Qeyri-neft sektorunun inkişafının

əhəmiyyəti bu gün bir daha özünü göstərir

 

 

İqtisadiyyatın dayanıqlı inkişafının ilk növbədə, onun şaxələndirilməsindən asılı olması məlum faktdır. Xüsusən də Azərbaycan kimi neft ixrac edən ölkələr üçün bu, daha vacibdir. Çox sadə bir səbəbdən - dünya bazarında neftin qiyməti sabit olmur, enerji resursları dünya birjalarında sürətlə qalxdığı kimi sürətlə də enir və belə kəskin dəyişmələr neft ixrac edən ölkələrin iqtisadiyyatına güclü təsir göstərir. Bunun qarşısının alınmasının ən optimal variantı isə iqtisadiyyatın şaxələndirilməsidir.

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə ölkə iqtisadiyyatının şaxələndirilməsinin vacib olduğunu qeyd edib. Xüsusən də qeyri-neft, o cümlədən aqrar sektorun inkişafını önə çəkib. Azərbaycanda isə bu sahənin inkişafı üçün geniş imkanlar mövcuddur. Son 10 ildə milli iqtisadiyyatın sənayeləşməsi istiqamətində görülən işlər də bu məqsədə xidmət edir. Dövlət başçısı regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilin yekunlarına həsr olunmuş konfransda bu barədə demişdir: “Qeyri-neft sektorunun inkişafı bizim üçün həmişə prioritet olub. Bunun nəticəsidir ki, bu gün ölkə iqtisadiyyatı dünyada çoxşaxəli iqtisadiyyat kimi tanınır. Keçən il qeyri-neft sektorumuz 7 faiz, 2013-cü ildə isə 9 faiz artmışdır. Bizim ümumi daxili məhsulumuzun tərkibində qeyri-neft sektoru üstünlük təşkil edir. Getdikcə bu rəqəm daha da artacaq və artmalıdır. Biz əlbəttə ki, bu məqsədlərə çatmaq üçün lazımi tədbirlər görürük. Burada sahibkarlığın inkişafı əlbəttə ki, öz müsbət rolunu oynayır. Çünki qeyri-neft sektorumuz sahibkarlığın inkişafı hesabına böyük dərəcədə tərəqqi edir. Son 11 il ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2 milyard dollar məbləğində güzəştli kreditlər verilmişdir. Bu kreditlər iqtisadiyyatın real sektoruna ayrılmışdır”.

Ümumiyyətlə desək, son illər sənaye sahəsində 124 layihənin maliyyələşdirilməsinə 380 milyon manat güzəştli kreditlər verilmişdir. Nəticədə bir sıra sənaye məhsulları üzrə idxaldan asılılıq azalmışdır. Məsələn, götürək inşaat materiallarının istehsalını: bentonit - istehlak 8 min, istehsal 85 min, ixrac etmişik 72 min ton, ümumi istehsal gücümüz isə 250 min tondur. Gips - istehlakımız 58 min ton olduğu halda, daxili istehsal 193 min, potensialımız isə 300 min ton, yəni 3 dəfə çoxdur. Rəqəmlərdən də görünür ki, tikinti sektorunda istifadə olunan bir sıra materiallar nəinki daxili istehsal hesabına təmin edilir, üstəlik böyük həcmdə ixrac olunur.

Məlum olduğu kimi, keçən il Azərbaycanda “Sənaye ilielan edilmişdi. Həmin il ölkəmizdə 230-dan çox sənaye müəssisəsi yaradıldı, 123 min yeni yeri açıldı. Bundan başqa, 14 rayonda gündəlik istehsal gücü 820 ton olan 28 müasir çörək zavoduna 50 milyon manat güzəştli kredit ayrıldı və 22 zavod istifadəyə verildi. “Sənaye ili”ndə həmçinin 5 elektrik stansiyası işə salındı, regionlarda 3 min kilometr elektrik xətləri, 614 kilometr qaz kəməri çəkildi və ya əsaslı təmir olundu. 2014-cü ildə 24 rayonun 58 yaşayış məntəqəsi təbii qazla təmin edildi.

Qeyri-neft sektorunun genişləndirilməsində və bu sahə üzrə məhsul istehsalında, eləcə də ixracında yeni yaradılan texnoparklar mühüm rol oynayır. Bu mühüm amil nəzərə alınaraq hazırda texnoparkların şəbəkəsi genişləndirilir - Sumqayıt Kimya Sənaye Parkının və Balaxanıda yeni texnoparklar tikilir, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və digər şəhərlərdə yeni texnoparkların yaradılması istiqamətində müəyyən işlər görülür. Eyni zamanda Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycanın demək olar ki, bütün regionlarında texnoparkların kiçik formatı - sənaye zonalarının yaradılmasına hazırlıq işləri görülür. Bütün bunlar ölkənin sənayeləşməsində, bu sektor üzrə məhsul istehsalında və ixracında mühüm rol oynayacaq.

Cari ilin ilk ayı da sənaye istehsalı sarıdan uğurlu olub. Belə ki, yanvar ayında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər 1,8 milyard manatlıq, yaxud ötən ilin müvafiq dövründəkindən 1,4 faiz çox sənaye məhsulu istehsal ediblər. Özəl bölmədə istehsalın həcmi ümumi sənaye məhsulunun 71,5 faizini təşkil edib. İstehsalın 88,8 faizi sənaye mallarının (əmtəələrin) istehsalı, 11,2 faiz isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

İlin ilk ayında sənayenin emal bölməsinin məhsullarından kimya sənayesi məhsullarının istehsalı 33,7, rezinplastmas məmulatlarının istehsalı 19,3, hazır metal məmulatlarının istehsalı 2,7, tikinti materiallarının istehsalı 54,8, elektrik avadanlıqlarının istehsalı 85,2 faiz artıb.

Qeyri-neft sektorunda sənayedən sonra ən böyük sahə kənd təsərrüfatıdır. Dövlət bu sahənin də inkişafına daim diqqət və qayğı göstərir. Kənd təsərrüfatının inkişafı iki mühüm amilə görə ölkəmiz üçün strateji əhəmiyyət daşıyır. Birincisi, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, ikincisi, bölgə əhalisinin məşğulluğunu təmin etməklə rifah halının yaxşılaşdırılmasıdır. Göründüyü kimi, aqrar sektorun inkişafı iqtisadi amillə yanaşı, siyasisosial mahiyyət də daşıyır. Bu səbəbdən də cari il ölkəmizdə “Kənd təsərrüfatı ilielan edilib. Deməli, cari ildə aqrar sektorda daha mühüm layihələr həyata keçiriləcək, məhsul istehsalçılarına olunan güzəştlər davam edəcək ki, bu da təsadüfi deyil. Təkcə son illər dövlət vəsaiti hesabına 19 rayonda 40 quşçuluq təsərrüfatına, 13 rayonda 20 heyvandarlıq və 8 rayonda südçülük kompleksinə, 6 rayonda 7 ət kəsimi və emalı müəssisəsinə, 240 milyon manat güzəştli kreditlərin verilməsi istehsalın artması, 3 ildə ət və ət məhsullarının idxalının əhəmiyyətli dərəcədə azalması ilə nəticələnib. Bundan başqa, 20 rayonda 33 intensiv bağçılıq və üzümçülük təsərrüfatına, 9 rayonda 37 istixana kompleksinə və 11 rayonda 16 meyvə-tərəvəz emalı müəssisələrinə 171 milyon manat güzəştli kreditlərin verilməsi bu məhsullara olan daxili tələbatın yerli istehsal hesabına ödənilməsinə və ixrac imkanlarının yaranmasına səbəb olub.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasına və qeyri-neft sektorunun inkişafının önəminə toxunaraq demişdir: “Azərbaycan özünü dünyanın bir parçası kimi çoxdan təsdiq edibindi biz dünyaya açığıq, açıq iqtisadiyyat, açıq siyasət, açıq qapılar siyasəti aparırıq. Birbaşa qoyulan xarici sərmayələrin həcminə görə Azərbaycan bu bölgədə uzun illərdir ki, liderlik mövqeyini saxlayır. Yəni, biz dünya iqtisadiyyatının bir parçasıyıq. Buna baxmayaraq, düşünülmüş siyasət nəticəsində və iqtisadiyyatımızı qorumaq əzmində olmağımız əlbəttə ki, bu nadir vəziyyətin yaranmasına gətirib çıxarmışdır. Biz bunu qorumalıyıq. 2015-ci ilbu istiqamətdə önəmli il olacaqdır. İkinci önəmli vəzifə, - bu da artıq bir neçə ildir ki, daim vurğulanır, - qeyri-neft sektorumuzun inkişafıdır. Əgər biz vaxtilə bu istiqamətdə önəmli addımlar atmasaydıq, neftin qiymətinin bugünkü konyunkturası bizə çox mənfi təsir göstərə bilərdi. Ancaq bu gün qeyri-neft sektorumuz iqtisadiyyatda hərəkətverici amildir və 7 faiz səviyyəsində artan qeyri-neft sektorumuz görülən işlərin nəticəsidir. Bu, eyni zamanda, həm investorlara, həm yerli şirkətlərə əlavə nikbinlik verir”.

 

Rüstəm KAMAL,

Azərbaycan.-2015.- 19 fevral.- S.1.