Londonda azərbaycanlı rəssamın sərgisi açılıb

 

Buta” İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Londonda keçirilən ikinci Beynəlxalq “Buta” Azərbaycan incəsənəti festivalı çərçivəsində məşhur “Sotheby's” hərrac evində tanınmış azərbaycanlı rəssam, milli mədəniyyətdə nonkonformizmin banilərindən sayılan Cavad Mircavadovun sərgisi açılıb.

Sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

Buta” İncəsənət Mərkəzinin baş direktoru Nəsib Piriyev Mərkəzin həyata keçirdiyi layihələrdən bəhs edib. O, ikinci Beynəlxalq “Buta” Azərbaycan incəsənəti festivalı çərçivəsində keçiriləcək növbəti tədbirlər haqqında da məlumat verib.

Sərginin kuratoru, müasir incəsənət mütəxəssisi, qalereyaçı Fərəh Piriyeva Azərbaycanın istedadlı rəssamlarının əsərlərinin dünyada böyük maraq doğurduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, Cavad Mircavadov Azərbaycan rəssamlarının ən istedadlı nümayəndələrindən biri olub. O, sənətsevərlər tərəfindən “XX əsrin görkəmli Azərbaycan rəssamı” kimi təsvir olunur.

Sotheby's” hərrac evinin baş direktorunun müavini Lord Poltimore Azərbaycan incəsənətinin dünya sənət aləmində özünəməxsus yeri olduğunu qeyd edib. O, azərbaycanlı rəssamın sərgisinə ev sahibliyi etməkdən məmnunluqlarını ifadə edib.

Sonra sərgiyə baxış olub.

Azərbaycan incəsənət tarixində müasir istiqamətin banisi kimi tanınan Cavad Mircavadov 1923-cü ildə Bakıda anadan olub. 1949-1954-cü illərdə Sankt-Peterburqda yaşayıb, Dövlət Ermitajında fəhlə kimi çalışıb. Onun ilk rəngkarlıq əsəri 1967-ci ilə aid edilir. Cavad Mircavadovun yaradıcılığı formaca müasirliyə, məzmunca milli incəsənətin ənənələrinə əsaslanır. Rəssam 1992-ci il iyunun 24-də Kopenhagen-Moskva qatarında vəfat edib.

Fevralın 19-dək davam edəcək sərgidə, həmçinin Azərbaycan Dövlət İncəsənət Muzeyindən milli Azərbaycan xalçaları nümayiş etdirilir.

 

 

 

Orxan İsmayılov

AzərTAc-ın xüsusi müxbiri

London

Azərbaycan.-2015.- 19 fevral.- S.2.