Bakıda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və
“Caspian European Club”un biznes-forumu
keçirilib
“Caspian
European Club” tərəfindən təşkil olunmuş
biznes-forumda Azərbaycanda informasiya-kommunikasiya
texnologiyalarının inkişafının əsas aspektləri
və perspektivləri müzakirə edilib.
Tədbirdə çıxış edən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov 50 ölkədən 5000 şirkəti birləşdirən “Caspian European Club”un fəal işini qeyd edib. Bildirib ki, təşkilat dövlət qurumları ilə özəl sektor arasında dialoqun yaranması istiqamətində aktiv iş aparır. Bu isə dövlət strukturları ilə özəl sektor arasında sıx əməkdaşlığın qurulmasına imkan yaradır.
Əli Abbasov rəhbərlik etdiyi nazirlik haqqında məlumat verib. Görüşdə dövlət tərəfindən həyata keçirilən İKT layihələrində özəl sektorun iştirak imkanları, habelə “Caspian European Club”un şirkətlərini maraqlandıran məsələlər müzakirə edilib.
Ə.Abbasov vurğulayıb ki, Azərbaycanda inkişaf edən sahələrdən biri İKT və yüksək texnologiyalar sektorudur. 2014-cü ilin yekunlarına görə, İKT sektorunun inkişaf sürəti ölkənin sosial-iqtisadi inkişaf templərini bir neçə dəfə üstələyir. Ötən il Azərbaycanda İKT sektoru üzrə ümumi gəlirlər 1,7 milyard manata çatıb (2 milyard dollardan yuxarı), İKT sektorunun artım sürəti 16,2 faiz təşkil edib. Dünya İqtisadi Forumunun hesabatına görə, Azərbaycan bir çox göstəricilər üzrə inkişaf etmiş, ya da onlara yaxın mövqedə olan ölkələrin səviyyəsindədir. Nazirin sözlərinə görə, 2014-cü ildə Azərbaycanda İKT sektoru gəlirinin 53 faizi mobil rabitə sahəsində formalaşıb, lakin bu rəqəm 2004-cü ildə 70 faiz olub. Dünya üzrə bu göstərici 60 faiz təşkil edir. Bununla belə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində İKT sektorunun inkişafının şaxələndirilməsi üzrə məqsədyönlü iş aparılır. İKT sektoruna investisiyanın həcmi bir qədər aşağı düşüb və 140 milyon manat (200 milyon dollar) təşkil edib, özəl investisiyaların payı isə təxminən 40 faiz təşkil edib, hərçənd İKT sektorunda gəlirin 80 faizini özəl sektor əldə edir.
Nazirin sözlərinə görə, 2014-cü ilin sentyabrından neftin qiymətlərinin aşağı düşməsi dövlət tərəfindən maliyyələşdirilən layihələrdə qənaət məqsədilə düzəlişlər aparılmasını tələb etdi. Nazir qeyd edib ki, bununla bağlı dövlətin maliyyələşdirdiyi layihələr digər maliyyələşdirmə növləri ilə əvəz olunub.
Natiq vurğulayıb ki, hazırda İKT sahəsində infrastruktur əhəmiyyətli, o cümlədən mobil rabitə, internet, stasionar telefon rabitəsi, radioteleviziya, peyk xidmətləri üzrə layihələr həyata keçirilir. Ən iri layihə Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə birgə həyata keçirilən genişzolaqlı internetin inkişafı sahəsindədir. Əli Abbasov deyib: “Biz 3 il müddətinə 450 milyon manat ayrılmasını proqnozlaşdırmışdıq, lakin bu layihənin vaxtını 2016-cı ilə keçirdik”. İKT layihələrinin maliyyələşdirilməsi üzrə xarici banklar və beynəlxalq maliyyə institutları ilə razılıq əldə edildiyini deyən nazir vurğulayıb: “Bir sıra layihələr maliyyə resursları tapıblar, çünki onlarda investisiya 3-5 ilə xərcini çıxarır”.
Nazir rəqəmsal televiziyanın və mobil rabitənin inkişaf perspektivlərinə də toxunub. Vurğulayıb ki, məqsəd Azərbaycanın İKT bazarını genişləndirməkdir. Bu aspektdə ixracyönümlü məhsulların buraxılışına dair layihələrin inkişafı xüsusi rol oynayır.
Tədbirdə Əli Abbasov regionlarda İKT layihələrinin inkişafı haqqında ayrıca məlumat verib. O, həmçinin innovasiyalı inkişafa da toxunub. Bu baxımdan o startapların inkişafını və yeni texnologiyaların tətbiqini qeyd edib.
Görüşdə biznes-forum iştirakçılarının təklifləri, eləcə də “Caspian European Club” təşkilatının şirkətlərini maraqlandıran məsələlər müzakirə edilib.
Biznes-forumda çıxış edən “Caspian European Club”un direktoru Telman Əliyev nazir Əli Abbasova konstruktiv dialoqa, eləcə də tədbir çərçivəsində təşkilat üzvlərinin təkliflərinə və xahişlərinə göstərdiyi diqqətə görə təşəkkür edib.
Telman Əliyev rabitə və yüksək texnologiyalar nazirini “Caspian Energy Forum”una dəvət edib. Bu forum Bakıda nazirliklərin və Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin idarə rəhbərlərini və “Caspian European Club”un şirkətlərini bir araya gətirəcək. Qeyd edib ki, “Caspian European Club” 2002-ci ildə “Caspian Energy İnternational Media Group” təşkilatının iştirakı və Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən bir sıra ən iri neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. “Caspian European Club”un sədri Azərbaycan Prezidenti İlham Əliyevdir.
Mərasimdə nazir Əli Abbasova “Caspian European Club”un fəxri üzvü sertifikatı, habelə təşkilatın yeni şirkətlərinə sertifikatlar təqdim olunub.
Biznes-forumda şirkətlərin rəhbərləri və Azərbaycanda diplomatik korpusun təmsilçiləri iştirak ediblər.
AzərTAc
Azərbaycan.-2015.- 19 fevral.- S.2.