Ağdamlıların əhval-ruhiyyəsi yüksəkdir

 

2014-cü il cəbhə bölgəsi olan Ağdamın sosial-iqtisadi yüksəlişində, bölgə əhalisinin həyat tərzinin daha da yaxşılaşdırılmasında mühüm inkişaf mərhələsinə çevrilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin keçən il avqust ayının 6-da Ağdama səfəri rayonun ictimai-siyasi həyatında mühüm hadisə olmuşdur.

Qarabağa həmişə xüsusi qayğı və diqqət göstərən dövlət başçısı bölgəyə səfəri çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdir: “Mən beşinci dəfədir ki, Ağdama səfər edirəm. Hər dəfə burada olarkən, ağdamlılarla görüşərkən görürəm ki, onlarda nə qədər ruh yüksəkliyi, vətənpərvərlik hissləri vardır.” Bölgə əhalisindəki ruh yüksəkliyinin, üzümüzə tezliklə xoş müjdəli sabahların açılmasına olan yenilməz inamın mayası xalqla dövlətin birliyidir. Bu birliyi sarsılmaz edən isə dövlət başçısının xalqın firavanlığına, ölkənin ərazi bütövlüyünə, müstəqilliyimizin dönməzliyinə hesablanan müdrik və uzaqgörən siyasətidir.

Fevralın 18-də keçirilən Ağdam rayonunun 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr edilmiş yığıncağı nikbin notları ilə diqqət çəkdi. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov hesabat məruzəsində keçən il sosial-iqtisadi inkişaf istiqamətində qazanılan nailiyyətləri ətraflı təhlil etdi, yüksəliş, tərəqqi marafonunun sürətini daha da artırmaq üçün diqqəti istifadə olunmayan ehtiyat mənbələrinə yönəltdi, sahibkarlığı hər vasitə ilə inkişaf etdirməyin zərurətini vurğuladı.

Yığıncaqda çıxış edənlər hesabat ilinin ən əlamətdar hadisəsi olan Prezident İlham Əliyevin Ağdama səfərinin dönə-dönə minnətdarlıqla xatırladılar. Qeyd edildi ki, səfər zamanı dövlət başçısı ilk öncə ön xətdə hərbçilərlə görüşdü. Bu görüş əsgərlərimizin döyüş ruhunu o səviyyədə qaldırdı ki, Ermənistan silahlı qüvvələri törətdikləri təxribatların cavabını on qat artıqlaması ilə aldılar. Sonra Prezident rayonun İmamqulubəyli kəndi ərazisində 632 qaçqın və məcburi köçkün ailəsi üçün inşa edilmiş qəsəbənin açılışında iştirak etdi, qəsəbədə yeni tikilən 50 yerlik uşaq bağçasında, 440 şagird yerlik orta məktəb binasında yaradılan şəraitlə tanış oldu.

Rayonda son zamanlar görülən işlərə yüksək qiymət verən Prezident İlham Əliyev səfərdən dərhal sonra rayonun inkişafına hesablanan iki sərəncam imzaladı. “Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 7 avqust 2014-cü il tarixli sərəncamla 2 milyon manat, 21 min nəfər əhalinin yaşadığı, 10 yaşayış məntəqəsini və 4 məcburi köçkün qəsəbəsini birləşdirən Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli avtomobil yolunun tikintisi məqsədi ilə Ağdam Rayon İcra Hakimiyyətinə 3,2 milyon manat vəsait ayrıldı.

Dövlətin qayğısı, rayonda aparılan tikinti, abadlıq, quruculuq işlərinə verdiyi yetərli dəstək rayon əhalisində yüksək əhval-ruhiyyə doğurmaqla yanaşı, bölgənin simasının sürətlə dəyişməsini, daha da gözəlləşməsini şərtləndirir. Bu baxımdan ötən il rayonda ürək açan, fərəh doğuran xeyli görülmüşdür. Heydər Əliyev prospektində həyata keçirilən abadlıq işləri daha çox diqqət çəkir. Prospektin 1200 metr boyunca hər iki tərəfinə hasar çəkilmiş, aqlay və mərmər daşları ilə üzlənmiş, xiyabanda 5 ədəd fontan quraşdırılmış, yaşıllıqlar salınmış, plitələr döşənmiş, suvarma xətləri çəkilmiş, prospektxiyaban müasir tipli işıqlandırma sistemi ilə təchiz olunmuşdur. Xiyabanda Ağdam şəhərinin simvoluna çevrilmiş Çay evinin tikintisində son tamamlama işləri aparılır. Quzanlı qəsəbəsinə Ağcabədi rayonu tərəfdən girişin möhtəşəm qapısı inşa olunur.

Məktəb binası tikintisi sahəsində də işlər davam etdirilmişdir. Ötən ilin may ayında 160 şagird yerlik Birinci Baharlı kənd, yeni dərs ili ərəfəsində hər biri 120 şagird yerlik Hacıməmmədli və Həsənxanlı, ilin sonunda isə 360 şagird yerlik Əfətli kənd tam orta məktəbləri istifadəyə verilmişdir. Daxili imkanlar hesabına İmamqulubəyli kənd orta məktəbində yenidənqurma və əsaslı təmir işləri aparılmış, əlavə 5 sinif otağı tikilməklə şagirdlərin bir növbədə təhsil alması təmin olunmuşdur. Keçən il Təzəkənd və Ballar kəndlərində tibb məntəqəsi inşa olunmuşdur. İl ərzində 183 məcburi köçkün ailəsinin evi təmir olunmuşdur. Hazırda Evoğlu kəndində 100 yerlik uşaq bağçasının, Quzanlı qəsəbəsində avtovağzalın, kənd təsərrüfatı idarəsi üçün inzibati binanın, Xındırıstan kənd uşaq musiqi məktəbinin, Quzanlı qəsəbəsində 360 şagird yerlik liseyin tikintisi davam etdirilir. Bölgədə yaşıllaşdırma işlərinə böyük önəm verilir. Təkcə ötən ilin son 3 ayında ərazidə 52 mindən çox bəzək və meyvə ağacları əkilmiş, suvarma sistemi ilə təmin edilmişdir.

Əhalinin həyat şəraitinin yüksəldilməsi, fasiləsiz elektrik enerjisi, təbii qazsu ilə təminatın ödənilməsi istiqamətində xidmətlərin genişləndirilməsi və keyfiyyətinin yaxşılaşdırılması məqsədilə keçən il bir sıra diqqətəlayiq işlər görülmüşdür. İçməli suyasuvarma suyuna olan tələbatın ödənilməsi sahəsində həyata keçirilən tədbirlər xüsusilə razılıq doğurur. Keçən il Əfətli, Evoğlu, Qaradağlı, Zəngişalı, Mahrızlı, Çəmənli, Sarıcalı, Təzəkənd kəndlərində və Ergi ərazisində 11 ədəd subartezian quyusu qazılıb istifadəyə verilmişdir. Məcburi köçkün qəsəbələrində ümumilikdə 157 ədəd su nasosu, 16 ədəd elektrik transformatoru, 7000 metr su xətti təmir olunmuşdur. Hesabat ilinin əvvəllərində qazılmış 21 ədəd subartezian quyusunun istifadəyə verilməsi üçün tədbirlər davam etdirilir. Bu il Çəmənli, Hacıməmmədli, Əfətli, Məmmədbağırlı, Küdürlü, Evoğlu, Rzalar, Mahrızlı, Sarıcalı, Əhmədağalı, Mirəşelli, Təzəkənd, Səfərli kəndlərinin hər birində 1 ədəd içməli su üçün subartezian quyusu qazılacaqdır. Suvarma suyu ilə təminatı yaxşılaşdırmaq üçün cari ildə daha 20 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulur.

Dövlətin qayğısından güc alan Ağdam kəndlisi bol məhsul uğrunda mübarizədə qüvvə və bacarığını əsirgəməmiş, halal zəhmətiylə əkib becərdiyi torpağın hər qarışından maksimum səmərəli istifadə etməyə çalışmışdır. Təbii ki, çəkilən zəhmət, axıdılan alın təri hədər getməmiş, Ərzaq Təhlükəsizliyi Dövlət Proqramına sanballı töhfələr verilmişdir. 2014-cü ildə rayonun təsərrüfatlarında 48970 ton taxıl, 48215 ton tərəvəz, 8560 ton kartof, 5113 ton bostan məhsulları, 3950 ton qarğıdalı, 2310 ton şəkər çuğunduru istehsal olunmuşdur. Heyvandarlığın inkişaf etdirilməsi, damazlıq işlərinin təşkili, mütərəqqi texnologiyaların tətbiqi sahəsində diqqətəlayiq uğurlar qazanılmışdır.

Dövlətin təhsil sistemini inkişaf etdirməyə yönələn qayğısı Ağdamda da öz nəticələrini verir. Son illər rayon təhsilinin maddi-texniki bazası nəzərəçarpacaq dərəcədə möhkəmlənmişdir. Ərazisinin dörddəüç hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Ağdamın müəllimləri vətənin sabahı üçün layiqli nəsil yetişdirmək vəzifəsini şərəflə reallaşdırarkən başlıca diqqəti vətənpərvərlik məsələlərinə yönəldirlər. İndi rayonun hər bir məktəbində “Qarabağın qan yaddaşı” kitabçası hazırlanmışdır. Hərbi vətənpərvərlik sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, builki məzunlardan 5 nəfəri Polis Akademiyasına, 7 nəfəri isə Ali Hərbi Məktəbə yüksək balla qəbul olunmuşdur. Rayon təhsilinin böyük uğurudur ki, keçən il ali məktəblərə 343 nəfər, orta ixtisas məktəblərinə isə 75 nəfər qəbul olunmuşdur. Tələbə adı qazananlardan 12 nəfəri 600-dən, 45 nəfəri isə 500-dən çox bal toplamışdır. Yüksək bal toplayan tələbələrlə Ağdam Rayon İcra Hakimiyyətində keçirilən görüşün nəticələrini rayon ictimaiyyəti razılıqla qarşılamışdır. RİH fərqlənən tələbələri mükafatlandırmaqla yanaşı, imkansız ailələrdən olan 7 nəfər tələbəyə təhsil aldığı müddətdə hər ay 100 manat təqaüd verilməsini qərara almışdır.

Hesabat ili əhaliyə göstərilən səhiyyə və mədəniyyət xidmətinin daha da yaxşılaşdırılması ilə də yadda qalır. Rayon mərkəzi xəstəxanasının həkim briqadaları hər ay kəndlərdə və qəsəbələrdə əhali arasında müayinə və müalicə işi aparmışdır.

İdman sahəsində ən mühüm hadisə rayonunQarabağfutbol komandasının ötənilki ölkə çempionatının qalibi olmasıdır. “QarabağAvropa liqasında respublikamızı uğurla təmsil etmiş, Avroliqanın qrup mərhələsində əzmlə oynamış, lakin kobud hakim səhvinə görə mübarizəni davam etdirə bilməmişdir. Ancaq çox qürurvericidir ki, respublika Prezidenti İlham Əliyev “Qarabağfutbol komandasını qəbul etmiş, onları qalib kimi təbrik edərək 1 milyon manat mükafat vermişdir.

Yığıncaqda 2015-ci ildə görüləcək işlərdən də ətraflı danışılmışdır. Heydər Əliyev Mərkəzinin yeni binasının, YAP Ağdam rayon təşkilatı və RİH üçün inzibati binaların tikilməsi, Heydər Əliyev parkının yenidən qurulması nəzərdə tutulur. Çay evinin, Evoğlu kəndindəki 100 yerlik uşaq bağçasının, avtovağzalın, ərazi kənd təsərrüfatı idarəsi binasının, Quzanlı qəsəbəsindəki 360 şagird yerlik liseyin, Xındırıstan kənd musiqi məktəbi binasının məhz 2015-ci ildə istifadəyə veriləcəyi gözlənilir.

Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Əflatun RufiyevMilli Məclisin deputatı Bəxtiyar Sadıqov çıxış etmişlər.

 

Lazım QULİYEV,

Azərbaycan.-2015.- 19 fevral.- S.3.