“Sən fəxr qıl ki,
Azərbaycan sevir səni”
Əlağa Vahid-120
Əlağa Vahid...
XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri. Füzuli və Seyid Əzimdən sonra qəzəl janrını və əruz vəznini yeni bir zirvəyə qaldıran, klassikanı sönməyə, qürub etməyə qoymayan bənzərsiz şairimiz.
Qəzəlləri muğam sənətimizin, muğam ifaçılarının repertuarından düşməyən ustad sənətkarımız. Aylar, illər keçdikcə xalqın dilindən düşməyən Vahid.
O elə bir dövrdə ədəbiyyata gəlmişdi ki, qəzəl janrı artıq öz nüfuzunu itirməyə başlamışdı və Mirzə Ələkbər Sabir bir satirasında epiqonçu qəzəlçiləri lağa qoymuşdu. Qəzəlin dili, bədii təsvir vasitələri sanki bir dairənin - özü də qapalı bir dairənin içindən sıyrılıb çıxa bilmirdi. Qəzəl xalqa gedib çatmırdı.
Vahid gəldi və qəzəlləriylə xalqın ürəyinə yol tapdı, onu xəlqiləşdirdi, mümkün qədər mücərrəd ərəb və fars kəlmələrindən təmizlədi, həm də qəzələ yeni məzmun gətirdi.
Azərbaycan ədəbiyyatında qəzəl janrının qədim köklərə malik olduğu məlumdur, bu janrda Füzulinin, Nəsiminin, Xətainin, Saib Təbrizinin, Zakirin, Seyid Əzim Şirvaninin, Nəbatinin, Natəvanın, Buzovnalı Azərin, Süleyman Rüstəmin böyük xidmətləri olmuşdur. Ancaq qəzəl dedikdə üç böyük ustad xəyala gəlir: Füzuli, Seyid Əzim və Vahid.
Vahid Füzulini çox sevirdi. Bir gün şairlər məclisində Füzuli sənətindən söhbət düşəndə Vahid deyir: “Füzulinin hər bir qəzəli möcüzədir. Mən təəccüb eləyirəm ki, bu böyük ustad nə əcəb peyğəmbərlik iddiasında olmayıb? Əgər belə bir fikrə düşmüş olsaydı, kəlamlarını möcüzə kimi təqdim edib məqsədinə nail olardı”. O məclisdə biri deyir ki, ay Vahid, siz özünüz də Füzuli yadigarı, Füzuli şagirdisiniz. Vahid etiraz edərək deyir: “A kişilər, nə deyirsiniz, mən Füzulinin şagirdinin şagirdi ola bilmərəm. O kişi ad qoyub gedib. Onun əsərləri dəryadır. Mən də o dəryadan bircə qaşıq götürə bilmişəmsə, o da çay qaşığıdır. Mən bu barədə yazmışam: “Böyük Füzulimizin xaki payının biriyəm”.
Vahid cəmi dördsinifli bir məktəb bitirmişdi. Nəinki ali təhsil, heç orta təhsil də almamışdı. Yalnız öz şəxsi mütaliəsi və dərin zəkası hesabına şeirin-sənətin zirvəsinə yüksəlmişdi.
O, yaradıcılığa böyük Sabirin təsiri ilə başlamışdı. Hələ qəzəllərdən əvvəl elmsizliyi, nadanlığı, cəhaləti tənqid edən şeirlər yazmışdı. Ona şöhrət gətirən, bir şair kimi xalqın sevimlisinə çevirən qəzəlləri oldu.
Əzəldən Bakı ədəbi məclisləri
əsl poeziya məktəbi olub. Vahid də bu məktəbin
yetirməsidir. Bakıda XIX əsrin sonlarında
“Məcməüş-şüəra” (“Şairlər yığıncağı”)
ədəbi məclisi
fəaliyyət göstərirdi.
Bu məclis XX əsrin otuzuncu illərinə qədər
davam edib. Burada Məhəmmədağa
Cürmi, Ağadadaş
Sürəyya, Ağakərim
Salik, Mirzağa Dilxun, Mikayıl Seydi, Seyid Zərgər,
Əbdülxalıq Yusif,
Əbdülxalıq Cənnəti,
Haşımbəy Saqib,
Ağadadaş Müniri,
Azər Buzovnalı kimi istedadlı şairlər öz şeirlərini oxuyur, bu şeirlər barədə fikir və mülahizələrini
söyləyirdilər. Azər Buzovnalı
Vahidin ustadı olmuşdur. Məclis üzvləri daha
çox Əbdülxalıq
Yusifin evinə toplaşardılar. Bir gün
cavan Əlağa da bura gəlir.
Bir tərəfdə oturub yaşca böyük müasirlərinə qulaq
asırmış. Adət belə
idi ki, məclisə
yeni gələn şair gərək ustadların şeir sınağından keçəydi.
Əlağa bu sınaqdan
uğurla çıxır.
Əbdülxalıq Yusifin açdığı
qafiyəni sona yetirir. O, ayağa durub Əlağanı qucaqlayır və deyir: “Sən bu gündən sonra bizim məclisimizin
üzvüsən. Mən sənə
VAHİD ləqəbi verirəm”.
Öncə dedik ki, Vahid
qəzəli xəlqiləşdirdi,
qəzəl birbaşa
xalqın auditoriyasına
daxil oldu. Vahid qəzəli
məzmunca da yeniləşdirdi, onu mücərrəd rəmzlərdən,
simvolikadan xilas etdi, göy gözəllərindən deyil,
yer gözəllərindən
yazdı, qəzələ
nikbinlik çalarları
aşıladı.
Əsrlərdən bəri qəzəlin baş mövzusu EŞQ olub. Amma bu EŞQin mənaları da birrəngli olmayıb.
Vətən məhəbbətindən, Tanrıdan tutmuş gözələ ülvi hisslərlə doludur onun şeirləri.
Sevgilim,
eşq olmasa, varlıq bütün əfsanədir,
Eşqidən məhrum olan insanlığa biganədir.
Sevgidir,
yalnız məhəbbətdir
həyatın cövhəri,
Bir könül
ki eşq zövqün duymasa, qəmxanədir.
Mən əsiri eşqiyəm öz xalqımın, öz yurdumun,
Sevməyən öz xalqını, öz yurdunu divanədir.
Vahidin qəzəllərində Eşq
ali, müqəddəs
bir hiss kimi tərənnüm olunur. Onun sevgisi kamil və
safdır, cismani məhəbbətlə bağlı
deyil. Dar mənfəətdən uzaqdır.
Bu mənada Füzulinin
eşq konsepsiyası ilə Vahidin məhəbbət düşüncələri
arasında heç bir ziddiyyət yoxdur. Fərq yalnız ondadır
ki, Vahid gözəlin vəsfində,
ona olan sevgi hisslərində daha çox real həyat adamı idi.
Vahidin qəzəlləri
küllən gözəl
bir eşq dastanını xatırladır. Burada aşiq-məşuqə
sevgisi, bu sevginin hər anı insan qəlbinin ən dəruni hisslərinin ifadəsidir.
Ey gül,
sənə dünyada
bərabər yenə
varmı?
Səndən də gözəl sevgili dilbər yenə varmı?
Gülzari-cahanda, görəsən, səndən
əlavə
Ən incə,
lətafətli güli-tər
yenə varmı?
Qadına, sevdiyi gözələ sitayiş Vahid qəzəllərində dönə-dönə
vurğulanır. Vahidin lirik qəhrəmanı
sevgilisi yolunda hər bir əzaba
hazırdır, təki
vüsala yetsin. Çünki sevmək, sevilmək
dünyanın ən müqəddəs duyğusudur.
Bəs insan nəyə görə yaşayır?
Vahid sadə,
kasıb bir həyat tərzi keçirmişdir. Amma bütün ömrü
boyu bir kimsəyə baş əyməmiş, həmişə
qürurlu olmuşdur.
Yazıb-yaratmağa 1914-cü ildən başlamışdır. İlk
şeirlərini - qəzəl,
meyxana və felyetonlarını “İqbal”,
“Zəhmət”, “Bəsirət”,
“Tuti”, “Məzəli” qəzet və jurnallarında dərc etdirmişdir. Şura inqilabından sonra isə şeirlərini “Kommunist”, “Maarif və mədəniyyət”,
“Şərq qadını”,
“Yeni yol”, “Gənc işçi” və s. mətbuat səhifələrində çap
etdirmiş, özü
də mətbuatda çalışmışdır. Müharibə illərində isə
təbliğat-təşviqat briqadaları tərkibində
kolxozlarda, fabrik və zavodlarda kollektivlər qarşısında
çıxışlar etmişdir.
O, meyxana janrına da meyil etmiş,
öz hazırcavablığı
ilə o zaman Bakı məclislərində
hörmət qazanmışdı.
Məmməd Rahim öz xatirələrinin birində
yazır ki, Ukraynadan Bakıya qonaqlar gəlmişdi.
Təsadüfən Vahid və Müşfiq də o məclisdə idi. Vahiddən xahiş edirlər ki, bədahətən bir bədiə desin. Vahid razı olur, bu şərtlə ki, Müşfiq ona vagirlik etsin.
Vahid belə bir bədiə başlayır: “Qorxum yoxdur vuruşmadan, vaynadan, Xoş gəlibdir qonaqlar Ukraynadan”.
Vahid və musiqi... Həm Vahidin sağlığında,
həm də indi elə bir
xanəndə yoxdur ki, Vahiddən oxumasın. Çünki Vahidin qəzəlləri
dilinin sadəliyinə,
xəlqi məzmununa və məna zənginliyinə görə
muğama, mahnıya tez yatır. Musiqi haqqında, onun insanın estetik tərbiyəsindəki
müstəsna rolu haqqında Vahidin bir neçə qəzəli var. Bir qəzəlində deyir ki:
Musiqi sənətini Azərbaycan
yaradıb,
Qoy bu tarixi həqiqətləri
Tehran oxusun.
Qarabağdır bizim öz ölkəmizin Şirazı,
Öz muğamatını
lazımdı hər insan oxusun.
Belə
bir sual: necə oldu ki, Əlağa Vahid 1937-ci ilin repressiya tufanına, “qara siyahı”ya düşmədi? Əvvəla, Vahid ümumxalq məhəbbəti qazanmış
bir şair idi. Xalqın böyük sevgisi
onunla idi. Xanəndələr gecə-gündüz Vahiddən oxuyurdular.
Özü ilə ailəsi
darısqal, kasıb bir otaqda ömür
sürürdülər. Rəsmi ədəbi məclislərdə Vahid çox az
görünürdü. Qəzəl yazdığına
görə Vahidi tənqid edirdilər, o, çətinliklə çap
olunurdu. Nəşriyyat,
radio, ekran Vahidi yada salmırdı, sağlığında çox
az kitabı
işıq üzü
görmüşdü. Hərçənd
ki, müharibə illərində Əməkdar
incəsənət xadimi
fəxri adına
layiq görülmüşdü.
Vahid heç bir siyasətə qoşulmurdu,
deyək ki, laübalı bir həyat keçirirdi.
Amma xalq sevgisiydi onu bəlalardan xilas edən. Vahidin ən böyük xidməti o oldu ki, böyük ənənələri olan
qəzəli qoruyub saxladı. Vahid kommunist deyildi.
“Yuxarıda əyləşənlər”
də bunu yaxşı bilirdilər.
Toxunmurdular ona.
Vahidin vətən
sevgisindən də ayrıca söz açmaq olar. Əksər qəzəllərində
bu sevginin parlaq ifadəsini görürük.
Vahidin yaradıcılığı haqqında, təəssüf ki, bəzi məqalələr istisna olmaqla (mərhum Məmməd Nuruoğlunun “Əsər ki qaldı cahanda” monoqrafiyası da bura daxildir), ciddi, onun poeziyasının mahiyyətini, keçdiyi yaradıcılıq yolunu açıqlaya bilən, Vahidin Vahidliyini isbat edən elmi əsərlər hələ yazılmayıb.
Vahidin qəzəl dünyası Azərbaycan klassik poeziyasının sonuncu zirvəsidir desək, yanılmarıq. Doğrudur, Vahiddən sonra da qəzəl bir janr kimi qürub etmədi. Elə Vahidin yaşadığı dövrdə Süleyman Rüstəm, Mirmehdi Seyidzadə kimi şairlər də gözəl qəzəllər yazdılar. Ancaq qəzələ, qəzəl şairlərinə münasibət dəyişmirdi, qəzəl köhnəlik qalığı hesab edilirdi. Buna baxmayaraq, sovet dönəmində də Vahidin yolunu davam etdirən qəzəl şairləri oldu. Hacı Mail, Seyidağa, Ələkbər Şahid, Əliağa Bakir kimi istedadlı şairlər qəzəl ocağını - Vahid ocağını sönməyə qoymadılar. Müstəqillik illərində isə qəzəl yenidən poetik janrlar içərisində öz qanuni yerini tutdu. Bu da, bir növ, Əlağa Vahidə olan böyük məhəbbətin təzahürü idi, çünki yeni qəzəlxanlar Vahidin poetik məktəbindən öyrənir, təsirlənirdilər.
Unudulmaz Vahid bir əsrin şairi deyil, nə qədər Azərbaycan xalqı var, Vahid də var, olacaq!
Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru
Azərbaycan.-2015.- 18 fevral.- S.7.