ictimai-siyasi dəyərə malikdir. Müasir dövrdə Ermənistan hakimiyyətində təmsil olunanların və onlara havadarlıq edənlərin iddia etdikləri qondarma erməni soyqırımı ilə bağlı yalan və uydurmaların ifşa edilməsi üçün bu sənədlər təkzibedilməz sübutlar verir.

Tarix İnstitutunun əməkdaşları tərəfindən hazırlanmış “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Böyük Britaniyanın arxiv sənədlərində” (Bakı, 2008); “Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı”, I c., (Bakı, 2009); “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı”, II c., I kitab, Gəncə quberniyası (Bakı, 2010); “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı”, II c., II kitab, İrəvan quberniyasında soyqırımı (Bakı, 2010); “Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı”, III c., Xatirələr (sənədlər toplusu) (Bakı, 2010); “Azərbaycan tarixi arxiv sənədlərində (1917-1920-ci illər). I c., Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivinin sənədləri” (Bakı, 2010); “Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrin əvvəlləri). I c., Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivinin sənədləri” (Bakı, 2010); “Azərbaycan Xalq Cümhuriyyəti. Böyük Britaniyanın arxiv sənədlərində”. (Rus dilində) (Bakı, 2011); “Azərbaycan tarixi arxiv sənədlərində (XVIII əsr). Rusiya Federasiyası Dağıstan Respublikası Mərkəzi Dövlət Arxivinin sənədləri” (Bakı, 2011); “Azərbaycan tarixi arxiv sənədlərində (aprel-dekabr, 1920-ci il). II cild. Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivinin sənədləri” (Bakı, 2012); “Azərbaycan tarixi arxiv sənədlərində (XIX əsrin sonu-XX əsrin əvvəlləri). I c., Böyük Britaniya kitabxanasının arxiv sənədləri” (Bakı, 2012); “Azərbaycan tarixi arxiv sənədlərində (XIX-XX əsrlər). Ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi. Azərbaycan Dövlət Tarix Arxivinin sənədləri” (Bakı, 2012); “Azərbaycan tarixi arxiv sənədlərində (XIX-XX əsrlər). I c., Gürcüstan Mərkəzi Dövlət Tarix ArxiviGürcüstan Mərkəzi Ən Yeni Tarix Arxivinin sənədləri” (Bakı, 2013); “Azərbaycan tarixi arxiv sənədlərində (XVI-XX əsrlər). I c., Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivinin və Dağıstan Mərkəzi Dövlət Tarix Arxivinin sənədləri” (Bakı, 2013); “Azərbaycan tarixi arxiv sənədlərində (1921-ci il). III cild. Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivinin sənədləri” (Bakı, 2013); “Azərbaycan tarixi arxiv sənədlərində (1918-1920). Almaniya Federativ Respublikası Xarici İşlər Nazirliyinin Siyasi Arxivinin sənədləri”. I c., (Bakı, 2013) və II c., (Bakı, 2014); “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Fransa Xarici İşlər Nazirliyi Arxivinin sənədlərində” (Bakı, 2015) və digər toplular son dərəcə qiymətli sənəd və materialları özündə cəmləşdirmişdir.

Sənəd toplularından bir neçə nümunə dərc olunmuş materialların əhəmiyyətini qiymətləndirmək üçün xarakterikdir. “Azərbaycan Xalq Cümhuriyyəti. Böyük Britaniyanın arxiv sənədlərində” (Bakı: “Şərq-Qərb” nəşriyyatı, 2011, 712 s.) adlı rus dilində nəşr edilmiş topluda Cənubi Qafqazda və İrandakı ingilis missiyalarının, hərbi nümayəndələrin Londona ünvanladığı raportlar, məxfi məlumatlar nəşr edilmişdir. Bu sənədlərdə Böyük Britaniyanın Qafqazda yeni yaranmış respublikalara münasibətini, erməni hərbi birliklərinin İrəvan, Naxçıvan, Qars və digər bölgələrdə müsəlman əhalini qəddarlıqla qətlə yetirməsini, erməni siyasi xadimlərinin siyasi konyunkturdan asılı olaraq mövqelərini asanlıqla dəyişmələrini əks etdirən məlumatlar (8,17, 35,37, 94,100 saylı sənədlər) xüsusi maraq doğurur. Məsələn, Böyük Britaniyanın Qafqazdakı ali komissarı O.Vordropun Londona göndərdiyi 2 oktyabr 1919-cu il tarixli məxfi teleqramda ermənilərin Yeni-Bəyazit, Gümrü və İrəvan bölgələrində 60 müsəlman kəndini dağıtmaları haqqında məlumat vermişdi (72 saylı sənəd).

Böyük Britaniyanın arxiv sənədlərində AXC rəhbərlərinin yüksək şəxsi keyfiyyətləri, demokratik dəyərlərə və mütərəqqi ideyalara bağlı olmaları, öz ölkələrinin müstəqilliyinin qorunub saxlanması üçün ciddi səy göstərmələri, dövlət idarəçiliyində qısa müddətdə böyük uğurlar qazanmaları da əks olunmuşdur (52 saylı sənəd).

“Azərbaycan tarixi arxiv sənədlərində. XIX-XX əsrlər. Ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi. Azərbaycan Dövlət Tarix Arxivinin sənədləri” (Bakı: “Çaşıoğlu”, 2012, 752 s.) adlı topluda ermənilərin İran və Osmanlı dövləti hüdudlarından XIX yüzillikdə və XX yüzilliyin əvvəllərində köçmələri haqqında məlumatlar toplanmışdır. Topluda erməni əhalisinin Azərbaycanın Qarabağ, Naxçıvan və İrəvan bölgələrinə köçürülüb yerləşdirilməsi haqqında elmi ictimaiyyətə yeni sənədlər təqdim edilmişdir. Sənədlərlə tanışlıq göstərir ki, erməni əhalisi qonşu İran və Osmanlı dövlətlərindən XIX əsrin 20-ci illərinin sonunda kütləvi şəkildə Azərbaycan hüdudlarına köçürüldükdən sonra da bu proses arası kəsilmədən onilliklər boyu davam etmişdir. Topluya daxil edilmiş Cənubi Qafqaz GömrükKarantin sistemi üzrə raport və məlumatlar (4 saylı sənəd) XIX əsrin 30-40-cı illərində Şimali Azərbaycana köçən erməni ailələrinin sayı və yerləşməsi arealı haqqında konkret faktları əks etdirir.

Topluda dərc edilmiş XIX əsrin 90-cı illərindən etibarən Osmanlı dövlətinin şərq vilayətlərindən Rusiyanın Qafqazdakı mülklərinə köçmələrinin yeni dalğası haqqında İqdır, Şərur, Culfa və digər karantin-gömrük məntəqələrindən Bakı Karantin-Gömrük Dairəsinə ünvanlanmış raportlar (7, 8, 9 saylı sənədlər) da böyük əhəmiyyətə malikdir. Bu sənədlərdə XIX əsrin sonu - XX əsrin başlanğıcında Osmanlı dövlətinin şərq vilayətlərindən minlərlə erməni ailəsinin sərhəd-gömrük zastavalarından, eləcə də qeyri-qanuni yollarla Rusiya hüdudlarına keçmələri qeyd olunmuşdur.

Bu faktlar həm də ona görə böyük əhəmiyyətə malikdir ki, Osmanlı dövlətinin şərq vilayətlərində yaşayan ermənilərin 300 mindən çoxunun hələ Birinci Dünya müharibəsindən öncə Rusiyaya köçdüyünü özündə əks etdirir. Bu da, öz növbəsində, müharibə dövründə Osmanlı dövlətinin şərq vilayətlərindən köçürülmüş erməni əhalisinin sayı haqqında erməni müəlliflərinin və onlarla həmfikir olanların yalanlarını ifşa etmək üçün tutarlı arqumentlərdən biridir.

Topluda 1905-1906-cı illərdə və sonrakı illərdə erməni silahlı dəstələrinin dinc azərbaycanlı əhaliyə qarşı qətl və qarətlərini əks etdirən materiallar (17, 18, 19, 20, 21, 22, 23 saylı sənədlər) mühüm yer tutur. Bu sənədlərdə erməni qaçqınların Gəncə və Bakı quberniyalarında yerləşdirilməsi haqqında rəsmi hakimiyyət orqanlarının raportları, məlumatları, idarələrarası yazışmalar əks olunmuşdur. Həmin sənədlərdəki faktlar müharibə başlandıqdan sonra 400 minə qədər erməninin Osmanlı dövləti hüdudlarından Rusiya tərəfə qaçdığını göstərir ki, bu da, öz növbəsində, uydurma erməni soyqırımı qurbanlarının sayının dəqiqləşdirilməsi baxımından böyük əhəmiyyətə malikdir.

Birinci Dünya müharibəsi başlandıqdan dərhal sonra Rusiyanın Qafqazdakı ordularında xidmətə çağırılan ermənilərin antitürk, antiazərbaycanlı əhval-ruhiyyəsi, müsəlman-türk əhaliyə qarşı düşmən münasibətini əks etdirən raport və məlumatlar (14,15 saylı sənədlər) da topluda əks olunmuşdur. Bu sənədlərin içərisində müharibə başlandıqdan sonra hərbi səfərbərliyə alınmış ermənilərin Qafqazın müxtəlif yerlərində çağırış məntəqələrində toplaşaraq yaxınlıqdakı müsəlman-türk əhalinin üzərinə hücum etmələri, onlarla insanı, o cümlədən bir parça çörək dalınca İrandan gəlmiş müsəlmanları qətl etmələri haqqında Qafqaz canişininə göndərilmiş məxfi raportlar xüsusilə qiymətlidir.

Sənədlərin bir qismində (17, 18, 19 saylı sənədlər) Qafqaz cəbhəsində döyüşlər başlandıqdan sonra cəbhə bölgələrində yaşayan ermənilərin kütləvi surətdə Cənubi Qafqazın içərilərinə köçmələri, hakimiyyət orqanlarının erməni qaçqınları yerləşdirmək və ehtiyaclarını qarşılamaq üçün gördüyü tədbirlərdən bəhs edilmişdir. Topluya daxil edilmiş materiallar içərisində 1916-cı ilin yazında Ərzurum vilayətinin rus qoşunları tərəfindən işğalından sonra Gəncə şəhərinə pənah gətirmiş türk qaçqınlarına münasibətlə bağlı məlumatlar (19 saylı sənəd) da maraqlıdır. Türk qaçqınların xəzinə hesabına təmin edilib-edilməməsi haqqında Yelizavetpol qubernatorunun sorğusuna Qafqaz Hərbi Dairəsinin baş rəisi cavab vermişdi ki, onları daimi yaşadıqları yerə qaytarmaq lazımdır. Qafqaz cəbhəsinin qaçqınların yerləşdirilməsi üzrə baş müvəkkili isə həmin il martın 15-də Yelizavetpol qubernatoruna bildirmişdi ki, Yelizavetpolda yerləşdirilmiş türklər hərbi əməliyyatlar aparılan bölgələrdən polis nəzarəti altında çıxarılmışlar və qaçqın kateqoriyasına aid deyildirlər. Yelizavetpol qubernatoru türk qaçqınlara belə etinasız münasibətlə bağlı sikayətlənirdi ki, Türkiyə təbəəsi olan bu qaçqınların çoxu qadın, uşaq və qocalardır. Onlar işləməklə öz həyatlarını təmin etmək iqtidarında deyillər və hazırda yalnız xeyriyyəçilərin verdikləri yardım hesabına yaşayırlar.

Topluda müharibə dövründə Bakı şəhərində və ətraf qəsəbələrdə erməni, polyak, latış, rus və digər millətlərdən olan qaçqınların məskunlaşması, Bakı şəhəri rəisliyi, xeyriyyə cəmiyyətləri tərəfindən qaçqınların yaşayış yeri, isti paltar və ərzaqla təmin edilməsi, böyüklər və uşaqlar üçün ayrılıqda xəstəxanalar, qaçqın uşaqlar üçün məktəblər yaradılması haqqında məlumatlar (20 saylı sənəd) da dərc edilmişdir.

“Azərbaycan tarixi arxiv sənədlərində (XIX-XX əsrlər). Gürcüstan Mərkəzi Dövlət Tarix ArxiviGürcüstan Mərkəzi Ən Yeni Tarix Arxivinin sənədləri” (Bakı: Turxan” NPB, 2013, 552 s.) adlı topluda Rusiya işğalından sonra Azərbaycanın şimal-qərb torpaqlarında yerli azərbaycanlı əhalinin sıxışdırılması, ata-baba torpaqlarının zorla müsadirə edilməsi, bölgənin etnik tərkibini nəzərə almadan inzibati sərhədlərin müəyyən edilməsi və süni surətdə dəyişdirilməsi kimi faktlara geniş yer verilmişdir (1, 2, 3, 6, 20, 23, 30 saylı sənədlər).

Topluda Zaqatala dairəsi sakinlərinin Rusiya hakimiyyətinin tətbiq etdiyi ağır vergilər səbəbindən Türkiyəyə köçmələri haqqında raport və məlumatlar (7, 8, 9 saylı sənədlər) böyük maraq doğurur. Zaqatala dairəsi rəisinin Qafqaz diyarı baş hakimi dəftərxanasına ünvanladığı 11 yanvar 1902-ci il tarixli raportda Əliabad sahəsindəki 3 kənddən 115 ailənin Türkiyəyə köçmək üçün müraciət etdiyi qeyd olunmuşdur. Zaqatala dairəsi rəisinin 4 iyul 1903-cü il tarixli raportunda isə 2160 nəfərin Türkiyəyə köçmək üçün müraciət etdiyi xəbər verilirdi.

Topluda sənədlərin bir qismi Zaqatala dairəsində XX əsrin başlanğıcında çar hakimiyyətinə qarşı silahlı mübarizə aparan Qabaqçöl sakini Yusif Əli oğlu - Qaçaq Yusif və dəstəsi haqqında maraqlı məlumatları əks etdirir (11, 12, 13, 14, 15, 16, 17, 18 saylı sənədlər). Qaçaq Yusifin dəstəsinin 1904-1905-ci illərdə fəaliyyətindən bəhs edən arayış bu baxımdan xüsusilə qiymətlidir.

Tarix İnstitutunun “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi çərçivəsində hazırlayıb tədqiqatçılara və geniş oxucu kütləsinə təqdim etdiyi sənəd toplularından biriAlmaniya Federativ Respublikası Xarici İşlər Nazirliyi Siyasi Arxivindən gətirilmiş çox mühüm materialların daxil edildiyi kitablardır. Birinci cildi 2013-cü, ikinci cildi 2014-cü ildə nəşr edilmiş bu toplularda elmi dövriyyəyə ilk dəfə daxil edilən, həm də tariximiz üçün son dərəcə qiymətli olan yeni sənədlər yer almışdır. Bu sənədlər Azərbaycan tarixinin ən yeni dövrünün mühüm bir mərhələsini - Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində mövcud olan beynəlxalq vəziyyətin, yenicə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin qonşu dövlətlərlə diplomatik münasibətlərinin və eləcə də cümhuriyyətin beynəlxalq aləmdə özünü tanıtdırmaq uğrunda apardığı mübarizəsinin tarixinin real mənzərəsini bugünkü və gələcək nəsillərə çatdırmaq üçün misilsiz əhəmiyyətə malikdir.

Topluya daxil edilən sənədlərdə Azərbaycan Xalq Cümhuriyyətinin Bakının azad edilməsi uğrunda diplomatik mübarizəsi, Almaniya və Osmanlı dövlətinin Azərbaycan siyasəti, Almaniya-Azərbaycan münasibətləri, türk ordusunun xilaskarlıq yürüşünün qarşısının alınması üçün bolşevik Rusiyasının Almaniya ilə birgə səyləri, Almaniyanın Azərbaycanı, o cümlədən Bakını ələ keçirmək cəhdləri, Bakı uğrunda Almaniya-Osmanlı ziddiyyətləri, Bakı azad edildikdən sonra Almaniya və Osmanlı dövlətinin Azərbaycan siyasəti, Rusiya-Almaniya-Osmanlı münasibətləri, Bakı azad olunduqdan sonra buradan İrana qaçan erməni hərbi birləşmələri haqqında məlumatlar və s. məsələlər əks olunmuşdur. Topluya daxil edilən sənədlər Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bir çox mühüm problemləri, o cümlədən Bakının azad olunması uğrunda mübarizə ilə bağlı yeni yanaşmalar, yeni baxışlar yaranmasına imkan verir.

Əlbəttə, bu misalların sayını artırmaq da olardı. Lakin elə bu faktlar da sübut edir ki, AMEA Tarix İnstitutu çox böyük əhəmiyyətə malik görmüşdür. Respublikamıza gətirilən və bir-birinin ardınca nəşr edilən sənəd topluları vətənimizin tarixini obyektiv tədqiq etmək, zaman-zaman yol verilmiş təhrifləri aradan qaldırmaq, xüsusən də tariximizi saxtalaşdıranları ifşa etmək üçün kəsərli faktlar, konkret dəlil-sübutlar ortaya qoymuşdur.

 

Qabil ƏLİYEV,

tarix elmləri doktoru, professor

Azərbaycan.-2015.- 18 fevral.- S.7.